İctmai xadim, publicist
Nəsib bəy Yuifbəyli
Nəsib bəy Yusifbəyli.
Bu ad çağdaş Azərbaycan
tarixində ictimai-siyasi
xadim, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər
Şurasının sədri,
AXC Parlamentinin üzvü,
Zaqafqaziya Demokratik Federativ Respublikasının
maarif naziri və digər yüksək titulların sahibi kimi xatırlanır.
Nəsib
bəy Yusifbəyli
1881-ci ildə Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncədə dünyaya
gəlib. İlk təhsilini
atası Yusif bəydən alsa da, sonralar Gəncə gimnaziyasında oxuyan Nəsib bəy 1902-ci ildə Odessa şəhərindəki
İmperator Novorossiysk Universitetinin hüquq fakültəsinə
daxil olmuşdur. Burada Azərbaycandan olan tələbələrlə
birlikdə Azərbaycan
Yerlilər Cəmiyyətinin
yaradılmasında fəal
iştirak etmişdir.
Lakin tələbələrin inqilabi hərəkatından
qorxuya düşən
çar hökuməti
bir müddət universiteti bağlamaq məcburiyyətində qalır.
Baş verənlərdən
sonra Nəsib bəy Yusifbəyli təhsilini davam etdirmək üçün
Xarkov Universitetinin hüquq fakültəsinə
qəbul olmaq istəsə də, vəziyyət elə gətirir ki, o, təhsilini
yarımçıq qoyub
Krımda yerləşən
Bağçasaray şəhərinə
gedir. Burada isə Nəsib bəy üçün
yeni bir yol başlayır. Belə ki,
o, burada İsmayıl
Qaspıralının "Tərcüman"
qəzetində işləməyə
başlayır. Nəsib
bəyi İsmayıl
Qaspıralı ilə
tanış edən isə Nəriman Nərimanov olmuşdur. Bağçasaray həyatı
Nəsib bəyin taleyində də mühüm rol oynamışdır. Nəsib
bəy Yusifbəyli İsmayıl Qaspıralının
qızı Şəfiqə
Qaspıralı ilə
ailə həyatı qurur. 39 illik qısa ömründə Nəsib bəyin taleyi elə də rahat, rəvan olmamışdır.
Millət, xalq yolunda savaşaraq böyük uğurlar əldə edən bu böyük şəxsiyyət öz taleyindəki savaşlarda uduzmuş, məğlubiyyətə
düçar olmuşdur.
Xalq, dövlət uğrunda olan amallar ailə meyarlarını üstələmişdir.
İki övlad sahibi Nəsib bəy Yusifbəyli həyat yoldaşı Şəfiqə xanımdan
ayrılsa da, hər
zaman övladları - Zöhrə
və Niyazi ilə əlaqə saxlamışdır. Qızı
Şəfiqə xanımla
ailə bağları
qırılsa da İsmayıl
bəy Qaspıralı
Nəsib bəyə həmişə böyük
hörmətlə yanaşır.
Hətta 1914-cü ildə
İsmayıl bəy ömrünün son günlərini
yaşadığını hiss edərək Nəsib bəyi Bağçasaraya
çağıraraq, son vəsiyyətini
ona etmişdir. Həmin illərdə böyük şəxsiyyət
Azərbaycan drammaturqlarının
əsərlərini Baxçasarayda
tamaşaya qoyur və özü də əsas rollarda çıxış
edirdi.
Lakin siyasi düşüncə
və fəaliyyətinə
görə çar hökuməti tərəfindən
həmişə təqib
olunan Nəsib bəy İstanbula köçəsi olur.
1909-cu ildə isə İstanbuldan Gəncəyə
dönərək Gəncə
Şəhər Dumasında
fəaliyyət göstərməyə
başlayır. Nəsib
bəy Gəncədə
xeyirxahlığı, maarifpərvərliyi
ilə sayılıb-seçilən
ziyalılardan idi. İşlərinin çoxluğuna
baxmayaraq, o, mütəmadi
olaraq Bakıda "Açıq söz" qəzetinin redaksiyasına
gəlirmiş. Elə
Məhəmməd Əmin
Rəsulzadə ilə
də burada tanış olur. Onların dostluq münasibətləri sonralar
əqidə, amal dostluğuna çevrilir. Siyasi mücadiləyə başlayan Nəsib bəy 1917-ci ilin mart ayında Gəncədə
Türk Ədəmi-Mərkəziyyət
Partiyasını yaradır.
İyun ayında isə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası
ilə Türk Ədəmi-Mərkəziyyət Partiyasını birləşdirir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
bir çox məsul vəzifələrdə
çalışır. O, 1918-ci il dekabrın 31-də Azərbaycan
qubernatorlarına məktub
göndərərək, bütün
quberniya və qəzalarda xalq maarif işinə ciddi fikir verilməsini
xahiş edir. Onun bu sahədəki
fəaliyyəti dövründə
xalqın və dövlətin taleyində
atılan mühüm
addımlardan biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olmuşdur. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük
əməyi olduğu
kimi, millətin təhsilində də önəmli, əhəmiyyətli
rol oynamışdır.
Məhz onun təqdimatı ilə hökumət 1918-ci il avqust
ayının 28-də Azərbaycan
məktəblərinin milliləşdirilməsi
haqqında qərar qəbul etmişdir. 1919-cu
ilin əvvəllərindən
isə Azərbaycanda dövlət hesabına
637 ibtidai, 23 orta ixtisas təhsili verən məktəb fəaliyyətə başlamışdır.
1919-cu ildə 4-cü hökumət
kabinetinin təşkili
Nəsib bəy Yusifbəyliyə tapşırılır.
Qısa ömür yaşamasına baxmayaraq, Nəsib bəy Azərbaycan tarixində millətin maarif və ictimai-siyasi həyatında əvəzsiz
xidmətlər göstərən
şəxsiyyət kimi
yaşayacaq. Hələ
Nəsib bəyin baş nazir kimi çalışdığı dövrdə - 1920-ci il yanvar
ayının 11-də Azərbaycan
istiqlaliyyətinin nəhəng
dövlətlər tərəfindən
de-fakto tanınması
baş verir. Parlamentin 14 yanvar iclasında Nəsib bəy şad xəbəri xalqa çatdırır. "Azərbaycanın
müstəqilliyi Böyük
Avropa millətlərinin
Ali Şurası tərəfindən
yekdilliklə tanınmışdır.
Azərbaycanın Qərb
xalqları ailəsinin
tamhüquqlu üzvlüyünə
daxil olması onun tarixində ən işıqlı gündür".
Nəsib
bəy Yusifbəyli dövlət, xalq yolunda göstərdiyi bütün fəaliyyətinə
görə Cümhuriyyətin
əsas sütunlarında
dayanan dörd əsas şəxsiyyətdən
biri kimi qiymətləndirilmişdir. Bütün
varlığı ilə
məmləkətin işıqlı
sabahı, xoş gələcəyi üçün
savaşan bu böyük şəxsiyyət
sadə həyat yaşasa da, özünü
millət yolunda fəda etmişdir. Onun ideya və
əməlləri istər
ictimai-siyasi, istər vətənpərvərlik, istərsə
də təhsil sahəsində daim yaşayacaq.
Ömrünü xalqının, dövlətinin
yüksəlişinə fəda
edən Nəsib bəyin ölümü də müəmmalı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 28
aprel 1920-ci ildə süqut etməsindən sonra Nəsib bəy Tiflisə yola düşür. Lakin
31 may tarixində yolda
müəmmalı şəkildə
vəfat edir. Dünyasını dəyişməsi
ilə bağlı bir sıra şayiələr
yayılsa da nəticədə
millət, xalq böyük bir şəxsiyyəti, millət
fədaisini itirir.
Ramidə YAQUBQIZI
Respublika.- 2023.- 5 iyul.- S.6.