Azərbaycanın
sədrliyi Qoşulmama
Hərəkatının nüfuzunu
artırdı
İyulun 5-də Bakı
Konqres Mərkəzində
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
"Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli" mövzusunda
nazirlər görüşü
keçirilib. Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatı dünyada
BMT Baş Assambleyasından
sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan
Prezidenti İlham Əliyevin sayəsində
ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə,
onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib və böyük uğura imza atıb.
Prezident İlham
Əliyevin sədrliyi
ilə Hərəkat sürətlə dəyişən
bugünkü dünyada
öz mövqeyi və yeri olan
mötəbər beynəlxalq
təsisata çevrildi.
Bu gün Qoşulmama Hərəkatı
multilateralizm nümunəsi
kimi qəbul edilir.
Qoşulmama Hərəkatı
pandemiya ilə mübarizədə ən
səmərəli fəaliyyət
nümayiş etdirən
təsisat kimi yadda qaldı. Prezident İlham Əliyevin təşəbbüsü
ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının
COVID-19-la mübarizəyə həsr olunmuş toplantısı baş tutdu. Bu iclas
çərçivəsində pandemiya ilə mübarizə istiqamətində
bütün qüvvələrin
səfərbər olunması
imkanları müzakirə
olundu. Beləliklə,
qarşılıqlı yardım
və gələcəyə
baxış məsələləri
ətrafında danışıqlar
aparıldı. Azərbaycan
Prezidenti tədbirdə
çıxışı zamanı
bildirdi ki, ölkəmiz xəstəliklə
mübarizə istiqamətində
bir sıra töhfələr verib.
Millət vəkili
Cavid Osmanov bildirib ki, Azərbaycan
növbəti dəfə
böyük tədbirə
evsahibliyi etdi. Qoşulmama Hərəkatının
xarici işlər nazirlərinin iclası Azərbaycanda keçirildi
və ölkəmiz bir daha mötəbər
tədbirə sədrlik
etməklə yanaşı,
beynəlxalq hüquqa
və normalara sadiqliyini nümayiş etdirdi. Eyni zamanda
dövlətimiz mühüm
platformadan istifadə edərək, növbəti
dəfə diplomatik məharət nümayiş
etdirdi və Azərbaycanın haqq sözünün dünyaya
çatdırılmasında əhəmiyyətli mesajlar
verdi. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın sədrliyinə
qədər Qoşulmama
Hərəkatı elə
də böyük təsirə malik olan, o cümlədən tanınan təsisat deyildi.
2019-cu ildə 120 dövlətin
üzvlərinin yekdil
səsi ilə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi
qəbul etdi. Dövlətimiz sədrlik
dövründə ümumilikdə
Qoşulmama Hərəkatını
beynəlxalq aləmdə
qlobal hüquqa istinad edərək çox böyük bir təsisata çevirmiş oldu. Əslində bunun sübutu kimi, daha sonra üzv
dövlətlərin təşəbbüsü
ilə Azərbaycanın
sədrlik müddətinin
uzadılmasını göstərə
bilərik. İnstitusional
olaraq, cənab Prezidentin parlament, gənclər, qadınlar şəbəkələrinin təsis
edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs,
əlbəttə ki, Qoşulmama Hərəkatının
işlək bir mexanizmə çevrilməsində
mühüm addımdır.
O cümlədən pandemiya
dövründə, dünya
ölkələrinin başlarının
öz işlərinə
qarışdığı bir zamanda Azərbaycanın
Qoşulmama Hərəkatının
sədrliyi ilə irəli sürdüyü
təşəbbüslər İlham Əliyevin yürütdüyü uğurlu
və məntiqi siyasətin nəticəsidir.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının nazirlər
görüşü zamanı
Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinin
diqqətinə bir daha çatdırmış
oldu. Beləliklə, hər kəs anlamış oldu ki, Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal oyunçuya çevrilib. Digər tərəfdən Qoşulmama
Hərəkatının gələcək
planlarının formalaşdırılması,
Fransanın müstəmləkəçilik
siyasəti və bütün bunlar onu deməyə əsas verir ki, Qoşulmama Hərəkatı artıq
dünyada nüfuzlu təsisata çevrilib.
Nuranə DAXİLQIZI
Respublika.- 2023.- 8 iyul.- S. 5.