Keçirilən
görüşlərin intensivliyi
sülhün reallaşmasını
yaxınlaşdırır
Uğurlu daxili
və xarici siyasət həyata keçirən Azərbaycan
İkinci Qarabağ müharibəsində heç
bir ölkədən yardım istəmədən
ərazi bütövlüyünü
təmin etməklə
öz gücünü,
qüdrətini bütün
dünyaya göstərdi.
Müstəqil ölkəmizin
dinamik inkişaf edən iqtisadiyyata, maddi-texniki bazası möhkəmləndirilmiş, 5-ci nəsil silahlarla təchiz olunmuş yenilməz orduya sahib olması Vətən müharibəsində
əldə olunan Zəfərlə öz təsdiqini tapdı.
Vətən müharibəsindən
sonra dünya birliyi Azərbaycanın humanist ideyalara sadiq ölkə olduğuna bir daha şahidlik etdi. 30 illik işğala cəmi 44 gündə son qoymaq iqtidarında olan bir ölkənin
işğalçı ölkəyə
sülh təklif etməsi isə dünya hərb tarixində nadir hadisələrdəndir ki,
bu məsələdə
də Azərbaycan humanizm nümunəsi göstərdi.
Qalib Azərbaycan
tarix boyu ərazilərinə göz
dikmiş, xalqının
başına müsibətlər
gətirmiş, 1 milyondan
çox vətəndaşını
əzəli yurd yerlərindən didərgin
salmış, Xocalı
kimi faciə törətmiş düşməninə
barışıq əli
uzatsa da, xain xislətindən, kin-küdurətindən usanmaq
bilməyən mənfur
qonşumuz bu təklifə hələ də müsbət cavab vermir. Məglubiyyətini
təsdiqləyən kapitulyasiya
aktının müddəalarını
pozaraq sərhəddə
təxribatlarını davam
etdirməklə nəinki
iki ölkə arasında gərginliyi artırır, bütövlükdə
Cənubi Qafqazda sülhün, əmin-amanlığın
bərqərar olmasına
imkan vermir.
Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşmasına dünya
dövlətlərinin bir
çoxu maraq göstərir. Belə ki, 10 noyabr Bəyanatının
əsas müddəalarından
biri Azərbaycandan Türkiyənin Qars vilayətinə qədər
uzanan strateji nəqliyyat marşrutunun bir hissəsi olan Zəngəzur dəhlizinin açılmasıdır.
Dəhliz həm də Azərbaycan-Türkiyə
marşrutu ilə Avropanı Mərkəzi Asiya və Çinlə
birləşdirən geosiyasi
layihədir. Zəngəzur
dəhlizi təkcə
Cənubi Qafqazda deyil, həm də Türkiyə, Rusiya, Mərkəzi Asiya ölkələri,
İran və Ermənistan
arasında əlaqələrdə
mühüm əhəmiyyətə
malikdir. Şərq-Qərb
ticarət yolunun üzərində yerləşməsi
ölkəmiz üçün
çox böyük imkanlar açır. Təbii ki, Orta Dəhlizdə strateji yerləşmə həm də Azərbaycanın qlobal səviyyədə dəyərini
daha da artırır.
Cənubi Qafqazın
lider dövləti, irimiqyaslı, beynəlxalq
əhəmiyyətli layihələrin
həm təşəbbüskarı,
həm də icraçısı olan Azərbaycanla çoxtərəfli
əməkdaşlıq həyata
keçirmək istəyən
dövlətlər, sözsüz
ki, ilk növbədə
regionda təhlükəsizliyin,
əmin-amanlığın bərqərar olmasında
maraqlıdırlar. Bu
mənada, Azərbaycanla
Ermənistan arasında
sülh müqaviləsinin
imzalanmasına ciddi səy göstərən Avropa İttifaqı artıq bu günədək
5 dəfə iki ölkə liderinin görüşməsinə və
sülh prosesi istiqamətində uğurlu
addımların atılmasına
vasitəçilik etmişdir.
2021-ci il dekabrın
14-ü, ötən il
isə aprelin 6-sı,
mayın 23-ü və
avqustun 31-də Brüsseldə
Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin vasitəçiliyi ilə
keçirilən görüşlərdə
münasibətlərin normallaşması,
sülhün əldə
olunması istiqamətində
əhəmiyyətli addımlar
atılmışdır. Bu
il may ayının
14-də iki ölkə
arasında sərhəddə
yenidən gərginliyin
artması fonunda Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişelin vasitəçiliyi ilə
Ermənistanın Baş
naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə 5-ci dəfə
görüşüblər. Avropa Şurasının prezidenti ikitərəfli görüşlərdən sonra
mətbuata bəyanatla
çıxışı zamanı
danışıqların bu
mərhələsində də
sülh sazişi istiqamətində mühüm
irəliləyişlərin əldə edildiyini bildirib: "Birlikdə gündəliyimizdəki bütün
məsələləri nəzərdən
keçirdik. Sülh müqaviləsi üzrə
ABŞ-da aparılan son müsbət danışıqlardan sonra
Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh
sazişinin imzalanması
istiqamətində qətiyyətli
addımların atılması
sürəti qorunmalıdır.
Tərəflər 1991-ci il
Almatı Bəyannaməsinə
əsasən Ermənistanın
(29,800 km2) və Azərbaycanın
(86,600 km2) müvafiq ərazi
bütövlüyünə birmənalı öhdəlik
götürməklə, qarşılıqlı
dövlət sərhədinin
demarkasiyası üzrə
ikitərəfli danışıqları
bərpa etməyə
razılaşıblar".
Sayca 5-ci Brüssel
görüşündə liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası
münasibətləri tənzimləyən
gələcək sülh
müqaviləsi üzrə
müzakirələri irəli
sürmək barədə
razılığa gəlmiş,
sərhədlərin delimitasiyası
və sərhəd təhlükəsizliyi üzrə
komissiyanın işə
başlayacağını, xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşəcəklərini
bildirmişlər. Görüşdə
iki ölkənin ərazilərinin konkret qeyd olunması isə faktiki olaraq Ermənistanın Qarabağı Azərbaycanın
bir hissəsi kimi qəbul etməsi, Azərbaycanın
isə Ermənistan Respublikasında heç bir əraziyə iddia etməməsi anlamına gəlir. Bütün bunlar isə Azərbaycanın diplomatik uğurunun növbəti mərhələsidir.
İyun ayının
əvvəlində Moldovada
"Avropa Siyasi Birliyi"nin 2-ci Zirvə toplantısı çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan qeyri-formal görüşdə
iyul ayının 21-də
Brüsseldə növbəti
üçtərəfli görüşün
keçirilməsi və
bu ərəfədə
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin
görüşü qərara
alınıb. Vaşinqton
görüşünün növbəti Brüssel görüşünə əhəmiyyətli
zəmin yaradacağına
əminlik ifadə olunub. Qeyd edək
ki, 27-29 iyun tarixlərində ABŞ-ın
Virciniya ştatının
Arlinqton şəhərində
Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
görüşündə Sülh və Dövlətlərarası Münasibətlərin
qurulması haqqında
ikitərəfli Saziş
layihəsi üzrə
danışıqlarda qarşılıqlı
anlaşma şəraitində
bir sıra irəliləyişlər əldə
olunub. Əsasən sülh müqaviləsinin
bağlanması istiqamətində
aparılan danışıqlarda
prosesin intensivləşməsi
istiqamətində işin
davam etdirilməsinin vacibliyi qeyd edilib.
Hər zaman milli maraqlarında qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına var gücü ilə çalışır
və sülh müqaviləsinin imzalanmasının
təkcə iki ölkənin deyil, bütün regionun xeyrinə olacağını
bəyan edir. Son vaxtlar sülh
prosesi istiqamətində
keçirilən görüşlərin
intensivliyi isə artıq məsələnin
konkret həllini yaxınlaşdırır. Bu
mənada, iyulun 21-də
Brüsseldə keçirilməsi
nəzərdə tutulan
6-cı üçtərəfli görüşdə Azərbaycan
ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına
böyük ümidlər
var.
Mehparə ƏLİYEVA
Respublika.- 2023.- 9 iyul.- S. 1; 2.