Yolumuz Zabuxadır

 

İnsana doğulduğu torpaq əzizdir, doğmadır. Dünyanın ən gözəl diyarında yaşasan da, yenə dönüb qayıdacağın məkan ata-baba ocağıdır. Çünki ocaq isti, hərarətli, doğma, müqəddəsdir. Bütün bunları özündə birləşdirən Vətəndir, onun torpağı, dağı, daşıdır. Vətəni, torpağı bütöv edən isə igid oğullardır.

Torpaq itirmək, yurd-yuvadan qaçaq düşmək dərdlərin ən ağırıdır. Qarabağlılar düz 30 il bu həsrətlə yaşayıblar. Nəhayət, 2020-ci il 27 sentyabrdan onların həsrətinə son qoyuldu. İşğaldan azad edilmiş ərazilər insanların arzularının gerçəkləşməsinə yol açdı. İndi, bütün yollar Qarabağa aparır. Arzu, istək, sevinc, fərəh dolu yollar. "Böyük Qayıdış" proqramına əsasən azad edilmiş torpaqlara köç karvanları başlayıb. Ağalı ilə başlayan uğurlu köç karvanı bu gün eyni minvalla da davam edir. günlü Ağalının mübarək qədəmlərinə Talış Laçın da iz saldı. İndi isə növbə Zabux Sus kəndinindir. Hazırlıq işləri yaxın günlərdə başa çatdırılaraq köç mərhələsinə başlanılacaq.

May ayının 27-də Laçına səfər edən dövlət başçısı İlham Əliyev Zabux kəndində aparılan tikinti-quruculuq işləri ilə maraqlandı. Sentyabr ayında reallaşması nəzərdə tutulan Zabux kəndinə qayıdış prosesinə qızğın hazırlıq işləri gedir. Kənddə sakinlərin rahat yaşayışı üçün infrastruktur obyektlərin yaradılması nəzərdə tutulub. Artıq bütün istiqamətlərdə işlər keyfiyyətli sürətli şəkildə həyata keçirilir. İşlərin sürəti onu göstərir ki, zabuxlular yaxın günlərdə doğma yurda dönəcəklər.

 Ümumi sahəsi 81 hektar olan Zabux kəndi gözəl təbiəti, əsrarəngiz relyefi olan bir məkandır. Məğrur Laçın dağlarının qolları arasında qərar tutan kənd özünün yeni dövrünü yaşayır. Qısa müddət ərzində kənd yenə ötən illərdəki qaynar həyatına qayıdacaq. Yenidən bu yerləri körpə gülüşləri, ağsaqqal, ağbirçək xeyir-duası bürüyəcək. Bəli, keçmişdə olduğu kimi, Zabuxda qayıdış karvanlarını toy karvanı əvəzləyəcək. Vağzalı sədası ta Gəlin qayasına kimi ucalacaq. İgidlər at oynadıb, saz çalıb, söz qoşub yurdu coşduracaqlar. Yenə buz bulaqları qız-gəlinlərin xoşbəxt gülüşləri bəzəyəcək. Daha meşələri bəzəyən bənövşə boynubükük yox, şux baxacaq. Qartal uçan, kəklik qaçan dağları xəfif duman bürüyəcək. O dağların yamacında bir aşıq sazını sinəsinə sıxıb, "duman, gəl, get bu dağlardan. Dağlar təzə bar eyləsin" oxuyacaq.

Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə kənddə inzibati bina, tibb məntəqəsi tikilib. 50 yerlik uşaq bağçasının tikintisi tamamlanmaq üzrədir. 245 ailənin köçürülməsi nəzərdə tutulan Zabux kəndinə ilkin mərhələdə 223 ailə köçürüləcək. Bu ailələrin yerləşdirilməsi üçün sürətli şəkildə evlər inşa edilir. İşğal dövründə ermənilərin tikdiyi 63 ev isə sökülərək Azərbaycan dövlətinin öz hesabına, daha gözəl bir şəkildə inşa edilir. Zabuxda kənd sakinlərinin əsas məşğuliyyəti nəzərə alınaraq bütün evlərin həyətində tövlələrin belə tikilməsi əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Həyətlərdə söhbətgahların tikilməsi sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin edəcək.

Evlərin əksəriyyəti əsasən dağ yamaclarında yerləşdiyi üçün ərazi xüsusi olaraq hamarlanıb səliqəyə salınır. Zabux kəndi öz şərait gözəlliyi ilə şəhər tipli olacaq.

Zabux kəndinin tarixinə nəzər salanda görürük ki, ərazi olduqca qədim zəngin bir tarixi özündə yaşadır. Laçın rayonunun inzibati ərazisinə daxil olan Zabux kəndi Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Keçmiş adı Xut Zabux olan kənd XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı kimi fəaliyyət göstərib. Tarixən yerli azərbaycanlıların yaşadığı kənddə əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq heyvandarlıq olub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazi mühüm strateji əhəmiyyətə malik olduğu üçün ermənilər həmin əraziyə Suriya Livandan erməniləri gətirərək məskunlaşdırmışlar. Qonşu Sus kəndinə eyni qayda ilə ermənilər köçürülmüşdür. Nəticədə, Zabux kəndinə 570, Sus kəndinə isə 250 nəfər xaricdən gətirilən erməni yerləşdirilmişdir.

Bu gün Zabux Sus kəndi digər ərazilərimiz kimi, öz azad dövrünü yaşayır. Düşmənin həmin ərazilərə qeyri-qanuni yerləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Zabux Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir".

31 illik həsrətdən sonra laçınlılar öz doğma torpaqlarına qovuşmağın sevincini yaşadılar. Artıq Laçın şəhərinə sakinlərin köçü başlayıb. İlk köç karvanı müstəqillik günündə, 28 may tarixində oldu. İyun ayının 25-də isə daha bir qrup laçınlı doğma yurda qovuşdu. "Qobu park 3" yaşayış kompleksindən daha 15 ailə - 53 nəfər sakin Böyük Qayıdışın sevincini yaşadı. Hələ sevincli, fərəhli günlər qabaqdadır. Bütün işğaldan azad edilmiş ərazilərimizə beləcə qovuşacağıq. Artıq Azərbaycan yeni tarix yazır. Qarabağın hər kəndində, dağında, zirvəsində Azərbaycan bayrağı dalğalanır. Üzü Qərbi Azərbaycana sarı dalğalanan bayrağımız bir gün həmin tarixi yurd yerlərimizdə ucalacaq.

 

R.MƏHƏRLƏMOVA

 

Respublika.- 2023.- 9 iyul.- S.4.