Baykal-Amur Magistralının tikintisində Heydər Əliyevin rolu
Düz yarım
əsr əvvəl
SSRİ adlanan nəhəng
ölkə rəhbərliyi
tərəfindən təbii
ehtiyatlara malik olan Sibir və Uzaq
Şərqi birləşdirəcək
Baykal-Amur Magistralının tikintisi barədə qərar qəbul edilməsi ittifaqda böyük əks-səda
doğurmuşdu. Magistral təkcə
ölkəyə misilsiz
sərmayə gətirəcək
əhəmiyyətinə görə
deyil, həm Sakit Okean regionu,
həm də Avropa ölkələri arasında ən qısa marşrut olacaqdı. Bu isə onun əhəmiyyətini daha da artırırdı.
Bəs necə?! Belə ki, bu əzəmətli layihə
Sibir və Uzaq Şərq regionlarının bütün
təbii sərvətlərindən
istifadə olunmasına,
zəruri ehtiyac duyulan ərazilərə çatdırılmasına, ən
əsası həmin bölgədə həyatın
canlanmasına geniş
imkanlar açacaqdı.
Magistralın əhatə
etdiyi ərazi 1,5 kvadratkilometr, ümumi uzunluğu isə 4324 kilometr olacaqdı. Bəli, hər şey heyrətamiz idi. Hələ magistral boyunca yeni şəhər
və qəsəbələrin,
yaşayış məntəqələrinin,
dəmiryolu stansiyaların,
habelə digər infrastrukturun yaradılması
da nəzərdə tutulurdu.
Diqqətçəkən başqa
bir cəhət isə magistralın tikintisinə bütün ittifaq respublikalarının
cəlb olunması idi. Hər respublikanın
bu nəhəng tikintidə üzərinə
düşən vəzifə
müəyyənləşdirilmişdi. Azərbaycan Respublikasının
payına magistralın
210-cu kilometrliyində qəsəbə
salınması düşmüşdü.
Yaşayış məntəqəsi
Ulkan adlandırılacaqdı.
Deyilənə görə,
qəsəbənin layihəsi
azərbaycanlı arxitektorlar
tərəfindən hazırlanmışdı.
Gənc və enerjili, qurmaq, yaratmaq həvəsli minlərlə azərbaycanlı
bu misilsiz təşəbbüsə qoşularaq
Sibirə yollanmışdı.
İttifaq rəhbərliyi
bu nəhəng tikintiyə xüsusi diqqət yetirirdi. Hətta magistralın çəkilişində, yeni yaşayış
məntəqələrinin tikintisində fərqlənən
inşaatçılar üçün
"Baykal-Amur Magistralının tikintisinə görə"
medalı təsis olunmuşdu. Kilometrlərlə
uzanan obyektin tikintisində işlərin
gedişi demək olar ki, ölkə mətbuatının, gündəlik
qəzet və jurnalların, televiziyaların
daim diqqət mərkəzində idi və ölkə əhalisinə bu barədə hər gün operativ məlumatlar çatdırılırdı.
Sibir və Uzaq Şərq zonasının inşaat işlərinin aparılması
üçün əlverişli
olmayan sərt iqlimi, ərazilərin mürəkkəb geoloji struktura malik olması təsəvvürəgəlməz çətinliklər yaratsa
da, əsrin tikintisinə
çevrilmiş magistralda
çalışanlar əsl
qəhrəmanlıq göstərir,
bütün çətinlikləri
hünərlə dəf
edirdilər.
Həmin illərdə
Azərbaycana rəhbərlik
edən Heydər Əliyev magistral tikintisində
iştirak edən və ilk inşaat dəstəsinin bu ərazilərə 1975-ci ilin
əvvəllərində gələn
azərbaycanlıların fəaliyyəti
ilə yaxından maraqlanır, qayğı və diqqətini əsirgəmirdi. Tikintidə
çalışan azərbaycanlılara
respublikaya qayıdandan
sonra mənzil verilməsi, digər sosial problemlərinin həllinə yaxından köməklik göstərilməsi
vəd olunmuşdu. Və sonralar bu vədlər gerçəkləşdi.
Məlum bir həqiqət var: hər bir ölkənin dəmiryolu xətləri onun dinamik infişafı
təmin edir. İstənilən ölkədə
dəmiryol xətlərinin
uğurla istismarı bölgə və regionlarla əlaqələrin
qurulmasında, əhəmiyyətli
yüklərin daşınmasında,
əhalinin uzaq nəqliyyat problemlərinin
həllində müstəsna
rol oynayır.
L.İ.Brejnevin vəfatından
sonra ittifaq hakimiyyətində birinci postu tutan Y.V.Andropov
da bunu çox gözəl dərk edir və bu
sahənin inkişafına
xüsusi diqqət ayırırdı. Dövlət
başçısı kimi
XII beşilliyi ittifaqda
"nəqliyyat beşilliyi"
elan etməsi də bunun bariz nümunəsi
idi. Y.V.Andropov
1983-cü ildə təhlükəsizlik
sistemində uzun illər birgə çalışdıqları, bacarıq və işgüzarlığına, zəngin
təcrübəsinə dərindən
bələd olduğu
Azərbaycan KP Mərkəzi
Komitəsinin birinci katibi, Siyasi Büro üzvlüyünə
namizəd Heydər Əlirza oğlu Əliyevi "Sən mənə burada lazımsan" deyərək
ittifaq rəhbərliyində
Nazirlər Soveti Sədrinin birinci müavini kimi məsul vəzifəyə
dəvət etdi. O illərdə ittifaq miqyasında çoxlarının
təəccübünə səbəb olsa da, nəqliyyat strukturunun da hökumətin birinci müavini kimi Heydər Əliyevin nəzarətinə verilməsi
çox şey deyirdi. O dövrdə İttifaqın yollar naziri olmuş Nikolay Konarevin çox düzgün olaraq qeyd etdiyi kimi:
"Çoxlarının axıra
qədər başa düşmədikləri belə
mühüm bir iş üçün də Heydər Əliyeviç lazım olmuşdu...". Ölkə
rəhbəri yaxşı
bilirdi ki, iqtisadi həyatının qan damarları olan nəqliyyat strukturlarında
işin ahəngdar təşkilini, illərlə
toplanıb qalan problemlərini Heydər Əliyev kimi böyük təcrübəyə,
yüksək idarəetmə
bacarığına malik bir
kadr həll edə bilərdi. Heydər Əliyevin hökumətdə ikinci şəxs kimi "yükü" onsuz da ağır idi. Onun rəhbərliyi altında bir-birindən tamamilə fərqli 20-yə
yaxın nazirlik və komitə var idi. Uzun illər
ərzində həmin
rəhbər orqanlarda
kök atmış geriliyin aradan qaldırılması, kadrların
fəaliyyətinin canlandırılması
üçün Heydər
Əliyev kimi təcrübəli rəhbərə
uzun müddət gecə-gündüz daha gərgin qrafiklə işləmək lazım
gəlmişdi.
Heydər Əliyev
əsrin nəhəng
tikintisi Baykal-Amur Magistralının
inşası üzrə
yaradılmış dövlət
komissiyasının sədri
idi və işlərin gedişini
tam nəzarətdə saxlayırdı.
Miqyasına görə
nəhəng sayılan
magistralın tikintisində
isə işlərin sürəti qənaətbəxş
deyildi. Əslində,
adi tikinti xarakteri daşıyırdı.
Şübhəsiz ki, işin
gərginliyi gün kimi aydın idi. Bir çox yerlərdə xətlər
bataqlıqlardan, meşə
massivlərindən keçməli
idi. Yeraltı suların qazılan tunellərə axması inşaatçıları ciddi
çətinliklərlə üz-üzə qoyurdu. Nəticədə, həmin
problemlərin aradan qaldırılması həm
vaxt itkisi yaradır, həm də işin həcmini artırırdı.
1984-cü ildə Siyasi Büronun üzvü Heydər Əliyev komissiya sədri kimi, işlərin gedişi ilə əyani tanış olmaq üçün
Baykal-Amur Magistralı marşrutu
üzrə səfərə
çıxır. Əslində,
bu səfəri BAM tikintisində dönüş
nöqtəsi də hesab etmək olar. Həm də bu, Baykal-Amur Magistralının tikintisi
müddətində yüksək
elita nümayəndəsi
və Siyasi Büro səviyyəsində
ilk rəhbər səfəri
idi. Həmin səfərdə Heydər
Əliyevi müşayiət
edən nazirlik və aidiyyəti komitə nümayəndələri
onun tikintidə işlərin keyfiyyətinə
necə xüsusi diqqət yetirdiyini, sıravi adamlarla necə səmimi söhbətlər etdiyini,
onların problemləri
ilə necə maraqlandığının şahidi
idilər. Bu qayğı
ağır şəraitdə
işləyən, min bir
çətinliklərlə üzləşən fəhlələri
daha da ruhlandırır,
işin sürətini
artırırdı. Heydər
Əliyevin Siyasi Büro üzvü kimi təhlükəsizlik
qaydalarına tam riayət
etmədən su ilə dolmuş, bəzən torpaq laylarının qopduğu
7 kilometrlik tunellə dizə qədər suyun içində irəliləməsi və
heç vaxt belə vəziyyətə
düşməyən nümayəndələri
də ardınca aparması gözlənilməz
olmaqla yanaşı, həm də heyrətlə qarşılanmışdı.
Hər an təhlükə
baş verə bilərdi. Heydər Əliyevi isə özü demişkən,
Allah qoruyurdu.
Heydər Əliyev
idarəetmə üçün
doğulmuşdu. Onun üzərinə götürdüyü
işdə, rəhbərlik
etdiyi sahədə ikinci dərəcəli məsələ yox idi. Günlərlə, sutkalarla yatmamaq, dincəlməmək olardı,
ancaq heç bir sahədə işlər axsamamalı idi. Bu, Heydər Əliyevin dəyişməz
iş metodu idi. Digər tərəfdən, ölkədəki
vəziyyət məhz
bunu tələb edirdi. Bəzən bu dahi şəxsiyyətin
tabeliyində olan nazirlik və komitələrin belə iş rejiminə öyrəşmiş rəhbərləri
daxildə narazılıqlarını
bildirsələr də,
gərgin iş rejimi qüvvədə qalırdı.
Təcrübəli yazıçı-publisist,
diplomatik sahədə
fəaliyyət göstərmiş
Elmira Axundovanın görkəmli
şəxsiyyət haqqında
qələmə aldığı
"Heydər Əliyev:
şəxsiyyət və
zaman" çoxcildliyində dəmiryolu nəqliyyatı
sahəsində həmin
illəri əks etdirən statistikaya rast gəldim: "Nəqliyyata göstərilən
irimiqyaslı yardım,
dəmiryolu kollektivlərinin
Sov. İKP MK aprel
(1985-ci il) Plenumunun qərarlarının
yerinə yetirilməsinə
səfərbər edilməsi
nəticəsində onların
işində dönüş
yaranmışdır. Oktyabrda
yüklərin yola salınmasında olan borc aradan qaldırılmış,
on ay ərzində plandan
əlavə 7,5 milyon
ton xalq təsərrüfatı
məhsulu daşınmışdır.
Daşınmalarla məşğul
olan işçilərin
əmək məhsuldarlığı
üzrə plan tapşırığı
yerinə yetirilmişdir.
Dəmiryolçuların gördüyü
iş əsl əmək qəhrəmanlığıdır...
Elmira xanım ardınca qeyd edir ki, "… bu, həm də
hər gün, bəzən gecə yarısına qədər
nəqliyyat məsələləri
ilə məşğul
olan, Nəqliyyat Nazirliyinin müəssisə
və qovşaqlarına
şəxsən baş
çəkən, mütəxəssislərlə
söhbətlər aparan,
dəmiryolçularla kəskin
problemləri vaxtında
aradan qaldırmağa
kömək edən Heydər Əliyevin şəxsi hünəri idi...".
Baykal-Amur Magistralının şəbəkəsi
aybaay, ilbəil genişlənir, yeni-yeni stansiyalar,
tunellər istifadəyə
verilir, körpülər
istismara buraxılırdı.
Nəhəng obyektdə
böyük canlanma yaranmışdı. Heydər
Əliyevin iradəsi və qətiyyəti sayəsində magistralın
iş gedən bütün sahələrində
təchizat məsələləri
gücləndirilir, qarşıya
çıxan hər hansı problem qısa vaxtda operativ həllini tapırdı.
O illərdə hökumətin
ikinci şəxsi kimi Heydər Əliyev komandasında əzəmətli tikintiyə
cəlb olunmuş kadrlar xatırlayırlar
ki, əgər Heydər
Əliyevin qətiyyəti
olmasaydı, Baykal-Amur Magistralının
tikintisinin başa çatması müşkül
bir məsələyə
çevriləcəkdi.
1984-cü ildə Baykal-Amur Magistralı
əsasən istifadəyə
verilsə də, inşaat işləri davam edir, yeni marşrut xətləri çəkilirdi. Azərbaycanlı
inşaatçılar tərəfindən
inşa olunmuş Anqoya stansiyasının 40
il bundan əvvəl istifadəyə verilməsi
həm inşaatçılar,
həm də yerli sakinlər üçün əsl bayrama çevrildi. 2008-ci
il iyulun 18-də Baykal-Amur Magistralında
Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasındakı vağzala
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli
mərasim keçirilmiş,
burada Ulu Öndərin
xatirə lövhəsi
açılmışdır.
İsbata ehtiyacı
olmayan bir həqiqət budur ki, həyatda iz qoyanların özü də əbədi olaraq tarixdə qalır. İllər keçdikcə, ənənələr
davam edərək nəsillərdən-nəsillərə ötürüldükcə, həmin
insanlar da daim ehtiramla xatırlanırlar.
Müdrik rəhbər,
bacarıqlı təşkilatçı
və əvəzsiz şəxsiyyət Heydər
Əlirza oğlu Əliyev kimi...
Müdrik Heydər
Əliyev kimi şəxsiyyətləri tarix
tez-tez yetirmir. Zaman keçdikcə bu nadir şəxsiyyətin əzəməti
qədirbilən xalqımıza,
onu yaxından tanıyanlara daha aydın olur. Ulu Öndərin təkcə
qurucusu və memarı olduğu respublikamızda deyil, keçmiş ittifaqın
bir çox mühüm sahələrində
də heç vaxt silinməyəcək izləri var.
Adlarını hələ
sağlığında tarixə
yazmış insanlar heç vaxt unudulmur. Zamana sığmayan Heydər Əliyev dühası da həmişə bizimlə
olacaq...
Müşfiq
CƏFƏROV
Respublika.- 2023.- 9 iyul.- S. 5.