Ədəbiyyatımızın
böyük klassiki
Cəhd qıl
neməti-təmamə yetiş,
Elm təhsil
qıl, məqamə yetiş.
Azərbaycan poeziyasının
dayaqlarından olan Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da qədim Şamaxı şəhərində dünyaya
gəlmişdir. Ruhani
ailəsində doğulan
şair haqqında ilk məlumat A.Zaxarov tərəfindən
verilmişdir. Hələ
kiçik yaşlarında
olanda Şamaxının
mötəbər şəxslərindən
olan atası Seyid Məhəmməd vəfat edir. O, Dağıstanın Yaqsay kəndində hakimlik edən ana babası
Molla Hüseynin himayəsində böyüyür,
ondan ərəb və fars dillərini
öyrənir. On il sonra anası ilə Şamaxıya qayıdan şair orta təhsilini Şamaxıda mədrəsədə
alır.
Bu, o vaxtlar idi ki, başqa
bölgələr kimi
Şamaxıda da təhsilin səciyyəsi
yalnız dini təhsil, ruhani təhsili ilə ölçülürdü. İnsanlar
təhsilin inkişafını
yalnız Şərqin
dini mərkəzlərini
ziyarət etməkdə
görürdülər. Belə
bir mühitdə böyüyən Şirvani
21 yaşı olarkən
ruhani təhsili almaq üçün İraqa gedir. Bir neçə il Bağdadda qalandan sonra Şam şəhərinə
köçərək burada
təhsilini davam etdirir. Təhsil aldığı müddətdə
dünyəvi elmlərə
maraq göstərən
gənc Şamaxıya
döndüyü zaman
burada yeni üsuli-məktəb açaraq
ömrünün axırına
kimi müəllimlik edir. Digər məktəb və mədrəsələrdən fərqli
olaraq, o, burada uşaqlara dini elmlərlə yanaşı,
həm də Azərbaycan və fars dillərini də tədris edir. Eyni zamanda,
tarix, coğrafiya, hesab və digər
fənlərlə bağlı
da şagirdləri məlumatlandırır. Bu
mənada məktəb
o dövrdə böyük
marağa səbəb
olmuşdu. Şirvaninin
açdığı məktəbdə
Azərbaycanın görkəmli
şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı
və pedaqoq Sultan Məcid Qənizadə və bir çox yazıçılar təhsil
almışdılar. Şair
maddi sıxıntı
çəkməsinə baxmayaraq,
18 ildən artıq öz məktəbində
müəllimlik etmişdir.
Sonda isə həm mövhumatçıların,
ruhanilərin müxtəlif
bəhanələrlə ona
qarşı hücumları,
həm də o dövrdə Şamaxıda
dövlət tərəfindən
açılan məktəblərin
təsiri nəticəsində
tədricən Şirvaninin
məktəbi öz fəaliyyətini dayandırmağa
məcbur olur. Lakin bir müddət
sonra yenə də sevimli peşəsi ola müəllimliyə qayıdır.
Seyid Əzim Şirvani Şamaxıda açılmış şəhər
məktəbinə müəllim
təyin edilir. Şair ömrünün sonuna kimi həmin
məktəbdə Azərbaycan
dili və ədəbiyyatı fənnini
tədris edir.
O, yaradıcılığa təxminən 1850-ci illərdə
başlamışdır. Bədii
irsi azərbaycanca və farsca olan iki böyük
külliyyatdan ibarətdir.
Azərbaycanca olan bədii irsinin əsasını qəzəl
janrı təşkil
edir. Klassik üslubda, qəzəl və müxəmməs janrında yazdığı
aşiqanə lirik şeirlər, mənzum hekayələr, təmsillər
yaradıcılığının əsasını təşkil
edir. Onu əsasən Füzuli ədəbi məktəbinin
davamçısı adlandırırdılar.
Şeirlərinin əksəriyyətini
isə məhəbbət
mövzusu, saf, təmiz eşq təşkil edir. Gözəllik vurğunu olan şair təsvir etdiyi gözələ xilqət
kimi yanaşaraq, onu ülviləşdirir.
Sən hürimisən,
yoxsa pəri,
ya ki mələksən,
Yox, səhv
elədim kim,
bular
olmaz bəşər.
Həmçinin şairin
əsərləri içərisində
müxtəlif Şərq
mənbələrindən etdiyi
tərcümələr, Sədi,
Hafiz və Füzuli şeirlərinə yazdığı
nəzirələr də
var. Qəzəl janrında
yazdığı şeirlərinin
böyük əksəriyyəti
lirik şeirlərdən
ibarətdir. Onun qəzəl və şeirlərinin əsas motivini həyata sevgi, nikbin əhvali-ruhiyyə,
dini etiqad təşkil edir. Onun yaradıcılığının
ikinci mərhələsi
maarifçi və tənqidi-satirik şeirləri
ilə başlayır.
Bu isə artıq onun yaradıcılığında
realizmin üstünlük
təşkil etməsindən
irəli gəlirdi. Onun bu istiqamətdəki
yaradıcılığının inkişaf etməsində əsas təkanverici qüvvələrdən biri
"Əkinçi" qəzeti
olmuşdur. Şair
"Əkinçi" vasitəsilə
oxucularına və cəmiyyətə təsiretmə
fürsəti qazanmışdır.
Seyid Əzim Şirvani yaradıcılığında
yeni dövr və mərhələ açan
qəzet, həm də onun üçün
yeni mövzu, müasir
tələblər səviyyəsində
dövrün problemlərinə
yanaşma meydanı olmuşdur. "Əkinçi"
eyni zamanda, şairin xalqla ünsiyyət, müraciət,
təbliğat mexanizminə
çevrilmişdir. O, bu
yolla xalqı, milləti qəflət yuxusundan oyadaraq savadsızlığa son qoymağa
və təhsil almağa səsləyirdi.
Onun şeirlərinin
əsas mövzularından
biri də doğruluq, mərdlik və dostluq idi. Şair şeirlərində əsasən
öyüd-nəsihətə üstünlük verərək,
cəmiyyətə cəhalətdən
qurtulmağı tövsiyə
edirdi. Hətta satirik şeirlərində
belə tərbiyəvi
amillər təbliğ
olunurdu. Lakin onu realist
şair kimi tanıdan şeirləri əsasən bunlar idi: "Dəli şeytan", "Məkri-zənan",
"Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən
qayıtması", "Elmsiz
alim", "Alim oğul ilə
avam ata", "Qafqaz müsəlmanlarına
xitab" və s.
Ustad şair Şamaxıda
təşkil olunmuş
"Beytüs-Səfa" adlı
ədəbi məclisə
başçılıq etmişdir.
Şair həyatda olduqca ağrılı-acılı
günlər yaşamışdır.
Gördüyü təqib
və tənələrdən
usanan Seyid Əzim Şirvani öz hisslərini belə ifadə etmişdir:
Eylədim ta ki, hər
büsata güzər,
Məni gördükdə
xalq söylədilər:
Budur gəldi
səfanətin kani,
Hacı Seyyid Əzim Şirvani.
Şair 19 yaşı
olanda anasının istəyi ilə Məşədi Mövsümün
qızı Ceyran xanımla ailə qurur. Seyid Əzim
Şirvaninin bu evlilikdən Mir Cəfər
adlı oğlu, Həcər və Fatma adlı qızları dünyaya gəlir. 1859-cu ildə Şamaxı şəhərində baş
verən güclü zəlzələ zamanı
onun da ailəsi ciddi zərər görmüşdür.
Seyid Əzim
Şirvaninin "Məcmueyi-asari-Hacı
Seyid Əzim Şirvani" ilə yanaşı, həm də "Tacül-kütüb"
adlı dərsliyi də var. Həmin dərslikdə şairlərdən
və müxtəlif ədəbi mənbələrdən
etdiyi tərcümələr
də daxildir. Seyid Əzim Şirvani həmin kitabı əlyazma şəklində Qori Seminariyasında tatar şöbəsinin müdiri
işləyən A.O.Çernyayevskiyə göndərir.
A.O.Çernyayevski isə həmin kitabdan bir neçə
hekayəni "Vətən
dili" dərsliyində
çap edir.
Seyid Əzim
Şirvani 1888-ci il mayın
20-də 53 yaşında Şamaxı
şəhərində vəfat
etmiş və Şahxəndan qəbiristanlığında
dəfn edilmişdir. Ölümündən sonra
rəhmətə getməsi
ilə bağlı bir çox şayiələr yayılmışdır.
Hətta onun sui-qəsd nəticəsində
dünyasını dəyişməsi
barədə də söz-söhbət gəzirdi.
Ramidə YAQUBQIZI
Respublika.-
2023.- 9 iyul.- S. 6.