Milyonların nəğməkarı - Rəsul Həmzətov" kitabı işıq üzü görüb

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin "Milyonların nəğməkarı - Rəsul Həmzətov" adlı kitabı işıq üzü görüb.

Reyhan Mirzəzadə xalqlararası ədəbi-mədəni əlaqələrə dair çoxsaylı tədqiqat yazılarının kitabların müəllifidir. Onların arasında "Rus ədəbiyyatı qəlbimin işığında", "Bəşəri zəkanın rus dahiləri", "Böyük şair - vətəndaş", "Pedaqoji fikir tarixindən", "Zəka məşəli", "Fikrin böyük sənətkarı", "Bəşəriyyətə şölə saçan teatr günəşi" s. onun qələminin məhsuludur.

Oxuculara təqdim olunan bu kitabda Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayıb-yaratmış dünya ədəbiyyatı, poeziyası tarixinə misilsiz töhfələr bəxş etmiş avar əsilli şair Rəsul Həmzətovun bəşəri yaradıcılığından bəhs edilir.

Kitaba ön sözü yazıçı-publisist Zəhrə Əsgərova yazıb.

Kitabda R.Həmzətovun vaxtilə öz dilindən deyilmiş sözlər diqqət çəkir: "Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur - tarix, mədəniyyət, ənənələr məişət. Biz hamımız bir kökdən qaynaqlanmışıq. Hələ gənclik illərində mən Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazmışam. İlk dəfə məni Azərbaycanla Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir tanış edibdir...".

Yazıçı-pulisist qeyd edir ki, Rəsul Həmzətovun bütün yaradıcılığı - kiçik şeirlərdən tutmuş böyük poemalaradək, xırda qeydlərdən başlamış əzəmətli "Mənim Dağıstanım"adək... bu həqiqət üzərində ucalan məğrur bir kaşanədir.

 

Təranə HEYDƏROVA,

 

Yasamal Rayon Mərkəzləşdirilmiş

 

Kitabxana Sisteminin şöbə müdiri

 

Respublika.- 2023.- 9 iyul.- S.6.