Göyçə aşıq sənəti milli mədəniyyətimizin incisidir

 

Dədə Qorqud qəhrəmanlarını sevgiyə, mübarizəyə səsləyən qopuz-saz min illərdir ki, bu torpaqlarda səslənir, ozanlar, aşıqlar xalq ruhunu oxşayan nəğmələr qoşurlar. Aşıq sənəti nə qədər sadə, xəlqi olsa da, özündə olduqca zəngin, mürəkkəb ifaçılıq mədəniyyətini birləşdirir. Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyov aşıq sənətini yüksək qiymətləndirir, müasir musiqinin yüksəlişində başlıca mənbələrdən biri olaraq görürdü. Aşıq sənəti həm Azərbaycan xalq ədəbiyatının, mədəniyyətinin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayır. Zəngin mədəni irsimizin tərkib hissəsi olan aşıq sənətinin təbliği həm xalqımızın mənəvi təkamülünə, həm də dünya mədəniyyətinin bu sənət inciləri ilə zənginləşməsinə xidmət edir.

Tarix boyu başı olmazın bəlalarını çəkən Qərbi Azərbaycanın Göyçə mahalı əzəldən saz-söz diyarı, aşıq sənətinin beşiyi kimi tanınıb. Zaman-zaman min cür bəlalar, müsibətlər çəksə də, düşmən hiyləsinə, düşmən xəyanətinə mərdliklə sinə gərib, keçmişini, dilini, milli mənsubiyyətini, folklorunu cəsarətlə, qoruyub və günümüzə çatdırıb. Mayası sazla-sözlə yoğrulan ulu diyar bütün keşməkeşlərə baxmayaraq, öz sənət dünyasını ləyaqətlə yaşadıb, ayrıca Göyçə aşıq məktəbi kimi formalaşmasına nail olub. Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin, qədim qollarından biri olan aşıq sənəti müəyyən inkişaf xüsusiyyətləri etibarilə regional səciyyə daşıyıb və bölgələrə ayrılıb. Bu baxımdan, bu sənətin inkişafında Göyçə aşıq məktəbinin xüsusi yeri var.

Qədim tarixə malik Göyçə ədəbi mühitini araşdırıcılar şərti olaraq üç dövrə bölürlər. Göyçə ədəbi mühitinin birinci dövrü XV-XVIII yüzillikləri əhatə edir. XIX əsrdə özünün ən güclü inkişaf mərhələsini yaşayan Ağ Aşıq, Qızılvəngli Aşıq Alı, Dədə Ələsgər kimi qüdrətli sənətkarları ilə şöhrətlənib tanınan Göyçə aşıq mühitinin  kökləri əslində, çox-çox uzaqlara gedib çıxır. Aparılan araşdırmalardan məlum olur ki, XV-XVIII yüzilliklər arası Göyçədə Ozan Heydər, Ozan Cəlil, Ozan İbrahim, Miskin Abdal, Dərdli Nəsib, Qul Mahmud kimi şair-aşıqlar yaşayıb yaratmışlar. Bu ulu sənətkarlar haqqında ilkin məlumat mətbuatda dərc olunmuşdur. Ozan sənətinin inkişafında, aşıq sənətinin formalaşmasında ictimai-siyasi xadim Basarkeçərin Sarıyaqub kəndindən olan Miskin Abdalın xüsusi yeri var.

Göyçə ədəbi mühitinin ikinci dövrü XIX-XX yüzillikləri, daha dəqiq desək, XIX əsrin əvvəllərindən XX əsrin 20-ci illərinədək olan dövrü əhatə edir. Bu dövrdə yaranan dastanlar, tarixi səpkili hekayələr, "Aşıq Alının Türkiyə səfəri", "Aşıq Hüseynin Naxçıvan səfəri" və başqaları məzmununa görə tutarlı sənət nümunələri sayıla bilər.

Bu dövrdə sənət meydanına gələn Ağ Aşıq, Aşıq Alı, Dədə Ələsgər, Aşıq Musa, Alçalı Məhərrəm, Aşıq Nəcəf, Aşıq Əsəd kimi saz-söz sərrafları aşıq yaradıcılığını qiymətli, poetik incilərlə daha da zənginləşdirmişlər. Yaradıcı ustad aşıqlarla yanaşı, bu dövrdə öz şeirləri ilə söz xəzinəmizin zənginləşməsinə çalışan istedadlı el şairləri də xalq arasında böyük şöhrət qazanmışdır. Bunlardan Daşkəndli Məmmədhüseynin, Şişqayalı Aydının şeirləri dillər əzbəri olmuşdur.

XIX-XX əsr Göyçə saz-söz dünyasında özünəməxsus dəst-xətti olan Alməmməd nəslinin yetirmələrindən Aşıq Ələsgərin atası Alməmməd, kiçik qardaşı Çoban Məhəmməd, oğlu Bəşir, ortancıl oğlu şair Əbdüləzim, Aşıq Qurban, Aşıq Talıb, Aşıq Nəcəf, Növrəs İman, Aşıq Musa, İsmixan Didərgin, Aşıq Haqverdi Ələsgər ocağının istedadlı nümayəndələrindən sayılırlar.

XIX əsrdə Göyçə aşıq sənətinin yeni inkişaf mərhələsinə qədəm qoymasında Xəstə Bayraməlinin, aşıq-şair Bəhman Qarayevin, Həsən Xəyallının, Ələkbər Həsənlinin, Əbülfətin xidmətləri danılmazdır.

Çağdaş sənət dünyamızın inkişafında ulu Göyçənin şair-aşıqlarından Murad Niyazi, İmran Həsənov, Alqayıt Xəlilov, Haqverdi, Qəmgin Fəzi, dastançı Əli Qurban, Pənah, Suriyyə, Molla Əmirxan, Zəki İslam, Səməd Abbasov, Şişqayalı Əbülfəz, Yusif Bayramov, Məcnun Göyçəli, Həsən Kazımov, İbrahim Qurbanov, Tərlan Göyçəli, Gülrüba Namiq Göyçəli haqqında iftixarla danışmaq olar. Artıq 35 ildir ki, göyçəlilər Qərbi Azərbaycanın digər sakinləri kimi, erməni xəyanəti ucbatından ata-baba yurdlarından qovulmuşlar. Göyçə aşıq məktəbinin davamçıları vətən həsrəti çəkə-çəkə yaradıcılıqlarını davam etdirir, şeirlər qoşur, kövrək misralarda göyçəli günlər muncuq-muncuq düzülür, şeirlərdə doğma yurda qayıdışlar öz əksini tapır...

Göyçə aşıq məktəbinin davamçıları bu gün onlarcadır. Artıq neçə illərdir ki, ustad aşıq, Əməkdar mədəniyyət işçisi göyçəli Aşıq Fətulla Alıyev Gəncə şəhərində öz şəxsi təşəbbüsü ilə "Göyçə aşıq məktəbi" yaratmışdır. Ozan yerişli, dədə duruşlu Aşıq Fətulla aşıq sənətini gənclərə ustalıqla öyrədir, onlarda sədəfli saza məhəbbət yaradır.

Zəngin musiqi və söz repertuarına, teatral keyfiyyətlərə malik olan Göyçə aşıq məktəbinin yetirmələri sazın möcüzəsi ilə dünyanı ayağa qaldırırlar. Onlar el məclislərində bir daha sübut edirlər ki, saz türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir.

Göyçənin insanları sehrləyən, onların qəlbinə yol tapan, sədəfli sazı ustalıqla dilə gətirən el aşıqlarından Əməkdar mədəniyyət işçisi Göyçə saz, folklor qrupunun rəhbəri Bəhmən Kazımov, Rəfiqə Göyçəli, Aşıq Firudin İskəndərov, Familə Göyçəli, Xanlar Xəlilov, Ələddin Musaoğlu və başqaları haqqında iftixarla danışmaq olar. Yəqin ki, günlərin birində onların sinəsindəki telli saz Göyçədə, Göyçə gölünün nəğməli sahillərində dilə gələcəkdir...

Ozan-aşıq sənəti dərin tarixi köklərə malik olan möhtəşəm bir mədəniyyətdir. Göyçə aşıq məktəbi milli-mənəvi varlığımızın, ədəbi-estetik fikrimizin, musiqi mədəniyyətimizin, folklorumuzun formalaşması və inkişafında əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülməsində müstəsna rol oynayacaqdır. XIX əsrin müdrik ozanı göyçəli Aşıq Ələsgərin saz-söz sənətindən el aşıqları, şairlər ilham alacaq, bəhrələnəcəklər...

 

Qədir ASLAN

 

Respublika.- 2023.- 9 iyul.- S.6.