Ermənistan regionda ekoloji sabitliyi ciddi şəkildə pozur
Azərbaycanın vətəndaş
cəmiyyəti təşkilatları
Ermənistanın dağ-mədən
sənayesinin Cənubi
Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana açıq məktub yazıb. Məktubda davam edən mədən əməliyyatları
nəticəsində ekosistemin
korlanmasının təkcə
Ermənistana deyil, həm də qonşu ölkələrə
böyük təhlükə
yaratdığı qeyd
olunub. 24 təşkilatın
ünvanladıqları məktubda
rəsmi İrəvandan
beynəlxalq ekoloji normaları yerinə yetirməyi, region əhalisinin
hüquqlarını pozmaqla
aparılan dağ-mədən
sənayesi işlərini
tez bir zamanda
dayandırmağı tələb
edib. Çünki ətraf mühit üçün böyük
təhlükə törədən
zəhərli maddələrin
istifadəsi təbiətin
məhvinə, çay
sularının turşulaşmasına
və zəhərlənməsinə
səbəb olur.
Nikol Paşinyana
ünvanlanan açıq
məktubda Ermənistanın
ətraf mühiti çirkləndirən müəssisələrinin
adları da öz əksini tapıb. Bildirilib ki, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı
Dağ-Mədən Kombinatının
xrom, nikel, mis, molibden, sink, alüminium,
vanadium, qurğuşun və
digər ağır
metal tərkibli mədən
tullantıları Oxçuçayı
və Araz çayını çirkləndirir.
Zəngəzur Mis-Molibden
Kombinatının səhmlərinin
60 faizi Almaniyanın
"Cronimet Mining GmbH" şirkətinə
məxsusdur. Burada heç bir ekoloji norma gözlənilmədən
il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir.
Kombinatın mədən
tullantıları hovuzu
olan 270 milyon kvadratmetrlik Artsevanik su anbarı bütün region üçün
təhdiddir. Qafan dağ-mədən kombinatı
2019-cu ildən Böyük
Britaniyanın "Chaarat
Gold International Limited" şirkətinin
tərkibindədir və
hazırda "Chaarat
Kapan" adlanır. İl ərzində
burada orta hesabla 1.3 milyon ton filiz emal edilir.
Qafan dağ-mədən
kombinatının tərkibində
4.6 milyon kvadratmetr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı
region üçün təhlükə
saçır. Qafan Manqan Zavodu isə
nəinki Ermənistanın,
dünyanın ən böyük manqan zavodlarından biridir. Zavod manqan filizi,
manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton
filizdir. Manqan filizinin çıxarılması
və emalı zamanı havaya və suya ağır metallar, toz və
digər çirkləndiricilər
buraxılır. Bu çirkləndiricilər
tənəffüs problemləri,
nevroloji xəstəliklər
və xərçəng
də daxil olmaqla bir sıra
sağlamlıq problemləri
yaradır. Zavod, həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan Bərgüşad çayını
əhəmiyyətli dərəcədə
çirkləndirir. Məktubda
Amuldağ yatağının
istismarının ondan
13 kilometr məsafədə
yerləşən İstisu
mineral bulaqlarına məhvedici
zərər vurduğu
isə xüsusilə
qeyd olunub. Bundan əlavə, sözügedən yataq həm də Arpaçay və Bazarçay arasındakı
ərazidə yerləşir
ki, həmin çaylar
da Azərbaycan ərazisindən
keçərək Araz
çayına, oradan
da Xəzər dənizinə
tökülür. Yəni
bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə
də digər Xəzəryanı ölkələrin
ekologiyasına ciddi ziyan vurur.
Məktubu imzalayan
şəxslərdən biri,
"Sağlamlığa Xidmət"
İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva ictimaiyyətə açıqlamasında
bildirib ki, Ermənistanda
fəaliyyət göstərən
vətəndaş cəmiyyəti
təşkilatlarının Nikol Paşinyana ünvanladığı 60-dan çox
məktub cavabsız qalıb. Hətta ekofəallar qanunsuz şəkildə fəaliyyət
göstərən Amuldağ
qızıl yatağının
işinin dayandırılması
barədə prezident administrasiyasının qarşısında
piket də keçiriblər. Amma mədən
bir neçə dəfə bağlansa da, sonradan onun fəaliyyəti
bərpa edilib. Həmin ekofəalların
cəzalandırılması ilə bağlı xarici mətbuatda da dəfələrlə xəbərlər
dərc olunub. Bu səbəbdən də
24 QHT Paşinyana məktub
göndərərək ətraf
mühitin qiymətləndirilməsi
üzrə BMT-nin
Espoo konvensiyasının və
Transsərhəd Çaylar
Konvensiyasının tələblərinin
Ermənistan hökuməti
tərəfindən kobud
şəkildə pozulduğunu
bildirib.
Məktubda ekosistemə
zərərli müəssisələrin
istismarına dair beynəlxalq qanunvericilik də Nikol Paşinyanın
diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Birləşmiş Millətlər
Təşkilatının Dayanıqlı
İnkişaf Məqsədləri
ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli
çərçivə təqdim
edir. BMT-yə üzv dövlətlər
təmiz hava, təhlükəsiz içməli
su və sanitariya kimi amilləri sağlamlığın
ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin
Dayanıqlı İnkişaf
Məqsədlərinin, xüsusən
"Yaxşı Səhiyyə
və Rifah" üzrə 3-cü, "Təmiz
su və Sanitariya" ilə bağlı 6-cı, Məsuliyyətli
İstehsal və İstehlak üzrə
12-ci, "İqlim Dəyişikliyinin
Fəsadlarına qarşı
Mübarizə"yə dair
13-cü, "Torpaq Ekosisteminin
Mühafizəsi" üzrə
15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.
Yekunda onu da qeyd etmək lazımdır ki, Azərbaycanın
vətəndaş cəmiyyəti
təşkilatlarının bu addımı təqdirəlayiqdir. Ekologiyanın
qlobal səviyyədə
əhəmiyyətli dərəcədə
korlandığı bir
dövrdə belə preventiv addımların atılması zəruridir.
Amma Paşinyana ünvanlanan
məktubda adları qeyd olunan mədənlərə
əsasən Qərb dövlətləri investisiya
qoyur. Bu səbəbdən
də investor dövlətlər
və onların müvafiq şirkətləri
də məsuliyyətli
olmalı, öz fəaliyyətlərini beynəlxalq
norma və prinsiplərə uyğun şəkildə təşkil
etməlidirlər.
Jalə QASIMZADƏ
Respublika.- 2023.- 9 iyul.-
S.7.