Qarabağdakı
ermənilərin yeganə
yolu - reinteqrasiya
Qarabağda yaşayan
erməni icmasının
Azərbaycana reinteqrasiyaya
meyil etməməsi onların vəziyyətini
daha da çətinləşdirir.
Hadisələrin gedişatı
isə yeganə xilas yolunun məhz
inteqrasiya olduğunu göstərir. Belə ki, Qarabağ erməniləri ya Azərbaycan vətəndaşı
olduqlarını qəbul
etməli, ya da qısa müddətdə
ərazilərimizi tərk
etməlidirlər. Çünki
buradakı ermənilərin,
eləcə də Ermənistanın məsələ
ilə bağlı beynəlxalq aləmə, daha dəqiq desək, regiondakı maraqlı dairələrə
müraciəti heç
bir nəticə vermir.
Paşinyanın Qarabağ
separatçılarının lideri Arayik Arutyunyanın
xahişi ilə Rusiya prezidenti Vladimir Putinə zəng etməsi erməni icmasının prosesi uzatmaq üçün əlindən
gələni əsirgəməməsinin
təzahürüdür. İyulun
5-də baş tutan müşavirə zamanı
Arutyunyan, Putin və Paşinyanın telefon danışığı
zamanı Qarabağda yaranmış "humanitar
böhranı" və
onun aradan qaldırılması yollarını
müzakirə etdiklərini
bildirib.
Xatırladaq ki,
bundan əvvəl Qarabağ separatçılarının
lideri Rusiya prezidentinə məktub ünvanlamışdı. Məktubda
Laçın dəhlizinin
guya Azərbaycan tərəfindən bağlanması,
bu səbəblə də Qarabağda təhlükəsizlik vəziyyətinin
və humanitar durumun gün keçdikcə ağırlaşdığı
qeyd olunmuşdu. Bundan başqa, Rusiya sülhməramlılarının
öz öhdəliklərinə
əməl etmək üçün zəruri
və təxirəsalınmaz
addımlar atmasının
vacibliyi də Arutyunyanın məktubunda
yer almışdı.
Arayik Arutyunyan, həmçinin separatçıların
bütün problemləri
dinc dialoq yolu ilə həll
etməyə hazır
olduğunu da yazmışdı.
Azərbaycan öz
tələblərini ilk
vaxtlardan irəli sürmüş, Qarabağdakı
ermənilər müzakirələr
üçün paytaxt
Bakıya dəvət
olunmuşdular. Bu il martın 1-də Xocalıda Qarabağ bölgəsində yaşayan
erməni sakinlərin
təmsilçiləri ilə
baş tutan görüş Ermənistanın
bütün xainliklərinə
baxmayaraq, Azərbaycanın
humanizm prinsiplərinə
verdiyi dəyəri sübut etdi. Həmin gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan
Respublikasının Qarabağ
bölgəsində yaşayan
erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdir
ki, bununla reinteqrasiya prosesinin növbəti mərhələsi
başlamışdır.
Amma düşmən
bundan sonra da öz mövqeyini
bir daha bəlli etdi. Belə ki, bu
görüşdən sonra
Azərbaycan Respublikası
Prezident Administrasiyası
Qarabağın erməni
ictimaiyyətinin nümayəndələrini
növbəti dəfə
müzakirələr üçün
Bakıya çağırsa
da, Ermənistandan cavab gəlmədi. Halbuki, həmin görüş Qarabağ
iqtisadi rayonunda məskunlaşmış ermənilərin
reinteqrasiyasının həyata
keçirilməsi, onların mövcud ağır sosial problemlərdən, separatçıların
təzyiqlərindən qurtulması
baxımından əhəmiyyətli
ola bilərdi. Qarabağın erməni icması bunun onlar üçün böyük şans olduğunu dərk edə bilmədi. Düşmənin bütün
cəhdlərinə baxmayaraq,
Azərbaycan öz mövqeyinə sadiq qalır, Ermənistanla münasibətlərin normallaşdırılmasına,
eləcə də Qarabağda yaşayan ermənilərlə təmasların
qurulmasına çalışır.
Bununla ölkəmiz əvvəlki dövrdə
törədilən bütün
təxribatları kənara
qoyur, normal münasibətin qurulması
üçün lazımi
addımları atır.
Amma əfsuslar olsun ki, Ermənistan
tərəfi, eləcə
də Qarabağdakı
separatçılar bu
çağırışlara reaksiya verməməklə
konstruktiv mövqe nümayiş etdirməkdən
boyun qaçırır.
Bu, Ermənistanın
iç üzünü
bir daha sübut edir. Çağırışlara heç
bir reaksiyanın verilməməsi, təxribatların
törədilməsi onu
göstərir ki, Qarabağ erməniləri
əlaqələrin inkişafında
və münasibətlərin
normallaşmasında heç
də maraqlı deyillər. Bundan başqa, onların ağır məğlubiyyətdən
nəticə çıxarmadıqları
da aydın şəkildə özünü
göstərir.
Qarabağda yaşayan
ermənilər dərk
etməlidirlər ki, onlar üçün üçüncü yol yoxdur. Azərbaycan bununla bağlı mövqeyini dəfələrlə
bəyan edib. Reinteqrasiya prosesinin həyata keçiriləcəyi
təqdirdə regionda
yeni iqtisadi inkişaf dövrünün
başlayacağı da
məlum məsələdir.
Bunu isə ancaq Azərbaycan reallaşdıra bilər.
Nəzrin ELDARQIZI
Respublika.- 2023.- 9 iyul.- S.8.