Ölkəmiz
enerji layihələrində
etibarlı tərəfdaşdır
Azərbaycan dünyanın
zəngin təbii sərvətlərə malik
olan ölkələrindən
biridir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
və bu gün də dövlət başçımız
İlham Əliyev tərəfindən uğurla
davam etdirilən tarazlaşdırılmış xarici siyasət kursu ölkənin enerji və strateji potensialından səmərəli istifadə
etməyə imkan yaradır. Bu gün neft və
qaz sektorunda Azərbaycan dünyanın
enerji xəritəsində
mühüm tərəfdaşlardan
birinə çevrilib.
Dövlətimiz müxtəlif
və güclü ixrac, tranzit potensialının yaradılmasında
əldə olunan uğurlar sayəsində istehlakçı ölkələrin
enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinə töhfə verir. Beləliklə, Azərbaycan
dünyanın enerji təhlükəsizliyinin təminatına
davamlı töhfələri
ilə beynəlxalq aləmin diqqət mərkəzindədir. Azərbaycanın
iştirakçısı və
təşəbbüskarı olduğu enerji layihələri dövlətlər,
xalqlar arasında körpü rolunu oynayır. Ölkəmizin
iştirakı ilə
Avropaya istiqamətlənən
enerji körpüləri
Azərbaycanın beynəlxalq
münasibətlər sistemində
artan rolunun aydın ifadəsidir.
Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. Dünyanın
nüfuzlu dövlətləri
Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər.
Bu, həyata keçirilən transmilli layihələrin reallaşmasında
mühüm amildir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərləri,
Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən TANAP regionun
əhəmiyyətini artıraraq
Avropa üçün
yeni enerji mənbələrinin əsasını
qoyub. Bütün bu layihələr Azərbaycanın regionun əsas iştirakçısı
və beynəlxalq arenada əhəmiyyətli
aktor kimi önəmini artırır.
Azərbaycanın müəllifi
olduğu Cənub Qaz Dəhlizi layihəsi Cənubi Qafqaz ölkələrinin
və Avropanın enerji təhlükəsizliyinə
töhfə verməyə
hədəflənib. 40 milyard
dollardan çox investisiya qoyuluşu planlaşdırılan və
4 seqmenti özündə
birləşdirən Cənub
Qaz Dəhlizi layihəsinin icrasında Azərbaycan, Gürcüstan,
Türkiyə, Bolqarıstan,
Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Sonrakı mərhələdə
bu layihəyə üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulacağı
gözlənilir. Bu baxımdan da Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi
işində çox
mühüm əhəmiyyət
kəsb edən layihədir. Layihə həm mənbələrin,
həm marşrutların
şaxələndirilməsi deməkdir. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni
marşrutların açılması
ilə Avropa yeni mənbədən - təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək.
Bu kimi layihələrlə
Azərbaycan beynəlxalq
arenadakı liderlik mövqelərini bir daha təsdiqləyir və gücləndirir. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi təzə enerji damarıdır. Bu layihənin həyata keçirilməsində maraqlar
balansı gözlənilib.
Yəni layihədə
iştirak edən bütün tərəflərin
maraqları təmin edilib. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin də qeyd etdiyi
kimi, biz çox böyük investisiya layihələri ilə Azərbaycanı beynəlxalq nəqliyyat-logistika
mərkəzlərindən birinə çevirdik və ərazimizdən keçən Şərq-Qərb
və Şimal-Cənub
nəqliyyat dəhlizləri
bizim bu rolumuzu artırır:
"Bu layihələr
sonrakı digər layihələrə də
təkan verdi, o cümlədən Şimal-Qərb
və Cənub-Qərb
nəqliyyat dəhlizi
layihələri. Yəni
bütün bu yollar Azərbaycan ərazisindən keçir.
Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa
da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində
yerləşən ölkələr
təbii müttəfiqlər
statusuna qalxırlar".
Azərbaycan enerji
siyasətini həyata
keçirərkən neft
və qaz amilindən heç vaxt siyasi məqsədləri
üçün istifadə
etməyib və tərəfdaşları ilə
qarşılıqlı səmimiyyət
prinsiplərinə söykənib.
Bunu daha açıq şəkildə
ölkəmizin neft və qaz ixrac
etdiyi dövlətlərə
olan münasibətlərinin
fonunda müşahidə
etmək olar. Azərbaycan enerji siyasətini həyata keçirərkən və
bütün tərəfdaşları
ilə sıx əməkdaşlıq qurarkən
milli maraqların qorunmasını ali məqsədlərdən biri
hesab edir. Respublikamızın enerji diplomatiyası dostluğa və əməkdaşlığa
xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı
kimi, enerji siyasəti millətləri
bir-birindən ayırmalı
deyil, onları birləşdirməlidir. Azərbaycan
hər bir tərəfdaşı ilə
sülh və sabitliyə, qarşılıqlı
hörmətə, dərin
əməkdaşlığa xidmət edən siyasətə sadiq qalaraq sıx münasibətlər qurmağa
çalışır. Yəni
əməkdaşlıq zamanı
hər iki tərəfin milli maraqları qorunmalıdır.
Azərbaycan qonşu ölkələr, xüsusən
Avropa bazarı üçün artıq etibarlı tərəfdaş
statusunu qazanıb. Buna görə də bir çox
ölkələr Azərbaycanla
bu sahədə əməkdaşlıq etməyə
can atırlar.
Nuranə DAXİLQIZI
Respublika.- 2023.- 11 iyul.- S.1; 2.