Azərbaycan-Özbəkistan
münasibətləri yüksələn
xətlə inkişaf
edir
Azərbaycanın nüfuzu
gündən-günə artır.
Region və onun ətraf ölkələrilə, təşkilatlarla
qurulan əlaqələr,
imzalanan müqavilələr
bunun əyani nümunəsidir. Ölkəmizin
zəngin təbii sərvətlərə, keyfiyyətli
neft-qaz resurslarına malik olması onun dəyərini daha da artırır.
Hazırda bir çox ölkələrlə,
Mərkəzi Asiya, Cənubi Qafqaz, Türk dövlətləri
və sair ilə əməkdaşlıqlar
davam edir. Prezident İlham Əliyev Şuşada keçirilən "Böyük
Avrasiya geosiyasətinin
formalaşması: keçmişdən
bu günə və gələcəyə"
mövzusunda konfransdakı
çıxışında bildirib: "Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə
vermək üçün
əlimizdən gələni
edirik".
Prezident İlham
Əliyevin uğurlu siyasəti nəticəsində
Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında
100-dən çox müqavilə,
saziş imzalanıb. Əlbəttə, təsadüfi
deyil ki, bu gün Transxəzər
Beynəlxalq Nəqliyyat
Marşrutunda (TBNM) ölkəmiz
aktor rolunu oynayır. Ötən il yanvar-oktyabr aylarında daşınan yüklərin həcmi 66 faiz artıb. Azərbaycanın tranzit ölkə kimi rolu artdıqca Mərkəzi Asiya ölkələrində maraq
daha da çoxalır.
Bu gün bir çox enerji və ya digər ixracat
məsələlərində Mərkəzi Asiya ölkələri tərəfdaş
kimi Azərbaycanı seçir.
Özbəkistanla ölkəmiz arasındakı
münasibət böyük
inkişaf yolu keçib. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər
bu gün iki ölkə liderlərinin uzaqgörən
siyasəti, qarşılıqlı
səfərləri və
mütəmadi təmasları
nəticəsində artan
templə inkişaf etməkdədir. Təsadüfi
deyil ki, Orta Dəhliz kimi böyük layihələrdə ölkələrimiz
dost qismində böyük işlər həyata keçirib. Özbəkistan mineral yanacaqlarla zəngindir və bu təbii
sərvətdən əldə
olunan gəlirlər liman, yol və
dəmir yolu infrastrukturuna əhəmiyyətli
dərəcədə sərmayə
qoymağa imkan verir.
Ölkələrimiz arasındakı münasibətlərin
ilkin versiyasına qısaca nəzər salsaq görərik ki, hələ ötən əsrin 30-cu illərində kütləvi
repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana
sığınıb. Bu
gün 40 mindən çox azərbaycanlı
Özbəkistan cəmiyyətinin
sosial, ictimai, iqtisadi və digər sahələrində
fəal iştirak edir. Şübhəsiz ki, iki xalqı
yaxın milli adət və ənənələr, ümumi
dil qrupu, mədəniyyət və
din birləşdirir. Rəsmi mənada isə diplomatik münasibətlər 1995-ci ildə
qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın
Özbəkistanda, 1998-ci ilin
iyulunda isə Özbəkistanın Bakıda
səfirlikləri fəaliyyətə
başlayıb. İndiyədək
iki qardaş ölkə arasında
150-dən çox sənəd
imzalanıb. Azərbaycan
və Özbəkistan
arasında hərtərəfli
və strateji tərəfdaşlıq münasibətləri
mövcuddur. Şübhəsiz
ki, bu münasibətlər
məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində daha da güclənib. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın
o zamankı prezidenti Şərəf Rəşidov
arasında yaranmış
dostluq münasibətləri
iki ölkə arasındakı əlaqələrin
bugünkü inkişafının
əsası olub. Gələcək münasibətlərin
köklü təməlinin
atılması isə
1996-cı ildə Bakıda
imzalanmış "Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası
arasında dostluq və əməkdaşlıq
haqqında Müqavilə"si
ilə birbaşa əlaqəlidir. Bundan düz bir il
sonra Heydər Əliyevin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı
anlaşma, etimad və hörmətə əsaslanan gələcək
münasibətlərimizin konturlarını
müəyyən edib.
Şübhəsiz ki,
ölkələrimiz arasındakı
münasibət dərin
köklərə söykənir.
Bu müstəvidə
Özbəkistan hakimiyyəti
istər Qarabağ münaqişəsi zamanı
və postmüharibə
dövründə daim
ölkəmizə dəstək
verib. Bu mənada deyə bilərik ki, Özbəkistan hakimiyyəti
2008-ci ilin martında
BMT Baş Assambleyasında
səsverməyə çıxarılmış
"Azərbaycanın işğal
olunmuş ərazilərindəki
vəziyyət" adlı
qətnamənin lehinə
səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. Postmüharibə zamanı da öz dəstəyini əsirməyən dost ölkə 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri
Təşkilatının VIII Zirvə Görüşündə
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev Füzulidə Özbəkistan
büdcəsinin vəsaiti
hesabına böyük
məktəb inşa ediləcəyini bildirib.
Hazırkı dövrdə
iki ölkə arasında münasibətlər
yüksələn xətlə
inkişaf edir. Azərbaycan-Özbəkistan əlaqələri
TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və
İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf
etdirilir. Xüsusi vurğulamaq lazımdır
ki, Şavkat Mirziyoyev Özbəkistanda
Prezident seçildikdən
sonra bu əlaqələr ən yüksək səviyyəyə
çatıb. Şübhəsiz
ki, iki ölkə
arasında əlaqələrin
bugünkü səviyyəsi
Prezident İlham Əliyevin güclü xarici siyasəti nəticəsindədir. İki
ölkə başçısının
əvəzsiz xidmətləri
nəticəsində Azərbaycan
və Özbəkistan
sürətlə inkişaf
edir, münasibətlər
daha da güclənir.
Ölkələrimiz arasında
bütün sahələrdə
əlaqələr yüksək
səviyyədə inkişaf
edir. Buna əsasən, ötən il Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq
üzrə Birgə hökumətlərarası komissiyanın
iclası da keçirilib. İclas zamanı ticarət-iqtisadi,
kənd təsərrüfatı,
energetika, səhiyyə,
nəqliyyat-logistika, ətraf
mühitin mühafizəsi,
dövlət xidmətlərinin
göstərilməsi, mədəni-humanitar,
sosial və turizm sahələrində
əməkdaşlığın gücləndirilməsi ilə
bağlı razılıq
əldə olunub. Bununla yanaşı, elə həmin ilin avqustunda üçtərəfli əməkdaşlıq
çərçivəsində Daşkənddə Azərbaycan,
Türkiyə və Özbəkistanın xarici
işlər, ticarət-iqtisadiyyat
və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü
baş tutub. Ötən il ticari
dövriyyə hələ
ilin ortasında 131,06 milyon dollar olub. 2021-ci ildə isə bu göstərici 111,9 milyon dollar təşkil edib. Ötən il yükdaşımaların həcmində
də artım müşahidə olunub. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında göstərici 578 min ton olub.
Bu, əvvəlki illərə
nisbətən 2-3 dəfə
çoxdur. Belə
ki, dövriyyə 2021-ci ildə
172,1 min, 2020-ci ildə 272,1 min ton olub. Bununla yanaşı,
Prezident İlham Əliyevin
ötən il Özbəkistana
səfəri zamanı
imzalanan "Azərbaycan
Respublikası Hökuməti
ilə Özbəkistan
Respublikası Hökuməti
arasında beynəlxalq
avtomobil əlaqələri
haqqında Saziş"
Azərbaycan vasitəsilə
Özbəkistan məhsullarının
daşımalarının həcminin
daha da artmasına təkan verib.
Özbəkistan xalqı
hər zaman ölkəmizlə
münasibətdə maraqlı
olub. Ölkəmizə
səfəri zamanı
Şavkat Mirziyoyev bildirib: "Biz Azərbaycan
xalqının böyük
oğlu Heydər Əliyevlə həmişə
fəxr edirik. Özbəkistanda onu xatırlayır və ehtiramla yad edirlər, çünki o, həqiqətən
böyük şəxsiyyət
olub. Onunla yanaşı, işləmiş
adamlarla çox söhbət etmişəm.
O, özbək xalqına
həmişə hörmətlə
yanaşıb. Şərəf
Rəşidoviç ilə
çox görüşüblər,
çox çətin
məsələləri həll
ediblər. Onların bu gün sağ
olan məsləkdaşları
indiyə qədər
fəxrlə deyirlər
ki, Heydər Əliyev
bütün hallarda Özbəkistan haqqında
hörmətlə danışır,
hər yerdə onu dəstəkləyirdi.
Bizdə "özbək
işi" qaldırılan
çətin illərdə
Heydər Əliyevin özbək xalqı haqqında şəxsi fikri vardı. Bu gün biz fəxr edirik ki, Heydər Əliyevin oğlu bu böyük işi davam etdirir".
Qeyd edək
ki, Özbəkistanda növbədənkənar
prezident seçkiləri
baş tutub. Azərbaycan Milli Məclisinin
deputatları TÜRKPA-nın
xətti ilə Özbəkistanda keçirilən
növbədənkənar prezident
seçkilərini müşahidə
ediblər.
Onlar öz missiyalarını Daşkənd
şəhərində həyata
keçiriblər.
Deputatlar bildiriblər
ki, prezident seçkiləri
bötövlükdə sakit
keçib və qanun pozuntularına yol verilməyib. Seçkilərin
şəffaf şəraitdə
keçirilməsi məntəqədə
seçicilər, müxtəlif
partiya nümayəndələri
və komissiya üzvləri tərəfindən
də qeyd olunub. Yekun müşahidələrin
nəticəsində demək
olar ki, seçkilərlə bağlı
beynəlxalq qurumlar da öz müsbət
rəylərini verib və özbək xalqını təbrik edib. Nəticədə Şavkat Mirziyoyev bir daha prezident
seçilib. Ölkə
başçımız iyulun
10-da dost ölkə başçısına zəng
edərək səmimi-qəlbdən
təbrik edib. İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata
keçirilən siyasətə
xalqın verdiyi dəstək kimi qiymətləndirib. Həmçinin
dost ölkənin qarşıdakı illərdə
də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli
inkişaf yolunu davam etdirəcəyinə
əminliyini ifadə edərək, onun fəaliyyətində uğurlar
arzulayıb. Danışıq
zamanı prezidentlər
ölkələrimiz arasında
dostluq və qardaşlıq münasibətlərinin
müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçıları
və digər səviyyələrdə qarşılıqlı
səfərlərin və
təmasların əhəmiyyətini
qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi
ilə bağlı əldə edilmiş razılaşmaların və
qəbul olunan qərarların yüksək
səviyyədə icra
olunmasından məmnunluqlarını
bildiriblər.
Ölkə başçıları
ikitərəfli münasibətlər
və qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İlham
Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə
dəvət edib. Dəvət minnətdarlıqla
qəbul olunub.
Şübhəsiz ki,
münasibətlərimizin yüksələn
xətlə inkişaf
etməsi gələcək
günlərdə daha
böyük layihələrin
həyata keçməsinə
mühüm töhfələr
verəcək.
Töhfə SƏMƏDOVA
Respublika.-
2023.- 11 iyul.- S.4.