Azərbaycan
ədəbiyyatında romantizmin
tanınmış nümayəndəsi
Abbas Səhhət
1874-cü il iyulun 11-də
Şamaxıda dünyaya
gəlib
"...Əzmi xuraman
fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında
dəfn - xak-əbədiyyət
bulunur. Zata Şeyx Nizamiyə böyük bir hörməti var idi. Daima Nizaminin
laməyut nəzmlərini
kəmali fəsahətlə
oxur, samlərini ləzzatyab - ədəbiyyat
eylərdi. Ən nəhayət, pənc gənc şair- möhtərəmilə həmcivari
məzar oldu...".
"Azərbaycan" qəzetinin 1918-ci il 18 noyabr tarixli sayında Məhəmməd
Hadi "Səhhətin
üfüli-ədəbisi" adlı məqaləsində
şair dostu Abbas Səhhətin ölüm xəbərindən
sarsılaraq onun ədəbiyyatımızdakı əvəzsiz xidmətlərindən
yazırdı. Hadi, həmçinin şairin
1918-ci ildə ermənilərin
törətdikləri soyqırımının
qurbanı olduğunu da dəqiqliyi ilə bildirirdi: "Şirvanlı şair, Şirvan faciəsi əsasında başqaları
kibi, şəhəri
tərkə məcbur
olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdı.
Bir qaç yerlərdə sər-səriyanə
dolanmış, ən
sonda Gəncəyə
nəqli-məkan etmişdir.
Arada xəstə oldu. Zalım və biaman ölümün pəncəsindən
rahayət olmayaraq tərki-həyat eylədi".
Azərbaycan ədəbiyyatında
romantizm cərəyanının
nümayəndəsi, şair,
dramaturq, tərcüməçi
Mehdizadə Abbas Əliabbas oğlu
1874-cü ildə Şamaxıda
ruhani ailəsində anadan olmuşdur. Məşhəd və Tehran şəhərlərində
tibbi təhsil almış, 1901-ci ildə
Şamaxıya qayıtmışdır.
O, tədricən həkimlik
sənətindən uzaqlaşaraq
məktəblərdə, daha
sonra realnıy məktəbdə Azərbaycan
dilindən dərs deməyə başlamışdır.
Elə bu dövrdən də ədəbi fəaliyyətlə
də məşğul
olmuşdur. 1903-cü ildən
məqalələri "Şərqi-Rus"
qəzetində çap
olunub. 1905-ci ildə
"Yeni poeziya olmalıdır?" adlı
məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa
mədhiyyə", "Oyanışın
səsi" şeirləri
işıq üzü
görüb.
Abbas Səhhət
"Yeni üslublu məktəblər" ideyasının
yorulmaz müdafiəçisi
idi və bu səbəbdən də, Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına
qoşulmuşdu. 1906-1907-ci illərdə "Füyuzat"
jurnalının fəal
üzvü olan şair o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi
olaraq çıxış
edirdi. Tərcüməçilik
fəaliyyətilə də
məşğul olan A.Səhhət həmin zamanlarda Azərbaycan oxucusunu Lermontov, Puşkin, Krılov, Nadson, M.Qorki, Hüqo, Müsse, Sulli-Prüdom və başqa şair və yazıçıların
əsərləri ilə
tanış edirdi.
1912-ci ildə şairin
öz şeirlərindən
ibarət "Sınıq
saz" və Avropa şairlərindən
etdiyi tərcümələrdən
ibarət "Qərb
günəşi" adlı
şeirlər toplusu nəşr olunub. Bir qədər sonra "Əhmədin şücaəti" adlı
poeması, 1916-cı ildə
isə "Şair, muza və şəhərli"
adlı romantik poeması çap edilib.
Şərqin Nizami,
Hafiz, Sədi kimi şairlərinin yaradıcılığından ruhlanan Abbas Səhhət türk xalqlarının ədəbiyyatı
ilə də yaxından maraqlanmış,
xüsusilə Tofiq Fikrət yaradıcılığına
xüsusi diqqət göstərmişdir.
"Vətəni sevməyən
insan olmaz, olsa da ol
kəsdə vicdan olmaz" şeiri ilə yaddaşlarda qalan vətəndaş şair Abbas Səhhət bu mövzuda yazdığı
şeirlərlə daha
çox tanınıb.
Şairin bu şeiri ən məşhur xanəndələrin
ifasında səslənib:
Könlümün sevgili
məhbubu mənim,
Vətənimdir, vətənimdir,
vətənim.
Məni xəlq
eyləmiş əvvəlcə
Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi
mənə nanu-nəmək,
Vətəni məncə
unutmaq nə demək?!
Şairin bu məşhur misralarla başlayan "Vətənimdir"
adlı şeiri təxminən yüz il əvvəl yazılıb və Vətən sevgisinin ən gözəl ifadəsi sayılan şeirlərdən biridir.
Bədii ədəbiyyat
həmişə konkret
ictimai-tarixi və siyasi-sosial şəraitdə
yaranır və təşəkkül tapır.
Azərbaycan ədəbiyyatı
XX əsrin 20-30-cu illərində
mürəkkəb siyasi-iqtisadi
və sosial şəraitdə meydana çıxmışdır. Azərbaycan
Demokratik Cümhuriyyətinin
yaranması, onun devrilməsi, sovet hakimiyyətinin qurulması
kimi mühüm hadisələr bu dövrə təsadüf
edir.
Əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatı
özünün milli
inkişafının yeni
mərhələsinə qədəm
qoymuş, daha yetkin və inkişaf etmiş bir ədəbiyyata çevrilmişdi. C.Məmmədquluzadə,
M.Ə.Sabir, N.Nərimanov,
Ə.Haqverdiyev, N.Vəzirov,
S.S.Axundov, C.Cabbarlı,
Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə
kimi yazıçı
və publisistlər realizmin inkişafına, ədəbiyyatın yeni-yeni
bədii keyfiyyətlərlə
zənginləşməsinə böyük təsir göstərirdilər. Ədəbiyyatımızın
romantik qolu da H.Cavid, A.Şaiq,
A.Səhhət, M.Hadi kimi sənətkarların
yaradıcılığı ilə inkişaf edirdi.
Azərbaycanda liberal
burjuaziya ideyasını
müdafiə edən
Abbas Səhhət İslam dəyərlərdən
imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman
qərbçiliyi" ideyasını
dəstəkləmişdir. Şair həm də Mirzə Ələkbər Sabirlə
yaxın dost olmuşdur.
Qısa, 44 illik ömrü boyu maarifçilik missiyasını layiqincə
yerinə yetirən A.Səhhət uşaqlar üçün də şeirlər yazıb:
"Ana və baba", "Ata və oğul", "Yay", "Ayı və şir", "Quşlar" və onlarla şeiri bu gün də
balaca oxucular tərəfindən sevilə-sevilə
oxunur. O, Vətənini
sevir, onun xoşbəxt gələcəyi
üçün bacardığını
edirdi. Çünki könlünün sevgili məhbubu idi Vətən!..
Zümrüd QURBANQIZI
Respublika.- 2023.- 11 iyul.- S. 7.