ŞUŞA – GÖRKƏMLİ
ŞƏXSİYYƏTLƏR MƏKANI
Tarixi qaynaqlarda
Azərbaycan təbiəti
valehedici gözəlliyinə
görə tərənnüm
edilmişdir. Bu mənada Azərbaycanın
əzəli və əbədi məkanı Şuşa əzəməti,
ehtişamı ilə
hər zaman yaradıcı insanların
əsərlərində geniş
işıqlandırılmışdır.
Tanınmış ədəbiyyatşünas-alim
Firidun bəy Köçərli yazmışdır
ki, Şuşa qalası Zaqafqaziyanın gözəl və basəfa şəhərlərindən
birisi hesab olunurdu və axır vaxtlarda artıq sürət və abad olmağa
üz qoymuşdu. İçində çox
gözəl imarətlər
ucaldılmışdı.
Ölkəmizin yerləşdiyi
ərazi strateji əhəmiyyətinə və
füsunkar təbiətinə
görə ətraf dövlətlərin hücumlarına
məruz qalmışdır.
Əsrlər boyu düşmənlərin hücumlarına
qarşı torpaqlarını
qorumaq naminə xalqımızın igidlik,
cəsurluq göstərdikləri
mənbələrdə öz
əksini tapmışdır.
XX əsrin 80-ci illərinin
sonlarından ermənilərin
ölkəmizə qarşı
torpaq iddiaları, hücumları başlamışdır.
Tarixi torpaqlarımız
ermənilərin Vətənimizə
qarşı hərbi hücumları nəticəsində
işğal edilmişdi.
Azərbaycana qarşı
hərbi təxribatlar
nəticəsində mülki
əhali və hərbçilərimiz hücuma
məruz qalır, həlak olurdular. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
bəşər tarixinin
dəhşətli faciəsi
olan Xocalı soyqırımı baş
vermişdi.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Şuşa
şəhərinin Ermənistan
silahlı qüvvələri
tərəfindən işğalının
iyirminci ildönümü
haqqında" 9 aprel
2012-ci il tarixli Sərəncamı erməni
işğalı altında
olan tarixi torpaqlarımıza yenidən
qayıdacağımıza ümid vermişdi.
27 sentyabr 2020-ci ildən
başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Qarabağı erməni vandallarının işğalından,
əsarətindən qurtardı,
Azərbaycanın ərazi
bütövlüyü bərpa
edildi. Şanlı Azərbaycan Ordusu qədim yaşayış
məskənlərimizi işğaldan
azad edərək Zəfər tarixini, qəhrəmanlıq salnaməsini
yazdılar.
8 noyabr 2020-ci ildə
Şuşanın işğaldan
azadlığa çıxması
ilə əlaqədar
Müzəffər Ali
Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində "İyirmi
səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz
bu tarixi Qələbəni döyüş
meydanında qazandıq.
2020-ci il noyabrın
8-i Azərbaycan tarixində
əbədi qalacaqdır.
Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı
Qələbəmizin, zəfərimizin
günüdür!" bildirmişdir.
Dövlətimizin başçısı
Şuşanın Azərbaycan
tarixində xüsusi yerini göstərmişdir:
"Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər
boyu azərbaycanlılar
Şuşada yaşayıb,
qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün
Qafqazın incisidir.
Azərbaycanın əzəli
və əbədi torpağı Qarabağ yetirdiyi qəhrəmanlarına,
eləcə də mənəviyyat tarixində
misilsiz xidmətlər
göstərmiş alimlərinə,
mədəniyyət və
incəsənət xadimlərinə
görə də tanınır. Qarabağ bölgəsində doğulub
böyümüş düşüncə
sahibləri öz dövrlərində şöhrət
qazanmış, adları
Şərq tarixçilərinin
qələmə aldığı
qaynaqlara daxil edilmişdir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazmışdır ki, Şuşa azərbaycanlıların
məskənidir, tarixi
mənbələrdə XVI-XVII əsrlərdə yaşamış
bir sıra filosoflar, alimlər, məsələn, Mühyiddin
Qarabaği, Məhəmməd
Qarabaği, Yusif Qarabaği, İshaq Qarabaği, Hüseyn Qarabaği, İsmayıl Qarabaği bu əraziyə mənsubdurlar.
Türk alimi Katib Çələbi
(1608-1670) müsəlman hüququna
(fiqhə) dair 20 fəsildə yazılmış
"Faydalar" ("əl-Fəvaid")
traktatının müəllifi
Şuşavi haqqında
məlumatı qeyd etməklə Şuşa şəhərinin XVIII əsrdən
əvvəl azərbaycanlıların
elm və mədəniyyət məskəni
olması təsəvvürünü
möhkəmlətmişdir. Görkəmli yaradıcı
ziyalıların siyahısı
göstərir ki, onların içərisində
heç bir yad millətin nümayəndəsi yoxdur.
Bir sözlə, Şuşa, ümumiyyətlə,
Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir,
bütün tarix boyu Azərbaycanın olub və olacaqdır.
Qarabağ xanlığı
dövründə elmə
və mədəniyyətə
xüsusi diqqət yetirilmişdir. Xanlığa
mənsub şəxsiyyətlər
Əbülfət xan,
Cəfərqulu xan və başqaları yaradıcılıq fəaliyyətlərilə
də məşğul
idilər. İbrahim Xəlil xan Cavanşirin oğlu Əbülfət xan (1766-1839)
Şuşada doğulmuş,
saray mühitində təlim və tərbiyə almışdır.
Tuti təxəllüsü
ilə Azərbaycan və fars dillərində
şeirlər yazmışdır.
İbrahim Xəlil xanın nəvəsi, Məhəmmədhəsən xanın
oğlu Cəfərqulu
xan (1780-1867) Şuşada
doğulmuş, sarayda
təlim-tərbiyə almışdır.
Musiqiyə, ədəbiyyata
maraq göstərən
Cəfərqulu xan əvvəlcə Arif imzası ilə klassik və xalq yaradıcılığı
üslubunda şeirlər
yazmış, sonralar isə Nəva təxəllüsü ilə
çıxış etmişdir.
Azərbaycanın elm
və mədəniyyət
tarixində özünəməxsus
yeri olan Qasım bəy Zakir, Mir Möhsün
Nəvvab, Nəcəf
bəy Vəzirov, Firidun bəy Köçərli, Əbdürrəhim
bəy Haqverdiyev, Süleyman Sani Axundov və başqa şəxsiyyətlər
füsunkar təbiəti,
ecazkar gözəlliyi
ilə məşhur olan Şuşa torpağının yetirmələridir.
XIX əsrin sonu
və XX əsrin əvvəllərində Qarabağın
qiymətli incisi Şuşaya mənsub elm və mədəniyyət
xadimləri yalnız öz vətənində deyil, dünyanın bir çox başqa ölkələrində
də tanınmışlar.
Onların arasında Əhməd bəy Ağaoğlu (1869-1939), Üzeyir
bəy Hacıbəyov
(1885-1948), Yusif Vəzir
Çəmənzəminli (1887-1943), Məhəmmədhəsən bəy
Vəliyev (Baharlı)
(1896-1937) kimi şəxsiyyətlər
fəaliyyətlərilə Şərq, xüsusilə
Türk dünyasında
özünəməxsus iz
qoymuşlar.
Görkəmli mütəfəkkir Əhməd
bəy Ağaoğlu Azərbaycanın qədim
yaşayış məskəni
Şuşada doğulmuşdur.
O, orta təhsilini doğma şəhərində
almış, burada dövrünün elmi biliklərinə yiyələnmişdir.
Əhməd bəy Ağaoğlu sonra Parisdə Sorbonna Universitetində təhsil almışdır. O, vətəninə,
xalqına, ailəsinə
bağlı olmuşdur.
Bunu onun fəaliyyəti parlaq şəkildə göstərir.
Əhməd bəy Ağaoğlu 1892-ci ildə
iştirak etdiyi Londonda keçirilən
"Şərqşünaslar Konqresi" ilə bağlı təəssüratlarında
Hayd Parkı gəzərkən özünü
Şuşada, Topxana meşəsində hiss etdiyini bildirmişdir.
Türkiyənin ictimai
xadimi, yazıçı
Səməd bəy Ağaoğlu atasının
ən yaxın dostu kimi anası
Sitarə xanımı
təqdim etmiş, onun əsl türk
qadınına məxsus
keyfiyyətə sahib olduğunu, övladlarının
təlim-tərbiyəsində də böyük rol oynadığını
bildirmişdir. Atası
ilə anasının
evlənməsini, ikisinin
də doğulduğu
yer olan Qarabağda həmin tarixlərdə müxtəlif
səbəblərlə özünü
göstərən ictimai
dəyişikliklərin bir
simvolu sayıla biləcəyini yazmışdır.
Əhməd bəy Ağaoğlu Türkiyəyə
köçmək məcburiyyətində
qalarkən Sitarə xanım hər zaman olduğu kimi, yenə də onun yanında
idi.
Səməd bəy
Ağaoğlu qeyd etmişdir ki, anası "Qarabağın
ən əski, ən əsil ailələrindən Vəzirovlar"dandır.
Azərbaycanın məşhur
tayfalarından biri olan Vəzirovlar nəsli yetirdiyi ictimai xadimləri və görkəmli ziyalıları ilə tanınmışdır. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanında Türkiyədə
səfir işləmiş,
böyük yazar Yusif Vəzir Çəmənzəminli Sitarə
xanımın qohumudur.
Azərbaycan mütəfəkkiri
doğulub böyüdüyü
Şuşanı heç
zaman unutmamışdı.
Ə.Ağaoğlu Maltada
iki ilə yaxın sürgündə
olarkən ailəsinə
yazdığı məktublarında
Qarabağın təbiətinin
gözəlliyini tərənnüm
etmiş, Şuşa qalasını, Daşaltını,
Dəlikdaşı və
başqa dağları,
yerləri yada salmışdır. Bu faktlar onun vətənpərvər
ziyalı, elinə-obasına
bağlı olduğunu
göstərir.
Dahi bəstəkar,
publisist, dramaturq, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyov Qarabağın elmi-mədəni
mühitinin yetirdiyi dahi şəxsiyyətdir.
Uşaqlıq illərini
Şuşada keçirən
Üzeyir bəy ilk təhsilini də burada almış, Qori Müəllimlər Seminariyasında
təhsilini davam etdirmişdir. Mütəfəkkir
elmi və bədii yaradıcılığı,
daha çox Şərqdə opera sənətinin əsasını
qoyduğuna görə
Azərbaycan, ümumiyyətlə,
Şərq mədəniyyəti
tarixində misilsiz xidmət göstərmişdir.
Böyük Azərbaycan
yazıçısı, ictimai
xadim Yusif Vəzir Çəmənzəminli
yaradıcılığı ilə Azərbaycanın ictimai fikir və
ədəbiyyatı tarixində
özünəməxsus mövqeyə
sahibdir. Mütəfəkkirin
yaradıcılığında tarixi, elmi, fəlsəfi
məzmunlu əsərlərlə
yanaşı, məişət,
ailədaxili münasibətlər
və s. mövzulu əsərlər də vardır.
Yusif
Vəzir Çəmənzəminlinin
yaradıcılığında "Qızlar bulağı",
"Studentlər", "Qan içində" (roman "İki od arasında" da adlanır) əsərləri xüsusi
yerə malikdir.
Azərbaycanşünas alim Məhəmmədhəsən
bəy Vəliyevin (Baharlı) XX əsrdə Azərbaycanın elm-mədəni
və ictimai fikir tarixində mühüm yeri vardır. Fiziki-coğrafi,
etnoqrafik və iqtisadi bölmələrdən
ibarət "Azərbaycan"
kitabı ensiklopedik alimə böyük şöhrət qazandırmışdır.
Qarabağın mənəviyyat
tarixində xanımların
- Ağabəyim ağanın,
Gövhər ağanın,
Xurşidbanu Natəvanın
və Həmidə Cavanşirin fəaliyyətləri
xüsusilə diqqətəlayiqdir.
İbrahim Xəlil
xan Cavanşirin qızı Ağabəyim
ağa (1782-1831) Şuşada
doğulmuş, saray mühitində böyümüş,
şeirlər qələmə
almışdır. İran şahı Fətəli şah Qacar Ağabəyim ağa ilə evlənmiş, onu baş hərəm
etmişdir. Təzkirəçi
alim Məhəmmədəli
Tərbiyət yazmışdır
ki, 1811-ci ildə İngiltərə kralı
və kraliçası
tərəfindən ingilis
diplomatı, dilçi
alimi Ser Gore Ouseley (1770-1844) İrana fövqəladə
səfir təyin edilmiş və həyat yoldaşı ilə birlikdə bir çox töhfələrlə Fətəli
şahının qəbuluna
gəlmişdi. Qəbulda
səfirlik məktubunu
brilyant düyməli bir qutuda şaha
və almazla toxunmuş bir kisəni şahın baş hərəmi Ağabəyim ağaya təqdim etmişdir.
İbrahim Xəlil
xan Cavanşirin qızı Gövhər ağa (1796-1888) Şuşada
doğulmuş, saray mühitində təlim-tərbiyə
almışdır. Gövhər
ağa Azərbaycan və fars dillərində
şeirlər yazmış,
Qarabağda çox səxavətli, xeyirxah və vətənpərvər
xanım kimi tanınmışdır. Filoloq
alim Bəylər Məmmədovun qeyd etdiyi kimi, 1883-cü ildə Gövhər ağa Şuşa meydanındakı köhnə
məscid binasının
yerində yenisini ucaltmışdı. XIX əsr
Azərbaycan arxitektura
sənətinin ən
gözəl nümunəsi
hesab olunan bu əzəmətli məscidi məşhur memar Kərbəlayi Səfi Qarabaği tikmişdir. Şuşalılar
arasında məscid Gövhər ağa məscidi kimi məşhurdur. Həmin dövrdə məscidin hücrələrindən biri
Gövhər ağanın
təşəbbüsü ilə mədrəsə üçün ayrılmışdı.
Məlumdur ki, Şuşa şəhərində
Yuxarı Gövhər
ağa və Aşağı Gövhər
ağa məscidləri
ermənilərin işğalı
dövründə dağıntılara
məruz qalmışdır.
Şuşa işğaldan
azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən təmir
olunaraq bərpa edilmişdir.
Azərbaycan xanımlarına
xas mətanəti, cəsurluğu və zəkasıyla Xan qızı Xurşidbanu Natəvanın XIX əsrdə
Qarabağın mənəvi
həyatının inkişafında,
Şuşanın abadlaşdırılmasında
əvəzsiz xidməti
vardır. Xurşidbanu
Natəvan (1832-1897) Şuşada
anadan olmuşdur. Atası Qarabağın xanlığının axırıncı
xanı Mehdiqulu xan Cavanşir (1763-1845), anası Bədircahan bəyimdir (1785-1861). Bədircahan
bəyimin atası Uğurlu xan Ziyad xan oğlunun
Gəncə xanlığının
hökmdarı Cavad xanın nəvəsidir.
Xurşidbanu Natəvan Dağıstan zadəganlarından milliyyətcə
qumuq knyaz Xasay xan Usmiyev
ilə ailə qurmuş, onların Mehdiqulu, Xanbikə adlarında iki övladı olmuşdur. Onlar da anaları
kimi bədii yaradıcılıqla məşğul
idilər. Fransanın
dünyaşöhrətli yazıçısı
Aleksandr Düma XIX əsrdə səyahət
edərkən 1858-ci ildə
Bakıda Bədircahan
bəyim, Xurşidbanu
Natəvan və ailəsi ilə görüşmüşdü.
Qarabağ xanlığının
yaradıcısı Pənahəli
xanın nəslindən
olan Həmidə xanım Cavanşir
(1873-1955) mütərəqqi, açıqfikirli, xeyirxah
insan kimi mədəniyyət tariximizdə
iz qoymuşdur. Həmidə xanım ilk təhsilini ailəsindən almış,
dövrünün elmi
biliklərinə yiyələnmişdir.
Onun atası Əhməd bəy Cavanşir (1828-1903) tarixçi,
şair, maarifpərvər
şəxs kimi tanınmışdır.
Həmidə xanımla
zadəgan nəslindən
podpolkovnik İbrahim bəy Davatdarovla evlənmiş, onların Mina və Müzəffər
adlı iki övladı olmuşdur. Həmidə xanım həyat yoldaşının
və atasının vəfatından sonra ata mülkünə köçmüş, Ağdam
şəhərinin 18 kilometrliyində
olan Kəhrizli kəndində yaşamışdır.
Həmidə xanım
Cəlil Məmmədquluzadə
ilə evlənmiş,
onların Midhət və Ənvər adlı iki oğlu
olmuşdur. Həmidə
xanım xeyirxah və maarifpərvər bir qadın idi. O, Kəhrizli kəndində oğlanlarla
qızların bir yerdə oxuduğu məktəb açmışdı.
Həmidə xanım
Cavanşir fəaliyyətilə
Qarabağın mədəni
həyatının inkişafına
çalışmışdır.
Tariximizin və
görkəmli şəxsiyyətlərimizin
məkanı, Azərbaycanın
ayrılmaz tərkib hissəsi Şuşada doğulmuş elm, incəsənət və mədəniyyət sahələrində
fəaliyyət göstərmiş
şəxslər Vətənimizə
bəxş etdikləri
töhfələrlə məşhurdurlar.
Aytək MƏMMƏDOVA,
fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent
Respublika.- 2023.- 11 iyul.-
S.7.