Əsirlikdə qalan yurd yerləri

 

XX əsrin bəlası - deportasiya

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə müzakirələrin əsas məğzi, qayəsi doğma yurda - Qərbi Azərbaycana Qayıdış proqramının hazırlanması idi.

Cənab Prezident çıxışında dəfələrlə vurğuladı ki, Qərbi Azərbaycan əzəli torpağımız, ata-baba yurdumuzdur. Biz ora qayıtmalı, torpağımıza, yurdumuza sahib çıxmalıyıq. Bu əlamətdar hadisə biz Qərbi azərbaycanlıların hədsiz sevincinə səbəb oldu, doğma yurdumuza qayıtmağa ümidlərimizi artırdı.

Axı necə də sevinməyəsən?! Doğulduğun yeri, yurdu, onun torpağını, daşını, çayını, düzünü-dərəsini, dağını, yaylağını necə unudasan? Əsirdə qalıb heykələ dönən yurd-yuvamızı tez-tez yuxumuzda görürük, yurd xiffəti çəkirik. Vətən dərdi çəkməkdən nə qədər soydaşlarımız vaxtsız dünyasını dəyişdi. Ən ağır dərd Vətən həsrətidir:

 

Atımla yaylağı gəzərdim özüm,

Günlərim keçərdi bulaq başında.

Mən necə unudum, mən necə dözüm,

İzlərim qalıbdır hər bir daşında.

 

Hadisələr baş verən dövrdə mən Kalinino rayonunun (keçmiş Voronsovka) "Evli" kəndində (keçmiş Mollaeyyub) sovxoz direktoru işləyirdim. Sovxoz "Evli" və "Dəmirçilər" kəndlərini əhatə edirdi. Bizim rayon Qərbi Azərbaycanın şimal-qərbində yerləşirdi. Gürcüstanın Dmanisi (Başkeçid) rayonunun Saatlı, Muğanlı kəndləri ilə həmsərhəd idi.

Kalinino rayonunun 9 kəndində sırf azərbaycanlılar, 5 kəndində ermənilər, qalan 6-7 kəndində isə ermənilər, azərbaycanlılar, ruslar, kürdlər və s. birgə yaşayırdılar. Hadisələrə qədər etiraf edim ki, münasibətlər normal idi. Rayon icraiyyə komitəsi sədrinin birinci müavini, rayon partiya komitəsinin təşkilat şöbə müdiri, rayon xalq nəzarət komitəsinin sədri azərbaycanlı idi. Bundan başqa, rayonun, həm də respublikanın ən böyük kəndlərindən biri olan Şahnazarın (8,5-9 minə yaxın əhalisi vardı) sahə müvəkkili Lətif Nəsibov idi. Rayonun digər idarələrində də azərbaycanlılar işləyirdilər.

Lakin Qarabağ hadisələri başlayandan sonra vəziyyət günbəgün dəyişdi, əsl düşmənçiliyə çevrildi. Rayona gedəndə ehtiyatla hərəkət edirdik. Tanış, "dost" ermənilər bizi görməməyə çalışır, yan gedirdilər. Bəzən onlarla danışan zaman deyirdilər ki, "görün sizinkilər Sumqayıtda bizim erməniləri necə qırdılar. Bundan sonra birgə yaşamağımız necə olacaq?". Ədalət naminə deyə bilərəm ki, Sumqayıt hadisələrinin başvermə səbəblərini rayonun, kəndlərin sıravi erməniləri dəqiq bilmirdilər. Bilmirdilər ki, elə bu qanlı hadisəni erməni mafiyası, şovinistləri, millətçiləri özləri törətmişdilər. Axı necə ola bilərdi ki, ani zamanda baş verən olaylar dərhal da lentə alınmışdı. Deməli, bu iş əvvəlcədən düşünülmüşdü! Bu hadisələr qabaqcadan Sumqayıtda ona görə törədilmişdi ki, Qarabağdakı "erməni milli hərəkatına" haqq qazandırsın və dünyaya car çəksinlər ki, "bax görürsünüzmü, biz erməniləri Azərbaycanda qırırlar, artıq onlarla bir yerdə yaşamaq mümkün olmayacaq.

Artıq Ermənistandan azərbaycanlıların köç karvanları yola düşürdü, soydaşlarımız çıxış yolunu Azərbaycanda görürdülər. Çünki guya azərbaycanlıları qorumaq üçün Ermənistana, o cümlədən bizim rayona, azərbaycanlı kəndlərinə "rus sülhməramlı" qoşunlarının yeridilməsinə baxmayaraq, demək olar ki, onların bizə heç bir köməkliyi olmurdu. Özümüz özümüzü müdafiə edirdik.

Rayonumuzda ilk ölüm hadisəsi baş verdi. Rayonda yaşayan soydaşımız ona hücum edən bir neçə ermənini tüfənglə yaralasa da, o, qətlə yetirildi. Yas mərasimində rayon partiya komitəsinin birinci katibi Vilik Surenoviç İsraelyan da iştirak edirdi. Bir həqiqəti də ədalət naminə deyim ki, bizə qarşı bu katib başqa şərəfsiz dığalardan fərqli olaraq hadisələr zamanı daha həssas, daha isti münasibət göstərirdi. Soydaşlarımızın köçməsindən çox narahat idi. Niyə də olmasın. Axı rayonda ən ağır işlərdə azərbaycanlılar işləyir, yüksək göstəricilər əldə edir, rayonun üzünü ağ edirdilər.

Rayon rəhbərlərindən biri icraiyyə komitəsinin sədri, əsl şovinist, qatı millətçi Köçəryan idi. Deyilənə görə, Ermənistanın prezidenti olmuş Robert Köçəryanın qohumu idi. O, bu hadisələrə, Xankəndidəki etiraz nümayişlərinə çox sevinir və bunu gizlətmirdi. Vəziyyətin gərgin vaxtlarında sakitlik yaratmaq üçün İrəvandan bizim rayona Mərkəzi Komitədən, Nazirlər Kabinetindən və Daxili İşlər Nazirliyindən nümayəndələr göndərilmişdi. Hər həftənin şənbə günləri raykomun birinci katibi, rayon prokuroru və polis rəisi həmin nümayəndələrlə birlikdə bizim kəndə gəlib camaatla söhbətlər edir, xalqı sakitliyə çağırır, bu olayların müvəqqəti olduğunu söyləyirdilər.

Qərbi Azərbaycandan kütləvi köç başlayanda erməni postlarından keçmək təhlükəli hal almışdı. Mən kəndin, təsərrüfatın rəhbəri kimi bu maneəyə görə alternativ yollar barədə fikirləşdim. Bizim kəndin arxa tərəfindəki meşəlikdən Gürcüstana keçməyə yol var idi. Bu yolu düzəltmək üçün buldozeri olan DT-75 traktorunu ora göndərdim. Bir dəfə raykomun ikinci katibi Abram Karapetoviç büro iclası qurtaranda məni kabinetinə dəvət etdi. Hadisələrdən narahatlığını bildirib təəssüfləndiyini dedi:

- Əmrah Musayeviç, rayondan köçüb gedirsiniz, bizə də çox çətin olacaq. Axı uzun illərdir birgə yaşamışıq. Bunun sonu necə olacaq? Hər iki tərəfə böyük zərbə olacaq. Bu mənəvi, milli zərbənin yarası çətin sağalacaq.

Mən onu soyuqqanlılıqla dinləyib sözümü belə başladım:

- Abram Karapetoviç, bir həqiqəti deyəcəyəm, amma inciməyin. Bu sualı mənə yox, sizin qatı millətçi Zori Balayana, Silva Kaputikyana, Aqambekyan kimilərinə verin. Aranı qarışdıranlar onlar və onların yolunu tutanlar olub. Onlar guya öz xalqını çox sevirlər? Xeyr! Onlar erməni xalqına bəla gətirəcəklər. Qaçqın-köçkün sizdə daha çox olacaq. Misal deyim: dəqiq bilmirəm, amma təxmini deyim ki, Ermənistanda 200 minə yaxın azərbaycanlı yaşayır. Tutaq ki, biz 200 min nəfər köçdük Azərbaycana. Bəs bilirsənmi Azərbaycandan buna cavab olaraq nə qədər erməni bizim kimi deportasiya olunacaq? Yadına salıram: təkcə Bakıda 350 mindən çox erməni yaşayır. Gəncənin böyük bir hissəsində, Şamaxı, İsmayıllı, Balakən, Zaqatala, Şəmkir və s. rayonlarda, Qarabağda, Sumqayıtda yüz minlərlə erməni yaşayır. Ümumiyyətlə, Qarabağ hadisələrinə qədər Azərbaycanda təxminən 600 minə yaxın erməni yaşayırdı. Abram Karapetoviç, indi baxın, biz buranı tərk etsək, bizim sayımızdan ən azı 3 dəfə çox olan erməni Azərbaycanı tərk etməli olacaq.

Doğrusu, Abram mənim cavabımla tam razılaşdı. Amma bu məkrli erməni "dığa"sının qəlbini oxuya bilmədim. O, özünü mənə guya sadiq adam kimi göstərdi. Mənə "təsəlli" verdi. Ayrıldıq.

Yaxud rayonun başqa bir rəhbər-vəzifəli şəxsi ilə söhbətdə yenə milli məsələyə toxunmalı oldum. 1987-ci ilin noyabr ayı idi, sovxoz direktoru işləyirdim. Birdən zəng gəldi. Rayon maarif şöbəsinin müdiri Karo Bağdasaryan idi. O, həm də bizim rayon üzrə keçmiş erməni məbədlərinin, abidələrinin bərpasına rəhbərlik edirdi. O vaxt hər bir təsərrüfat, idarə hər il bu bərpa üçün 50 manat pul keçirməli idilər. Telefonda salamdan sonra dedi:

-Yoldaş Qorçiyev, sizin əmioğulları (türklərə işarədir) keçmişdə bizim abidələri, kilsələri, ümumiyyətlə, mədəni irsimizi dağıdıb məhv ediblər. Onların bərpası üçün sizin təşkilat hələ pul keçirməyib.

Görün, bu vəzifəli erməni dığasının türkə, türk dünyasına nifrəti nə qədərdir. Mən bunu cavabsız qoya bilməzdim. Əsəblərim gərildi. Ona sərt ironiya ilə dedim:

-Bağdasaryan, mənim sən dediyin əmioğullarım heç bir vaxt nahaq yerə günahı, suçu olmayanlara nə əl, nə də qılınc qaldırmaz. Qaldırıbsa, demək ədaləti bərpa edib. Həm də sizin kimi elmin, mədəniyyətin başında duran adama belə təhlükəli atmaca yaraşmaz. Səhər bunu katibə çatdırsam, halın necə olar?

O, tövşüyə-tövşüyə məndən üzr istədi, zarafatla dediyini söylədi. Bəli, belə neqativ hallar çox olurdu. İrəvandan gələn ağ köynəkli, qara saqqallılar rayonun birinci katibinin (V.S.İsraelyan) azərbaycanlıları müdafiə etdiyinə görə boğazına kəndir salıb rayonun çıxışına qədər piyada aparıb yola saldılar. Yerli ermənilərin xeyli hissəsi belə alçaq işlərə haqq qazandırmırdılar. Hətta tanışım olan bir erməni mənə dedi, "zəlzələdə (Spitak) on minlərlə erməni öldü. Bu, Allahın bizə verdiyi cəza idi. Çünki Qarabağ məsələsində bizimkilər haqsız idi".

Sonda onu deyim ki, doğma yurd üçün çox darıxmışıq. Elə yurd yerlərimiz də bizdən ötrü qəribsəyib.

 

Əmrah QORÇİYEV

 

Respublika.- 2023.- 11 iyul.- S.8.