Ona ateist, maarifçi,
materialist filosof, ictimai
xadim və böyük yazıçı
dedilər. Amma o, bütün
məziyyətləri ilə
ədəbiyyatımızın klassiki və dramaturgiyamızın banisidir.
Şərqdə ilk dəfə
olaraq dram janrında əsərlər yaradan mütəfəkkir, həm
də Azərbaycan ədəbiyyatında azad
düşüncə tərzinin
ən böyük nümayəndəsi hesab edilir. Eyni zamanda,
Azərbaycan dramaturgiyasında
və ədəbiyyatında
ədəbi tənqidin
yaradıcısı, Qafqaz
Arxeologiya Komissiyasının
sədri olmuşdur.
Mirzə Fətəli
Axundov 1812-ci ildə qədim yaşayış
məskənlərimizdən olan Nuxada, indiki
Şəki şəhərində
dünyaya gəlib. Atası Mirzə Məhəmmədtağı və
anası Nanə xanım 1814-cü ildə
Təbriz şəhərinin
yaxınlığında olan
Xamnə qəsəbəsinə
köçmüşlər. Mirzə Fətəli Axundov 13 yaşına kimi ailəsi ilə birlikdə Cənubi Azərbaycanın
müxtəlif bölgələrində
yaşamalı olur.
1812-ci ildə isə anası ilə yenidən Şəkiyə
qayıtmışdır. Onun
axund olmasını istəyən yaxın qohumu Hacı Ələsgər Mirzə
Fətəlini özü
ilə Gəncə şəhərinə gətirərək
məntiq və şəriət qanunlarını
öyrənməsi üçün
Molla Hüseyn adlı
axunda tapşırmışdır.
Gəncə onun həyatında böyük
rol oynamaqla yanaşı, həm də əsaslı dönüş yaratmışdır.
Gənc Fətəli burada məntiq və fiqh elmlərini
öyrənməklə bərabər,
böyük Azərbaycan
şairi və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini
də öyrənir. Onun Mirzə Şəfi Vazehlə tanışlığı sonradan
möhkəm dostluq münasibətlərinə çevrilir.
Bu dostluq Mirzə Fətəlinin həyat və yaradıcılığında,
bir mütəfəkkir
kimi formalaşmasında
mühüm rol oynayır. O, dostu Mirzə Şəfinin təsiri ilə ruhani olmaq fikrindən
daşınaraq dövlət
qulluğuna girməyə
qərar verir. Onun bu fikrini
bilən qohumu Hacı Ələsgər Axundovu Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında
tərcüməçi şagirdi
vəzifəsinə təyin
etdirir. 1834-cü ildən
Qafqaz canişininin baş dəftərxanasında
mülki işlər sahəsində Şərq
dilləri mütərcimi
təyin edilir. Ömrünün sonuna kimi bu vəzifədə
çalışan Axundov
1873-cü ildə polkovnik
rütbəsi alır.
O, bacarıqlı işçi
kimi Rusiya ilə yanaşı, Türkiyə və
İran dövlətinin də
orden və medallarına layiq görülmüşdür. Həmin
dövr üçün
Qafqazın inkişaf etmiş inzibati-mədəni
mərkəzi sayılan
Tiflis Axundovun dünyagörüşündə
böyük rol oynamışdır.
Mirzə Fətəli
Axundov Tiflisdə A.Bakıxanov, İ.Qutqaşınlı,
M.Ş.Vazeh, Q.Zakir, A.Çavçavadze, A.Berje,
A.A.Bestujev-Marlinski, A.Sereteli
kimi dövrün görkəmli ədibləri,
ictimai-siyasi xadimləri
ilə dostluq etmişdir. Bu isə onun dünyagörüşünə
və ədəbi yaradıcılığına müsbət
təsir göstərmişdir.
Rus dilini mükəmməl
bilməsi isə ədibin iş həyatı ilə yanaşı, dünya ədəbiyyatını dərindən
bilməsinə də
müsbət təsir
etmişdir.
Mirzə Fətəli
Axundov qəzetçilik
sahəsində də
fəaliyyət göstərmişdir.
O, "Əkinçi" qəzetinin
nəşrinə böyük
əhəmiyyət verərək
özü də
"Vəkili milləti-naməlum"
imzası ilə məqalələr yazmışdır.
Onun bədii yaradıcılığa marağı
şeirlə başlamışdır.
Şeirlərini Səbuhi
təxəllüsü ilə
yazmışdır. İlk şeiri "Zəmanədən
şikayət" adlanırdı.
Şeir fars dilində klassik Şərq şeiri ənənələri əsasında
yazılmışdır. Axundovu
şair kimi tanıdan, sevdirən
1837-ci ildə yazdığı
"Puşkinin ölümünə
Şərq poeması"
olmuşdur.
Mirzə Fətəli
Axundov 1842-ci ildə axund Hacı Ələsgərin qızı
Tubu xanımla ailə qurur. Bu evlilikdən 13 övladı
dünyaya gəlir.
Lakin bu uşaqlar erkən yaşlarında dünyasını dəyişmiş,
yalnız oğlu Rəşidbəy və qızı Nisə xanım uzun ömür yaşamışdır.
Onu da qeyd etmək yerinə düşər
ki, Mirzə Fətəli
həm də dövlət dairələrində
böyük nüfuz sahibi olmuşdur. O, Qafqaz canişininin yanındakı nüfuzu sayəsində çar hakimləri tərəfindən
sürgün edilmiş
Q.Zakirin və övladlarının həbsdən
və sürgündən
xilasına nail olmuşdur.
Eyni zamanda, sonuncu Qarabağ hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını
müdafiə etmişdir.
Mirzə Fətəli
Axundov Azərbaycan dramaturgiyasının banisi
olduğu kimi, həm də inkişafında böyük
xidmətlər göstərmişdir.
Məhz Azərbaycan teatrı Axundovun komediyaları əsasında
yaranmış və formalaşmışdır. Böyük
mütəfəkkirin qələmə
aldığı əsərləri
oxucuya, tamaşaçıya
təkcə gülüş
bəxş etmir, bu komediyalar həm də maarifləndiricilik baxımdan
güclü təbliğat
rolunu oynayır. Müəllif həmin əsərlərlə cəmiyyətdə
baş verən çatışmazlıqlardan, gerilikdən qurtuluşun yalnız elmdə olduğunu göstərir.
Onun komediya janrında yazdığı
əsərləri teatrların
repertuarının aparıcı
xəttini təşkil
edib. Hələ
1837-ci ildə Həsən
bəy Zərdabi tələbələri Nəcəf
bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə Bakı məktəblərinin
birində məşhur
"Hacı Qara" tamaşası ilə Azərbaycanda, eləcə
də ümumən türk-müsəlman aləmində
teatr hərəkatının
əsasını qoymuşdur.
1850-1855-ci illərdə "Təmsilat" adı altında birləşdirilmiş
altı komediya - "Hekayəti-Molla İbrahimxəlil
kimyagər", "Hekayəti-Müsyö
Jordan həkimi-nəbatat və
Dərviş Məstəlişah
caduküni-məşhur", "Hekayəti-xırs quldurbasan",
"Sərgüzəşti-vəziri-xani-Lənkəran",
"Sərgüzəşti-mərdi-xəsis,
Hacı Qara",
"Müdafiə vəkillərinin
hekayəti"ni yazmışdır.
Onun 40 illik yaradıcılığı olduqca
zəngin və çoxcəhətlidir. Axundov
bu əsərləri ilə Azərbaycan ədəbiyyatında dramaturgiyanın
əsasını qoymuşdur.
Həmin əsərlər
yazıçının öz
tərcüməsində rus
dilində "Kafkaz"
qəzetində çap
olunmuşdur. Mirzə
Fətəli Axundov hələ o dövrdə
dramaturq kimi şöhrət qazanmışdır.
Belə ki, "Müsyö
Jordan və dərviş
Məstəli şah"
1851-ci ildə Peterburqda
ev teatrında "Müsyö Jordan və dərviş Məstəli
şah", "Xırs
quldurbasan" və
"Vəziri-xani-Lənkəran" komediyaları isə Tiflisdə rus teatrında tamaşaya qoyulmuşdur.
Mirzə Fətəli
Axundovun ən böyük arzularından
biri ərəb əlifbasını dəyişdirmək
olub. O, bu haqda yazırdı: "Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın
tərəqqisi xatirinə
islam əlifbasını
dəyişməyə təşəbbüs
göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili
bir neçə ayın içərisində
başdan-başa savadlı
olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün
elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə
tərcümə edilsin
və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar".
Mirzə Fətəli
Axundov 1878-ci il fevral ayının 26-da ürək
xəstəliyindən vəfat
etmişdir. Bu böyük
yazıçı və
dramaturq Tiflisdə, köhnə müsəlman
qəbiristanlığında, indiki Tiflis Nəbatat bağında öz vəsiyyəti ilə Mirzə Şəfi Vazehin yanında dəfn olunmuşdur.
Ramidə YAQUBQIZI
Respublika.- 2023.- 12 iyul.-
S.9.