Qoşulmama
Hərəkatı: bəşəri
dəyərləri təbliğ
edən mötəbər
təsisat
Sülhün, əmin-amanlığın,
təhlükəsizliyin bərqərar
olması istiqamətində
mövcud problemlərin
həllinə əməkdaşlıq
yolu ilə, müasir çağırışlara
cavab verərək nail olmaq yeni
dünya nizamında böyük əhəmiyyət
kəsb edir. 1961-ci ildə Belqrad şəhərində Asiya
və Afrika ölkələrinin 25 dövlət
və hökumət başçılarının iştirakı
ilə təşkil olunmuş Zirvə Görüşündə institusional
əsası qoyulan, heç bir blokda iştirak etməyən Qoşulmama Hərəkatı (QH) beynəlxalq hüquqa əsasən sülh, təhlükəsizlik və
inkişafa yardım etməklə müasir dünyada öz aktuallığını daha
da artırır.
Ölkələrin suverenliyinə,
ərazi bütövlüyünə,
müstəqilliyinə hörmətlə
yanaşaraq bəşəri
dəyərlərin təbliğinə
xidmət edən, dünyanın 120-dən çox
ölkəsini özündə
birləşdirən Hərəkat
BMT Nizamnaməsinin məqsəd
və prinsiplərini əsas tutaraq dövlətlərin daxili
işlərinə qarışmamağı,
ərazi bütövlüyü
və suverenliyinə,
insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağı,
bütün irqlərin
və xalqların bərabərliyini tanımağı
ən ali məqsəd kimi müəyyənləşdirmişdir. QH, həmçinin böyük
dövlətlərin xüsusi
maraqlarına xidmət
etməkdən, hər
hansı dövlət
tərəfindən digər
dövlətlərə təzyiq
göstərməkdən çəkinmək,
bütün beynəlxalq
mübahisələri danışıqlar,
barışıq, məhkəmə
və tərəflərin
özünün seçdiyi
digər dinc vasitələrlə, sülh
yolu ilə həll etmək missiyasını yerinə
yetirən BMT-dən sonra ən böyük
təsisatdır. Beynəlxalq
öhdəliklərə xidmət
etməklə üzv ölkələr arasında
qarşılıqlı maraq
və əməkdaşlığı
təşviq edən Hərəkatın 120 üzvü,
17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq
təşkilatı var.
2011-ci il may ayının 26-da ölkəmiz
QH-yə tamhüquqlu üzv qəbul olunmaq üçün İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin
yekdil dəstəyini qazanmışdır. 2016-cı ildə üzv ölkələrin dövlət
və hökumət başçıları tərəfindən
Hərəkatın XVII Zirvə
Görüşünün Bakıda keçirilməsinə
qərar verilməsi isə ölkəmizə olan hörmətin, etimadın, etibarın göstəricisi idi.
2018-ci ildə "Davamlı
inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin
təşviq edilməsi"
mövzusunda Qoşulmama
Hərəkatının nazirlər
konfransı Bakıda keçirilmiş, konfransda
Hərəkatda iştirak
edən dövlətlər,
həmçinin müşahidəçi
statusu almış dövlət və beynəlxalq təşkilatların
800-ə yaxın nümayəndəsi
və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak
etmişlər.
2019-cu il oktyabrın
25-də Bakıda Qoşulmama
Hərəkatına üzv
ölkələrin dövlət
və hökumət başçılarının XVIII Zirvə Görüşü
öz işinə başlamış, görüşdə
60-a yaxın ölkənin
dövlət və hökumət başçıları,
həmçinin beynəlxalq
təşkilatların rəhbərləri
olmaqla 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın
nümayəndələri iştirak
etmişlər. Zirvə
Görüşündə növbəti sammitin Bakı şəhərində
keçirilməsinə və
2019-2022-ci illərdə sədrliyin
Azərbaycana həvalə
edilməsinə yekdilliklə
qərar verilmişdir.
Hərəkata sədrliyi
dövründə Azərbaycan
daxili və xarici siyasətinin əsas prioritetlərini üzv dövlətlərlə
birgə həyata keçirmək üçün
səylər göstərmiş
və bu gün də bu missiyanı həyata keçirir. Qoşulmama Hərəkatına
sədrlik etməsi ölkəmizin üzv dövlətlərlə əməkdaşlığının
möhkəmləndirilməsi istiqamətində mühüm
addımların atılmasına
imkan yaratmışdır.
Azərbaycanın evsahibliyi
ilə "Bandunq prinsiplərini rəhbər
tutmaqla müasir dünyanın çağırışlarına
birgə və adekvat cavab verilməsini
təmin etmək"
mövzusunda keçirilən
XVIII Zirvə toplantısında
çıxış edən
Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Azərbaycan
Qoşulmama Hərəkatında
sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın
coğrafiyasının genişləndirilməsi
üçün səylər
göstərəcəkdir".
2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının
dövlət və hökumət başçıları
səviyyəsində onlayn
Zirvə Toplantısını
təşkil etmiş,
həmin ilin dekabr ayında isə BMT Baş Assambleyasının koronavirusla
mübarizəyə həsr
olunmuş, 70-dən çox
dövlət və hökumət başçısının
çıxış etdiyi
Xüsusi Sessiyası keçirilmişdir. Ölkəmiz,
həmçinin Ümumdünya
Səhiyyə Təşkilatına
10 milyon ABŞ dolları
həcmində könüllü
maliyyə dəstəyi
göstərmiş, eyni
zamanda Qoşulmama Hərəkatının üzvləri
daxil olmaqla 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı, təmənnasız olaraq beş ölkəyə
150 min doza peyvənd ianə etmişdir. Həmçinin,
koronavirus pandemiyasının
həlli məqsədilə
Azərbaycan Qoşulmama
Hərəkatı adından
BMT-nin İnsan Hüquqları Şurasında
bütün ölkələrin
peyvəndlərə bərabər
və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüşdür. Pandemiya
ilə mübarizədə
qlobal çağırışlarla
çıxış edən,
inkişaf etmiş bəzi ölkələr tərəfindən irəli
sürülmüş "peyvənd millətçiliyi"nə
qəti etiraz edən Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını
inkişaf etməkdə
olan, xüsusilə ən az inkişaf
etmiş ölkələrə
dəstək verməyə
çağırmış, həm də Qoşulmama Hərəkatının
sədri kimi dünyada vaksinlərin ədalətli bölgüsünün
və əlçatanlığının
təmin edilməsi istiqamətində təşəbbüslərini
davam etdirmişdir.
Azərbaycanın sədrliyi
dövründə Qoşulmama
Hərəkatının Parlament
Şəbəkəsi yaradılmış
və ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilmişdir.
Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin
"Dünyada sülhün
və dayanıqlı
inkişafın təşviqində
milli parlamentlərin rolunun gücləndirilməsi"
mövzusuna həsr olunan konfransını QH-nin tarixində vacib tədbir adlandıran ölkə başçımız İlham
Əliyev üzv dövlətlərin Azərbaycanın
bu təşəbbüsünü
dəstəkləmələrini həmrəyliyin gücləndirilməsi
istiqamətində atılan
mühüm addım kimi qiymətləndirmiş,
parlament şəbəkəsinin
təkcə üzv dövlətlər arasında
deyil, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə
sıx əlaqələrin
qurulmasına töhfə
verəcəyini bildirmişdir.
Ötən ilin iyulunda isə Şuşa Razılaşması
əsasında Qoşulmama
Hərəkatının Gənclər
Təşkilatı yaradılmışdır.
Qoşulmama Hərəkatının
Gənclər Sammitinin
növbəti dəfə
Bakıda keçirilməsi
bir daha ölkəmizin Hərəkata
sədrlik edən ölkə olaraq BMT-nin gənclərlə bağlı siyasətini dəstəklədiyini və
buna əsaslanaraq təsisatın gənclik qolunu yaratdığının
göstəricisidir. Bütün
bunlar isə Qoşulmama Hərəkatının
beynəlxalq sülhün
bərpası, dialoqun
aparılması kimi məsələlərin müzakirə
olunduğu, siyasi məsləhətləşmələr və praktik əməkdaşlığın aparıldığı geniş
və əhatəli bir platforma olduğunu
təsdiqləyir. Qeyd
edək ki, təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. Hazırda
isə QH-nin qadınlar platformasının
yaradılması istiqamətində
iş aparılır.
Mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun Zirvə Görüşündə dövlət
başçımız çoxtərəfli
platforma olan BMT sistemində islahatların
aparılması məsələsinə
toxunmuş və BMT Təhlükəsizlik Şurasının
müasir çağırışları
əks etdirmədiyini
vurğulamışdır. Üzv dövlətlərin
Təhlükəsizlik Şurasının
coğrafi baxımdan ədalətli olması üçün tərkibinin
genişləndirilməsi, təşkilatda
daha çox ölkənin təmsil olunması, o cümlədən
bir daimi yerin Qoşulmama Hərəkatına verilməsi
ilə bağlı fikirlərini BMT-nin aidiyyəti komitəsinə
təqdim etməyə
çağırmış, Qoşulmama Hərəkatına,
İslam Əməkdaşlıq
Təşkilatına və
Afrika İttifaqına
sədrlik edən ölkələrin BMT Təhlükəsizlik
Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalı olduqlarını bildirmişdir.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun "Qoşulmama
Hərəkatı: meydana
çıxan çağırışlarla
mübarizədə birgə
və qətiyyətli"
mövzusunda keçirilən
nazirlər görüşündə
Azərbaycan Prezidenti
QH-yə üzv dövlətlərin "Bandunq
prinsipləri"nə sadiqlik
nümayiş etdirməklə
dövlətlərin suverenliyinə
və ərazi bütövlüyünün pozulmasına
qarşı qətiyyətlə
mübarizə aparmağın,
Qoşulmama Hərəkatının
beynəlxalq məsələlərdə
fəal iştirak etməyin vacibliyini qeyd etmişdir. Yeni dünya nizamında Hərəkatın
öz yerini tapmalı olduğunu bildirən ölkə başçımız üzv
dövlətlərin neokolonializm
meyillərinin aradan qaldırılması üçün
qətiyyətlə mübarizə
aparmalı olduqlarını
diqqətə çatdırmışdır.
İnstitusional davamlılıq
yaratmaq və sədrliyi təhvil alacaq ölkələrə
uğurlu miras qoymaq məqsədilə Azərbaycan 2019-2023-cü illər
ərzində Qoşulmama
Hərəkatına sədrliyi
dövründə üzv
dövlətlərlə münasibətlərin
genişlənməsinə, dünyada sülhün və təhlükəsizliyin
möhkəmlənməsinə və dayanıqlı inkişafa mühüm töhfələr vermişdir.
Sədrliyi dövründə
"Bandunq prinsipləri"nə
sadiq qalaraq terrorla mübarizəyə,
münaqişələrin həlli
ilə bağlı beynəlxalq əməkdaşlığın
daha da genişləndirilməsinə,
beynəlxalq hüquq və öhdəliklərin
yerinə yetirilməsinə,
qaçqınlar probleminin,
yoxsulluğun azaldılmasına,
ətraf mühitin qorunmasına, üzv ölkələr arasında
iqtisadi-ticari əlaqələrin
şaxələnməsinə səy göstərən Azərbaycan Hərəkata
sədrliyini uğurla
davam etdirir.
Mehparə ƏLİYEVA
Respublika.- 2023.- 13 iyul.- S. 1; 4.