Açılan
yolların mübarək,
əyilməz Ağdam!
2024-cü ilin sonunda
bu diyara ilkin mərhələdə
10 min sakin köçürüləcək
"Aləm cənnət
olsa da, yaddan çıxmaz Qarabağ!". Çünki
vətən torpağıdır,
çünki bu məmləkətin tacıdır,
Qarabağ. 2021-ci ildə
Ramazan bayramı ərəfəsində Şuşada
yeni möhtəşəm
məscidin təməli
qoyulmuş, ermənilərin
işğalı altında
olduğu dövrdə
suyu qurumuş "Xan qızı Natəvan" bulağı
bərpa edilmişdi.
Şuşada olarkən
Prezident demişdi:
"...biz Şuşamızı,
Ağdamımızı, Cəbrayılımızı,
Füzulimizi, Zəngilanımızı,
Qubadlımızı, Laçınımızı,
Kəlbəcərimizi qəlbimizdə
yaşatmışıq. Dağıdılmış
məscidləri biz bərpa edəcəyik".
Bəli, 30 illik
işğal dövründə
unudulmayan, yaddan çıxmayan yurd yerlərimiz Vətən müharibəsi başa çatdıqdan dərhal
sonra yenidən qurulur, bərpa edilir. Məlumdur ki, o ərazilər tamamilə dağıdılıb.
Erməni vandalları
azərbaycanlıların inşa
etdiyi evlərin və məktəblərin
tikinti materiallarını,
dam örtüklərini
və pəncərələrini
də oğurlayıb
aparıblar. 2021-ci il mayın 20-də Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin "Cənubi
Qafqaz: Regional inkişaf
və əməkdaşlıq
perspektivləri" adlı
videoformatda müzakirələri
zamanı dövlət
başçısı çıxış
edərkən deyib:
"Təsəvvür edin
ki, sovet dövründə Azərbaycanın
ən inkişaf etmiş şəhərlərindən
biri olan, yalnız şəhər əhalisi 40 min nəfərdən ibarət
Ağdam tamamilə dağıdılıb...".
Bu gözəl
məkanın dağıdılmasını
isə bütün dünya görüb. Bölgəyə səfər
edən xarici nümayəndələr isə
təəccüblərini də
gizlədə bilməyiblər:
"Ağdamda yaşananlar
çox üzücüdür".
Bunu ABŞ-ın
"Xəzər Siyasət
Mərkəzi"nin nümayəndə
heyətinin tərkibində
Ağdama səfəri
zamanı ABŞ-ın
Azərbaycandakı keçmiş
səfiri Robert Sekuta deyib. Bunun təcavüz
olduğunu deyən xarici nümayəndə, həmçinin bildirib:
"Bir məsələ
yaxşıdır ki,
artıq bu ərazilər işğaldan
azad olunub. Azərbaycanın bu ərazilərdə suverenliyi
bərpa edilib. Bu ərazilərin bərpası, yaşayışın
təmin olunması uzun zaman çəkəcək.
Biz çox maraqlıyıq ki, Azərbaycanla Ermənistan
arasında sülh bərpası olsun. Bu, çox əhəmiyyətlidir".
ABŞ və Böyük
Britaniyanın Azərbaycandakı
səfirləri də
Ağdam şəhərindəki
vəziyyətlə tanış
olmaq üçün
bölgəyə səfər
ediblər. Onlar Ağdamda yerləşən
Pənahəli Xan Sarayı və türbələri, Dram Teatrı, Çörək
muzeyi və Cümə məscidinin dağıntıları ilə
də tanış olublar. Şəhərə
səfər edən xarici jurnalistlər və ekspertlər Ağdam şəhərinin
dağıntılarını Xirosima şəhərinin
dağıntıları ilə
müqayisə edərək
onu "Qafqazın Xirosiması" adlandırıblar.
Ermənistan və
Azərbaycan arasında
1988-ci ildə başlayan
münaqişə nəticəsində
Qarabağ və ona bitişik 7 rayon ermənilərin nəzarətinə keçdi.
ATƏT-in keçmiş
Minsk qrupunun həmsədr dövlətləri
münaqişə dövründə
tərəflər arasında
vasitəçilik missiyalarını
yerinə yetirə bilmədilər. Bu münaqişəni Azərbaycan
özü həll etdi, torpaqlarımız işğaldan azad olundu. 2020-ci il 10 noyabr Bəyanatına əsasən, ermənilər
Ağdam, Kəlbəcər
və Laçın rayonlarını bir güllə atılmadan geri qaytardılar.
2020-ci il noyabrın
20-də Ağdam azadlığına
qovuşdu. Həmin gün Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin saat 7:56-da verdiyi məlumatda Azərbaycan Ordusunun bölmələrinin Ağdam
rayonuna daxil olduğu bildirildi. Saat 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdiyini canlı yayımda bəyan etdi. Özü də qürurla, axı hər dəfə Qarabağa səfərində
bu torpaqlara mütləq qayıdacağımızı
o qədər qətiyyətlə
vəd edirdi ki, onun inamı
hər kəsdə doğma yurda qayıdışa ümidləri
daha da artırırdı.
Özünün 50 illik
yubileyini Ağcabədidə
salınan qaçqınlar
şəhərciyində qeyd
edən dövlət başçısı sakinlərə
açar təqdimetmə
mərasimində də
belə bir inamla, qətiyyətlə
söyləmişdi: "Biz
o yerlərə qayıdacağıq...".
Həmin gün noyabrın 20-si idi. O gün gəlib yetişmişdi. Ağdama
səfərində azad
olunmuş bu diyarın qurtuluşu ilə nə qədər qürur duyurdusa, şəhərin,
kəndlərin Xirosimaya
döndərilməsindən doğan kədərini də gizlədə bilmirdi. Amma azad olunmuş ərazilərdə infrastrukturun
əvvəlkindən daha
yaxşı, müasir
üslubda yaradılacağını
bir daha dilə gətirdi. Ağdam məscidinin qarşısındakı çıxışında
da Ağdamın tezliklə gülüstana
çevriləcəyini vəd
etdi.
2021-ci ildə işğaldan
azad edilmiş ərazilərdə - Qarabağda
və Şərqi Zəngəzurda şəhər
və kəndlərin
bərpası, yenidən
qurulması istiqamətində
genişmiqyaslı işlərə
başlanıldı.
Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik
tarixində möhtəşəm
yer tutur. Azərbaycan xalqı son bir əsrdə
hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən
insanların el-obasına
qayıdışı təmin
olunmalıdır. Böyük
Qayıdış vətəndaşlarımızın
işğaldan azad edilmiş ərazilərdə
dayanıqlı məskunlaşmasında
və bu ərazilərin ölkənin
iqtisadi fəaliyyətinə
qoşulmasında bir körpü olacaq. Öz evlərinə qayıdan insanların təhlükəsiz yaşayışı
təmin edilməli, bu region ölkənin
ən abad guşələrindən birinə
çevrilməlidir. Belə
də olur. Digər rayonlarımız
kimi, Ağdam da yenidən qurulur. Böyük Qayıdışa hazırlaşır.
Azərbaycanın Ağdam
şəhəri üzrə
xüsusi nümayəndəsi
Emin Hüseynov ötən ilin oktyabrında mətbuata açıqlamasında bildirib
ki, ilkin mərhələdə, yenidən
qurulan Ağdama
2024-cü ilin sonunda
10 min keçmiş məcburi köçkün
qayıdacaq. Açılan
yolların mübarək,
əyilməz Ağdam!
Zümrüd QURBANQIZI
Respublika.- 2023.- 13 iyul.-
S.7.