ABŞ enerji sahəsində ölkəmizi
daim dəstəkləyir
Azərbaycan hazırkı
siyasəti nəticəsində
böyük uğurlara
nail olub. İkinci Qarabağ müharibəsindən sonra
ölkəmizdə inkişaf
prosesi sürətlənib,
illərdir həsrət
qaldığımız torpaqlara
qovuşmuşuq. Prezident
İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün doğma yurdumuz yüksək inkişaf dövrünü
yaşayır. Bir çox sahədə atılan uğurlu addımlar ölkəmizin
regionda lider qismində çıxış
etməsində böyük
rol oynayır. Mövcud vəziyyətə
nəzər salsaq görərik ki, hazırda bir çox qonşu və uzaq ölkələr
Azərbaycanla iqtisadi-siyasi,
həmçinin mədəni
əlaqə qurmaq üçün can atırlar.
Ölkəmizin sahib
olduğu təbii sərvətlər onu daha çox maraq dairəsinə çevirir. Şübhəsiz
ki, qurulan əlaqələrdə ixrac
edilən malın təbiiliyi, yüksək keyfiyyətə malik olması onu bir o qədər əlçatmaz və dəyərli edir. Bu mənada hazırda əməkdaşlıq
etdiyimiz ölkələr
imzalanan müqavilələrin
müddətini uzadır
və ya ixrac həcmini artırır.
Regionun əsas
neft ölkələrindən
biri kimi, Azərbaycan ön planda çıxış
edir. Bu mənada Avropanın alternativ mənbələrə
çıxışda və
enerji təhlükəsizliyinin
təmin edilməsində
ölkəmizi qiymətləndirməsi,
alternativ enerji təminatçısı kimi
onu seçməsi də təbiidir. Azərbaycan sabit və etibarlı imici ilə diqqət çəkir. Ölkəmiz enerji təhlükəsizliyi məsələsində
Avropanın ən etibarlı tərəfdaşlarındandır.
Azərbaycan Respublikası
Qərbin enerji tələbatının ödənilməsinə
önəmli töhfə
verir.
Ölkəmiz ötən
ilin iyulunda Avropa İttifaqı
(Aİ) ilə "Enerji
sahəsində Strateji
Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu imzalayıb.
Memoranduma əsasən,
2027-ci ilə qədər
illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması
gözlənilir. Avropa
Komissiyasının Prezidenti
Ursula Fon der Lyayen çıxışı
zamanı qeyd edib ki, Avropa
üçün Rusiya
etibarlı enerji tərəfdaşı deyil.
Buna görə də, Aİ Azərbaycan timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz
tutduğunu bildirib. Ümumilikdə nəzər
salsaq, Azərbaycan bir çox Avropa ölkələrinin
qaz istehlakının
80 faizini, digərlərinin
isə 15-20 faizini təmin edir. Bu addımlar ABŞ prezidenti tərəfindən
də dəstəklənir.
O, Azərbaycan Prezidentinə
ünvanladığı son
məktubunda qeyd edib ki, Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə
kömək etməkdə
həlledici rol oynayır.
Qeyd edək ki, ABŞ uzun illərdir ki, Azərbaycanın enerji strategiyalarını, gördüyü
işləri təqdir
edir və dəstəkləyir. Ötən
ilin yarısına qədər ABŞ Prezidenti
Cozef Baydenin ölkəmizə üçdən
çox məktub göndərməsi bunun əyani nümunəsidir.
İlk məktub Müstəqillik günü,
ikincisi isə Bakı Enerji Forumunun önəmi barədə olub. Təbrik məktubunda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası
arasında qurulmuş
30 illik diplomatik münasibətlərə toxunan
Bayden "Bakıda Beynəlxalq Xəzər Neft və Qaz
Sərgisinə evsahibliyi
etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş
Ştatları Azərbaycanın
sadiq tərəfdaşı
olmaqda davam edir", - deyib. ABŞ ötən dövrlərdə
olduğu kimi, bu gün də
Azərbaycanın sadiq
tərəfdaşıdır. Həmçinin Bayden ölkəmizin regional və qlobal bazarların sabitləşdirməsi
baxımından trans-Xəzər
əməkdaşlığının nəhəng potensialının
reallaşdırılmasında mühüm əhəmiyyətə
malik olduğunu vurğulayıb. Bununla yanaşı, o, bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə
və Ukrayna üçün mühüm
olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin
sabitləşdirilməsinə kömək etməkdə
həlledici rol oynayır. ABŞ ölkəmizin
enerji siyasətini dəstəkləyir. Bayden
bunu göndərdiyi bütün məktublarda təsdiqləyib.
Şübhəsiz ki,
ölkəmizin hazırda
enerji sahəsində böyük təcrübəsi
olan şirkətlərlə
birlikdə bərpaolunan
yeni enerji güclərinin yaradılmasına
hədəflənən iri
layihələrin icrası
onun bazardakı önəmini daha da artırır. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı
kimi, Azərbaycanın
mövqeyini daha da gücləndirir. Bu mənada cari ilin fevralında
Avropa İnvestisiya Bankının (EIB) prezidenti
Verner Hoyer Münxendə Azərbaycan
Prezidenti İlham Əliyevlə görüşündə
ölkəmizin "Yaşıl
enerji" konsepsiyasını
yaxından dəstəklədiyini
diqqətə çatdırıb:
"Prezident İlham Əliyev tərəfindən
qeyd olunan strateji xətt Avropa İnvestisiya Bankının, həmçinin
Avropa İttifaqının
"EU Global Gateway" strategiyasında nəzərdə tutulmuş
hədəflər ilə
tam uyğunluq təşkil edir. Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə
etməsi nəticəsində
Azərbaycanın uzunmüddətli
inkişafına xidmət
göstərən layihələr
icra olunub. EIB-in prezidenti, həmçinin Azərbaycanın
Avropa İttifaqının
enerji təhlükəsizliyinin
təmin olunmasında
oynadığı rola
görə təşəkkürünü
ifadə edib".
ABŞ-ın Azərbaycandakı
səfiri Li Litzenberger
2020-ci ilin Regional Enerji
Təhlükəsizliyinə dair simpoziumda ölkəmizlə bağlı
öz səmimi sözlərini mediaya bildirib: "Azərbaycanın
Avropa və qlobal enerji təhlükəsizliyinə
və sabitliyinə verdiyi töhfə tərəfimizdən yüksək
qiymətləndirilən müsbət
öhdəliyin nümunəsidir.
ABŞ-ın Azərbaycana
zəngin enerji ehtiyatlarının dünya
bazarlarına çatdırılmasında
və Avropada enerji təchizatının
diversifikasiyasında göstərdiyi
səyə verdiyi dəstək bizim dövlətlərimizin iqtisadi
və enerji əməkdaşlığının zəminini təşkil edir.
Birləşmiş Ştatlar
anlayır ki, Azərbaycan hazırda Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə əsasən
neft ixrac edən dövlətdən
daha çox təbii qaz ixrac edən dövlətə keçid
dövrünü yaşayır.
Azərbaycan həm də qeyri-neft iqtisadiyyatının diversifikasiyaya
yönələn fəaliyyətləri
həyata keçirməkdədir".
Azərbaycan sabit
və etibarlı imici ilə diqqət çəkir. Bu mənada Avropanın alternativ mənbələrə çıxışda
və enerji təhlükəsizliyinin təmin
edilməsində ölkəmizi
qiymətləndirməsi, alternativ
enerji təminatçısı
kimi onu seçməsi də təbiidir.
Töhfə SƏMƏDOVA
Respublika.- 2023.- 13 iyul.-
S.8.