Dövlət
bayrağımızın Xankəndidə
dalğalanması çox
da uzaqda deyil
2020-ci ildə Azərbaycanın
Ermənistan üzərində
qazandığı qətiyyətli
qələbədən sonra
Qarabağdakı separatçı
rejimin də fəaliyyəti ciddi şəkildə laxlamağa
başladı. Azərbaycan
Ordusunun keçirdiyi uğurlu əməliyyatlardan
sonra getdikcə dalana dirənən terrorçu birləşmələr
artıq son nəfəslərini vermək
üzrədir. Xüsusilə
Laçın sərhəd-buraxılış
məntəqəsinin qurulması
reinteqrasiya istiqamətində
görülmüş ən
ciddi tədbirdir və qarşı tərəfə başqa heç bir şans buraxmır. Artıq Qarabağın erməni sakinləri də əvvəlki dövrün bitdiyini, onları himayə edənlərin yalnız öz mənfəətlərini
güddüklərini də
başa düşürlər.
Ermənistan rəhbərliyi
yaxşı anlayır
ki, Cənubi Qafqazda yaranan yeni reallıqda Qarabağın müstəqil
ərazi vahidi kimi tanınması qeyri-mümkündür. Elə
bu səbəbdən son danışıqlar prosesində Nikol Paşinyan Azərbaycanın
86,6 min kvadratkilometr ərazisini tanıdığını
bəyan etmişdi. Bundan sonra İrəvan
rəhbərliyi digər
bir "taktika" işlədərək iki
ölkə arasındakı
Qarabağ məsələsini
insan hüquqları müstəvisinə daşımağa
cəhd göstərir.
Yəni onlar "xalqların öz müqəddəratını" təyinetmə prinsipini önə çəkərək
bir növ Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının
qorunmamasından "narahat"
olduqlarını bəyan
edirlər. Bununla da Ermənistan Azərbaycanın Qarabağ
bölgəsində yaşayan
erməni sakinlərlə
bağlı məsələni
beynəlxalq müstəviyə
çıxarmağa cəhd
göstərirlər. Laçın
sərhəd-buraxılış məntəqəsinin təsis
edilməsi Azərbaycanın
suveren hüququ olsa da, bunu
qeyri-qanuni hesab edirlər və Azərbaycan ərazisində
yaşayan ermənilərin
guya blokadada olduqlarını bildirirlər.
Lakin videogörüntülər
vasitəsilə Laçın-Xankəndi
yolunda belə bir halın baş verməməsi dəfələrlə sübut
olunub. Yalnız müəyyən müddətdə
gediş-gəlişə məhdudiyyətlər
qoyulub ki, bunun da tək
səbəbi Ermənistan
tərəfindən atılan
təxribatçı addımlar
olub. Ermənistanın
belə oyunlara yol verməsinin də səbəbləri aydındır. Onlar vaxtaşırı olaraq həmin ərazidə qəsdən pozuculuq fəaliyyətinə əl
atırlar ki, beynəlxalq ictimaiyyətin
nəzərləri Laçın
dövlət postuna yönəlsin. Ancaq dövlətimiz prinsipial və qəti mövqe ortaya qoyaraq sərhədləri
daxilində separatizmin
nəfəsini kəsməyi
əsas hədəf olaraq müəyyənləşdirib
və bu məsələdə az da olsa güzəştə
getmək niyyətində
deyil. Dövlət başçısı da dəfələrlə bildirib
ki, Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına
imkan verilməyəcək.
Regionda baş verən son hadisələrdən sonra
Qarabağda yerləşən
separatçı qurumun
da daxilində vəziyyət gərginləşməkdə
davam edir. Araik Arutyunyanın həm erməni əhalisi, həm də Paşinyanla münasibətlərində soyuqluq
var. O, Qarabağda gərginliyin artması səbəbindən bəzi
"məmurların" Ermənistana
köçməsi və
mülklərini icarəyə
verməsinə sərt
münasibət bildirib:
"Belə insanlara qarşı çox sərt münasibətin tərəfdarıyam. Anons
verirlər, qışqırırlar,
qaçırlar, hamı
getmək istəyir. İlk növbədə kim getmək istəyirsə, cəhənnəmə
getsin. Amma sakitcə getsinlər".
Bu aqressiv çıxışlar əslində
Qarabağdakı separatçı
rejimin çıxılmaz
vəziyyətə düşməsindən,
yolun sonunun heç də uzaqda olmamasından xəbər verir. Artıq yerli əhali də anlayır ki, Araik və digərlərinin
tək məqsədi onları girova çevirməkdir.
Bir zamanlar
Ermənistanın ən
böyük dəstəkçilərindən
olan ABŞ dövləti
də Qarabağ məsələsinin Azərbaycan
hüdudları daxilində
həll olunmasının
tərəfdarı olduğunu
bildirir. Prezident İlham Əliyevin separatçı qurum haqqında söylədiyi
bu fikirlər: "Laçın diyarından
onlara bir daha deyirəm ki, sizin kitabınız
bağlandı. "Miatsum"
kitabı bağlandı,
separatizmin kitabı bağlandı. Müstəqillik
xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım
olan yerə. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı
olmaq, öz dırnaqarası saxta dövlət atributlarını
zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir,
guya orada prezident var, guya nazir var,
bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk.
Halbuki, hər kəs yaxşı bilir ki, bu
gün o bölgədə
istənilən əməliyyatı
keçirmək üçün
hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır,
özünü "prezident"
adlandıran ünsür
təslim olmalıdır,
bütün "nazirlər",
"deputatlar" və
digərləri öz
vəzifələrini artıq
kənara qoymalıdırlar.
Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər". ABŞ Dövlət
Departamentinin nümayəndəsi
tərəfindən dəstəklənməsi,
ölkə başçısı
İlham Əliyevin müəyyən şərtlər
əsasında Qarabağdakı
bəzi ermənilərə
amnistiya verilməsi ilə bağlı fikirlərini alqışlaması
da onların həqiqətən də kitabının bağlandığını
göstərir. Hətta
ABŞ-ın Ermənistandakı
səfiri Kristina Kuinn Ermənistan mətbuatına açıqlama
verərək qeyd edib ki, ABŞ Azərbaycanın Qarabağ
bölgəsində yaşayan
etnik ermənilərin
təhlükəsizliyinə inanır və ümid edir. Səfir həmçinin bildirib: "Hesab edirik ki, bütün
iştirakçılar məqsədə
nail olmaq üçün əməkdaşlıq
etməlidirlər. ABŞ bu
yanaşmanı dəstəkləyir
və bütün tərəfləri Qarabağ
sakinlərinin hüquqlarının
və təhlükəsizliyinin
qorunmasını təmin
etməyə çağırır.
Tərəflər bu mövzuda danışıblar
və indi bunun üçün düzgün həll yolunu tapmaq vacibdir",
- deyə diplomat qeyd edib. Bu
cür çıxışdan
sonra ABŞ diplomatına
qarşı erməni
cəmiyyətindən sərt
tənqidlər gəlib.
Onun Qarabağı Azərbaycan ərazisi kimi bildirməsi ermənilərə xoş
olmayıb.
Ermənistanın digər
yaxın dostu və müttəfiqi olan Rusiya da
qarşılıqlı olaraq
ərazi bütövlüyünün
tanınmasını dəstəkləyib.
Sonuncu Moskva görüşündə Rusiya
Prezidenti Vladimir Putin hər iki ölkənin bir-birilərinin suveren ərazilərini tanımasının
əsas baza olduğunu bildirmişdi. Həmçinin Avropa İttifaqı rəhbəri
Şarl Mişel də bunun vacib
amil olduğunu vurğulayıb. Beləliklə,
demək olar ki, baş verən
son antiterror
"Qisas-2" əməliyyatı, ondan öncə ordu bölmələrimizin
yüksək peşəkarlıqla
Xankəndi istiqamətində
bəzi yollara və bir sıra
yüksəkliklərə nəzarəti
ələ keçirməsi
və beynəlxalq hüququn Azərbaycanı
dəstəkləməsi Dövlət
bayrağımızın Xankəndidə
dalğalanması prosesini
daha da yaxınlaşdıracaq.
Musa BAĞIRLI
Respublika.-
2023.- 13 iyul.- S.9.