"Bala Göyçə" sahilinə
sədəfli sazla dönəcəyik
Ermənistan dənizdən-dənizə
"böyük Ermənistan"
yaratmaq iddialarından
əl çəkmir.
Onun Azərbaycana qarşı düşmənçilik
mövqeyi davam edir. Erməni şovinistləri tarixən
olduğu kimi, XX əsrin əvvəllərindən
başlayaraq Rusiyanın
müəyyən dairələrinin
əlində Türkiyəyə,
Azərbaycana və digər türk xalqlarına qarşı terrorçuluq aləti olmuşdur. Beynəlxalq hüquq və qanunları pozmaq, terrorçuluq Ermənistanda
rəsmi dövlət
səviyyəsinə qaldırılmışdır.
Çar I Nikolay
Eçmiədzin patriarxını
Türkiyə və
İran ermənilərinin himayəçisinə
çevirməyə, onun
vasitəsi ilə bütün erməniləri
öz hakimiyyəti altına almağa çalışırdı. Bu
məqsədlə də
1836-cı ildə Rusiya
senatı Eçmiədzin
katolikosluğunun bütün
dünya ermənilərinin
ümumi katalikosluğu
kimi tanınması haqqında qanun qəbul etdi.
İnqilabçı partiya kimi ermənilərin
ilk təşkilatı
"Armenakan" partiyası
olmuşdur. 1885-ci ildə
yaradılmış və
"Armeniya" qəzetinin
adı ilə adlandırılmış bu
cəmiyyət inqilab yolu ilə ermənilərin
özünüidarəsinə nail olmağı qarşısına məqsəd
qoymuşdu. Partiyanın
əsasını Van mənşəli
erməni Portağalyan
qoymuşdu.
Ermənilərin "Hnçak" partiyası
1887-ci ildə Cenevrədə
Avedis Nazarbekyan və millətçi erməni tələbə
mühacirləri tərəfindən
yaradılmışdır.
Erməni vandallarının
ən qanlı təşkilatlarından olan
"Daşnaksütyun" partiyası isə
1890-cı ildə Qafqazda
təşkil edilmişdir.
Qeyd etmək lazımdır ki, Rusiyanın bilavasitə köməkliyi ilə ermənilər Türkiyəyə,
həmçinin Qərbi
azərbaycanlılara qarşı
həmişə düşmənçilik
mövqeyində dayanmışlar.
Ermənilər rusların
təhriki ilə yalnız türklərə
deyil, Zaqafqaziyada yaşayan türk əhalisinə qarşı
da amansız vəhşiliklər törətmişlər.
1918-ci ildə Andranikin
başkəsən quldur
dəstəsi Naxçıvanı
tutdu və oradan Zəngəzura yürüş etdi. Zəngəzurdan sonra ermənilər Qərbi Azərbaycanın Dərələyəz,
Sürməli və İrəvan qəzalarında
qanlı cinayətlər
törətdilər. 1918-ci ilin Novruz bayramı günlərində Stepan Şaumyanın göstərişi
ilə erməni daşnakları Qərbi Azərbaycanın müxtəlif
ərazilərində soydaşlarımıza
qarşı vəhşiliklər
törədirdilər.
Polkovnik Silikyanın
başçılıq etdiyi
quldur dəstəsi Sevan gölü boyunca Göyçə mahalına doğru irəlilədi. Erməni daşnakları Şişqaya
kəndinə daxil olarkən burada kənd əhalisinin sərt müqaviməti ilə üzləşdilər.
Ermənilər hiyləyə
əl atıb kəndin yaşlı insanları ilə görüşdülər. Barışıq
adı ilə kənd sakinlərini mal tövləsinə topladılar. Bir an içərisində vəziyyət dəyişdi.
Ermənilər tövləni
qıfıllayıb hər
tərəfə od vurdular. İnsanların ah-naləsi ərşə
ucalırdı. Tək-tək
adamlar canını bu xəyanətdən qurtara bildi. Silikyanın dəstəsi
Basarkeçər rayonunun
Kiçik Məzrə,
Kərkibaş, Subatan
kəndlərində də
dinc əhaliyə amansız divan tutdular. Sonra isə Kəlbəcərlə
qonşu olan Zod kəndinə doğru irəlilədilər.
Zod Göyçənin
ən böyük kəndlərindən biri idi. Bu oba
qoynunda igid oğullar yetişdirmişdi.
Silikyanın dəstəsinin
qarşısına kəndin
girəcəyində Səməd
Ağa və digər qolu qüvvəli, pəhləvan
cüssəli oğullar
çıxdılar. Başda
Silikyan olmaqla erməni quldur dəstəsi tamamilə məhv edildi.
Bu xəbər
bütün Ermənistanı
silkələdi, Stepan
Şaumyanı şoka
saldı. Bu hadisədən sonra ermənilərə əlavə
qüvvələr gəldi.
1918-ci ilin sərt qış günlərində
göyçəlilər Gədəbəy
və Kəlbəcər
istiqamətində doğma
yurdlarını tərk
etməli oldular, çoxları qara, çovğuna düşdü.
Ümumiyyətlə, 1918-1920-ci illərdə Qərbi Azərbaycanın bütün
ərazilərində ermənilər
soydaşlarımıza qarşı
analoqu olmayan terror hadisələri törətdilər. Deportasiya
hadisələri insanları
faciələrlə üzləşdirdi.
1948-1953-cü illərdə Qərbi Azərbaycandakı
soydaşlarımız daha
böyük təzyiqlərə
məruz qaldılar.
1943-cü ildə üç
dövlətin (SSRİ, ABŞ və İngiltərə)
Tehran konfransında Sovet-İran münasibətləri
müzakirə edilərkən
erməni diasporu fürsətdən istifadə
edərək SSRİ xarici
işlər naziri V.Molotova müraciətində
xahiş etmişdir ki, İranda yaşayan ermənilərin
SSRİ-yə köçürülməsinə
icazə versin. V.İ.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra onların köçürülməsinə
razılıq vermişdir.
O.Hartyanov bu fürsətdən istifadə
edərək xarici ermənilərin Ermənistana
köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan
zorla köçürülməsi
barədə qərar
verilməsinə nail olur.
1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150
min soydaşımız
"könüllülük" adı altında ata-baba yurdlarından Azərbaycanın Aran rayonlarına köçürülür.
1988-ci ildə erməni
şovinistləri daha
da azğınlaşdılar.
Onlar M.Qorbaçovu ələ alıb Ermənistandakı 300 minə
yaxın azərbaycanlının
doğma yurdlarından
köçürülməsinə nail oldular. Bu
ədalətsizliyə qarşı
Basarkeçər rayonunun
Nərimanlı, Şişqaya
kəndlərində, Çəmbərək
rayonunun Şorca, Çölkənd kəndlərində
on minlərlə əhali etiraz mitinqi keçirdi.
Artıq 35 ildir
ki, Qərbi azərbaycanlılar öz
tarixi torpaqlarından ayrı düşmüşlər.
24 dekabr 2022-ci ildə
bir qrup Qərbi Azərbaycan ziyalılarının Prezident
İlham Əliyevlə
görüşü keçirildi.
Tədbirdə əminliklə
vurğulandı ki, bu gün bizim
əsas hədəfimiz
Qərbi Azərbaycana
Qayıdışın reallaşmasıdır.
Hazırda bu istiqamətdə lazımi
işlər aparılır.
Bütün göyçəlilər
kimi, Vətən üçün darıxıram.
Artıq yolun astanasındayıq, sazlı-sözlü
"Bala Göyçə"
və digər qədim yurd yerlərinə dönəcəyimiz
anı səbirsizliklə
gözləyirəm...
Telman ƏMİROV,
tibb elmləri
namizədi, dosent.
Respublika.- 2023.- 13 iyul.-
S.10.