Ermənistan
Cənubi Qafqaza təhdiddir
Ermənistanın sülh
müqaviləsini imzalamaqdan
boyun qaçırması
Cənubi Qafqazda yeni təhdidlərə və risklərə səbəb olur. Qərbin bir sıra böyük dövlətləri yaranmış
fürsətdən istifadə
edərək regionda fəallaşmağa çalışırlar.
Belə ki, anti-Azərbaycan dairələri,
xüsusən də Fransa Cənubi Qafqaza nüfuz etmək üçün müxtəlif addımlar atır. Bütün bunlara rəğmən, Azərbaycan qətiyyətlə
regionda sabitliyə töhfə verir və yeni münaqişə
ocaqlarının yaradılmasının
qarşısını alır.
Ermənistandan fərqli
olaraq qonşu dövlətlərlə hərtərəfli
əlaqələrə önəm
verən Azərbaycanın
Cənubi Qafqazın geosiyasi mənzərəsinə
təsiri olduqca böyükdür. Prezident
İlham Əliyevin konstruktiv və ədalətli addımları
regionda sülhün bərqərar olacağına
inamı artırır,
bu xüsusda Cənubi Qafqazda müşahidə edilən
geosiyasi proseslərin stabilləşdirilməsi gözlənilir.
Təbii ki, Ermənistan təxribatlara
əl atmasa...
Azərbaycanın 44 günlük müharibədən
sonra regiondakı geosiyasi mənzərəni
dəyişməsi və
prinsipial olaraq təhlükəsizlik, sabitlik
və əməkdaşlıq
müstəvisinə çıxarmağa
yönəlmiş diplomatik
addımlarını daha
da artırması revanşist Ermənistan tərəfindən qısqanclıqla
qarşılanır. Məhz
bu çərçivədə
yeni havadar axtarışındaykən Fransanın
ətəyindən yapışan
haylar Qərb ilə Rusiya arasındakı ziddiyyəti
Cənubi Qafqaza daşıyır. Digər
tərəfdən, Ermənistanı
açıq şəkildə
dəstəkləyən bir
sıra böyük dövlətlərin regionda
fəallaşmağa çalışması
bu ölkənin oyuncaq dövlətə çevrildiyini əyani şəkildə sübut
edir. Məsələyə
başqa aspektdən baxsaq, deyə bilərik ki, Ermənistanın ənənəvi
olaraq təhlükə
və risk mənbəyi olaraq qalması, onun Yaxın Şərq və Əfqanıstan istiqamətindən nüfuz
edə biləcək radikal qruplar üçün açıq
məkana çevrilməsi
ehtimalını doğurur.
Terror xislətli Ermənistanda bu kimi halların baş verməsi labüddür.
Qlobal güclərin
maraqlarının toqquşduğu
Cənubi Qafqaz regionu siyasi və hərbi çəkişmələrin mərkəzi
olmamalıdır. Tarixdən
günümüzədək davam edən bu məsələ müəyyən dönəmlərdə,
xüsusən də Sovet İttifaqının mövcud olduğu və regiona nəzarəti bilavasitə
öz əlində saxladığı vaxtlar azalsa da, bu
bölgə daim diqqət mərkəzindədir.
Qlobal məkanda balansın pozulduğu bir dövrdə yaşanan hadisələrin
Cənubi Qafqaza təsiri erməni təxribatları ilə daha da artır.
Destabil vəziyyət
artıq Qafqazın hər yerinə şaxələnir. Xüsusən
də Ermənistanın
heç bir məntiqə sığmayan
xarici və daxili siyasi gedişi
regionu hərbi poliqona çevirə bilər. Ermənistan normallaşma prosesini müxtəlif bəhanələrlə
ləngidərək beynəlxalq
səylərlə aparılan
danışıqlarda qeyri-səlist
addımlar atmaqla regionu təhlükə altında qoyur. Regional tərəfdaşlığa birmənalı
olaraq yox deyən hayların siyasi prinsipi sadəcə təxribatlar
törətməyə əsaslanır.
Daha dəqiq desək, regional olaraq anti-Azərbaycan siyasətinin icraçılarının,
xüsusən də İranla birgə Qarabağa qeyri-qanuni olaraq silah-sursat daşıyan, 30 ilə yaxın işğal dövründə ərazilərimizdə
təbii sərvətlərimizin
istismarı ilə beynəlxalq hüquqazidd aktlar həyata keçirən Ermənistanın
Cənubi Qafqazı münaqişə ocağına
çevirmə istəyi
təəccüb doğurmur.
Bununla yanaşı, üçtərəfli Bəyanatın
müddəalarına əməl
etməyərək, silahlı
birləşmələrini Azərbaycan ərazisindən
hələ də çıxarmayan, Ermənistanda
istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi,
prosesə üçüncü
tərəfləri cəlb
etmək üçün
dəridən-qabıqdan çıxması
bir daha göstərir ki, Ermənistan regional rifaha önəm vermir.
Törədilən təxribatların
ardı-arası kəsilmir.
Sözügedən qüvvələrin
diktəsi ilə görünür, Ermənistan
təxribatlara davam edəcək. Beynəlxalq
hüququn işləməməsi,
anti-Azərbaycan qüvvələrinin
havadarlığı, Rusiya
sülhməramlılarının hayların yenidən silahlanmasına göz yumması, hətta bu çirkin əməldə onlara yardım etməsi deyilənlərin təsdiqidir.
Növbəti təxribat
nəticəsində iyulun
11-i saat 23:25-də Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdirildiyi
Azərbaycan ərazisindəki
qeyri-qanuni erməni silahlı dəstələri
tərəfindən Ordumuzun
Şuşa rayonu istiqamətində yerləşən
mövqeləri atıcı
silahlardan atəşə
tutulmuşdur. İyulun
12-si saat 05:45-də isə
Ermənistan silahlı
qüvvələri Gorus
rayonunun Dığ yaşayış məntəqəsi
istiqamətində yerləşən
mövqelərindən Azərbaycan
Ordusunun Laçın
rayonunun Zabux yaşayış məntəqəsi
istiqamətində yerləşən
mövqelərini də
atıcı silahlardan
atəşə tutub.
Beynəlxalq hüququn
işləməmə prinsipi
növbəti dəfə
özünü göstərdi.
Belə ki, Dövlət Sərhəd
Xidmətinin yaydığı
məlumatda deyilir ki, Ermənistan Respublikası ilə dövlət sərhədində
Laçın sərhəd-nəzarət-buraxılış
məntəqəsi fəaliyyətə
başladığı tarixdən
Beynəlxalq Qırmızı
Xaç Komitəsinə
(BQXK) məxsus nəqliyyat
vasitələrinin dövlət
sərhədindən hərəkətinə
lazımi şərait
yaradılıb, müvafiq
qaydada sərhəd və gömrük nəzarətindən keçməklə
dövlət sərhədindən
buraxılıb. Ötən
müddət ərzində
isə DSX-nın əməkdaşları tərəfindən
BQXK-ya aid nəqliyyat vasitələrində
dəfələrlə qanunsuz
yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri
aşkarlanıb. Humanitar
missiya icraçısı
hesab edilən Beynəlxalq Qırmızı
Xaç Komitəsi vasitəsi ilə qaçaqmalçılıq hallarına
rast gəlinməsi beynəlxalq səviyyəli
təşkilatın fəaliyyət
prinsiplərini sorğulamağı
tələb edir. Təəssüflər olsun
ki, əvvəllər
buradan və alternativ yollardan separatçıların yerləşdiyi
ərazilərə silah-sursat
daşınırdı. Lakin
Laçın sərhəd-nəzarət-buraxılış
məntəqəsi qurulandan
sonra artıq bütün avtomobillər
yoxlanılır. Bu yol yalnız humanitar məqsədlər
üçün istifadə
edilməlidir.
Azərbaycanın sülh
çağırışlarına məhəl qoymayan Ermənistanın ölkəmizə
qarşı təcavüzü
beynəlxalq hüququn
fundamental norma və prinsiplərinin, habelə iki ölkə arasında əldə edilmiş razılıqların kobud
şəkildə pozulmasıdır.
Normallaşma və sülh prosesini ləngidən işğalçı
ölkə digər tərəfdən, azad edilmiş ərazilərdə
genişmiqyaslı bərpa
və quruculuq işlərinə də mane olur.
Nurlan ABDALOV
Respublika.- 2023.- 13 iyul.- S.11.