Güclü
şəxsiyyət, qüdrətli
lider
Böyük və
güclü şəxsiyyətlər
cəmiyyətdə, o cümlədən
geosiyasi arenada baş verən hadisələrə çox
ciddi təsir göstərirlər. Onların
dünyagörüşü, uzaqgörənliyi, analitik
düşüncə tərzindən
irəli gələn həyat təcrübəsi
və siyasi iradəsi ölkənin inkişaf strategiyasını
müəyyənləşdirməklə
gələcək üçün
düzgün yol seçimini formalaşdırır.
Ümummilli lider Heydər Əliyev xalqımızın dahi şəxsiyyətlərindən biri olaraq milyonların
qəlbində yaşayır.
Həyatının mənasını
xalqa və dövlətə xidmətdə
görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə,
problemlərə mərdliklə
sinə gərən millət fədaisi kimi daim böyük
ehtiramla, rəğbətlə
xatırlanır. Heydər
Əliyev həyatını
istisnasız olaraq Azərbaycana həsr etmişdi. Onun böyüklüyünü illər
keçdikcə daha dərindən dərk edirik.
1969-cu ildə Heydər
Əliyevin Azərbaycana
rəhbərliyə irəli
çəkilməsi onu
deməyə əsas verir ki, bu
böyük dövlət
xadiminin hakimiyyətə
gəlişi mühüm
tarixi zərurətdən
doğmuşdur.
Heydər Əliyev
14 il Azərbaycan KP
MK-nın birinci katibi oldu. Bu
vəzifədə onun
yüksək təşkilatçılıq
bacarığı, islahatçı
dövlət xadimi kimi istedadı özünün parlaq təcəssümünü tapdı.
1982-ci ildə Siyasi
Büroya üzv seçilərək SSRİ-ni
idarə edən vəzifəli şəxslərdən
biri olarkən bu dahi siyasətçinin
potensialı daha geniş miqyasda üzə çıxdı.
Heydər Əliyevin
SSRİ rəhbərliyinə irəli çəkilməsi
Azərbaycanı dünyaya
tanıtdırmaq üçün
əlavə imkanlar demək idi və ulu öndər
vətənini, xalqını
dərindən sevən
insan kimi yaranmış imkanlardan maksimum istifadə etməyi bacarırdı. Azərbaycanlı Heydər
Əliyevin ittifaq rəhbərliyində yüksək
vəzifə tutması
mühüm siyasi hadisə və xalqımız üçün
böyük iftixar və qürur mənbəyi idi.
Sovet dövlətinin
görkəmli rəhbərlərindən
biri kimi Heydər Əliyev ona tapşırılmış
məsul işlərin
öhdəsindən bacarıqla
gəlir, işinin həddən ziyadə çox olmasına baxmayaraq, o, doğma Azərbaycanın problemləri
ilə yaxından maraqlanırdı.
Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi
həyatın otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasi xadim, dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə
malik olan tarixi şəxsiyyətin
- Heydər Əliyevin
adı, əməli fəaliyyəti gerçəkləşdirdiyi
konkret işlərlə
bağlıdır. Bu
mürəkkəb proseslər
isə onun əməli fəaliyyəti
ilə yanaşı, həm də fəlsəfi məfkurəsində
öz əksini tapmışdır. Heydər
Əliyev zəmanəmizin
böyük filosofu və mütəfəkkiri
idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq
fəlsəfəsi Azərbaycanın
müasir dünyada xüsusi yerini müəyyən etmiş,
milli dövlətçiliyimizin
bünövrəsini qoyaraq,
dünya azərbaycanlılarının
həmrəyliyi üçün
möhkəm zəmin
yaratmışdır.
Heydər Əliyevin
siyasi, iqtisadi, ictimai və mədəni həyatın
bütün sahələrində
həyata keçirdiyi
islahatlar artıq Azərbaycanın gerçəkliyinə
çevrilmişdir. Onun
fəaliyyəti də,
şəxsiyyəti də
Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının
taleyində Heydər Əliyev dühasının
zərrəsi vardır.
Ulu öndər
Heydər Əliyev taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Müstəqil
Azərbaycan dövlətinin
qurucusu kimi milli dövlətçiliyimizin
ideya əsasını
məhz Heydər Əliyev yaratmışdır.
Çox illər keçəcək və gələcək nəsillər
də şanlı dövlətçilik tariximizi
vərəqləyərkən 40 ilə yaxın Azərbaycana rəhbərlik
etmiş təcrübəli
dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi
üçün nə
qədər böyük
işlər gördüyünü
təsdiqləyəcəklər.
Heydər Əliyevin
respublika rəhbərliyinə
gəlişi qısa zamanda Azərbaycanın tərəqqi və inkişafında yeni səhifə açdı.
Zəngin təbii sərvətlərinə, iqtisadi
və insan potensialına baxmayaraq, digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan o illərdə sürətlə
inkişaf etməyə
başladı. Şəhərlər,
rayonlar, hətta kəndlər böyük
tikinti meydanına çevrildi. Yeni istehsal və sənaye müəssisələri
yaradıldı. İnsanların
sosial təminatı, mədəni-intellektual səviyyəsi
yüksəldi. Ümummilli
liderin təşəbbüskarlığı
ilə keçmiş
SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri
məhz Azərbaycanda
inşa olundu. Bununla da respublikamızın
gələcək müstəqilliyinin
iqtisadi əsasları
təmin edildi.
XX əsrin sonlarına
yaxın Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli varlıq və idrakın, özünüdərkin ali
təzahür forması
olan müstəqil dövlət ideyasını
gerçəkləşdirmişdir. Ulu öndərimizin mənalı və şərəfli ömür
yolunun hər parlaq səhifəsi xalqımızın yaxın
tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil
edir. Azərbaycanın
son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada
fenomenal şəxsiyyətin
nəhəng işləri
öz əksini tapmasın. Dünya tarixşünaslıq elmi
Heydər Əliyev şəxsiyyətini öyrəndikcə,
əslində müstəqil
Azərbaycan dövlətinin
tarixi keçmişini,
bugününü və
gələcəyini, həyata
keçirilən dövlət
quruculuğu prosesini, beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir.
Ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyi
dövründə möhkəm
təməllərə əsaslanmaqla
fundamental dövlətçilik
ənənələri formalaşdırmış,
milli müstəqillik,
azadlıq məfhumlarını
illüziya və şüarçılıq səviyyəsindən
həqiqi milli ideyalara çevirməyi bacarmışdır. O, Vətənə,
xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə
bağlı olmuşdur.
Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş,
Azərbaycanın ən
çətin məqamlarında
onu üzləşdiyi
faciələrdən, çətinliklərdən
xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş,
tarixi hadisələrin
inkişaf məcrasını
qabaqcadan müəyyən
edə bilmişdir.
Ulu öndər
Azərbaycanı inkişaf
etmiş dövlətlərin,
millətini firavan həyat sürən xalqların cərgəsində
görmək istəyirdi.
Ömrünün son dəqiqəsinədək xalqının
gələcək taleyi
haqqında düşünürdü.
Azərbaycanda çox
böyük sürətlə
məktəblər, xəstəxanalar
və digər obyektlər tikilir, insanları narahat edən əsas məsələlər öz
həllini tapırdı.
Ölkəmizdə bütün
sahələrdə böyük
quruculuq işləri gedir və bu
işlər Azərbaycanın
xoşbəxt gələcəyinə
xidmət edirdi.
Ümummilli lider
Heydər Əliyev zəngin bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövrü üçün iqtisadi inkişaf prioritetlərini
müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktik əsasda göstərmişdir. Ümummilli
lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin
hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onun həyata keçirilməsinə
çalışmışdır.
Azərbaycanın yeni
neft strategiyasının
hazırlanaraq həyata
keçirilməsi Heydər
Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı
ən böyük xidmətlərindən biridir.
Azərbaycana son 20 ildə böyük uğurlar gətirən neft strategiyası ölkənin malik olduğu təbii sərvətlərdən xalqın
rifahı naminə daha uğurlu şəkildə istifadə
etməyə əsaslanır.
Bu strategiya iqtisadi maraqlarla yanaşı, həm də milli təhlükəsizlik
maraqlarının təmin
olunmasına yönəlmişdir.
Ulu öndərin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə
dövlətin iqtisadi
maraqlarının realizə
olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin
qorunub saxlanmasına yönəlmiş siyasi xəttin yürüdülməsinə
xidmət edir.
2003-cü ilin oktyabrında
xalqa ünvanladığı
tarixi müraciətdə
ulu öndər bildirirdi
ki, səhhətində
yaranmış problemlər
başladığı, nəticələrini
aydın gördüyü
işləri tamamlamağa
imkan vermir. Eyni zamanda böyük
inamla bildirirdi ki, axıra çatdıra bilmədiyi
işləri, taleyüklü
planları xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıracaq.
Həyat növbəti
dəfə Heydər Əliyevin uzaqgörənliyini
təsdiqlədi.
Ölkəmizin rəhbərinin
bu gün dünya miqyasında qazandığı
böyük nüfuz,
nəhəng dövlətlərin
basçıları ilə
bərabərhüquqlu tərəfdaş
kimi danışıqlar
aparması, xalqımızın
həqiqətlərini uca
səslə bəyan etməsi bir daha sübuta yetirir ki, Heydər
Əliyev yolunun alternativi yoxdur və bu yol
xalqımızı yeni-yeni
uğurlara, zəfərlərə
aparır.
Bu gün biz ulu öndərin
özündən sonrakı
varisə bəslədiyi
böyük ümidlərin
doğrulduğunun şahidləriyik.
Etibarlı əllərdə
olan Azərbaycan dinamik sosial-iqtisadi inkişafı, əmin-amanlıq
diyarı olması, mədəniyyət mərkəzinə
çevrilməsi, mötəbər
beynəlxalq tədbirlərə
evsahibliyi etməsi ilə dünyaya günəş kimi doğur. Prezident İlham Əliyev xalqımızın ümummilli
lideri Heydər Əliyevin siyasi kursunu böyük bacarıqla, müdrik uzaqgörənliklə davam
etdirir.
Ulu öndər
Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən
Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi,
ən əsası isə xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi
müstəqil Azərbaycan
dövlətinin gələcək
inkişafına təminat
verən yeganə amildir. Ölkə başçısının rəhbərliyi
ilə Azərbaycan dövləti bundan sonra da böyük
inkişaf yolu keçəcək, ulu öndər Heydər Əliyevin bütün arzularını gerçəyə
çevirəcəkdir.
Vəli ALBƏNDOV,
"Qarabağ-E.R." MMC-nin direktoru, Əməkdar mühəndis,
YAP üzvü.
Respublika.- 2023.- 14 iyul.-
S. 5.