Ədəbiyyatımız
xalqımızın milli
sərvətidir
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Heydər Əliyevin məruzə, çıxış,
görüş və
müsahibələrindən ibarət "Müdriklik mücəssəməsi" adlı
toplusunu çap etdirib. Nəşrin elmi məsləhətçisi
və ön söz müəllifi akademik İsa Həbibbəyli, ilk nəşrin tərtibçisi
professor Vilayət Quliyev, təkmilləşdirilmiş
ikinci nəşrinin tərtibçisi, professor
Asif Rüstəmlidir.
Professor Vilayət Quliyev Heydər Əliyevin 1969-1999-cu illəri
əhatə edən çıxış və
nitqlərini ilk dəfə toplayaraq "Ədəbiyyatın yüksək
borcu və amalı" adı ilə çap etdirib.
Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci
il tarixli Sərəncamına əsasən
hazırlanan "Ədəbiyyatın
yüksək borcu və amalı" kitabı təkmilləşdirilərək
yenidən "Müdriklik
mücəssəməsi" adı altında nəşrə hazırlanıb.
"Müdriklik mücəssəməsi"
adlı kitab geniş oxucu və tədqiqatçı
auditoriyası olan ədəbi-tarixi irsdir.
"Uzaqgörən dahi
şəxsiyyətin dövlət
siyasətinin üzvi tərkib hissəsi olan ədəbiyyat təlimi yaşayır, dövlət müstəqilliyimizin,
milli mədəniyyətimizin,
elmimizin və ədəbiyyatımızın inkişafına işıq
salır".
Ulu öndər
1969-1982-1993-2003-cü illərdə humanitar sahədə qurultaylar, konfranslar keçirib, mötəbər
məclislərdə, görüşlərdə
parlaq nitqlər söyləyib, məruzələr,
çıxışlar edib,
müsahibələr verib.
Kitabda bunlar 4 bölmədə əks etdirilib.
"Heydər Əliyevin
dövlətçilik təliminin
ədəbiyyat dərsləri"
adlı "Ön söz"də Heydər
Əliyevin timsalında
ədəbiyyat və
sənətin tarixi roluna önəm verilib. Müəllif bu baxımdan, Heydər Əliyevin yaradıcı, qurucu missiyasında ədəbiyyat
amilinin mənəvi-estetik
rolunu önə çəkib: "Görkəmli
dövlət xadimi Heydər Əliyev üçün ədəbiyyat
həm xalqın ideya mənəvi təkamülü, həm
də milli oyanış və həmrəyliyinin əsas
hərəkətverici qüvvəsi
kimi mühüm əhəmiyyət kəsb
etmişdir. O, ədəbiyyatın
təsir gücünə
dərin inam bəsləyib, cəmiyyət
həyatının ən
müxtəlif məqamlarında
ədəbiyyata müraciət
etməyin əvəzedilməz
imkanlarını bacarıqla
sınaqdan çıxarıb".
Heydər Əliyev
ədəbiyyatın, incəsənətin
həyata və insana münasibətinin ideya-məfkurəvi roluna böyük əhəmiyyət
verib: "Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda,
təhsilimdə, əxlaqımda,
mənəviyyatımda ədəbiyyatın,
mədəniyyətin çox
böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının
bütün əsərlərini
sevə-sevə oxumuşam,
onları bu gün də unutmamışam... Yəni
onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi
qida almışam, ədəbiyyatla, mədəniyyətlə
daim bağlı olmuşam".
Görkəmli dövlət
xadimi xalqımızın
milli-mənəvi özünüdərkində
ədəbiyyatdan faydalanıb,
Azərbaycan dilinin dövlət səviyyəsinə
qaldırılması, milli
dövlət müstəqilliyinin
təminatında ədəbiyyatın
tükənməz potensialına istinad edib.
Ulu öndər
Heydər Əliyev bədii sözün insan ağlına, insan zəkasına göstərdiyi təsir gücünə böyük
inam bəsləyib. Bu ruhla, amalla
ədəbiyyatımızın qəhrəmanlıq tarixini
mənimsəyib, onu xalqın ədəbi-ictimai
varlığının diqqət
mərkəzinə çəkib,
yazıçı və
şairlərimizi milli
ideallar cəbhəsində
səfərbər edib,
onların mənəvi
qüdrətinin üzə
çıxarılmasına səy göstərib. Ön sözdə qeyd edilir: "Ölkə rəhbəri kimi, Heydər Əliyevin Azərbaycan yazıçılarının qurultaylarında, görkəmli
yazıçı və
şairlərin yubileylərində,
ədəbiyyat və
incəsənət günlərindəki
çıxışları ədəbiyyatın böyük
amalları və təsiredici imkanları vasitəsilə xalqımızı
inkişaf etdirmək,
daha işıqlı sabahlara doğru səfərbər etmək
dərsləridir. Ədəbiyyat
siyasəti Heydər Əliyevin apardığı
dövlət siyasətinin
sadəcə tərkib
hissəsi olmayıb, həmin uzaqgörən müdrik siyasətin aparıcı xəttini təşkil edib".
Heydər Əliyev
müstəqillik illərində
də ədəbiyyatımızı
ictimai mühitin ön cəbhəsinə çıxarmaq üçün
inamla çalışıb,
milli-azadlıq və mədəniyyətin inkişaf
dinamikasına dövlət
əhəmiyyətli vəzifə
kimi baxıb.
Ədəbiyyat amili
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin də dövlətçilik siyasətində
mühüm yer tutub. Ön söz müəllifi xatırladıb ki, İlham Əliyevin sərəncamları əsasında
Azərbaycanda ilk dəfə "Nizami Gəncəvi İli",
"İmadəddin Nəsimi
İli", "Molla
Pənah Vaqif İli" keçirilib, ədəbiyyat işinin üfüqləri daha da genişləndirilib.
Məruzələr, çıxışlar bölməsində
52 məruzə və
çıxışın mətni verilib. Mətnlər xronoloji ardıcıllıqla düzülüb.
"Tarixi köklərimiz
bir dilə, bir mənəviyyata, bir dinə bağlı
olduğuna görə
çox dərindir"
(1996) adlı yazı
- Türk dünyası
Yazıçılarının III qurultayı haqqındadır.
Heydər Əliyev deyib: "Əmin olduğumu bildirmək istəyirəm ki, türk dünyasının
yazıçıları və
bizim ölkəmiz, xalqlarımız bu işi davam etdirəcəklər, türkdilli
xalqların, ölkələrin
yazıçıları gündən-günə
bir-birinə yaxınlaşacaq,
bir-birinə kömək
edəcək, xalqlarımızın
ədəbiyyatını, mədəniyyətini,
keçmişini, bu gününü daha da geniş təhlil
edib yeni-yeni dəyərli əsərlər
yaradacaqlar".
Kitabın ikinci
bölməsi "Görüşlər,
xatirələr" adlandırılıb.
Bu bölmədə
17 görüş-xatirənin mətni verilib."Ziyalılarla görüşlər
həmişə böyük
bir bayram təsəvvürü yaradır"
(21 sentyabr 1993) yazıda
- görkəmli dövlət
başçısının Azərbaycan MEA-da ziyalılarla görüşünün
məzmunu əks etdirilib. Görüş zamanı ziyalıları narahat edən məsələ Azərbaycan
Respublikasının müdafiə
vəziyyəti, xalqın
ağır tarixi şəraitdə ərazi
bütövlüyünü bərpa etmək məramı ilə bağlı olub.
"Təbrik məktubları"
adlı üçüncü
bölmədə Məmməd
Arazın (1993)- 60, İlyas
Əfəndiyevin (1994) - 80, Hüseyn İbrahimovun
(1994) - 75, İ.Şıxlının
(1994) - 75, Nəbi Xəzrinin
(1995) - 70, Yusif Səmədoğlunun
(1995) - 60, Mirvarid Dilbazinin
(1997) - 85, Hüseyn Abbaszadənin
(1997) - 75, Anarın (1998) - 60, Məhəmmədhüseyn Şəhriyarın
90 illiyi (1998), habelə,
22 İyul - Milli Mətbuat Günü
(1994), Novruz bayramı
(2003), Azərbaycan Jurnalistlərinin
I qurultayı (2003), II Avrasiya
Media Forumunun keçirilməsi
(2003) münasibətilə təbrik məktublarının
mətni verilib.
"Müsahibələr" adlı dördüncü
bölmədə "Literaturnaya
qazeta"nın müxbirinə
verdiyi "Bərabərlər
İttifaqında" (1972) və "Qoy ədalət zəfər çalsın" (1981) adlı
müsahibələr yer
alıb.
Ümummilli lider
Heydər Əliyevin
"Müdriklik mücəssəməsi"
adlı qiymətli kitabı humanitar-ictimai elmlərin oxucu və mütəxəssisləri
üçün zəngin
müntəxabat, tarixi-ideoloji
sənəd, Heydər
Əliyevşünaslıq üçün qiymətli
mənbə, elm, ədəbiyyat, təhsil və mədəniyyət
işçiləri, habelə,
mətbuat nümayəndələrinə
dəyərli töhfədir.
Əlizadə
ƏSGƏRLİ,
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutu direktorunun
müşaviri, filologiya
elmləri doktoru.
Respublika.- 2023.- 14 iyul.-
S. 9.