Dirçələn
Şuşada Vaqif Poeziya Günləri
2022 -ci ilin
14-15 iyul tarixlərində
Şuşada Heydər
Əliyev Fondu, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
və Azərbaycan Yazıçılar Birliyinin
təşkilatçılığı ilə Vaqif Poeziya Günləri keçirilib. Bununla da 40 illik tarixi
olan Vaqif Poeziya Günləri Şuşa işğaldan
azad edildikdən sonra ikinci dəfə
Azərbaycanın mədəniyyət
paytaxtında yenidən
təşkil olunub.
Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan
Yazıçılar Birliyi
üzvlərinin, gənc
yazıçılar, şairlər
və qazilərin iştirak etdiyi Poeziya Günləri iyulun 14-də "Qarabağ"
mehmanxanasının qarşısında
kitab sərgisi ilə başlayıb. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin
rəsmi açılışında
iştirak ediblər. Dövlətimizin başçısı
açılış mərasimində
çıxış edib:
"Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə
atam durmuşdu, mən isə o tərəfdə durmuşdum.
Şaxtalı-qarlı havada
Vaqifin məqbərəsinin
açılışı idi. Ondan sonra
1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim.
O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin
açılışını biz qeyd edirik.
Vaqif Poeziya Günləri keçirilərkən
atamın 59 yaşı
var idi. Bu gün mənim
59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür.
Ancaq mən hesab edirəm ki, burada böyük
rəmzi məna var, tarix təkrarlanır.
Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq". Dövlət
başçımızın çıxışında qeyd
etdiyi kimi, Vaqif Poeziya Günlərinin
keçirilməsinə başlanması
və bu tədbirin ənənəvi
xarakter alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə
Şuşada olarkən
Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə
məzar tapılmış
və Heydər Əliyev dağılmış
məzarı ziyarət
etmişdir. Ulu Öndər nitqlərinin birində gördüyü
bu məzarın Vaqifə layiq olmadığını səsləndirmişdir.
Sonralar Heydər Əliyevin göstərişi
ilə Vaqifin məzarı üzərində
1980-1981-ci illərdə abidə
və türbə tikildi. Kompleks Şuşa şəhərinin
Cıdır düzünə
yaxın ərazidə
inşa edilmişdi.
1982-ci il yanvarın
14-də Şuşada qarlı,
şaxtalı havada bu məqbərənin açılışı olmuşdur.
Bu, sıradan bir hadisə deyildi. Çünki o vaxt Şuşa "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin bir hissəsi idi və ermənilər
Şuşanı erməni
şəhəri kimi qələmə verməyə
çalışırdılar. O da xüsusi qeyd olunmalıdır ki, Molla Pənah
Vaqif təkcə şair yox, eyni zamanda Qarabağ
xanının vəziri
idi. Sovet ideologiyasına əsasən
xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində
bu məqbərə ucaldılmış və
Şuşanın Azərbaycan
şəhəri olduğu
öz təsdiqini tapmışdır. Məhz
bu səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin
keçirilməsi ilə
bağlı göstəriş
vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada
Vaqif Poeziya Günləri keçirilmişdi.
Həmin tarixdən etibarən silsilə tədbirlər 1991-ci ilədək
hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz
Cıdır düzündə
yekunlaşardı.
1992-ci ildə erməni
qəsbkarları Şuşadakı
milli-mənəvi, dini
və tarixi-memarlıq
abidələrimizi, həmçinin
Molla Pənah Vaqifin məqbərəsini
də dağıtdılar.
Şuşa çal-çağırlı
günlərinə qayıtmaq
üçün uzun illər hərbi-siyasi əsarət altında gözləməli oldu. Amma 30 ilə yaxın müddət ərzində Ermənistanın
işğalı altında
qalsa da, öz milli kimliyini,
azərbaycanlı ruhunu
itirmədi. Ermənilərin
Şuşanın mədəni-siyasi
aurasını dəyişdirmək,
onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə vermədi. Şuşa öz əzəmətini,
möhtəşəmliyini, tarixi simasını saxlaya bildi. İşğaldan azad edildikdən sonra qısa müddətdə
Şuşanın Baş
Planı hazırlandı,
qüdrətli şair
Molla Pənah Vaqifin büstü və muzey-məqbərə
kompleksi ilkin görkəminə qaytarıldı,
Bülbülün ev-muzeyinin
və Üzeyir Hacıbəyovun heykəlinin
açılışları oldu. Eləcə də ərazi bütövlüyümüz, milli
qürurumuz, milli ləyaqətimiz və mənəviyyatımız kimi
"Xarıbülbül" festivalı da yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı
yenə doğmalarını,
qonaqlarını qarşıladı.
12 may 2021-ci il tarixində doğma Şuşada illər əvvəl olduğu kimi "Qarabağ" şikəstəsi eşidildi.
Bununla da illər sonra "Xarıbülbül" festivalına
start verildi. 2021-ci il 29 avqust tarixində
isə Vaqif Poeziya Günləri bərpa edildi.
Tarixi adət-ənənələrimizin
bərpası onu göstərir ki, Qarabağ öz mədəni inkişafının
yeni dövrünə
qədəm qoyub, mədəniyyət mərkəzimiz
Şuşa öz bədii-mədəni ruhuna
qayıdıb. Dövlət
başçımızın Vaqif Poeziya Günlərinin
açılışında qeyd etdiyi kimi,
bəlkə də bunlar bizə işğal dövründə
xəyal kimi görünürdü, amma
indi bu, reallıqdır: "İşğal
dövründə bir
çoxlarımız - həm
keçmiş məcburi
köçkünlər, həm
bütün Azərbaycan
xalqı, o cümlədən
də mən dəfələrlə fikirləşirdik
ki, dünyada ədalət yoxdur. Çünki ədalət
olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən
də o cümlədən
belə fikirdə idim. Ancaq həyat
göstərdi ki, ədalət var, sadəcə dözümlü
olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə
inanmaq lazımdır və ədalətə nail olmaq üçün
çalışmaq lazımdır,
hədəfə doğru
getmək lazımdır.
Ədaləti bərpa
etmək üçün
fədakarlıq göstərmək
lazımdır. Bu gün biz hamımız
ürəyimizdə deyirik
və açıq deyirik ki, bəli,
ədalət var, ədalət bərpa edildi, biz bu
gün Şuşadayıq".
Bundan sonra da Şuşada əbədi yaşayacağıq.
Söz və musiqi paytaxtımız dirçəldilərək gələcək
nəsillərə çatdırılacaq.
Jalə QASIMZADƏ
Respublika.- 2023.- 14 iyul.-
S. 9.