Uğurlu beynəlxalq
platforma - Qoşulmama Hərəkatı
Azərbaycan daha
bir mötəbər beynəlxalq tədbirə
- Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
"Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli" mövzusunda
nazirlər görüşünə
evsahibliyi etdi. Dövlətimizin Qoşulmama
Hərəkatına sədrliyi
və belə əhəmiyyətli tədbirlərə
evsahibliyi etməsi ölkəmizin multilateralizmə
və qlobal həmrəyliyə verdiyi
önəmin göstəricisidir.
Əminliklə qeyd edə bilərik ki, Bakı artıq
dünyanın diplomatik
paytaxtlarından birinə
çevrilmişdir.
Ölkə başçımızın
vacib məsələlərə
münasibət bildirməsi
ilə yaddaqalan tədbir beynəlxalq problemlərə adekvat yanaşma sərgilədi.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının nazirlər
görüşündə çıxışı zamanı
bir sıra vacib məqamlara toxundu. Mötəbər beynəlxalq tribunadan dünyada sülhün və təhlükəsizliyin
pozulmasına gətirib
çıxaran səbəbləri
açıq şəkildə
dilə gətirən
İlham Əliyev ayrı-seçkiliyi islamofobiya,
yeni imperializm və neokolonizm kimi üç qrupda təsnifatlandırdı.
Xüsusi vurğulamaq
lazımdır ki, Prezident İlham Əliyevin Fransanı Afrika, Cənub-Şərqi
Asiya və digər ərazilərdə
Qoşulmama Hərəkatının
üzvü olan ölkələrə qarşı
müstəmləkə keçmişinə,
qanlı cinayətlərinə,
eləcə də soyqırımı aktlarına
görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması
dünyanın diqqət
mərkəzinə düşdü.
"Hazırda beynəlxalq
təşkilatlar, xüsusilə
BMT bəşəriyyətin gözləntilərinə cavab
vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır.
BMT Təhlükəsizlik Şurası
keçmişin qalığıdır
və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik
Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin
tərəfdarıyıq. Şadam
ki, bu gün
bu ideya ilə bağlı dünyada artan konsensus vardır", - deyən ölkə başçısı bildirdi
ki, BMT Təhlükəsizlik
Şurasında Qoşulmama
Hərəkatına bir
daimi yer verilməlidir. Qoşulmama
Hərəkatına, İslam
Əməkdaşlıq Təşkilatına
və Afrika İttifaqına sədrlik
edən ölkələr
BMT Təhlükəsizlik Şurasında
veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.
Hərəkatın qlobal
çağırışlara çevik və əsaslı reaksiya verməsi olduqca vacib məqamdır ki, bu xüsusda
ölkəmizin sədrliyi
ilə QH öz fəallığını daha
da artırmışdır.
Bildirək ki,
1961-ci ildə yaradılan
təşkilatın hazırda
120 üzvü, 17 müşahidəçi
dövlət və 10
beynəlxalq müşahidəçi
təşkilat üzvü
var.
Bu gün ölkəmiz dünyada
COVID-19-a qarşı fəal
mübarizə aparan dövlət kimi qəbul edilir. Azərbaycanın bu sahədə yüksək
təcrübəsi, verdiyi
dəyərli töhfələr,
sonrakı addımların
atılması ilə
bağlı qərarları
ölkəmizin beynəlxalq
arenada artan nüfuzundan xəbər verir. Pandemiya dövründə bir çox zəngin ölkələr lazım
olduğundan daha çox peyvənd alırdılar, buna görə də digər ölkələr
peyvənd əldə
edə bilmirdilər. Azərbaycan Respublikası
COVID-19 virusunun geniş
yayıldığı və
minlərlə can aldığı bir dövrdə 30-dan çox
ölkəyə humanitar
yardım göstərmiş,
5 ölkəyə isə
150 min doza peyvənd ianə etmişdir.
2019-cu ildə ölkəmiz
Qoşulmama Hərəkatı
üzvlərinin yekdil
qərarı ilə
BMT-dən sonra ikinci ən böyük təsisat olan QH-yə sədrliyə başladı.
Danılmaz faktdır ki, həmin dövrdə Qoşulmama Hərəkatı indiki qədər nüfuz sahibi deyildi. Məhz Azərbaycanın,
ölkə başçımızın
liderliyi ilə həyata keçirilən
tədbirlər QH-nin nüfuz dairəsini genişləndirdi. Təsadüfi
deyil ki, Azərbaycanın sədrlik
müddəti Hərəkat
üzvlərinin yekdil
qərarı ilə daha bir il
uzadıldı. Qeyd edək ki, Azərbaycan
26 may 2011-ci il tarixdə İndoneziyanın
Bali adasında Qoşulmama Hərəkatına
üzv dövlətlərin
dəstəyi ilə Hərəkata tamhüquqlu
üzv qəbul edilmişdi. 2012-ci ilin may ayında isə Qoşulmama Hərəkatının növbəti
iclasında Yekun Sənədə Qarabağ
münaqişəsi ilə
bağlı bənd də daxil edilmiş
və QH üzv dövlətləri tərəfindən
Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin
ərazi bütövlüyünə
hörmət və beynəlxalq aləmdə tanınmış sərhədlərinin
toxunulmazlığı prinsipləri
əsasında həll
edilməsinə dəstək
ifadə edilmişdir.
44 günlük İkinci
Qarabağ müharibəsi
zamanı, 2020-ci ildə
BMT Təhlükəsizlik Şurasında
Azərbaycana qarşı
irəli sürülmüş
bəyanatın qarşısı
7 QH ölkəsi tərəfindən
inamla alınmış,
Qoşulmama Hərəkatı
Azərbaycanın haqq
işini dəstəkləmişdir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qoşulmama Hərəkatına uğurla
sədrlik edir. Azərbaycan Prezidentinin qlobal təhdidlərə qarşı lazımi manevrləri etmə qabiliyyəti və bu xüsusda ardıcıl şəkildə
irəli sürdüyü
təklif və təşəbbüslər, verdiyi
humanist qərarlar Hərəkat üzvləri
ilə yanaşı, digər dövlətlər
tərəfindən də
dəstəklənir. Yeniliklərə
misal olaraq Hərəkata üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin
yaradılmasını qeyd
etmək olar. Prezident İlham Əliyevin bütün üzv dövlətlər
tərəfindən dəstəklənən
bu təşəbbüsü
yüksək qiymətləndirilir.
200-ə qədər nümayəndənin
iştirak etdiyi təsis iclası - beynəlxalq təşkilatların
istisnasız olaraq təqdir etdiyi Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin
ilk konfransı parlament diplomatiyası üçün yeni bir addım idi. Bununla yanaşı,
2022-ci il iyulun 25-də
Bakıda Qoşulmama Hərəkatına üzv
ölkələrdən olan
Gənclər Sammitinin
öz işinə başlaması görülən
işlərə daha uğurlu bir misaldır.
Şübhə yoxdur
ki, BMT-dən sonrakı ən böyük platforma kimi QH-nin fəaliyyət
istiqamətləri Azərbaycanın
vasitəçiliyi ilə
daha da genişlənəcək,
Qoşulmama Hərəkatının
müasir çağırışlara
adekvat yanaşma sərgiləyən qurum kimi nüfuzu daha da artacaq.
Nəzrin ELDARQIZI
Respublika.- 2023.- 15 iyul.-
S.1; 5.