Dövlət büdcəsindəki artım
iqtisadi uğurlarımızın
təzahürüdür
Hər bir ölkənin sosial-iqtisadi
inkişafı onun dövlət büdcəsində
öz əksini tapır. Dövlətimizin
büdcə vəsaitlərinin
xərclənməsi istiqamətində
prioritetlərin müəyyənləşdirilməsi
və hesabatlılığın,
şəffaflığın təmin olunması daim diqqət mərkəzindədir. Bunun
nəticəsidir ki, inkişaf yoluna uğurla qədəm qoyan Azərbaycanın davamlı şəkildə
artan imkanları hesabına dövlət büdcəsi ilbəil genişlənir, nəzərdə
tutulan istiqamətlərə
daha böyük həcmlərdə vəsaitlər
ayrılır.
2022-ci ilin dövlət
büdcəsinə nəzər
yetirsək, əvvəlki
illərin büdcəsindən
xeyli fərqlənir. Bunun bir sıra
səbəbləri mövcuddur.
Birincisi, Prezident İlham Əliyevin tapşırığı ilə
işğaldan azad edilən ərazilərdə
bərpa və yenidənqurma işləri
aparılır. İkincisi
isə 2022-ci ildə ölkənin sosial-iqtisadi
inkişaf strategiyasının
maliyyə qaynağının
məhz dövlət büdcəsi olması ilə xarakterizə edilə bilər. Ümumilikdə isə
2022-ci ilin dövlət
büdcəsi öz prioritetləri baxımından
yeni xarakterli sənəd hesab olunur.
Belə ki, ölkəmizdə ilk dəfədir ki, qarşıdakı dövr
üçün təsdiqlənən
strateji sənədin maliyyə tutumluluğu aydın şəkildə
müəyyən edilib.
Həmçinin ötən
ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərin siyahısı
əvvəlki illərlə
müqayisədə də
nisbətən artırılıb.
Bununla yanaşı, mövcud qanunvericilik, qabaqcıl təcrübə, həmçinin qarşıdakı dövr üçün bəyan edilən hədəflər nəzərə alınmaqla, bir sıra dəyişikliklər də tətbiq edilib. Büdcə-vergi siyasətinin icrasının nəticələrinin konkret tədbirlər və kəmiyyət hədəfləri, vergi güzəştlərinin səmərəliliyinin müqayisəli qiymətləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə yönəldilən vəsaitlər və uzlaşma barədə məlumatların büdcə sənədləşməsinə daxil edilməsi də həmin dəyişikliklərin sırasındadır. Qeyd etdiklərimiz həm fiskal siyasətin icrasının nəticəliliyinin ölçülməsinə, həm də beynəlxalq qiymətləndirilmələrdə mövqeyimizə müsbət təsir göstərir. Məsələn, bu il üçün neftin qiymətinin yüksək olması nəticəsində xərclənmiş dövlət büdcəsinin gəlirləri əvvəlki ilə nisbətən 13,2 faiz artaraq 15,3 milyard manata çatıb. Ötən il isə qeyri-neft iqtisadiyyatının və bu sahədən əldə edilən gəlirlərin əhəmiyyətli artımı fonunda cari xərclərin sözügedən sektor hesabına təminolunma göstəricisi üzrə müsbət meyillər qeydə alınıb ki, bu da xərclərin il ərzində 2,5 milyard manat azalması hesabına ərsəyə gəlib. Bu sahədə aparılan təhlillər isə 2022-ci ildə cari xərclərin qeyri-neft gəlirləri ilə təminolunma səviyyəsinin əvvəlki illə müqayisədə 9 faiz artdığını göstərir. Yəni qeyri-neft gəlirləri 15,4 milyard manat olmaqla cari xərclərin 86,5 faizini təşkil edib. 2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar isə 130,7 milyon manat olub. Yuxarıda qeyd etdiklərimiz bir daha dünyada baş verən neqativ proseslərin fonunda 2023-cü ilin birinci yarısının iqtisadi və sosial baxımdan Azərbaycanın xeyrinə olduğunu təsdiqləməyə əsas verir. Qeyri-neft sektorunda 3, qeyri-neft sənayesində isə 6,5 faiz artımın qeydə alınması iqtisadi sahənin tərəqqisindən xəbər verir. Xüsusi vurğulamaq lazımdır ki, sadaladığımız proseslərin hər biri "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq həyata keçirilir.
Prezident İlham
Əliyev iyulun 11-də
baş tutan bu ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə
ölkəmizdə sosial-iqtisadi
durumla bağlı son rəqəmləri ictimaiyyətin diqqətinə
çatdırdı. Ölkə
başçımızın nitqindən bir daha bəlli oldu ki, ötən
dövrdə aparılan
iqtisadi islahatlar və maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsi nəticəsində
büdcəyə daxilolmalar
proqnoz edildiyindən 3
milyard manatdan çox artıb. Bu artım, həmçinin Azərbaycanın
büdcə xərclərini
artırmasına zəmin
yaradır. Xatırladaq
ki, 2022-ci ilin sonlarında təsdiq olunmuş dövlət büdcəsinin xərclərinin
33 milyard manatdan 36 milyard manata qədər yüksəlməsi
məhz vergi-maliyyə
sektorunda aparılan islahatlar nəticəsində
reallaşıb. Digər
mühüm fakt isə dövlət büdcəmizin Ermənistan
və Gürcüstanın
bugünkü dövlət
büdcələrinin cəmindən
41,7 faiz çox olmasıdır. Dövlət
büdcəsində dəyişikliklərin
edilməsi, eləcə
də onun artımı üçün
atılan əhəmiyyətli
addımlar öz növbəsində Qarabağ
və Şərqi Zəngəzurda bərpa işlərinin intensivləşdirilməsinə,
respublikamızın hərbi
qüdrətinin möhkəmləndirilməsinə
də müsbət təsir edəcək.
Nəzrin ELDARQIZI
Respublika.- 2023.- 15 iyul.-
S.1; 7.