Qarabağ
və Şərqi Zəngəzurun bərpası
prioritetdir
Vətən müharibəsindəki
parlaq zəfərindən
sonra yeni tarixi mərhələyə
qədəm qoyan Azərbaycanın əsas prioriteti işğaldan azad olunmuş ərazilərin bərpasıdır.
Bütün azad olunmuş ərazilərimiz
dövlətimizin maliyyə
imkanları hesabına
yenidən qurulur.
İkinci Qarabağ
müharibəsindən dərhal
sonra erməni vandallarının viranə
qoyduqları, xarabalığa
çevirdikləri ərazilərimizin
bərpası, inkişaf
axarına qovuşması,
sosial-iqtisadi dirçəlişi
dövlətimizin qarşısında
duran ən mühüm vəzifəyə
çevrildi. Ölkə
rəhbəri cənab
İlham Əliyev tərəfindən Qarabağ
və Şərqi Zəngəzurun bərpasına
başlanan ilk gündən bu istiqamətdə aydın planlar, strateji hədəflər müəyyənləşdirildi
və quruculuq işləri getdikcə intensivləşdirildi. Dünya
artıq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın öz gücü və daxili imkanları hesabına necə böyük layihələri
həyata keçirdiyinin
şahidi olur.
Torpaqlarımızın 30 illik işğal dönəmində düşmənin
viran qoyduğu torpaqlarımıza hər
gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana
çevrilir. Qarabağ
və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimiz bərpa olunur, burada yollar çəkilir, beynəlxalq hava limanları tikilir, "ağıllı kənd"
layihəsi həyata keçirilir. Azərbaycan
öz əbədi və əzəli torpaqlarında dədə-baba
yurdlarına qayıdacaq
soydaşlarımız üçün
dünyanın ən müasir imkanlarını
yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi,
istirahəti üçün
hər cür şərait qurur.
Qeyd edək ki, bu ilin
sonuna qədər investisiya proqramına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurda
bərpa işlərinə
12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə
tutulub. Bəli, maliyyə gücü kifayət qədər artan dövlətimiz artıq belə böyük həcmdə xərcləri qarşılamaq
imkanlarına sahibdir. Azərbaycan heç bir xarici qüvvələrin
köməyi olmadan Qarabağ və Şərqi Zəngəzura
yeni nəfəs verir. Yəni dövlətimiz işğaldan
azad olunmuş ərazilərimizdə bütün
quruculuq işlərini
son 30 ildə aparılan iqtisadi islahatlarla əldə etdiyi maliyyə imkanlarına söykənərək
özü edir. Xüsusi vurğulamaq lazımdır ki, bu ilin sonuna
qədər məcburi
köçkünlər Laçın
şəhərinin Zabux
və Sus kəndlərinə qayıdacaq.
Prezident İlham Əliyev bunu 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib:
"Bizim büdcə
dürüstləşməsindən sonra iki əsas
istiqamətimiz Qarabağın,
Şərqi Zəngəzurun
bərpası və hərbi qüdrətimizin
artırılması idi.
Birinci istiqamətlə
əlaqədar deyə
bilərəm ki, hər şey nəzərdə tutduğumuz
planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər
etmişik. Artıq bu il Talış
kəndinə və Laçın şəhərinə
keçmiş məcburi
köçkünlərin qayıtmasını
təmin etmişik. İlin sonuna qədər Laçın
şəhərinin Zabux
və Sus kəndlərinə də
keçmiş məcburi
köçkünlər qayıdacaqlar.
Qayıdış proqramı
ardıcıllıqla aparılır
və beləliklə,
ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə
- bir şəhər və dörd kəndimizdə vətəndaşlar
öz dədə-baba
torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə
Böyük Qayıdış
proqramının birinci
mərhələsində 100 yaşayış məntəqəsinin
yenidən qurulması
nəzərdə tutulur.
Mən şəxsən
30 yaşayış məntəqəsinin
- 8 şəhər, 22 qəsəbə
və kəndin təməlinin qoyulmasında
iştirak etmişəm.
Baş planlar hazırlanıb təsdiqlənib,
bir çox yerlərdə fəal inşaat işləri aparılır".
Qarabağ və
Şərqi Zəngəzurun
böyük iqtisadi potensialı var. Bu potensial həmin
rayonları ayrı-ayrı
sahələr üzrə
iqtisadi cəhətdən
ixtisaslaşdıra da
bilir. Diqqət edək: Kəlbəcər
rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi,
Şuşa rayonu mədəniyyət və
turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti,
Qubadlı, Zəngilan,
Laçın, Füzuli
və Xocavənd rayonları isə kənd təsərrüfatı
və turizm sahəsi üzrə potensiala sahibdir. Məsələ odur ki, bu rayonlar
inkişaf nəticəsində
öz-özünü iqtisadi
nöqteyi-nəzərdən təmin edən ərazilərə çevriləcək,
zamanla kənar maliyyədən asılılıq
azalmış olacaq. Dövlət Proqramında
diqqətçəkən maraqlı
bir məqam ondan ibarətdir ki, sıfırdan başlayan quruculuq prosesində müasir şəhərsalma tendensiyaları
ilə hərəkət
ediləcək. Yəni
müasir və fərqli şəhərsalma
modelləri tətbiq olunacaq. Bir qisim
ərazilərdə köhnəliklə
müasirlik bir arada olacaq, tarixi
memarlıq abidələri
qorunacaq, bərpa ediləcək, yeniliklər
köhnəliyi sıradan
çıxarmayacaq.
Beləliklə, göründüyü
kimi, Dövlət Proqramında 2026-cı ilədək
görüləcək işlərin
miqyası kifayət qədər böyükdür.
Ümumilikdə isə
görülən işlər,
həyata keçirilən
tədbirlər bir daha deməyə əsas verir ki, bu məqsədlə
qəbul olunmuş proqramın uğurla icra olunması sayəsində quruculuq-bərpa
işləri tezliklə
başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.
Nuranə DAXİLQIZI
Respublika.- 2023.- 16 iyul.-
S.1; 5.