Mərkəzləşdirilmiş Azərbaycan
Səfəvi dövlətinin
qurucusu
Azərbaycan xalqının
dövlətçilik, ictimai-siyasi
fikir və qəhrəmanlıq tarixində
müstəsna xidmətlərə
malik olan, hər zaman qürur və maraqla xatırlanan çoxlu sayda şəxsiyyətləri olmuşdur
ki, onlardan biri də Şah İsmayıl Səfəvidir.
O, öz fenomenal keyfiyyətləri ilə insan zəkasını heyrətdə saxlayan bir sima olmaqla yalnız Azərbaycan xalqının deyil, bütünlükdə bəşər
tarixinin yetişdirdiyi
görkəmli şəxsiyyətlərdən
biri sayıla bilər. Çünki Şah İsmayıl öz həyatı və fəaliyyəti ilə nadir dövlətçilik
təcrübəsini ortaya
qoymuş dahilərdən
biridir.
Böyük bir imperiyanın yaradıcısı,
Şərqin, İslam aləminin
və bütünlükdə,
dünya tarixində silinməz izlər buraxmış Səfəvilər
şah nəslinin banisi kimi Şah
İsmayıl təxminən
beş əsrdən çoxdur ki, ən müxtəlif salnamələrin,
tədqiqatların, araşdırmaların,
elmi və bədii əsərlərin
mövzusu olmuş və bu gün
də olmaqdadır. Çünki Şah İsmayıl geniş fəaliyyət meydadına
qədəm qoymaqla bölgənin hərbi, siyasi, dini tarixində
tamamilə yeni bir səhifənin başlanğıcını
qoydu. Onun dühasının yaratdığı
tarixin ümumi mənzərəsinin işıqlandırılması,
mahiyyətinin dərk
edilməsi yalnız
elm və bilik adamları üçün
deyil, elə xalq kütlələrinin özü üçün
də hər zaman maraq kəsb etmişdir. Şah İsmayılın adına
dastanlar qoşulması,
onun haqqında çoxlu sayda xalq yaradıcılıq nümunələrinin meydana
gəlməsi, həyat
yolu ilə bağlı məxəzlər
yaradılması da həmin
maraqdan irəli gəlmişdir.
Şah İsmayılın
12-13 yaşlarında ətrafına
toplanmış bir neçə məsləkdaşı
ilə sonda Səfəvi dövlətinin
yaradılmasına gətirib
çıxarmış böyük
siyasi, hərbi və dini hərəkata
başlaması dünya
tarixində nadir hadisə
idi və elə bu gün
də nadir hadisə olaraq qalmaqdadır. Konkret tarixi şəraitin sərt sınaqları qarşısında
belə böyük bir hərəkatın başlanması, onun təşkilatlandırılması və bölgənin siyasi və tarixi mənzərəsində
köklü dəyişikliklər
yaradan bir prosesə çevrilməsi
Şah İsmayılın
şəxsiyyətinin böyüklüyünü
nümayiş etdirən
bir hadisə idi.
Fiziki və mənəvi keyfiyyətlərin
bir-birini tamamlaması
Şah İsmayıl şəxsiyyətinin mühüm
tərəflərindən biridir.
O, Mürşidi-kamil kimi
dərin etiqad sahibi və bütün müridləri
üçün inam və güvənc yeri idi. Şah
İsmayıl yeni bir dövlət qurulması ideologiyasının təbliğatçısı
idi və bu ideologiyanın ətrafına çoxsaylı
tərəfdar toplayaraq
onu reallığa çevirə bilmişdi.
Şah İsmayıl eyni zamanda güc-qüvvət
sahibi idi, 12 yaşında ikən Gilandan başladığı
hərəkatının vuran
əli idi. 12 yaşından başlayaraq
Təbrizdə Səfəvi
dövlətinin əsasını
qurduğu vaxta qədər (o zaman Şah
İsmayılın 14 yaşı
var idi) və hakimiyyətə gəlməsindən
Çaldıran döyüşünə
qədər son dərəcə
ağır, məsuliyyətli
döyüşlərə özü rəhbərlik
etmişdi və bu döyüşlərin
hamısını da qələbə
ilə başa vurmuşdu. Dünya tarixi üçün
12-13 yaşında uşağın
həm böyük siyasi hərəkata, həm də böyük sayda qoşunlara rəhbərlik
etməsi və bu qoşunların qələbəsinin əsas
ağırlığını öz üzərinə götürməsi bənzərsiz
bir hadisə olaraq Şah İsmayılın şəxsində
özünü nümayiş
etdirmişdi.
Səfəvilər dövlətinin
əsası qoyulana qədər Şah İsmayıl (İsmayıl
Mirzə) Şirvanda, Şamaxı və Bakı qalaları ətrafında, Şərurda
Ağqoyunlu Əlvənd
Mirzənin qoşunlarına
qarşı ağır
və məsuliyyətli
döyüşlər aparmışdı.
Bu yaşda belə ağır döyüşlərə
atılması, həmin
döyüşlərdə xüsusi şücaət
göstərməsi heç
şübhəsiz ki, Şah
İsmayıldan güclü
fiziki keyfiyyətlər
tələb edirdi. Həmin keyfiyyətlər
Şah İsmayılda
var idi.
Hələ uşaq
yaşlarından malik olduğu
fiziki keyfiyyətləri
Şah İsmayıl iştirak etdiyi döyüşlərdə və
ov mərasimlərində
daha da təkmilləşdirdi
və dövrünün
mahir sərkərdəsi
kimi formalaşdı. Şah İsmayıl dünyasını dəyişdiyi
günə kimi, Səfəvi qoşunlarının
ən güclü döyüşçüsü kimi qaldı.
Fiziki gücü
və keyfiyyətləri
ona imkan vermişdi ki, bacarıqlı
döyüşçü olmaqdan əlavə, həm də qüdrətli bir sərkərdə olsun. Dövrün tələbləri
sərkərdələrdən həm fiziki və əqli keyfiyyətlərin vəhdətini
tələb edirdi. Şah İsmayıl sərkərdə kimi həm qoşunlara rəhbərlik edirdi, döyüşləri təşkil
edirdi, müvafiq qərarları qəbul edirdi, həm də qəbul olunmuş qərarların
əməli icrasının
əsas ağırlığını
öz üzərinə
götürürdü. Şah
İsmayıl döyüş
meydanında bir qayda olaraq qoşunların
mərkəzində dayanırdı.
Başqa sözlə,
qarşı tərəfə
vurulacaq zərbənin
əsas ağırlığını
öz üzərinə
götürürdü. Çevikliyi,
qorxmazlığı, qolunun
gücü ilə Şah İsmayıl bütün qoşunu da ən gərgin döyüşə ilhamlandırırdı.
Şah İsmayıl fiziki keyfiyyətlərinə
və döyüşkənliyinə
görə də öz qoşunlarının
lideri olaraq qalmaqda idi. Şah
İsmayıl dövrünün
tədqiqatçıları da qeyd edirlər ki, Səfəvi qoşunlarının
saysız-hesabsız tarixi
qələbələrində Şah İsmayılın
fərdi keyfiyyətlərinin
çox böyük rolu var idi. Belə
ki, o, möhkəm iradəsi
və cəsurluğu
ilə başladığı
hərəkatın uğurla
başa çatdırılması
üçün hər
cür çətinliyi
və təhlükəni
qorxmadan qarşılayırdı,
onun vücudunda qorxu və ürkü
yox idi. İsgəndər bəy Münşi şöhrət
və qüdrət zirvəsinə qalxan Şeyx Heydər oğlu İsmayıl haqqında yazır: "İsmayıl azyaşlı
olsa da, fəhm və fərasətdə,
ağıl və bilikdə elə təəccüblü bir
əlaməti vardı
ki, ilk baxışda dünyanı
idarə etmək bacarığı onun mübarək çöhrəsindən
görünür, işıqlı
alnından ilahi nur saçılırdı...
Ali məiyyətin mülazimləri
xilafət çəməninin
bəzəyi olan o yeniyetməni gözəl etiqad zülalı ilə bəsləyirdilər,
qeybdən ilham alaraq, onu yüksək
şahlıq ünvanı
ilə adlandırırdılar
və azyaşlı olmasına baxmayaraq, mətin əqidə və iradə ilə onu Mürşidi-kamil
və şah deyə çağırırdılar".
Şah İsmayıl haqqında elmi-tarixi dövriyyədə
olan ilk xatirələrdən
biri venesiyalı Katerino Zenoya məxsusdur. O, Şah İsmayıl haqqında belə yazırdı:
"Nəcib siması
və şahanə rəftarı var idi. Bilmirəm onun gözündə və üzündə nə gizlənmişdi. Hər nə vardısa o dərəcədə valehedici
və amiranə idi ki, aydın şəkildə bir gün böyük padşah olacağından
xəbər verirdi. Onun əqli fəzilətləri ilə
zahiri gözəlliyi heç də ziddiyyət təşkil etmirdi. Yüksək dühası və misilsiz ideyaları onun belə gənc yaşları üçün bəlkə
də qeyri-adi görünürdü".
1518-ci ildə Şah İsmayılı Təbrizdə
görmüş və
hətta onunla söhbət etmiş venesiyalı tacir onun zahiri və
əqli kamilliyə
malik olduğunu, öz
ətrafındakılardan bütün
cəhətlərinə görə
seçildiyini bildirərək
yazırdı: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir.
Saqqalını qırxır,
bığ saxlayır.
Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən
güclüdür. Oxatma
məşqləri zamanı
adətən musiqi çaldırır... O, hər
gün əmirlərlə
oxatma yarışları
keçirmək üçün
meydana çıxır
və həmişə
də günün qaliblərinə mükafatlar
verir".
Həsən bəy Rumlu onun haqqında
yazırdı: "O həzrət
döyüş meydanında
xəncər vuran cəngavər, əyləncə
məclisində isə
gövhər yağdıran
bulud idi. Son dərəcə səxavətli
olduğu üçün
tam əyarlı qızıl
və dəyərsiz daş onun gözündə
eyni şey idi... Ova çıxmağı
çox sevərdi və təkbaşına aslan öldürərdi".
Şah İsmayılın
fiziki və döyüş keyfiyyətlərinin
formalaşmasında onun
etnik mənsubiyyətinin
təsirini qiymətləndirməmək
doğru olmazdı. Döyüşçü kimi
doğulmaq və yaşamaq dövrün hər bir türkü
üçün ayrılmaz
mövcudluq şərti
idi. Türk həyatında igidlik, döyüşkənlik ənənələri
əsrlərdən bəri
davam etməklə Şah İsmayılın
dövründə də
öz aktuallığını
qoruyub saxlamaqda idi. Onun hərəkata
başlaması ərəfəsində
də Azərbaycan ərazisində türk dövlətlərinin meydana
gəlməsi məhz
türk tayfalarının
döyüşkənliyi ilə
şərtlənirdi. Normal sağlamlıq durumuna
malik olan hər bir türk həyatını
at belində keçirməklə
bir döyüşçü
kimi yaşayırdı.
Bir sözlə döyüşçü
olmaq hər bir türk üçün
dövrün zəruri
tələbi idi və bu tələbdən
kənarda qalmaq zamanın tələbləri
ilə ayaqlaşmamaq kimi qəbul edilə bilərdi. Mənsub olduğu türk mühiti Şah İsmayılın
babasını, atasını,
onun qardaşlarını
da və eləcə də özünü bir döyüşçü
kimi formalaşdırmışdı.
Təsadüfi deyil
ki, Şah İsmayılın
döyüşçü kimi formalaşmasına təsir göstərə
biləcək yaxın
ətrafı da türk-qızılbaş
əmirləri idi.
Potensial düşmənlərin
döyüş qabiliyyətinin
də Şah İsmayılın fiziki keyfiyyətlərinin və
döyüş vərdişlərinin
formalaşmasına təsiri
diqqətdən kənarda
qalmamalıdır. Şah
İsmayıl bilirdi
ki, hərəkatının sona çatdırılması
və yeni bir dövlətin əsasının
qoyulması üçün
hansı qüvvələrlə
qarşılaşmalı olacaqdır.
Bu qüvvələr arasında
Şirvanşahlar dövlətinin,
Ağqoyunlu Əlvənd
Mirzənin qoşunları
kimi güclü qoşunlar var idi. Həmin qüvvələrin
böyük potensiala
malik olmasının nəticəsi
idi ki, babası Şeyx Cüneyd, atası Şeyx Heydər və qardaşı Sultan Əli
Mirzə həyatları
ilə vidalaşmalı
olmuşdular. Şah İsmayıl bu qoşunlara o zaman qalib gələ bilərdi ki, həm də fiziki baxımdan öz düşmənlərindən
güclü olsun. Yəni qarşı tərəfin döyüş
potensialı Şah İsmayılı də məcbur edirdi ki, uyğun fiziki keyfiyyətlərə malik olsun.
Şah İsmayıl
fiziki və mənəvi keyfiyyətlərinin
mükəmməlliyi ilə
də heyrət yaradırdı. Məhz bu keyfiyyətlərin qarşılıqlı vəhdəti
və dialektikası Şah İsmayılın
bir fenomen kimi tarix səhnəsinə
çıxmasına zəmin
yaratmışdı. 12-13 yaşlarında
ətrafında real qüvvə
olmadan yeni dövlət
yaradılması uğrunda
mübarizəyə başlaması
da bu fenomenin əyani nümayişi idi.
Şah İsmayılın
dini etiqadı və Mürşidi-kamilliyi
onun siyasi əqidəsinin də formalaşmasına öz təsirini göstərirdi.
Ümumiyyətlə, Şah
İsmayılın bütün
mənəvi, dini-ideoloji
keyfiyyətləri bir-biri
ilə sıx qarşılıqlı təsirə
malikdir və onların hər hansı birini digərindən təcrid edilmiş halda baxılması qeyri-obyektiv
qənaətlərə gətirib
çıxara bilər.
Siyasi təfəkkürü,
duyumu və qabiliyyəti Şah İsmayıl fenomeninin ayrılmaz tərkib hissəsi idi. Öz hərəkatına
başlamaqla Şah İsmayıl təriqət
liderliyi ilə bərabər, həm də siyasi liderliyi öz üzərinə götürdü,
çox böyük qüvvələri başladığı
siyasi mübarizəyə
səfərbər etdi
və onlara rəhbərliyi də uğurla başa çatdırdı. Hələ
kifayət qədər
azyaşlı olmasına
baxmayaraq, ətrafında
cərəyan edən
siyasi prosesləri öz hərəkatının
maraqları çərçivəsində
dəqiqliklə dəyərləndirməsi,
hərəkata başlaması
üçün münasib
anın düzgün müəyyənləşdirilməsi, real siyasi məqsədlər ortaya qoyması Şah İsmayıl fenomeninin başqa bir təsdiqidir. 14 yaşında ikən öz siyasi mübarizəsini Səfəvi
dövlətinin əsasının
qoyulması ilə başa çatdırması
isə Şah İsmayılın həm
də dövlətçilik
təfəkkürünün əyani nümayişi idi.
Şah İsmayıl
öz siyasi təfəkkürü ilə
həm Azərbaycan torpaqlarını, həm də Azərbaycan ətrafında olan torpaqları vahid dövlət daxilində birləşdirdi, siyasi parçalanmalara, silahlı
çəkişmələrə son qoydu, səltənət tərkibində olan xalqların sabit və inkişafda olan həyatına təminat yaratdı. Bununla, Şah İsmayıl bir tərəfdən özünün
siyasi liderlik keyfiyyətlərini, digər
tərəfdən də
dövlət idarəçiliyi
keyfiyyətlərini nümayiş
etdirdi.
Xalqımızın görkəmli
dövlət xadimi Şah İsmayıl ana dilinə hörmət edir və bu
dildə yazan şairləri, ozanları
sevir, onları himayə edirdi. Elə buna görə də dilinə, vətəninə bağlı
el şairləri, aşıqları da onu sevir və onun
doğma dilinə, xalqına bağlılığını
əsərlərində tərənnüm
edirdilər. Onlardan Şah İsmayılla eyni dövrdə yaşamış və onu özünün Mürşidi-kamili adlandıran
Dirili Qurbaninin "Şah Xətai" gəraylısında "Qoy
var olsun türki zəban, Şah Xətai, Şah Xətai misraları", onunla eyni dövrdə
yaşamış Tüfeylinin
Şah İsmayıla
xitabən "Qılmazam,
vallahi, türki-tacidarım
tərkini" deməsi
Şah İsmayılın
kimliyinin bəlli aynası olub, doğma türk dilinə sevgisinin də parlaq təzahürüdür.
Şah İsmayılın
Azərbaycan dilinin və ədəbiyyatının
inkişafında son dərəcə
böyük xidmətləri
vardır. O, Azərbaycan
dilinin saray (rəsmi) statusunu daha da möhkəmləndirdi,
Səfəvi dövlətinin
rəsmi dilinə çevirdi. Bununla, Şah İsmayıl Azərbaycan (türk) dilinin inkişafına yeni
bir təkan verdi, Azərbaycan dilinə yeni bir münasibət formalaşdırdı.
Şah İsmayılın
hakimiyyət illəri
Azərbaycan dilində
yaranan ədəbiyyatın
da yeni bir səhifəsi
sayıla bilər. O özü azərbaycandilli
ədəbiyyatın ən
gözəl nümunələrini
yaratdı və bununla Azərbaycan dilində olan ədəbiyyatın da inkişafına
yeni bir nəfəs verdi. Özü xalq həyatından və yaradıcılığından
irəli gələn şeir janrlarında son dərəcə sadə və anlaşıqlı dildə əsərlər
yaratmaqla bərabər,
Şah İsmayıl çoxlu sayda şairlərin səmərəli
yaradıcılığına geniş meydan açdı. Bicən
"Tarixi-Şah İsmayıl
Səfəvi" salnaməsində
yazırdı: "O, həzrət
elm və fəzilət
sahiblərini hər cəhətdən himayə
edirdi və çox gözəl şeirlər yazırdı.
Türkcə və farsca divanları var... o zamanın əksər şairləri bu şəhriyarın şərəfinə
çoxlu qəsidələr
yazmışdır".
Şah İsmayıl
Xətainin öz xalqı qarşısında
xidmətləri həm
də ondan ibarətdir ki, o, Azərbaycan
milli mədəniyyətinin inkişafı üçün
əlverişli şərait
yaratmışdır, onun
hakimiyyətdə olduğu
illər ölkənin
orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə
ana dilində yaradan şairləri, Azərbaycan
alimlərini, incəsənət
xadimlərini təşviq
etmirdi, həm də bütövlükdə
incəsənətin, elmin
inkişafına himayədarlıq
edirdi. Onun səyləri sayəsində
Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı,
həm də sonrakı yüzilliklər
boyu onu üstələdi. Azərbaycan
şairlərinin başqa
dillərdə yazıb-yaratması
ənənəsinə birdəfəlik
son qoyuldu. Müasirlərinin
dediyinə görə,
Şərq miniatür
sənətinin inkişafının
ən parlaq zirvələrindən biri
məhz həmin dövrə təsadüf
edir. Elm, sənət xiridarı olan Şah İsmayılın
sarayında yaradıcılıq
üçün əlverişli
şəraitdə diqqət,
qayğı, hörmətlə
əhatə olunmuş
mühitdə böyük
rəssam Behzad, habelə
bir çox digər istedadlı heykəltaraş, xəttat,
musiqiçi yaşayırdı.
Hətta məşum Çaldıran döyüşü
ərəfəsində belə
Şah İsmayıl
ilk növbədə, istedadlı
rəssam və alimlərə qayğı
göstərir, onları
təhlükəsiz yerdə
gizlətməyi, qorumağı
əmr edirdi.
Şah İsmayılın
Azərbaycan dövlətçiliyi
qarşısındakı ən
böyük xidmətlərindən
biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli
imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin
möhkəm bünövrəsini
qurmuşdu.
Çuxursəd bəylərbəyliyinin
mərkəzi kimi İrəvan qala-şəhərini
inşa etdirmiş və onun idarəsini
tanınmış qızılbaş
əmirlərinin idarəsinə
vermişdir.
Şah İsmayıl
məğrur, azadfikirli,
öz qüdrətinə
inanan bir sərkərdə, həqiqət
yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi. O, milli mənliyimizin qürur və şərəf tağı kimi xalqımız qarşısında
özünün tarixi
missiyasını şərəflə
yerinə yetirərək
Azərbaycanımıza, dövlətçilik
irsimizə, şanlı
tariximizə öz adını əbədi yazdıraraq, millətinin,
dövlətinin və
ana dilinin dünya vətəndaşlığını beş yüz iyirmi iki il əvvəl
təsdiq etdirmişdir.
O, bunu nəyin bahasına və necə etdisə, tarix üçün elə də böyük əhəmiyyəti
yoxdur. Dəyərli olan odur ki, bu
gün onun vətəndaşlıq qazandırdığı
Azərbaycan dövləti,
Azərbaycan dili və Azərbaycan xalqı vardır.
Tofiq NƏCƏFLİ,
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun
Azərbaycanın XV-XVIII əsrlər
tarixi şöbəsinin
müdiri, t.e.d., dos.
Mehman
SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun
Adyunktura və
elm şöbəsinin dosenti,
t.e.d.
Respublika.- 2023.- 16 iyul.-
S.4.