Onun əqidəsi , əməli paklıq nümunəsidir

 

Bir qədim deyim var. Dünyanı görmüş, gəlimi-gedimi dəyərləndirən sonda nəyin yaxşı, nəyin pis olduğunun fərqini ortaya qoyan ulular deyib ki, "dünya yaxşılardan xali deyil". Bu mənada indi tez-tez zəmanədən, adamların dəyişməsindən narazılıqlar eşitmək mümkündür. hər kəs öz arşını ilə ölçü-biçi aparıb zəmanəyə qiymət verməyə çalışır, adamları ittiham edir. Amma unudurlar ki, yaxşılardan xali olmayan bu dünyada onların gözünün önündə , çevrələrində kifayət qədər yaxşılar var. Sadəcə özün yaxşı olub o yaxşıları görməyi bacarmalısan. Bax bu mənada mən uzun illərdir ki, birgə çalışdığım, eyni universitetin dəhlizlərində qarşılaşdığım, təmasda olduğum bir xanım barəsində düşünəndə yanılmadığıma tam əmin oluram. Necə deyərlər, reallıq özü mənə birmənalı olaraq sübut edir ki, həqiqətən bu dünya yaxşılardan xali deyil. Elə həmin o dünyamızın ən yaxşılarından biri Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə xanım Paşayevadır.

Onun barəsində düşündüklərimi, xüsusilə canlı şahidi olduğum məqamları kağıza köçürüb oxuculara təqdim etməzdən öncə bir məqama toxunmaq istəyirəm. Oxuculara xatırlatmaq istəyirəm ki, Ədibə xanım Paşayeva görkəmli yazıçı, ədəbiyyatşünas alim, pedaqoq, ən əsası isə böyük insan olan Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlib. 1943-cü ilin iyul ayının 18-də doğulan Ədibə xanıma həyatın çətinliklərindən keçmək bir alın yazısı kimi nəsib olub. Amma o, öz iradəsi, zəhmətsevərliyi əzmkarlığı ilə məqsədinə doğru irəliləməkdən çəkinməyib. Əksinə, qazandığı hər bir uğur onu daha inadkar qətiyyətli edib. Əvvəl Bakı Dövlət Universitetinin tələbəsi adını qazanıb. Sonra da 10 il, 1969-1979-cu illərdə universitetin rus ədəbiyyatı kafedrasında müəllim  baş müəllim kimi fəaliyyət göstərib. 1988-ci ildə isə Ədibə xanım universitetdə təhsil alan xarici ölkə tələbələri üçün təşkil edilmiş Rus dili kafedrasının müdiri vəzifəsinə irəli çəkilib. Bu sahədə peşəkarlıq rəhbərlik etmək təcrübəsi onu bir az da irəli aparıb. Yəni artıq 2004-cü ildən Ədibə xanım Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə Rus dili kafedrasının müdiri təyin olunub. Bu gün Ədibə xanım bir pedaqoq, kafedra müdiri, alim təşkilatçı kimi öz işinin öhdəsindən müvəffəqiyyətlə gəlir. Onu da xatırlatmaq yerinə düşər ki, Ədibə xanım bir alim kimi elmi tədqiqatlarına bir an da olsun ara verməyib maraqlıdır ki,  tədqiq etdiyi sahə hər zaman diqqətçəkən, böyük maraq doğuran linqvodidaktika rus ədəbiyyatı tarixidir.

Elmlə, ədəbiyyatla, dillə maraqlananlar bu sahənin çətinliklərini onun araşdırılmasında böyük biliyin, zəhmətin zərurətini yəqin ki, etiraf edərlər. Bunu ona görə xüsusi vurğulayıram ki, professor Ədibə Paşayeva tədqiq etdiyi sahə üzrə dünyanın ayrı-ayrı universitetlərində, elm mərkəzlərində keçirilən, beynəlxalq simpoziumların, konfransların, seminarların daim iştirakçısı məruzəçilərindən biri olub. Həmin nüfuzlu tədbirlərdə professor Ədibə xanımın etdiyi çıxışlar, məruzələr əksər elmi jurnallarda, kitablarda, tədris proqramlarında çap olunub. Onun elmi nailiyyətləri, xüsusilə "Rus dili" (Beynəlxalq münasibətlər beynəlxalq hüquq fakültəsinin xarici tələbələri üçün dərs vəsaiti", 2004), ("Ədəbiyyat üzrə dərs vəsaiti", 2005), ("Filologiya fakültəsinin tələbələri üçün metodik göstərişlər", 2005), ("XVIII əsr rus ədəbiyyatının tarixindən" (proqram 2006), ("Rus dili dialoqlarda", 2006), ("Rus dili monoloqlarda", 2007) illərdə işıq üzü görüb. Bu elmi əsərlərin hər biri ayrı-ayrılıqda mükəmməl dərslik, həm kifayət qədər elmi çəkisi olan araşdırmaların nəticəsidir. Xatırlatdığım bu elmi əsərlər özü-özlüyündə professor Ədibə Paşayevanın ailədə cəmiyyətdə pedaqoji sahədə üzərinə düşən vəzifələrlə paralel olaraq bir elm adamı kimi yorulmadan işləməsinin, fədakarcasına çalışmasının elmimizə verdiyi töhfədir. Deməli, bir xanım, bir ana, bir nənə, bir müəllim, eyni zamanda bir alim olan professor Ədibə Paşayeva özünü həsr etdiyi bütün sahələrdə yorulmadan çalışmaların bəhrəsini cəmiyyətimizə, elmimizə ərməğan etməyi bacarıb. Bu da öz növbəsində uzun illərdir ki, çalışdığı Bakı Dövlət Universitetində ümidli sabahımız olan gənclərimizə, yəni universitetin tələbə kontingentinə bir alim xanımın həm elmi mənbələrin vəsait kimi mənimsənilməsində, həm tədrisin keyfiyyətində bir elmi araşdırmalara cəlb olunmasında göstərdiyi xidmətdir. Bu fikirlərimlə demək istəyirəm ki, professor Ədibə Paşayevanın universitet həyatında, tələbələr qarşısında danılmaz xidmətləri var. Onun müəllim nüfuzu, alim şəxsiyyəti, hətta bir kafedra müdiri kimi özünü sevdirməsi tələbələr tərəfindən məmnunluqla qarşılanır. Yəni o, tələbələrinin idealına çevrilməyi bacarıb. Mən dəfələrlə şahidi olmuşam ki, universitet auditoriyasını 15-20 il bundan öncə tərk etmiş tələbələr öz müəllimlərini, yəni professor Ədibə Paşayevanı necə sayqı sevgiylə dəyərləndirir, onun olduğu məclislərdə qarşısına gəlib böyük ehtiramlarını bildirirlər. Zənnimcə, müəllim üçün bundan böyük mükafat ola bilməz. O mükafatı da Ədibə xanım öz halal haqqı kimi qazanıb.

Təbii ki, bütün bu yazdıqlarım bir soykökə söykənir. O da unudulmaz yazıçımız Mir Cəlal Paşayevin qanından, canından, ocağından qidalanır. Məhz həmin ocağın işığı, nuru, halallığı, səmimiyyəti hopub professor, görkəmli pedaqoq Ədibə xanım Paşayevanın varlığına. Yəni əvvəldə vurğuladığım kimi, öncə atası, böyük yazıçı, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin məktəbində, həyat akademiyasında dərs alıb. Reallıqları görüb, yaşayıb, onları dəyərləndirib çeşidləyib. Son nəticədə ailə genefondundan gələn müsbət varsa özünü Ədibə xanımın varlığında, fəaliyyətində, yaradıcılığında yenidən təsdiqləyib. Deməli, bu da onu sübut edir, ot kökü üstündə bitər - deyən dədə-babalarımız yanılmayıblar. Zamanın axarında, hər cür hadisələrin baş verdiyi indiki dövrdə Mir Cəlal Paşayevdən gələn halallığı bütövlüyü qoruyub saxlamaq Ədibə xanım Paşayeva üçün çox məsuliyyətli olub. O, hər bir addımında yuxarıda saydıqlarımı gözünün önünə gətirib. Nəyin, necə harada edilməsi barədə qərarı qəbul edəndə yüz ölçüb, bir biçib.

Professor Ədibə xanım üçün dəfələrlə zaman hadisələr sübut edib ki, o, ilk olaraq atası, böyük yazıçı, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin ölməz xatirəsinə övlad ehtiramını, sevgisini hər şeydən üstün tutub. Ona görə çalışdığı universitetdə , rəhbərlik etdiyi kafedrada da tələbələri, həmkarları ilə münasibətdə o, həmişə diqqət mərkəzində olub, seçilib. Baxmayaraq ki, hamı ona önəm verib, amma Ədibə xanım bundan qürrələnib  biganəliyə yol verməyib, əksinə, kollektivi , tələbələrini əvvəlkindən çox dəyərləndirib. Bu qarşılıqlı etimad diqqət isə bütövlükdə Azərbaycanımıza, elmimizə, təhsilimizə fayda verib.

Mən onunla çalışdığım illərdə bir məqama xüsusi diqqət yetirdim. Bu da Ədibə xanımın təkəbbürdən, başqalarına yuxarıdan aşağı baxmaq kimi hisslərdən uzaq olmasıdır. Yəni bu da o deməkdir ki, professor Ədibə Paşayeva əsl azərbaycanlı xanımdır. O, öz yerini, ləyaqətini dəyərləndirdiyi kimi, onunla birlikdə çalışanlara da sayqıyla yanaşır, hər kəsə fərdi qaydada həyat problemlərinin çözümündə yardımçı olmağa çalışır. Şəxsən mən dəfələrlə yaşadığım sıxıntılara, ağrı-acılara, itkilərə, yəni həyat faciələrimə onun necə həssaslıqla yanaşdığını, mənə dayaq durmağa, təsəlli verməyə çalışdığını bir bacı, xanım kimi: "sən möhkəm olmalısan, ayaqda olmalısan, sənin sınmağa haqqın yoxdur!" deməsini heç vaxt unutmuram. Bu sözlər, bu fikirlər yaramı sağaltmasa da, amma ümidimin, yaşamaq həvəsimin ölməməsinə kömək olub.

Fikirlərində, düşüncələrində əməlində sədaqəti, ülviliyi, canyananlığı, paklığı təmizliyi Ədibə xanımı çevrəsindən bütövlükdə çoxlarından fərqləndirən əsas cəhətlərdəndir. Onun əqidəsi , əməli , həyata baxışı da paklıq, təmizlik nümunəsidir. Yenə təkrar edirəm ki, nəsil-nəcabət belə yerdə üzə çıxır. Belə məqamda aydın olur ki, Ədibə xanımın həqiqətən atası, böyük yazıçı Mir Cəlal Paşayevdən anası Püstəxanımdan əxz etdikləri, öyrəndikləri onun həyatdakı uğurlarının özülü olub. Bu da bir zəhmətkeş əzmkar xanımın, elm adamının həyat kredosu deməkdir. Mənən zəngin, həm həyata baxışı ilə seçilən professor Ədibə Paşayeva özü üçün seçdiyi yolla, heç kimin haqqına girmədən, heç kimi təkrarlamadan insanlığın zirvəsinə doğru, elmin daha gur işığına tərəf bir alim, bir ana, bir qadın səbri dözümü ilə yol gəlib. Bu yol da onu öz məramına, məqsədinə çatdırıb. Deməli, istək , əmək , ürək çırpıntısı da nəhayət özünü ifadə etmək gücü bir olanda zəfərə qovuşmaq çətin olsa mümkündür.

Bəli, mən barəsində düşündüklərimi onun yubileyi ərəfəsində yazmağa çalışdım. Amma hiss etdim ki, bir yazıda bütün bildiklərimi, düşündüklərimi yazmaq mümkün deyil. Çünki professor Ədibə xanım Paşayeva "Tərəqqi" medallı "Əməkdar müəllim", III dərəcəli Əmək ordenli "Qabaqcıl müəllim" fəxri adının daha neçə-neçə Fəxri fərmanların, mükafatların sahibidir. Təkcə bu saydıqlarımın hər birini qazanmaq üçün tanınmış böyük alimimiz olan Ədibə xanım Paşayeva ömür həsr edib - alim ömrü, ana ömrü, xanım ömrü. Mən öz növbəmdə bu ömrün sahibi ilə fəxr edərək kiçik bir yazı ilə onun yubileyinə xoş arzularımı çatdırıram. Bu  uzun illər  ərzində şəxsən mən anladım ki, münasibətlərində  zərrə qədər olsun dəyişilməyən insanlar böyükdürlər!

Tam  səmimiyyətimlə  bildirirəm ki, mənim üçün o, böyüklərdən biri Ədibə xanımdır. Bu gün Sizin gününüzdü!  Gününüz  münasibətilə Sizə  uzun ömür, can sağlığı  hər  zaman bizimlə olmağınızı diləyirəm! yaxşı ki, varsınız!

 

Sona ÇƏRKƏZ,

 

BDU-nun baş müəllimi, AYB-nin üzvü, yazıçı-publisist, "Qızıl qələm" mükafatı laureatı.

 

Respublika.- 2023.- 18 iyul.- S.9.