Azərbaycan-Pakistan: sosial-iqtisadi
əlaqələr möhkəmlənir
Pakistan və Azərbaycan arasındakı
qlobal və regional məsələlərlə
bağlı əməkdaşlıq
dövlətlərarası münasibətlərin yüksək
səviyyədə olduğunu
göstərir. Hər
iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır.
Xüsusilə, sosial və iqtisadi sahədə Azərbaycan və Pakistan arasında son illər yüksək dinamika müşahidə olunur. Bütün sahələrdə hər
iki ölkə qarşılıqlı etibarlı
tərəfdaşlığa maraqlıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan qardaş Pakistana tarix boyu dəstəyini əsirgəməmiş, onun
pis və yaxşı günlərinə
şərik olmuşdur.
Xüsusilə, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
həyata keçirilən
layihələr ölkələr
arasında əməkdaşlığın
inkişafında əhəmiyyəti
ilə seçilir, Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətlərinin
genişlənməsinə töhfə verir. Belə ki, Pakistanda
talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr
üçün Heydər
Əliyev Fondunun dəstəyi ilə xeyriyyə aksiyasının
keçirilməsi görülən
işlərə əsaslı
nümunədir. Aksiya
çərçivəsində İslamabad şəhərində
yerləşən Sundas
lassemiya Mərkəzinə
Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi ləvazimatlar,
ərzaq paketləri və hədiyyələr
təqdim edilmişdir.
Mehriban xanım Əliyeva çıxışlarının
birində vurğulamışdır
ki, Heydər Əliyev Fondu tərəfindən bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif
yerlərində icra olunur.
Xatırladaq ki,
Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ
nəticəsində dağılmış
qızlar məktəbinin
tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlıq üçün
əsas yaratmışdır.
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə zəlzələdən
ən çox dağılan bölgələrdən
olan Müzəffərabadın
Rara bölgəsində
500 şagirdlik qızlar
məktəbinin tikilməsi
iki ölkənin əsl dost və
qardaş dövlətlər
olduğunu sübut edir. Bununla yanaşı,
Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində
"Edhi Home" kimsəsizlər
evində sığınacaq
tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləmə aparılmış,
Peşavər şəhərində
"Akbar Care" serebral
iflic institutunda imkansızlar üçün
pulsuz müayinə təşkil edilmişdir.
Buna paralel olaraq, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin
qadın və uşaq xəstəxanasında
açıq ürək
əməliyyatları aparılmış,
Hamza Fondu (Peşavər) üçün
müasir qanköçürmə
avadanlığı, laboratoriya
ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə
paketi alınmış,
Xayber Göz Fondunun yeni binasının
tikintisi üçün
maddi yardım göstərilmişdir. Pakistan
İslam Respublikasının
Prezidenti Məmnun Hüseyn tərəfindən
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - "Hilal-e-Pakistan" ordeninin təqdim edilməsi olduqca qürurvericidir. Fondun Pakistanda həyata keçirdiyi layihələr Azərbaycan
və Pakistan xalqlarının dostluq, qardaşlıq münasibətlərinin
inkişafına yeni baxış qazandırmış,
ikili əlaqələri
daha da gücləndirmişdir.
Azərbaycan-Pakistan iqtisadi
əlaqələri yeni
dünya nizamında olduqca böyük nüfuza sahibdir. Bu əlaqələrin təkmilləşdirilməsi və
yeni prespektivlərin müzakirəsi iki ölkə arasındakı
səmərəli əməkdaşlığa
xidmət edir. 2022-ci il iyunun 8-də İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın
və İnvestisiyaların
Təşviqi Agentliyinin
- AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Pakistan biznes forumunun keçirilməsi
də məhz bu qəbildəndir. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə
yanaşı, sənaye,
tikinti, tekstil, informasiya texnologiyaları,
səhiyyə, qida, turizm və digər sahələrdə
fəaliyyət göstərən
şirkətlərin nümayəndələri
də iştirak etmişdi. Bu cür tədbirlər Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini,
tərəflər arasında
əlaqələrin davamlı
olaraq inkişaf etdiyini bariz şəkildə göstərir.
Xüsusilə, işgüzar
dairələrin iştirakı
ilə keçirilən
tədbirlərin iqtisadi-ticarət
əlaqələrinin genişlənməsində
əhəmiyyəti olduqca
böyükdür. İxracın
və İnvestisiyaların
Təşviqi Agentliyinin
- AZPROMO-nun iştirakı,
"Made in Azerbaijan"
brendinin təşviqi
istiqamətində həyata
keçirilən tədbirlər
iki ölkə arasında səmərəli
ticarət dövriyyəsinin
təşviqinə xidmət
edir.
İyunun 15-də Prezident
İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
İki ölkə üçün xüsusi
önəm daşıyan
açıqlamalar Azərbaycan-Pakistan
əlaqələrinin gələcək
yol xəritəsidir. Bəyanatında ticari əlaqələrə toxunan
Pakistanın Baş naziri bildirib: "Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə
27 milyard ABŞ dolları
xərcləmişik. Yəni
əziz Qardaşım,
biz bunun öhdəsindən gələ
bilmirik, çünki
müxtəlif çağırışlarla
üz-üzəyik. İnflyasiya,
idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi
səbəbindən bizim
ölkəmiz böyük
təzyiqlə üz-üzədir.
Təsəvvür edin,
ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah,
Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla,
eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq
etmək istəyirik".
Azərbaycanın güclü
iqtisadiyyata malik olması ikili əlaqələrin formalaşmasında
əsas rol oynayır. Məhz bu çərçivədə
ölkəmiz öz dəstəyini keçmişdə
olduğu kimi, bu gün də
göstərir. Pakistanın
çətin günlərində
Azərbaycan həmişə
onun yanındadır.
Xatırladaq ki,
2022-ci ildə Nazirlər
Kabinetinin qərarı
ilə Pakistandan idxal edilən düyü gömrük rüsumundan azad edilmişdi. Baş nazir də öz
çıxışında bununla bağlı qeyd etdi ki,
"Pakistan düyüsü
Azərbaycan bazarına
maneəsiz ixrac olunsun deyə hər cür rüsumları aradan qaldırdınız. İnşallah,
Pakistanın "Basmati"
düyü brendi də Azərbaycanda təqdim ediləcək".
Digər tərəfdən,
ölkə başçımızın
da vurğuladığı
kimi, iki ölkə arasında uçuşların sayı
da çoxalacaq. Bu da öz
növbəsində sosial
və iqtisadi dəyərləri özündə
birləşdirir.
Bununla yanaşı,
Azərbaycan və Pakistan Preferensial Ticarət Sazişini müzakirə ediblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Pakistanın ticarət naziri Səid Navid Qəmər və neft üzrə
dövlət naziri Musadik Məsud Maliklə birgə keçirilən görüşdə
Azərbaycan - Pakistan iqtisadi əlaqələrinin
gücləndirilməsinə təkan verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı görülən işlərdən
danışılıb. Qarşılıqlı
sərmayələrin təşviqi
və energetika sahəsində əməkdaşlıq
imkanları iki ölkənin gələcək
iqtisadi tərəfdaşlığına
xidmət edir. Qeyd edək ki, görüşdə dostluq və qardaşlığa əsaslanan
Azərbaycan-Pakistan əlaqələrinin
müxtəlif istiqamətlərdə
uğurla inkişafı
vurğulanaraq bildirilib
ki, iqtisadi əlaqələr Pakistanla
tərəfdaşlığın əsas prioritetlərindəndir
və bu sahəyə xüsusi töhfə verəcək
Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir. Bununla yanaşı, biznes forumlar və ticarət missiyaları kimi iqtisadi alətlər
də səmərəli
əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsində
və konkret layihələrin icrasında
əhəmiyyətli rol
oynayır.
Nurlan ABDALOV
Respublika.- 2023.- 19 iyul.-
S.9.