Azərbaycanın
hərbi qüdrəti
daha da artır
Ümummilli lider
Heydər Əliyev dövlət quruculuğunun
bütün sahələrində
olduğu kimi, ordu quruculuğunda da uğurlu siyasət yeridib. O, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində
güclü bir ordu yaratdı və ordu quruculuğuna
münasibətdə yeni
bir baxış formalaşdırdı.
Ulu öndər
Heydər Əliyevin
1969-cu ildə hakimiyyətə
gəlişindən sonra
müstəsna xidmətləri
sayəsində ölkəmizdə
hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Ümummilli liderin təşəbbüsü
ilə Bakıda Cəmşid Naxçıvanski
adına Hərbi Məktəb yaradıldı.
Bu məktəb Azərbaycan müstəqilliyini
bərpa edəndən
sonra milli ordunun formalaşmasında
əsas baza oldu.
Ordu quruculuğunda
yeni bir mərhələnin başlanğıcı
isə Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciətindən
sonra qoyuldu. Bu müraciət mütəşəkkil ordu
yaradılmasının əsaslarını
müəyyənləşdirən bir sənəd idi. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ümummilli
lider Heydər Əliyev tərəfindən
müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut
edir. Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev tərəfindən
uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə
deyil, bütünlükdə
dünyanın ən müasir orduları arasında yer tutmasına imkan verib.
Əgər 1993-cü ildə Azərbaycan Ordusunun ilkin formalaşmasından söhbət
gedirdisə, artıq bu gün regionun
ən güclü silahlı qüvvəsi məhz Azərbaycan Ordusudur. Bu gün
Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin
modernləşməsinə uyğun addımlar atması ordumuzun yüksək səviyyəyə
gəlib çatmasını
şərtləndirmişdir. Prezident İlham Əliyevin vaxtilə elan etdiyi "Azərbaycanın hərbi
büdcəsi ümumilikdə
işğalçı Ermənistanın
dövlət büdcəsinə
bərabər olmalıdır"
tezisi qısa müddətdə öz təsdiqini tapdı. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin
timsalında ən müasir tələblərə
cavab verən, mükəmməl döyüş
əməliyyatları aparmaq
qabiliyyətinə malik
bir ordunun nümunəsini görürük.
Azərbaycan Prezidenti İlham Əliyev 16 dekabr 2005-ci ildə sərəncam vermişdir
və bu sərəncama əsasən
Müdafiə Sənayesi
Nazirliyinin (MSN) tabeliyindəki
birlik və müəssisələr tərəfindən
hazırda 1000-dən çox
adda hərbi təyinatlı məhsullar
istehsal edilir, Azərbaycan ordusu həmin məhsullarla təchiz olunur. Regiondakı təhlükəsizlik
təhdidləri Azərbaycan
Ordusunun daim yeni silah və
texnikalarla təchiz edilməsini prioritet olaraq qarşıya qoymuşdur. Prezident İlham Əliyev də öz çıxışlarında bunu
dəfələrlə vurğulayaraq,
yüksək dəqiqliyə
və böyük dağıdıcı gücə
malik silahların alınmasına önəm
verildiyini bildirmişdir.
Bu kontekstdə, növbəti yaxın perspektivdə Azərbaycan
Ordusunun yüksək dəqiqliyə malik raket-artilleriya vasitələri
ilə silahlandırılmasının
davam edəcəyi gözlənilir.
2016-cı il aprelin
əvvəllərində Azərbaycanın
ön xətt mövqeləri və yaşayış məntəqələri
Ermənistan silahlı
qüvvələri tərəfindən
intensiv artilleriya atəşinə məruz
qalanda ordumuzun bölmələri əks-həmlə
ilə təxribatların
qarşısını aldı.
Bu, Aprel döyüşləri kimi
tarixə düşdü.
Döyüşlər Azərbaycan
Ordusunun qələbəsi
ilə nəticələndi.
Düşmənin atəş
nöqtələrinə və
artilleriya qurğularına
vurulan zərbələr,
kəşfiyyat qruplarımız
tərəfindən həyata
keçirilən müvafiq
tədbirlər nəticəsində
şimal istiqamətində
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə
yarada biləcək Talış məntəqəsi
ətrafında, cənubda
isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən
təhlükəsindən qorunması
məqsədilə Lələtəpə
yüksəkliyi və
onun ətrafındakı
strateji cəhətdən
mühüm ərazilər
azad edildi. Bölmələrimiz tərəfindən
azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam
tədbirləri həyata
keçirildi.
2020-ci il sentyabrın
27-dən etibarən Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin başlatdığı
əks-hücum əməliyyatı
Cənubi Qafqaz regionunda ötən əsrin 90-cı illərindən
bəri baş vermiş ən irimiqyaslı əməliyyat
hesab olunur. İkinci Qarabağ müharibəsi həm istifadə olunan texnologiyanın müasirliyi,
həm də döyüş taktikasının
spesifikliyi baxımından
bir çox xarici tədqiqatçı
və ekspertlərin diqqətini cəlb etmişdir. İkinci Qarabağ müharibəsinin
- Azərbaycanın ədalətli
müharibəsinin mahiyyəti
Ermənistan ordusunun hissələrini işğal
olunmuş Azərbaycan
torpaqlarından çıxarmaq,
işğalı sonlandırmaq
idi. Döyüşlər
10 noyabr Azərbaycan qoşunlarının Qarabağın
ən vacib yaşayış məntəqələrindən
biri olan Şuşa şəhərini
aldıqdan sonra sona çatıb. Azərbaycan Ordusunun texnoloji üstünlüyü
və dronlardan müvəffəqiyyətlə istifadəsi qələbənin
qazanılmasında əvəzedilməz
rol oynayıb. Torpaqlarımız işğaldan
azad edildikdən sonra Azərbaycan ordusu daha da
gücləndi.
Qeyd etmək lazımdır ki, bu il iyunun
23-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin
birində yaradılan
şəraitlə tanış
olub, hərbi hissəyə döyüş
bayrağını təqdim
edib. Ölkə başçımızın bu
zaman söylədiyi fikirlər Azərbaycanda ordu quruculuğuna göstərilən diqqəti
bir daha təsdiqləyir: "Müharibədən
sonra ordu quruculuğu üçün
əlavə addımlar
atılır və buna böyük ehtiyac var. Çünki
dünyada geosiyasi vəziyyət gərginləşir,
bölgəmizdə yeni
təhdidlər mövcuddur,
Ermənistanda revanşist
qüvvələr baş
qaldırır. Bütün
bunları nəzərə
alaraq, Ordumuzun daha da gücləndirilməsi
vəzifəsi bir nömrəli vəzifə
olaraq qalır. Buna nail olmaq
üçün təbii
ki, kompleks tədbirlər görülür.
Vətən müharibəsindən
sonra yeni silahların alınması
prosesi davam edir və artıq
bir çox kontraktlar imzalanmışdır
- həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə
gətirilməsi, həm
uzaqmənzilli raketlərin
ölkəmizə gətirilməsi,
o raketlər ki, böyük dağıdıcı
qüvvəyə və
yüksək dəqiqliyə
malikdir".
Röya RÜSTƏMLİ
Respublika.- 2023.- 20 iyul.-
S.1; 2.