Böyük
qayıdış: Ağdam
əhalisinin 70 faizi çoxmənzilli binalarda
yaşayacaq
XXI əsri təlatümlər,
ziddiyyətlər, müharibələr
əsri adlandırmaq olar, çünki dünyanı məhvərindən
qopartmaq istəyən
imperialist qüvvələrin
təkəbbürü və
inadkarlığı insanlığa
qarşı açıq
təhdidlər yaradır,
Avropanın mərkəzində
alovlandırılan müharibə
yüz minlərlə
insanın taleyinə ağır zərbələr
vurur, şəhərlər,
kəndlər dağılır,
günahsız uşaqlar
həlak olur. Dünyanın başqa tərəfində isə
aclıq və qıtlıq tüğyan
edir, insan haqları və beynəlxalq qanunlar pozulur. Özünü demokratiyanın beşiyi hesab edən Avropa ölkələrində
insanların haqlı narazılığına qarşı
polis zorakılığı
ilə cavab verilir, dinc nümayişə
çıxan adamları
əzir, tapdalayır,
yerlə sürüyərək
onları fiziki basqıya məruz qoyurlar. Siyasi və iqtisadi qarşıdurmaların nəbzi
gündən-günə daha
sürətlə döyünür,
irqçilik, dini ayrı-seçkilik, etnik zəmində qızışan
nifrət dünyanın
başı üzərində
qorxulu kabus kimi dolaşır.
Çalxalanan, ləngər
vuran dünyanın bir bucağında yerləşən Azərbaycan
amansız və qorxulu fikir dalğalarının
qarşısında öz
müvazinətini fədakarlıqla
saxlayır. Ölkəmizin
rəhbəri, sözünə
və imzasına hörmət qoyulan, dəmir iradəsi, qətiyyətli mövqeyi,
diplomatik məharəti
ilə dünyada tanınan, Qoşulmama Hərəkatının 120 ölkəsinə
sədrlik edən, İkinci Qarabağ müharibəsinin fatehi, əsgəri səngərdə
özü isə siyasət meydanında döyüşən və
tarixi qələbə
qazanan lider İlham Əliyev doğma xalqını və yurdunu bütün təhdidlərdən
cəsarətlə qoruyur.
Dünya tarixində bəlkə də belə bir hadisə
olmayıb, torpaqlarımızı
30 il işğal altında saxlayan, bir çox ölkələrin havadarlıq
etdikləri, mənafelərini
qoruduqları, silahlandırdıqları,
mif yaratdıqları,
işğalla barışın
təklifləri ilə
bizə təzyiq göstərən ATƏT-in
münaqişəni dondurmaq
cəhdlərini dəf
edərək Ermənistanı
cəmi 44 günə
diz çökdürən,
məğlub edən,
silahlı qüvvələrinin
belini qıran Azərbaycan tərəqqisinə
görə inkişaf
edən ölkələr
arasında layiqli yer tutur. Vaxtilə
ağır şərtlər
altında qalan ölkə indi diktə edən tərəfə çevrilib
və bu, heç də asan başa gəlməyib, gərgin zəhmət, fədakarlıq
hesabına siyasi tufanlara sinə gərilib, müharibədən
cəmi 8 gün sonra düşmən tərəfindən dağıdılan
və xarabalığa
çevrilən Qarabağın
və Şərqi Zəngəzurun bərpasına
başlanılıb. Bu
da tarixin səhifələrində bir
ilkdir, müharibələrdən
qalib çıxan heç bir ölkədə bu, baş verməyib.
İşğaldan azad
edilən ərazilərə
dəfələrlə səfər
edən dövlətimizin
başçısı icra
edilən infrastruktur layihələrə özü
nəzarət edir, tövsiyələrini verir,
yaralı torpağımızı
qarış-qarış gəzir,
şəhərlərin və
kəndlərin təməlini
qoyur. Bir daha qeyd edək
ki, İkinci Qarabağ müharibəsində
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı,
dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində
Ermənistan ordusu darmadağın oldu, düşmən ölkə
kapitulyasiyaya və əraziləri boşaltmağa
məcbur edildi. Ardınca isə işğal illərində
tar-mar edilən, yer üzündən silinən, dağıdılan
yaşayış məntəqələrinin
yenidənqurulması başlandı
və keçmiş məcburi köçkünlərin
doğma yurdlarına qayıtmaları üçün
Böyük Qayıdış
planı təsdiq edildi. Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli
Fərmanı ilə Qarabağ Dirçəliş
Fondunun, 2021-ci il 12 avqust tarixli "İşğaldan azad olunmuş ərazilərdə
şəhərsalma məsələləri
haqqında" Fərmanı
əsasında Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi yanında Qarabağ
Regional Memarlıq və
Şəhərsalma Baş
İdarəsinin yaradılması
bərpa və yenidənqurma işlərinin
sistemli və ardıcıl şəkildə
həyata keçirilməsinə
ciddi təminat verir. Ağır müharibədən iki il yarım keçməmiş,
Qarabağda və Şərqi Zəngəzurda
yenidən salınan qəsəbələrə və
Laçın şəhərinə
ilk qayıdış baş verir.
Qarabağın dağlıq
hissəsi ilə aranın qovuşuğunda
yerləşən, yenidən
qurularaq ölkənin
iri sənaye mərkəzinə çevrilən,
muğam ustalarının,
alimlərin, ziyalıların,
milli qəhrəmanların
yurdu Ağdamın xarabalıqları arasından
boylanan yeni şəhərin cizgiləri
onu göstərir ki, 2021-ci il mayın 28-də şəhərin
təməlini qoyan dövlətimizin başçısı
İlham Əliyevin dediyi "elə bir Ağdam quracağıq ki, dünyada bənzəri olmayacaq" sözləri
öz təsdiqini tapır. Düşmən
Ermənistan tərəfindən
yer üzündən silinən, "Qafqazın
Xirosiması" adlandırılan
Ağdam şəhərində
aparılan genişmiqyaslı
infrastruktur layihələrin
qısa xronikasına nəzər salaq. Gələcəkdə 100 min
nəfər əhalinin
yaşayacağı şəhər
həm də açıq səma altında muzey olacaq, düşmənin törətdiyi vəhşilik
haqqında bura gələn müsafirlərinə
şahidlik edəcək,
"Qarabağ" universiteti
tikiləcək, Ağdamın
köhnə simvolları
bərpa ediləcək.
Hazırda Bərdə-Ağdam,
Ağdam-Füzuli avtomobil
yolları çəkilir,
Bərdə-Ağdam dəmiryol
xətti artıq şəhər ərazisinə
çatıb, avtomobil
və dəmiryol vağzalları inşa olunur, 15 rezidentin və iki qeyri-rezidentin
maliyyə vəsaiti ilə Ağdam Sənaye Parkı tikilir. Yeni iş
yerləri yaradılır,
iki elektrik yarımstansiyası istifadəyə
verilib, şəhərdə
bir neçə yaşayış məhəlləsi
salınır, məktəb,
xəstəxana tikilir,
bir neçə kəndin təməli qoyulub, tarixi-dini abidələr bərpa edilir, 23 milyon kubmetr sututumu olan Xaçınçay Su Anbarı təmir edilib, əkin sahələrini suvarmaq üçün kanallar çəkilir, işğaldan azad edilən rayon ərazisində taxıl biçini aparılır.
Bir sözlə keçmiş məcburi köçkünlərin ləyaqətli
qayıdışı və
etibarlı məskunlaşması
üçün bütün
işlər uğurla,
ardıcıllıqla davam
etdirilir. Artıq ağdamlıların varlığını
qarsıb qovuran iyirmi səkkiz illik həsrətə son qoyulub, düşmənin
viran qoyduğu Ağdamın xarabalıqları
da bərpa olunduqca sonra daha əzəmətli görünür.
Ağdam otuz ilə yaxın məcburi köçkünlük
həyatı yaşayan
insanların, Birinci və İkinci Qarabağ müharibəsində
qəhrəmanlıq göstərərək
həlak olan şəhidlərin yurdudur.
Ağdam Qarabağ müharibəsində və
dövlətçiliyimizin qorunmasında 6 min nəfərə yaxın şəhid verib. Bu torpaq şəhid
qanı ilə suvarılıb, yüzlərlə
insan əlil olub, ağdamlılar torpaqlarımızın erməni
işğalçılarından müdafiə edilməsində
və 44 günlük
müharibədə qəhrəmanlıqla
döyüşüblər. Birinci və İkinci Qarabağ müharibəsində Ağdam
camaatı dəhşətli
günlər və ağrılar yaşayıb.
Şəhid xəbəri
hər üç evdən birinin qapısını döyüb,
bir ailədən iki, üç nəfər Vətən müharibəsində iştirak
edib, ata oğulları, qardaş qardaşı ilə birlikdə işğalçılara
qarşı döyüşüb.
Rayonun Çullu kəndindən əkiz qardaşlar döyüşlərdə
qəhrəmanlıq göstərərək
Vətən müharibəsində
eyni gündə şəhid olub, yüzlərlə gənc
qazidir, əlildir.
Bir vaxtlar ruhlar şəhəri adlandırılan Ağdamda
həyata keçirilən
infrastruktur layihələr
sürətlə icra
olunur. Ağdam şəhərində inşa
olunan yaşayış
binalarının fasadında
rayonun məşhur yerli ağ daşından
və milli, həmçinin Avropa memarlıq elementlərindən
istifadə edilir. Mütəxəssislər hesab
edirlər ki, Ağdamın böyük
quruculuq işlərində
mühüm yer alması sosial əhəmiyyət kəsb
etməklə, vətəndaşlarımızın
işğaldan azad edilmiş ərazilərdə
dayanıqlı məskunlaşmasında
və bu ərazilərin ölkənin
iqtisadi fəaliyyətinə
qoşulmasında bir körpü olacaqdır. Bir sözlə, azad edilmiş ərazilərdə qısa
müddətdə yaşayış
üçün münbit
şəraitin yaradılması,
yolların, dəmiryolu
xətlərinin çəkilməsi,
enerji təsərrüfatının
qurulması, yeni beynəlxalq hava limanlarının inşa edilməsi bu bölgələrdə iqtisadi
inkişafın sürətləndirilməsi
və əlverişli
investisiya mühitinin yaradılmasına güclü
təkan verir.
Hazırda qarşıda
duran əsas vəzifələrdən biri
də azad edilmiş ərazilərin
zəngin resurslarından,
infrastruktur potensialından
səmərəli istifadə,
bu məqsədlə dövlət-özəl sektor
tərəfdaşlığının təmin edilməsidir. Dövlət əlverişli
biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi
fəaliyyətin canlandırılmasına
və dayanıqlı
məskunlaşmanın təmin
olunmasına çalışır.
Bu baxımdan Ağdam Sənaye Parkına potensial rezident və investorların cəlb edilməsi istiqamətində
mühüm addımlar
atılır. "Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"nın
icrasına əsasən
Ağdamda 2022-2026-cı illər
ərzində 12 kəndin,
həmçinin 5 yaşayış
massivinin layihələndirilməsi,
eləcə də 4 kəndin və şəhərdə iki yaşayış massivinin
tikintisi nəzərdə
tutulur. Ağdam şəhərinin Baş
Planına əsasən
əhalinin 70 faizi çoxmənzilli binalarda
məskunlaşacaq. Qalan
əhali isə fərdi evlərdə yaşayacaq. Müasir Ağdamın ərazisi keçmiş şəhərin
və ətrafındakı
səkkiz kənddən
ibarət olacaq. Şəhər ərazisinin
23 faizi yaşıllıq
sahələrindən, meşələrdən
və parklardan ibarət olacaq. Şəhərə altı
giriş-çıxış yolu olacaq, burada
velosiped və piyada yollarından da geniş istifadə
olunacaq. Ağdam şəhərinin layihəsinə
uyğun olaraq bura köçürüləcək
əhalini istilik və isti su
ilə təqdim etmək məqsədilə
müxtəlif yaşayış
massivlərində 12 qazanxana
kompleksi tikiləcək.
Gözlərimiz qarşısında
unikal memarlıq elementləri və modern üslubunda inşa edilən Ağdam şəhəri addım-addım böyüyür,
gələcəyə boylanır.
Tək Ağdamda deyil, işğaldan azad edilən bütün ərazilərdə
fərqli və bənzərsiz memarlıq
üslubunda, müasir
şəhərsalma layihələri
əsasında şəhərlər
və kəndlər salınır. İyulun
13-də ölkəmizin diplomatik
xidmət orqanlarının
rəhbərlərinin müşavirəsi
çərçivəsində Ağdam şəhərinə
səfər təşkil
olunub. Xarici İşlər Nazirliyinin
rəhbər heyəti,
xaricdəki diplomatik missiyalarımızın rəhbərləri
ilk öncə Ağdam Şəhidlər
Xiyabanını ziyarət
edib, vətən uğrunda canından keçmiş şəhidlərin
məzarlarının üzərinə
gül dəstələri
qoyublar. Sonra "Ağdamın dirçəlişi"
adlı tədbir keçirilib. Tədbirdə
bildirilib ki, Ağdamın, Qarabağın
Azərbaycan xalqı üçün əhəmiyyəti
çox böyükdür.
Bir zamanlar ölkəmizin ən inkişaf etmiş bölgələrindən biri
olan bu gözəl
şəhərin düşmən
ölkə tərəfindən
məqsədyönlü şəkildə
dağıdılmasının Ermənistanın Azərbaycana
qarşı etnik nifrət və dözümsüzlük siyasətinin
tərkib hissəsidir.
Bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı
nəticəsində bütün
işğaldan azad olunmuş ərazilərimizin,
o cümlədən Ağdamın
qarış-qarış bərpa
edilməsi dövlətimizin
gücünü və
iradəsini göstərir.
Mövcud çətinliklər,
dağıntıların miqyası
və mina təhdidinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərin
bərpası və məcburi köçkünlərimizin
öz yurdlarına layiqli qayıdışı
başlayıb.
Qeyd edək ki, dövlətimizin başçısı İlham
Əliyev indiyədək
30 yaşayış məntəqəsinin
- 8 şəhər, 22 qəsəbə
və kəndin təməlinin qoyulmasında
şəxsən iştirak
edib. Bu il dövlət büdcəsinə təkrar
baxıldıqdan sonra
Qarabağın və
Şərqi Zəngəzurun
bərpası ilə bağlı hər şey nəzərdə tutulan planlardan daha sürətlə icra edilir. Bunu
Prezident İlham Əliyev iyulun 11-də keçirilən cari ilin altı ayının yekunlarına
həsr edilən müşavirədə çıxışı
zamanı Qarabağda və Şərqi Zəngəzurda aparılan
işlər haqqında
bildirib ki, bütün gücümüzü
bu quruculuq işlərinə səfərbər
etmişik. Artıq bu il Talış
kəndinə və Laçın şəhərinə
keçmiş məcburi
köçkünlərin qayıtmasını
təmin etmişik. İlin sonuna qədər Laçın
şəhərinin Zabux
və Sus kəndlərinə də
keçmiş məcburi
köçkünlər qayıdacaqlar.
Qayıdış Proqramı
ardıcıllıqla aparılır
və beləliklə,
ilin sonuna qədər bizim artıq 5 yaşayış
məntəqəmizdə - 1 şəhər və 4 kəndimizdə vətəndaşlar
öz dədə-baba
torpaqlarında tam məskunlaşacaqlar.
Dövlət başçısı
deyib ki, bütövlükdə Böyük
Qayıdış Proqramının
birinci mərhələsində
100 yaşayış məntəqəsinin
yenidən qurulması
nəzərdə tutulur.
Baş planlar hazırlanıb təsdiqlənib,
bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə,
infrastruktur layihələri
icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara
bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında
bunu deyə bilərəm ki, cəmi 8 ay ərzində şəhərin
böyük hissəsi
tamamilə bərpa edilib və 700-dən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər
hazırlanır. Laçın
şəhərinin gələcək
inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Büdcəyə bütövlükdə
3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun
bərpa edilməsinə
istiqamətləndirilib, 1,1 milyard manat isə
hərbi potensialımızın
güclənməsinə. Yəni
ayrılmış məbləğin
mütləq əksəriyyəti
bu iki istiqamətə
yönəldilmişdir və
bu da təbiidir.
Çünki bu gün ölkə qarşısındakı iki
əsas istiqamət məhz bu vəzifələrdir.
Salman
ALIOĞLU
Respublika.-
2023.- 20 iyul.- S. 8.