Ədalətli
və qətiyyətli
mövqeyin yaratdığı
yeni reallıqlar
Vətən müharibəsi
ilə Azərbaycan regionda yeni reallıqlar
yaratdı. 44 günlük
müharibə Azərbaycanın
tam qələbəsi
və Ermənistanın
kapitulyasiyası ilə
nəticələndi. Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistanı
diz çökdürdü,
düşmənin məğlubedilməzliyi
barədə illərdir
formalaşdırılmış, əslində reallıqla heç bir əlaqəsi olmayan mifi dağıtdı. Azərbaycan öz ərazi bütövlüyünü
bərpa etməklə,
həmçinin bütün
qüvvələri xalqımızın
iradəsi ilə hesablaşmağa vadar etdi. Müzəffər ordumuzun döyüş meydanında qazandığı
qələbə ölkəmizin
siyasi müstəvidə
də arzu və istəklərinin həyata keçməsinə
zəmin yaratdı.
"Azərbaycan xalqı
əmin ola bilər ki, bizim təhlükəsizliyimiz
etibarlı əllərdədir.
Azərbaycan xalqı bundan sonra da
rahat yaşaya bilər və yaşamalıdır. Bizim
qarşıda duran vəzifələrimizdən biri
təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada,
bu sahədə, yəni nəticə təkcə bizdən asılı deyil. Halbuki, bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq əlbəttə
ki, bu, qarşılıqlı
fəaliyyətdir". Bu
fikirləri Prezident İlham Əliyev
2023-cü ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə
bildirib. Dövlət başçısı vurğulayıb
ki, sülh danışıqları ilə
bağlı mövqeyimiz
aydındır, məntiqlidir,
beynəlxalq hüquqa
əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri
əsasında sülh
müqaviləsi imzalana
bilər.
Azərbaycan 30 il
davam edən tarixi ədalətsizliyə
2020-ci ilin 10 noyabr tarixində son qoydu. Noyabr ayının
9-dan 10-na keçən gecə
Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanat
imzalandı. Beləliklə,
bu bəyanatla münaqişənin hərbi
mərhələsi başa
çatdı. Ötən
dövr ərzində
savaş meydanında tarixi qələbə əldə edən Azərbaycan bu gün artıq siyasi-diplomatik müstəvilərdə
də istədiyinə
nail olub. Ölkəmizin əldə
etdiyi önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına
razılıq əldə
olunması və bu məsələ ilə bağlı müvafiq komissiyaların yaradılması oldu.
Sənədin üstünlüklərdən
biri də sonrakı illərdə imzalanmış digər bəyanat və razılaşmalarda Ermənistan
tərəfindən Azərbaycanın
ərazi bütövlüyünün
tanınması faktının
təsbit olunmasıdır.
Bu günədək davamlı olaraq keçirilən ikitərəfli
və üçtərəfli
görüşlərdə gedən proseslər
ABŞ danışıqlarında da təkrarlandı. Lakin Ermənistan mərkəzdənqaçma xislətinə
sadiq qaldı. Bəyanatlardan irəli gələn öhdəliklərini
yerinə yetirməkdən
imtina edən Ermənistan müxtəlif
bəhanələrlə sülh
sazişini imzalamağa
hələ də
"tələsmir".
Ötən il oktyabr ayının 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının
Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşün nəticəsində
imzalanmış Bəyanatla
Azərbaycanın ərazi
bütövlüyü tanındı.
Bəyanatda qeyd olunur: "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və
1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini
bir daha nümayiş etdirərək
bir-birinin ərazi bütövlüyü və
suverenliyini tanıyır.
Tərəflər bildiriblər
ki, bu, delimitasiya
üzrə komissiyanın
fəaliyyəti üçün
əsasdır". Azərbaycanla
Ermənistan arasındakı
münasibətlərin normallaşmasına
cəhdlərdə intensivlik
artdıqca regional və qlobal münaqişələrin alovlanacağı
təsəvvürü yaranır.
Hərçənd ki,
Azərbaycan böyük
ölçüdə Ermənistanı
məkrli prosesdən kənarda saxladıqdan sonra qlobal oyunçularla
fikir mübadiləsi aparmaq üçün xeyli irəliləyiş əldə edib. Xüsusilə, Laçın
rayonunun Ermənistanla
sıfır nöqtəsində
quraşdırılan sərhəd-buraxılış
məntəqəsi ilə
sülhə maneə yaradan üçüncü
tərəflərin hadisələrə
müdaxiləsi minimallaşdıqca
onlar Bakı ilə danışıqların
vacibliyini önə çəkirlər.
Brüssel Sülh
Gündəliyinin ölkəmizin
haqlı mövqeyinə
uyğun hazırlanmasının
vacibliyinin qeyd edilməsi, görüşdə
Qərbi Azərbaycan icması və onların qayıdışı
məsələsinin gündəmə
gətirilməsi 2020-ci ildən
bəri simasında məyusluq kök salan erməni rəhbəri üzərində
qalib Azərbaycan liderinin növbəti diplomatik qələbəsi
kimi xarakterizə edilə bilər. Suverenlik, ərazi bütövlüyü, kommunikasiya,
humanitar yardımlar, hüquqlar, təhlükəsizlik,
əsirlərin, itkin düşənlərin taleyi
və digər məsələlərin masaya
yatırıldığı Brüssel görüşünün
yekunlarına dair açıqlamadan aydın
olur ki, tərəflər may görüşündən sonra
bir daha Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın
isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə
və suverenliyinə hörmətlə yanaşdıqlarını
qəti şəkildə
təsdiqləyiblər. Sərhədlərin
delimitasiyası məsələsində
isə ötən görüşdəki kimi,
yenə 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürülüb
ki, bu da
sülh sazişinin Azərbaycanın lehinə
imzalanması yolunda növbəti uğurlu addım kimi dəyərləndirilir.
Belçikanın paytaxtı
Brüsseldə keçirilən
üçtərəfli görüşün
müzakirə predmetləri
sırasında yer alan, təkcə Azərbaycanın deyil, əksər region ölkələrinin, böyük
güclərin də xüsusi marağında olan məsələ isə, heç şübhəsiz, kommunikasiyaların
yaradılması, Zəngəzur
dəhlizinin açılmasıdır.
Belə ki, tərəflərin son iki ayda regionda
nəqliyyat və iqtisadi əlaqələrin
bərpasına yönəlmiş
müzakirələrdə də
aşkar irəliləyişə
nail olduğunu diqqətə çatdıran
Avropa İttifaqı Şurasının rəhbəri
suverenlik, yurisdiksiya və qarşılıqlılıq
prinsiplərinə cavab
verən gələcək
nəqliyyat razılaşmalarının
şərtlərini müzakirə
etdiklərini vurğulayıb.
Səsləndirilən: "Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır.
Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma
tələb edir, lakin bu mövzuda
indi mövqelər yaxınlaşır və
variantlar fəal şəkildə araşdırılır"
fikirləri artıq Avropanın da erməni nazı ilə oynamaqdan səbir kasasının dolub-daşdığını, problemin həllinin bir addımlıqda olduğunu deməyə əsas verir.
Xatırladaq ki,
Brüsseldə ilk üçtərəfli görüş
2021-ci il dekabrın
14-də keçirilib. Məhz
həmin görüş
zamanı Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən
sülh gündəliyi
formalaşdırılmışdı. Məhz o görüşdən
sonra Avropa İttifaqı ilə Azərbaycan arasında təmaslar intensiv xarakter aldı. Buraya telefon zənglərini, səfərləri
aid edə bilərik. Bunun nəticəsi olaraq görünən odur ki, sülh gündəliyinin
formalaşması tam Azərbaycanın istədiyi
kimidir. Azərbaycan hər zaman qeyd edib ki,
biz əməkdaşlığa
daha çox üstünlük veririk. Qarşılıqlı kommunikasiyaların
açılması sahəsində
Azərbaycan bölgədə
böyük bir coğrafi məkanı birləşdirəcək, Avrasiyanı
əhatə edən əlverişli logistika mərkəzinə çevrilib
və bunu daha da genişləndirmək
imkanı var. Azərbaycan bunu dəfələrlə vurğulayıb
və bu da sənəddə öz əksini tapıb.
Ermənistandan fərqli
olaraq, Azərbaycanın
sülh istiqamətindəki
prinsipial mövqeyində
indiyədək heç
bir dəyişiklik olmayıb. Şərtlər
və prinsiplər Ermənistana, eləcə
də bu prosesdə maraqlı olan tərəflərə
aydın şəkildə
bəyan edilib. Sərhədlərin tanınması,
ərazi iddialarına
son qoyulması, kommunikasiyaların açılması,
anklavların qaytarılması
və Qarabağda yaşayan ermənilərin
hüquqlarının Azərbaycanın
daxili işi olmasının qəbul edilməsi bu prinsipial sülh siyasətinin əsas nüvəsini təşkil
edir. Təklif olunan sülh gündəliyi daha çox Ermənistana və erməni cəmiyyətinə lazımdır.
Sosial-iqtisadi böhran
yaşayan Ermənistanın
əsas çıxış
yolu qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan
keçir. Dünyaya və Avropaya nəqliyyat çıxışının
məhz Azərbaycan və Türkiyə ərazisindən edilməsi
də Ermənistan üçün iqtisadi cəhətdən sərfəlidir.
Lakin Ermənistanın
reallığa uyğun
olmayan davranışları
və əməli addımlar atmaması hər keçən gün erməni dövlətinin sarsılması
və cəmiyyətinin
daha da dərin
xaosa qərq olması ilə nəticələnir.
Avropa İttifaqı
Şurasının Prezidenti
Şarl Mişel
Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə
arasında normallaşmanı
təşviq etmək
səylərini inkişaf
etdirmək üçün
Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamaqda davam edir. Avropa
İttifaqının gizli
gündəliyi yoxdur,
qurumun "yeganə"
məqsədi Ermənistan
və Azərbaycana hərtərəfli və
ədalətli sülhə
nail olmaqda kömək etməkdir. Beləliklə də, iyulun 15-də Belçikanın
paytaxtında keçirilən,
Azərbaycanın haqlı
mövqeyini dəstəkləyən
üçtərəfli görüşün
ümumi nəticələri
belə deməyə əsas yaradır ki, keçmişdəki digər danışıq
formatlarından fərqli
olaraq Brüssel Sülh Gündəliyi məsələnin mümkün
həll variantının
yubatmadan, tez bir zamanda gerçəkləşməsini
hədəfləyir.
Mustafa KAMAL
Respublika.- 2023.- 21 iyul.- S.1; 3.