Azərbaycan
regionda təhlükəsizliyi
və əməkdaşlığı
təşviq edir
Təhlükəsizliyə, sabitliyə, qarşılıqlı
faydalı əməkdaşlığa
mühüm töhfə
verən Azərbaycanın
beynəlxalq nüfuzu
gündən-günə artır.
Əldə olunan sosial-iqtisadi və siyasi nailiyyətlər iqtisadi suverenliyin möhkəmlənməsinə zəmanət verir. Regionda geosiyasi vəziyyətin əsaslı
şəkildə dəyişməsi,
ölkəmizin yaratdığı
reallıqlar iqtisadi əməkdaşlıqda bir
sıra perspektivlər
vəd etməklə yanaşı, iqtisadi təhlükəsizliyin əsas
komponentləri olan enerji, ərzaq, maliyyə və nəqliyyat təhlükəsizliyinin
davamlı inkişafını
da şərtləndirir.
Bütün sahələrdə
tərəqqi mərhələsinə
yüksələn Azərbaycan
dinc, əmin-amanlıq
və müasir həyat səviyyəsinin
təmin olunduğu ölkə olaraq bütün dünyada etibarlı tərəfdaş
kimi qəbul edilir. Dövlətçilik
ənənələrini möhkəmləndirən,
iqtisadi gücünü
artıran, böyük
potensiala malik olan ölkəmizin gələcəyə hesablanmış
sürətli inkişafı
regiona da öz müsbət təsirini göstərir.
İqtisadi inkişaf
mərhələsinin vacib
amili olan Zəngəzur dəhlizi türk dövlətlərinin
iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq, regionda nəqliyyat kommunikasiyalarının açılması
ilə qarşılıqlı
dialoq, etimad mühiti formalaşacaq. Zəngəzur dəhlizinin
açılması təkcə
Naxçıvan Muxtar
Respublikasının deyil,
regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin
blokadadan çıxarılmasına
imkan verəcək.
Eyni zamanda, bütövlükdə Cənubi
Qafqazın siyasi, iqtisadi mənzərəsini
dəyişəcək, regionda
inteqrasiyanı təmin
edəcək və iqtisadi baxımdan bu yoldan istifadə
edən bütün tərəflərə real
iqtisadi dividentlər gətirəcək. İyulun
15-də Brüsseldə keçirilən
növbəti görüşdə
də dəmiryolu xəttinin tikintisinin dərhal başlanılmasının
vacibliyi qeyd olunmuş və bu məsələdə ortaq mövqeyə yaxınlaşma özünü
büruzə vermişdir.
Avropa İttifaqı isə bu kontekstdə
maliyyə töhfəsi
verməyə hazır
olduğunu ifadə etmişdir.
Tarixi Azərbaycan
ərazisi olan Zəngəzurdan keçəcək
kommunikasiyalar bölgənin
tranzit xəritəsində
mühüm yeniliklər
yaradacaq. Xalqımızın
firavan gələcəyini
təmin edən, Cənubi Qafqazda, Avropa Birliyində təhlükəsizliyin, əməkdaşlığın
möhkəmlənməsinə hesablanmış qlobal layihələr isə müstəqil dövlətimizin
öz gücü, potensialı, ölkə başçımızın qətiyyəti,
əzmkarlığı sayəsində
gerçəkləşir.
Təhlükəsizlik, gücün tətbiq edilməməsi, yeni yaranan reallıqların qəbul olunması və sair məsələlər
Azərbaycanın sülh
təkliflərinin əsas
tərkib hissəsidir.
Azərbaycanın 5 prinsip
əsasında hazırladığı
sülh təklifini Ermənistan hökuməti
qəbul etmiş, eyni zamanda, bu
prinsiplərə əsaslanaraq
Azərbaycanla delimitasiya
prosesinin başlanması
üçün birgə
işçi qrupunun yaradılmasına da razılıq vermişdir.
Regional inkişafa yönəldilmiş
sülh müqaviləsinin
imzalanması və həmin təməl prinsiplərin həyata keçirilməsi isə Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhə
hədəflənib. Bu
isə təkcə Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə
regionda təhlükəsizliyin,
sabitliyin bərqərar
olmasına və eyni zamanda region
dövlətləri arasında
əməkdaşlıq əlaqələrinin
möhkəmlənməsinə geniş imkanlar yaradacaq. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasını,
sərhədlərinin delimitasiyasını,
kommunikasiyaların açılmasını
nəzərdə tutan,
5 baza prinsipi əsasında irəli sürülən sülh sazişinin imzalanması regiona uzunmüddətli sülhü gətirmək
istəyində olan Azərbaycanın mövqeyini
ehtiva edir.
6-cı Brüssel görüşünü
indiyədək bu formatda keçirilən görüşlərin uğurlu
davamı kimi qiymətləndirən Aİ Prezidenti
iyulun 15-də mətbuata
bəyanatında Laçın
yolunun açılmasının
vacibliyini vurğulamış,
eyni zamanda Azərbaycanın humanitar yardımları Ağdamdan
təmin etmək istəyini bildirmişdir. Qeyd edək ki, ölkə başçımız regionda
təhlükəsizliyin, çoxşaxəli
əməkdaşlığın bərpa olunması üçün Rusiya kontingentinin Azərbaycan marşrutunu qəbul etməsinin, humanitar yardımların Bərdə-Ağdam
vasitəsilə Xankəndiyə
çatdırılmasının vacibliyini vurğulayır.
Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Qarabağda yerləşmiş ermənilərin
"qayğısına" qalan Beynəlxalq Qırmızı Xaç
Komitəsinə dövlətimiz
tərəfindən dəfələrlə
Xankəndiyə gediş-gəlişin
və humanitar yardımların daşınması
üçün Bərdə-Ağdam-Xankəndi
yolunun daha təhlükəsiz və
daha əlverişli olduğu bildirilmişdir. Belə ki, yol
qısa olmaqla yanaşı, həm də qaçaqmalçılığın
qarşısının alınmasına
imkan verər. Hələ sovetlər dönəmində mövcud
olmuş Bakı-Laçın
yolu Bakı-Yevlax-Bərdə-Ağdam-Xankəndi-Şuşa-Laçından
keçərək Ermənistana
çatırdı. Bu
gün Azərbaycan dövləti həmin yolun Bərdədən Ağdama qədər olan hissəsini ən müasir tələblər səviyyəsində
yenidən qurur. Lakin qarşı tərəf Rusiya sülməramlılarının şəxsi heyətinin, onların təchizatının,
hərbi texnikanın,
o cümlədən Qarabağda
yaşayan ermənilərə
göndərilən humanitar
yardımların Ermənistandan
keçməsini israr
edir. Çünki gedib-gəlişin və humanitar yardımın Ermənistandan keçməsi
ermənilərə Qarabağdakı
separatçıları silah-sursatla
təmin etmək üçün əlverişli
fürsət yaradır.
Azərbaycan isə ərazilərinə nəzarəti
özü həyata keçirməkdə qətiyyət
nümayiş etdirir ki, bu da
ümumilikdə regionda
sabitliyin, təhlükəsizliyin
təmin olunmasına xidmət edir. İkinci Qarabağ müharibəsindən sonra
Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşmasına vasitəçilik
edən Aİ Prezidenti
Şarl Mişel bu barədə iyulun 15-də Brüssel görüşündən sonra
mətbuata açıqlamasında
demişdir: "Mən
Laçın yolunun açılmasının vacibliyini
vurğuladım. Mən
Azərbaycanın Ağdamdan
humanitar yardımları
təmin etmək istəyini də qeyd etdim. Mən
hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin
olunması üçün
hər iki tərəfdən humanitar
yardımların çatdırılmasını
dəstəkləyirəm. Mən, həmçinin Beynəlxalq Qırmızı
Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını
da alqışladım".
Azərbaycanın Ağdam-Xankəndi
marşrutu təklifinin
sonuncu Brüssel görüşündə Aİ Prezidenti tərəfindən
dəstəklənməsi ölkəmizin
mövqeyini daha da gücləndirir.
Azərbaycan regionda
təhlükəsizliyi və
əməkdaşlığı təşviq edir, kommunikasiyalarının açılmasına,
qonşuluq münasibətlərinin
yaxşılaşdırılmasına, düşmənçiliyə son
qoyulmasına səy göstərir. Bölgədə
sülhə, təhlükəsizliyə
mühüm töhfə
verərək mehriban qonşuluq, tərəfdaşlıq
mövqeyi nümayiş
etdirir. Artıq bütün dünya bunu görür və qəbul edir.
Mehparə ƏLİYEVA
Respublika.- 2023.- 21 iyul.- S.1; 4.