Vətənə ləyaqətlə xidmət
nümunəsi
Məsələ heç
də uzun illər yaşamaqda deyil, bu ömrü
mənalı, istədiyin
kimi başa vurmaqdadır. Siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov da ömrünü kifayət
qədər dolğun,
ləyaqətli, xalqına,
vətəninə xidmət
edərək yaşayır.
Gənclik illərindən
hərbiyə olan marağı onu 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi məktəbinə aparıb. Buranı bitirən kimi SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava
rəisinin müavini işləyib. Daha sonra isə Pamir Sərhəd dəstəsində siyasi şöbədə təlimatçı
vəzifəsini daşıyıb.
Sovetlər dönəmində
hər bir əsgər və zabitin ən böyük sınağı
Əfqanıstan müharibəsi
hesab olunurdu. Onun da tərcümeyi-halına
Əfqanıstan müharibəsinin
qanlı səhifəsi
yazılıb. C.Xəlilov
Əfqanıstan müharibəsinə
gedəndə baş leytenant rütbəsi daşıyırdı.
O, 1990-cı ildə Tacikistan Dövlət Universitetinin hüquq fakültəsini qiyabi yolla bitirib. Milli Ordu yaranarkən
Azərbaycanda baş verən hadisələrdən
narahat olaraq vətənə qayıdıb,
milli ordu quruculuğunda iştirak edib və 2012-ci ilədək Sərhəd
Qoşunlarında və
Milli Təhlükəsizilik
Nazirliyində müxtəlif
vəzifələr daşıyıb
və Azərbaycan Respublikası Sərhəd
Qoşunları Komandanının
şəxsi heyətlə
iş üzrə müavini vəzifəsinə
qədər yüksəlib.
O, harada, hansı vəzifədə xidmət
etməyindən asılı
olmayaraq hərbçi
bacarığı, intuisiyası,
biliyi, verilən tapşırığı vaxtında
və səhvsiz yerinə yetirməsi ilə komandirlərin hörmətini qazanmışdır.
Bütün bunlar onun hərb olimpində addım-addım
irəliləməsinə zəmin
olmuşdur.
Əfqanıstandakı şücaəti nə qədər qürur doğursa da, yaxud müharibədən sonrakı Rusiyada xidməti uğurlu keçsə də, onu vətənində gedən proseslər daha çox düşündürürdü. Ona görə də, sovetlərin dağılması ərəfəsində
dərhal vətənə
dönərək ən
çətin vaxtda ordu quruculuğu, Silahlı Qüvvələrin
xüsusi növü olan Sərhəd Qoşunlarının yaradılması
prosesinə qoşulur
və keçmiş Əfqanıstan döyüşçüsü
kimi təcrübəsini
ordunun yaranmasına həsr edir. Əfqanıstan təcrübəsi
Qarabağ döyüşlərində
də onun köməyinə gəlir.
Gənc zabitin çox qısa bir müddətdə iki fərqli müharibədə iştirak
etməsi həyatının
mühüm səhifələrini
təşkil edir. Taleyindəki sonuncu müharibə əvvəlkindən
yerlə-göy qədər
fərqlənirdi: o, doğma
vətənini müdafiə
edir, qoruyur, təşkilatçılığı ilə əsgərləri
də buna ruhlandırırdı. Həmin
illərdə C.Xəlilov
Azərbaycan Respublikasının
təhlükəsizlik orqanlarının
tərkibində olan Sərhəd Qoşunlarının
yaradılması prosesində
bir zabit kimi qüvvə və bacarığını
əsirgəmir. Deyim ki, istənilən Silahlı Qüvvələrdə
şəxsi heyətlə
iş, hərbi və milli vətənpərvərlik
tərbiyəsi prioritet
istiqamətlərdən biri
olub. Bu mənada, C.Xəlilovun Silahlı Qüvvələrdəki
xidməti daim diqqət mərkəzində
olmuş və dövlət tərəfindən
yüksək qiymətləndirilmişdir.
Hər bir hərbçinin həyatında
bir veteran olmaq xoşbəxtliyi də var; belə
ki, şərəf dolu hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də həyatını ordu quruculuğundan kənarda görmədi, ömrünü Respublika Müharibə,
Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatına
bağladı və bu gün də
burada çalışır.
Vətən uğrunda
şəhid olmuş insanların ailələrinə,
müharibə əlillərinə,
Böyük Vətən
müharibəsi, Əfqanıstan,
Qarabağ müharibəsi
veteranlarına diqqət
və qayğı ilə yanaşır. C.Xəlilov 2014-cü ildən
Azərbaycan Respublikası
Veteranlar Təşkilatının
sədr müavinidir.
O, bu gün ölkə rəhbərliyinin
veteranlarla bağlı
həyata keçirdiyi
dövlət siyasətinin
uğurla yerinə yetirilməsində, gənclərin
azərbaycançılıq məfkurəsinə uyğun,
vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında
böyük işlər
görür. Respublika Veteranlar
Təşkilatının dövlət
orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin
qurulmasında, veteranların
ölkənin ictimai-siyasi
həyatında fəal
iştirakında əməyi
çoxdur.
44 günlük Vətən
müharibəsi nəticəsində
torpaqlarımızın erməni
işğalından azad
edilməsində Azərbaycan
Respublikası Veteranlar
Təşkilatının da
özünəməxsus rolu
oldu. Təşkilatın
gənclər arasında
hərbi-vətənpərvərlik tərbiyəsi, əsgər
və zabitlərimizin
xalqımızın döyüş
ənənələri ruhunda
yetişdirilməsi sahəsində
müvafiq dövlət
orqanları ilə birgə həyata keçirdiyi tədbirlər
onları torpaqlarımızın
azad edilməsinə ruhlandırdı.
C.Xəlilov peşəkar
hərbçi olmaqla yanaşı, həm də bir alim
ömrü yaşayır.
O, hərb sahəsindəki
praktik bacarığını
elmi sahəyə də gətirmiş,
"Milli təhlükəsizliyin
təmin edilməsində
milli mənlik şüurunun rolu" mövzusunda elmi işini uğurla müdafiə edərək
siyasi elmlər üzrə fəlsəfə
doktoru alimlik dərəcəsi almışdır.
Bu istiqamətdə yazdığı məqalələr
ölkənin nüfuzlu
elmi jurnallarında dərc edilmişdir. Onun 50-dən çox elmi məqaləsi və dörd kitabı bu sahədəki uğurunun əsas göstəricisidir.
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti
kimi elmi və praktiki biliklərinin gənc nəslə çatdırılması
yolunda səylərini
heç zaman əsirgəmir. Dörd kitab, əllidən çox elmi məqalə, bir proqram və dərslik müəllifi kimi araşdırmalarını
davam etdirir. Bu mənada, siyasi elmlər üzrə fəlsəfə
doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının
dosenti C.Xəlilovun
"Milli təhlükəsizlik
strategiyası" dərsliyi
olduqca böyük əhəmiyyət daşıyır.
İndiyədək C.Xəlilov
milli təhlükəsizlik
problemi ilə bağlı bir çox məqalələr
yazsa da, son tədqiqatı monumentallığı, aktuallığı
və əhəmiyyəti
ilə bu sahədəki boşluğu
tamamilə doldurur. Əslində, bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqat
işinin də tələblərinə tamamilə
cavab verdiyindən onu dərslik-monoqrafiya da adlandırmaq mümkündür. Dərslikdə
milli təhlükəsizlik
strategiyası və onun nəzəri əsasları, formalaşması
və inkişaf xüsusiyyətləri, eləcə
də prioritetləri konseptual şəkildə
təhlil edilir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində
milli təhlükəsizlik
problemi daha çox nəzəri istiqamətdə araşdırılır
və təhlükəsizliyin
təmin edilməsi məsələsində beynəlxalq
münasibətlər nəzəriyyəsi
və təcrübəsinə
əsaslanır.
Dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik
sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca
bir fəslin ayrılması problemin aktuallığından irəli
gəlmişdir. Dərslikdə
dünyada milli təhlükəsizliyin mürəkkəb,
çoxşaxəli bir
sistem olduğu və burada şəxsiyyətin, cəmiyyətin,
dövlətin təhlükəsizlik
məsələləri və
onların tərkib hissələri, eləcə
də prioritet istiqamətlərinin başlıca
yer tutması çoxsaylı nümunələr
və nəzəri fikirlər əsasında təhlil edilir.
Siyasi elmlər
üzrə fəlsəfə
doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
dosenti Cəlil Xəlilovun "Milli təhlükəsizlik strategiyası"
dərsliyinin böyük
bir hissəsi Azərbaycan Respublikası
milli təhlükəsizlik
siyasətinin təşəkkülü,
formalaşması və
inkişaf xüsusiyyətlərinə
həsr edilmişdir. Müəllif müasir geosiyasətdə Azərbaycanın
daxili və xarici siyasətinin özünəməxsus yeri
olduğunu, 1993-cü ildən
başlayaraq milli təhlükəsizliyin təmin
edilməsi üçün
verilən qərarların,
görülən işlərin
təkmilləşdirildiyini və sistemli bir fəaliyyət halına gətirildiyini əsaslandırır.
Cəlil Xəlilov bu gün də işgüzarlıqla, hərbçi
nizam-intizamı ilə
Azərbaycan dövlətinə
və xalqına sədaqətlə xidmət
edir. O, həm də hərbi ekspertdir, regionda və dünyada baş verən siyasi, hərbi proseslərlə bağlı
fikirlər söyləyir,
siyasi və hərbi maarifçilik işləri aparır. Veteranlar təşkilatında
zəngin təcrübəsini
nəsillərlə paylaşır,
cəmiyyətdə və
gənclər arasında
apardığı maarifçilik
işləri gənclərin
təlim-tərbiyəsində, vətəndaş kimi formalaşmasında mühüm
rol oynayır.
Polkovnik Cəlil
Xəlilov Respublika Veteranlar
Təşkilatının sədr
müavini kimi Azərbaycanı xarici ölkələrdə, o cümlədən
MDB məkanında layiqincə
təmsil edir, onların müvafiq təşkilatları ilə
əməkdaşlıq əlaqələrinin
gücləndirilməsi, Azərbaycan
həqiqətlərinin təbliği
və müdafiəsində
bilik və bacarığını əsirgəmir.
O, MDB veteranlarının Beynəlxalq
Təşkilatının Əlaqələndirmə
Şurasının, Ehtiyatda
olan zabitlərin Beynəlxalq Məsləhətləşmə
Komitəsi Rəyasət
Heyətinin üzvüdür.
Bədirxan
ƏHMƏDLİ,
professor.
Respublika.- 2023.- 21 iyul.- S.6.