Uğurlu diplomatiyamızın
təcəssümü - Brüssel formatı
Azərbaycan 30 il davam
edən tarixi ədalətsizliyə 2020-ci il 10 noyabr tarixində son qoydu.
Noyabr ayının
9-dan 10-na keçən gecə
Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli
Bəyanatla münaqişənin
hərbi mərhələsi
başa çatdı,
Azərbaycan torpaqları
Ermənistanın uzun
illər davam edən işğalından
azad olundu. Bundan sonra sülh
sazişinin imzalanması
üçün bir sıra formatlarda görüşlər keçirildi.
Bunlardan ən önəmlisi isə Brüssel görüşləridir.
Qeyd etmək
lazımdır ki, Prezident
İlham Əliyevin Brüsselə
səfəri, Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və
əldə olunmuş
nəticələr dövlət
başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Belə üçtərəfli
formatda görüşlərə
2021-ci ilin 14 dekabrında
start verildi. Bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən
Brüssel sülh gündəliyinin əsası
qoyuldu. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında
intensiv təmaslar aparıldı, telefon danışıqları keçirildi. Sözügedən
üçtərəfli görüşdə
Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin bəyanatında əldə
olunan razılaşmalarla
bağlı bir sıra xüsusi məqamlar vurğulanıb
ki, bu da, ilk növbədə,
Azərbaycanın diplomatik
uğuru kimi qiymətləndirilir. Ayrıca
olaraq nəqliyyat kommunikasiyasının açılması
məsələsinə də
Şarl Mişel açıq dəstəyini
ifadə edib. Bu isə o deməkdir ki, Azərbaycanın mövqeyi
Avropa İttifaqı tərəfindən də
dəstəklənir.
Növbəti Brüssel
görüşü 6 aprel
2022-ci ildə baş tutub. Həmin gün görüşdən
qabaq Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla
ayrılıqda təkbətək
görüşüb. Təkbətək
görüşdə Prezident
İlham Əliyev üçtərəfli
görüşün "nəticəyönümlü
olacağına ümidvar"
olduğunu deyib.
Azərbaycan Ermənistanla
beynəlxalq hüquq normaları əsasında
sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə
bəyan edib və bu məqsədlə
qarşı tərəfə
beş bənddən ibarət təklif göndərib. Brüssel görüşündə bu
məsələ də
diqqət mərkəzində
olub. Bir sözlə, görüşdə tərəflər
zəruri məsələləri
əhatə edəcək
sülh sazişinin hazırlanması üzərində
işləmək üçün
xarici işlər nazirlərinə müvafiq
tapşırıq vermək
barədə razılığa
gəldilər. Görüşdə
qarşılıqlı etimad
mühitinin yaradılması,
humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi
ilə bağlı müsbət yanaşmalar ortaya qoyuldu.
2022-ci il mayın 22-də İlham Əliyev,
Şarl Mişel və Nikol Paşinyan
arasında üçüncü
Brüssel görüşü
oldu. Ölkə başçımız görüş
zamanı Ermənistan
və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması,
bu xüsusda Azərbaycan tərəfindən
beynəlxalq hüquqa
əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması,
nəqliyyat dəhlizlərinin
açılması, sərhədlərin
delimitasiyası ilə
bağlı müzakirə
olunan məsələlərə
toxunub.
Dövlət başçısı
İlham Əliyev qeyd
edib ki, bu, görüş xatirinə
görüş deyil.
Bu predmetli görüşün
keçirilməsi, Ermənistan
tərəfindən də
addımların atılması,
işartıların görünməsi
növbəti görüşü
zəruri etdi. Bunun nəticəsidir ki, 31 avqust
2022-ci il tarixində dördüncü
Brüssel görüşü
keçirildi. Ümumiyyətlə,
31 avqust Brüssel görüşü Azərbaycanın,
region xalqlarının maraqları,
sülhün təmin
edilməsi istiqamətində
çox uğurlu və nəticəyönümlü
bir proses oldu.
Növbəti Brüssel
görüşü cari
ilin 14 may tarixinə təsadüf etdi. Hər iki tərəf
Azərbaycan və Ermənistan münasibətlərinin
normallaşdırılması prosesinin Brüssel formatının bərpası
ilə bağlı məmnunluqlarını ifadə
etdilər. Prezident
İlham Əliyev Şarl
Mişelə bu istiqamətdə göstərdiyi
səylərə görə
minnətdarlığını bildirdi. Görüş çərçivəsində son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri
ilə bağlı baş verən hadisələr, Vaşinqton
danışıqları, Azərbaycan-Ermənistan
sərhədində vəziyyət
müzakirə olundu.
Ermənistandan fərqli
olaraq Azərbaycan məqsədyönlü, sistemli,
sözü ilə əməli bir olan davranış sərgiləyir. Biz bunu sayca 6-cı dəfə keçirilən Brüssel
görüşü zamanı
da müşahidə etdik.
Həmin Brüssel toplantısı da 15 iyulda Şarl Mişel, ölkə başçımız İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
arasında baş tutdu. Ölkə başçımızın diplomatik
məharəti, həyata
keçirdiyi xarici siyasət dövlətimizin
mövqeyini daha da gücləndirir.
Bu görüşdə bir çox məsələlər ilk dəfə
səsləndi. İlk dəfə
olaraq Avropa İttifaqı "Laçın
yolu" terminindən
istifadə etdi. Bu da o
deməkdir ki, Aİ birmənalı
şəkildə Qarabağı
Azərbaycanın bir hissəsi kimi tanıyır.
Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər
yeni inkişaf səviyyəsinə
yüksəlib. Avropa İttifaqının enerji
təhlükəsizliyinin təmin
edilməsində Azərbaycanın
rolunun daha da yüksəlməsi, Prezident
Şarl Mişellə
Prezident İlham Əliyev
arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan münasibətlərinin
normallaşması sülh
müqaviləsi üçün
mühüm şərtdir.
Röya RÜSTƏMLİ
Respublika.- 2023.- 22 iyul.-
S.1; 11.