Enerji sahəsində ölkəmizin
dəstəyi Pakistan üçün çox önəmlidir
Azərbaycan dünyada
nadir ölkələrdəndir
ki, zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna
malikdir. Ölkəmiz
enerji sahəsində daxili tələbatı maksimum şəkildə ödəməklə yanaşı,
Cənubi Qafqazın, Yaxın Şərqin, Avropanın, habelə Mərkəzi Asiyaya qonşu olan dövlətlərə neft
və təbii qaz ixrac edir.
Enerji təhlükəsizliyinin
təmin olunmasında
strateji və mühüm obyektlərin enerji ilə etibarlı təmin olunması, sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurulması, yanacağın
və enerji növlərinin şaxələndirilməsi,
enerji ehtiyatlarından
səmərəsiz istifadənin
qarşısının alınması
və digər amillər durur.
Son illər dünyada gedən proseslər enerji təhlükəsizliyinin milli
təhlükəsizlik məsələsinə
çevrilməsində əsas
rol oynamışdır.
Xüsusilə enerji bazarında yaranan böhran idxalçıların
yeni tərəfdaşlar
axtarışını zəruri
edir. Bu konteksdə ölkəmizdə
zəngin enerji ehtiyatlarını nəzərə
alan xarici ölkələr, əməkdaşlıq
üçün Azərbaycana
üz tuturlar. Bunun əsas səbəblərindən biri
də dövlətimizin
üzərinə götürdüyü
öhdəliklərə sadiq
qalmasıdır. Uzun illərdən bəri beynəlxalq şirkətlərlə
imzalanan müqavilələrdə
heç bir dəyişiklik tələbi
irəli sürməməyimiz
tərəfdaşlıqda Azərbaycana
müsbət imic qazandırıb.
Bu sahədə
Azərbaycanla əməkdaşlıq
etmək istəyən
ölkələrdən biri
də Pakistan İslam Respublikasıdır.
Enerjidaşıyıcıları çatışmazlığından əziyyət çəkən
Pakistanın neft-kimya sahəsində xarici asılılığı 84 faizə
çatır. Yanacaq bazarının əsasını
Səudiyyə Ərəbistanı
və Birləşmiş
Ərəb Əmirlikləri
tutsa da, Rusiyadan neft idxalı yanacaq çatışmazlığının azaldılmasının aradan
qaldırılmasında əsas
hədəflərdən biridir.
Bu baxımdan, Pakistan neftə olan tələbatının
35 faizini Rusiyadan konpensasiya etmək niyyətdindədir. Bununla
belə güclü enerji böhranı yaşayan Pakistanın
2018-ci ildə neft məhsulları, mayeləşdirilmiş
təbii qaz və mayeləşdirilmiş
neft qazı idxalına illik xərcləri 12 milyard dollardan bir qədər
artıq olmuşdusa, hazırda bu məbləğ 27 milyard dollara çatıb ki, bu da
öz növbəsində
qardaş ölkə üçün çox böyük vəsaitdir. İnflyasiya, idxal olunan neftin qiymətinin
qalxması və Rusiya-Ukrayna münaqişəsi,
Pakistanın yeni çağırışlarla üz-üzə
qalması bu sahədə Azərbaycanla
əməkdaşlığı yenidən gündəmə
gətirib.
İyunun 14-ü və
15-də Azərbaycanda rəsmi
səfərdə olmuş
Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd
Şahbaz Şərif
Prezident İlham Əliyevlə birgə mətbuata çıxışı
zamanı bu məsələyə toxunaraq
qeyd edib: "Azərbaycan zəngin təbii sərvətlərə,
o cümlədən böyük
neft-qaz sərvətlərinə
malikdir. Bizim, əlbəttə, bu sahədə sıxıntımız
var. Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün
çox baha başa gəlir. Ötən il biz bu sahəyə
27 milyard ABŞ dolları
xərcləmişik. Yəni
əziz Qardaşım,
biz bunun öhdəsindən gələ
bilmirik, çünki
müxtəlif çağırışlarla
üz-üzəyik. İnflyasiya,
idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi
səbəbindən bizim
ölkəmiz böyük
təzyiqlə üz-üzədir.
Təsəvvür edin,
ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah,
Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla,
eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq
etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının "Aramco" şirkəti ilə danışıqlar aparırıq
və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə
qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız
var. Biz arzularımızı gərgin
əmək sayəsində
həyata keçirə
bilsək, əziz Qardaşım, Sizi inandırıram ki, biz çox bahalı olan bu xərci, yəni nefti idxal etmək məsələsini Günəş
enerjisi vasitəsilə
mübadilə edə
bilərik. Biz, hətta bu enerjini
ixrac edə bilərik, bu, mümkündür. Çünki
bizim bu sahədə potensialımız
10 min meqavata bərabərdir. Sizi də dəvət edirəm. Siz də bu məsələyə
çox müsbət
rəy verdiniz ki, bu sahədə
də Azərbaycan iştirak edə bilər, sərmayə qoya bilər. Biz də hər
cür dəstək göstərməyə hazırıq
ki, Azərbaycan bu sahəyə daxil olsun".
Artıq Azərbaycan
və Pakistan arasında mayeləşdirilmiş
təbii qazın (LNG)
tədarükünə dair
razılıq var. Razılaşmaya əsasən
ayda bir LNG yükü ilə təmin edilməyi nəzərdə tutan müqavilə imzalanıb.
Pakistanın neft naziri Musadiq Malik bildirib ki, Azərbaycan hər ay Pakistana
LNG yükünü daha
münasib qiymətə
tədarük edəcək.
Nazir tədarük sövdələşməsinin təfərrüatlarını açıqlamayıb, lakin
artıq Azərbaycanla
müqavilənin imzalandığını
və bu prosesin tezliklə başlayacağını bildirib.
Enerji istehsalı üçün qazdan asılılıq, idxalı
ödəmək üçün
valyuta çatışmazlığı
problemi və 2022-ci ildə başlayan Rusiya-Ukrayna münaqişəsi
nəticəsində qiymətlərin
yüksəlməsindən sonra LNG-nin spot
yüklərini əldə
etməkdə çətinliyin
olması Pakistanda enerji qıtlığına
səbəb olmuşdu.
Pakistanın Azərbaycanla
maye təbii qaz alışı barədə çərçivə
sazişi qaz böhranının səmərəli
həllinə imkan verməklə qarşıdakı
qış mövsümündə
əhalinin qaz çatışmazlığı ilə üzləşməyəcəyinə
zəmanət verəcək.
Pakistanla Azərbaycan
arasındakı uzunmüddətli
sazişə əsasən,
bu il ölkə
təqribən 9-10 yük
partiyası alacaq. Azərbaycanla bu əməkdaşlıq Pakistana
neft-qaz sektorundakı enerji tələbatlarını
qarşılamaqda kömək
edəcək. Saziş
müddətinin bir il uzadılması imkanı ilə ilkin olaraq bir
il müddətində
qüvvədə qalacaq.
Buna uyğun olaraq SOCAR çatdırılma
üçün 45 günlük
pəncərə təqdim
etməklə ayda bir partiya maye
təbii qaz təklif edəcək və hər bir təklifin müəyyən qüvvədə
qalma müddəti olacaq.
Musa BAĞIRLI
Respublika.- 2023.- 22 iyul.- S. 9.