Söz və məlumat azadlığı təmin
olunur
"Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün. Əlbəttə, qəzetin belə ayna kimi olmağı xalq ilədir, yəni hər kəs gərək öz dərdini və xahişini qəzetlərində bəyan etsin ki, onların barəsində işdən xəbərdar olanlar mübahisə etməkliklə onların yaxşı yamanlığını aşkar etsinlər, ta ki, ol işi görən onun yaxşı ya yamanlığından agah olub sonra peşmanlıq çəkməsin". Bu sözlərin müəllifi milli mətbuatımızın banisi Həsən bəy Zərdabidir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsaslarından biri də mətbuatdır.
1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Hər il 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Hələ XIX əsrin II yarısında dövlətimizin iqtisadi və ictimai inkişafındakı çatışmazlıqlar milli mətbuatımızın yaranmasını zəruri edirdi. Görkəmli ziyalı Həsən bəy Zərdabi də bu zərurəti dərk edərək uzun mübarizədən sonra ana dilində "Əkinçi" qəzetinin çap edilməsinə nail olub. Çar idarələrindəki mövcud süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusuna uzun müddət əngəl törədib. Zərdabinin qəzet çap etdirmək üçün ilk rəsmi müraciəti 1873-cü ilin aprelində olub. Zərdabi Bakının ozamankı qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət ünvanlayıb. Həsən bəy Zərdabinin həmin müraciətində qəzetin adının nə üçün "Əkinçi" olduğu izah edilib: "Mən ona Staroselskiyə fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul etsin. Bu tövr ərizə verib icazə aldım". Həsən bəy Zərdabi hətta qəzetin nəşri üçün İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirmişdi. "Əkinçi"nin ilk nömrəsi Bakıda qubernator mətbəəsində nəşr edilib. Qəzetdə Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri, Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və yazıları dərc olunurdu.
Qəzet yenicə nəşrə başladığı zamanlar bütün redaksiya heyəti sadəcə bir nəfərdən ibarət olub. Belə ki, Həsən bəy Zərdabi həm naşir, redaktor, həm də korrektor və mürəttib vəzifələrində çalışıb. "Əkinçi" qəzeti xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını dərk etdirmək, xalqı savadlandırmaq məqsədilə misilsiz işlər görüb. Cəmi 56 sayı işıq üzü görən mətbu orqanı ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Burada "Daxili xəbərlər", "Əkin və ziraət xəbərləri", "Elmi xəbərlər", "Təzə xəbərlər" rubrikaları altında müxtəlif mövzularda yazılan bir sıra məqalələr dərc edilib. Həsən bəy Zərdabi hətta müəyyən dövr ərzində qəzetə maraq oyatmaq üçün "Əkinçi"ni geniş kütlələr arasında pulsuz yaymaq məcburiyyətində qalıb. "Əkinçi" ilə bağlı ən vacib məqamlardan biri isə Həsən bəy Zərdabinin məhz bu mətbu orqanının səhifələrində milli oyanışı, milli birliyi yaratmaq məsələsi idi. Belə ki, "Əkinçi" hakim dairələrlə, yerli irticaçılarla mübarizə aparıb. "Əkinçi" qəzeti çox tez bağlansa da, xalqımızın mədəniyyət salnaməsində özünəməxsus iz qoyub. Qəzetin Azərbaycan milli mətbuat tarixində açdığı cığır, yaratdığı ənənələr uğurlu və uzunömürlü olub.
Müasir dövrdə də mətbuatın inkişafı dövlətimizin prioritet məsələlərindən biri hesab olunur. Hələ ötən əsrin sonlarında yenidən müstəqilliyini bərpa edən Azərbaycanda həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafı istiqamətində də bir sıra addımlar atılıb, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər görülüb. Həm tənəzzül, həm də intibah dövrlərini 148 ilə sığdıran mətbuatımız daim cəmiyyətin proseslərə baxışını əks etdirib.
Bunun nəticəsidir ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə yenidən qayıtdığı zaman mətbuatımızın inkişafı uğrunda əhəmiyyətli addımlar atıb. Bu isə ölkədə ictimai-siyasi sabitliyin yaranması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərlə xarakterizə olunur. Ulu öndərin rəhbərliyi dövründə mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər mətbuatımızın tərəqqisinə yol açdı. Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə 1998-ci ilin avqustunda ölkəmizdə senzura ləğv edildi. Bundan başqa, 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanunun da mətbuatdakı demokratik prinsiplərin möhkəmləndirilməsindəki rolu əvəzsizdir. Məhz həmin sənədlə bu sahənin inkişafına mane olan bir sıra bürokratik əngəllər aradan qaldırılıb. Ulu öndərin 2000-ci ilin martında imzaladığı sərəmcam ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı" təsdiq olunub. Beləliklə, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Ümummilli liderimizin mətbuatın inkişafına göstərdiyi qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığını, demokratiyanı özündə ehtiva edən bu siyasət nəticəsində dövlətimiz dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır. Dövlətimizin başçısının 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illik, 2010-cu ildə isə 135 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirildiyini və mətbuatın dövlət qayğısından kənarda qalmadığını təsdiqləyir. "Əkinçi" qəzetinin yubileyinin qeyd olunması isə milli-mənəvi dəyərlərimizə, tariximizə ehtiramın və verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" respublikamızda mətbuata olan dövlət qayğısının daha bir nümunəsidir. Konsepsiyada söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bundan başqa, "Media haqqında" qanunun qəbul edilməsi də müasir dövrdə Azərbaycan mətbuatına verilən ən gözəl töhfələrdən biri kimi qiymətləndirilir.
Nəzrin ELDARQIZI
Respublika.- 2023.- 22 iyul.- S. 12.