Görkəmli Azərbaycan
ziyalısı Həsən
bəy Zərdabinin 22
iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti
ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı özünün 148-ci ildönümünü
qeyd edir. Bu illər ərzində
mətbuatımız həqiqət
carçısı olub,
cəmiyyəti düşündürən
problemləri, dövrün
mütərəqqi ideyalarını
əks etdirib, xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərlərin
təbliğində mühüm
rol oynayıb.
Mətbuatımızın qaranquşu olan "Əkinçi" Azərbaycan
dilində əsl milli demokratik və xalq mətbuatının
ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına
çevrildi. Qəzet
xalqımızın milli
oyanışında, milli
birliyinin möhkəmlənməsində
böyük əhəmiyyət
daşıyıb. Əsasən
maarifçilik missiyasını
üzərinə götürmüş
"Əkinçi" az
müddətdə daha
da məşhurlaşıb.
Sonrakı illərdə
görkəmli ziyalılar
tərəfindən nəşr
edilən "Ziya",
"Kəşkül", "Şərqi-rus", "İrşad",
"Molla Nəsrəddin",
"Həyat", "Açıq
söz", "Azərbaycan"
kimi demokratik ruhlu, milli qayəli
qəzet və jurnallar "Əkinçi"nin
ənənələrini davam
etdirdi.
Dövrünün görkəmli
ziyalıları və
qələm sahibləri
qəzetlə əməkdaşlıq
edib, müntəzəm
məqalələrlə çıxış
ediblər. XX əsrin
əvvəllərində isə
Cəlil Məmmədquluzadə,
Məhəmməd Ağa
Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması
uğrunda mübarizə
aparıblar.
Sovetlər dönəmində
çox böyük təzyiqlərə baxmayaraq
Azərbaycan mətbuatı
milli varlığını
qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında
fəal təmsil olunub. Bu dövrdə
ölkədə qəzet
və jurnalların şəbəkəsi genişlənib.
Azərbaycanın ilk
milli qəzeti olan "Əkinçi"
qəzetinin birinci nömrəsinin çapdan
çıxdığı gün - 22 iyul Milli Mətbuat Günü elan edilib. Müstəqilliyin əldə edilməsindən
sonra Azərbaycanda
KİV-lərin sayında
önəmli ölçüdə
irəliləyiş baş
verib. Bu gün ölkədə 5 mindən çox media subyekti var. İnformasiya texnologiyalarının inkişafı
Azərbaycan mətbuatını
qlobal informasiya şəbəkəsinin bir
hissəsinə çevirib.
Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.
Bir çox demokratik ölkələrdə
olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və
"Mətbuat haqqında"
qanun qəbul edilib.
Ulu Öndər
Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə
mətbuatın inkişafına
prinsipial diqqət ayırmışlar. Mətbuat
işçiləri ilə
mütəmadi görüşlər,
habelə institusional təşəbbüslər mətbuatın
davamlı inkişafına
səbəb olmuşdur.
Milli Mətbuatın inkişafına göstərilən
dəstəyə görə
Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010,
2013, 2017 və 2018-ci illərdə
"Ruh" Azərbaycan
Jurnalistləri Müdafiə
Komitəsi tərəfindən
təsis olunmuş
"Jurnalistlərin dostu"
mükafatına layiq görülmüşlər.
Prezident İlham
Əliyevin "Azərbaycan
mətbuat işçilərinin
sosial müdafiəsinin
gücləndirilməsi haqqında"
Sərəncamı isə
jurnalistlərə yeni
əhvali-ruhiyyə gətirib,
böyük rəğbətlə
qarşılanıb. KİV-lərə birdəfəlik
yardımların göstərilməsi,
mətbuat işçilərinin
sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri,
həmçinin milli mətbuatın inkişafındakı
xidmətlərinə görə
jurnalistlərin fəxri
adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata
və mətbuat işçilərinə qayğının
göstəricisidir. Mətbuat
işçilərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
və onlar üçün yaşayış
evlərinin tikilməsi
məqsədilə Prezidentin
ehtiyat fondundan ayrılan vəsait hesabına çoxmərtəbəli
yaşayış binaları
inşa edilərək
jurnalistlərin istifadəsinə
verilib. Eyni zamanda, Mətbuat Şurası üçün
yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi ölkəmizdə
azad mətbuatın inkişafının dövlət
siyasətinin prioritet istiqamətlərindən biri
olmasının sübutudur.
Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 12
yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı
Agentliyi yaradılıb.
Bu gün Agentlik tərəfindən
ölkəmizdə çap
və onlayn medianın inkişafı,
media orqanlarının
maliyyə müstəqilliyinin
gücləndirilməsi, fəaliyyətinin
təkmilləşdirilməsi, mütərəqqi layihələrin
davamlı dəstəklənməsi
məqsədilə müxtəlif
tədbirlər həyata
keçirir. Əminik
ki, yeni yaranmış bu Agentlik üzərinə düşən missiyanı
layiqli şəkildə
yerinə yetirəcək,
problemlərə konseptual
yanaşma ortaya qoyacaq.
44 günlük Vətən
müharibəsində və
müharibədən sonrakı
dövrdə Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında ölkə mətbuatının
rolu və jurnalistlərin fəaliyyəti
çox mühüm əhəmiyyət kəsb
etmişdir. Jurnalistlərimizin
fədakarlığı və
çevikliyi sayəsində
dünya ictimaiyyətinə
müharibə ilə
əlaqədar, o cümlədən
Ermənistanın törətdiyi
hərbi cinayətlər
haqqında dolğun məlumatların çatdırılması
təmin edilib. Eyni zamanda xeyli
jurnalist Vətən müharibəsinin iştirakçısı
olmuş, müxtəlif
dövlət mükafatları
ilə təltif edilmişlər. Öz peşə vəzifələrinin
icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin - Məhərrəm
İbrahimov və Sirac Abışovun minaya düşərək
həlak olması faktı isə Beynəlxalq Jurnalistlər
Birliyinin sərt reaksiyasına səbəb
olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat
işçiləri öz
peşəkarlığı və vətənpərvərliyi
ilə daim fərqlənirlər.
Azərbaycan Konstitusiyasında
söz və mətbuat azadlığının
təməl prinsip olaraq əksini tapması ölkədə
medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan
verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları,
əldə olunan nəticələrin əsas
səbəbkarları Azərbaycan
jurnalistləridir. Hazırda
media məkanında sürətli qloballaşma
prosesi gedir, mətbuatın bütün
sahələrdə funksionallığı
sürətlə artır.
Bu gün jurnalistlərin, milli mediamızın qarşısında
cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə
məlumatlandırmaq missiyası
durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi
zamanın qarşısıalınmaz
tələbidir. Ötən
il dekabrın 14-də
söz və mətbuat azadlığı
sahəsində dövlətin
yeni hədəflərini
müəyyənləşdirməyə,
onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini
artırmağa, KİV sahəsində
suverenliyimizi qorumağa
xidmət edəcək
9 fəsil, 78 maddədən
ibarət "Media haqqında"
Qanun layihəsi Milli Məclis tərəfindən təsdiq
edildi. Ümid edirik ki, bu
Qanun mətbuatımızın
inkişafına öz
müsbət töhfələrini
verəcəkdir.
Bütün ölkə
mediasını, jurnalistlərimizi
22 İyul - Milli Mətbuat Günü münasibətilə ürəkdən
təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları
arzulayıram.
İsrafil KƏRİMOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm"
mükafatı laureatı.
Respublika.- 2023.- 22 iyul.- S. 12.