Mədəniyyət
paytaxtımız bu dəfə meydanı media nümayəndələrinə
verdi
Ötən ilin
may ayında Cıdır düzündə
keçirilən "Xarıbülbül"
musiqi festivalını
xatırlayıram. Dünyanın
bir çox yerlərindən gəlmiş
iştirakçıların bir-birindən maraqlı çıxışları, milli
musiqimizin şah əsərləri açıq
səma altında düzənlənən səhnədən
ətrafa yayıldıqca
uzaqdan-uzağa hər
bir seyrçi qürur hissi keçirirdi. Musiqinin çalarları dəyişdikcə
təbiət də coşurdu. Göy üzündə dolmuş
buludlar da bir anın içərisində
günəşi bağrına
basıb yerə tələsirdi. O da öz nəğməsini oxuyurdu. Bu yerlərin
təbiəti belədir,
nazlıdır, şıltaqdır,
hərarətlidir. Şuşada
baş tutan tədbirlərin havasına
hava qatır. Ölkə başçımızın
iştirak etdiyi tədbirlər isə daha maraqlı, möhtəşəm olur,
elə Şuşanın
havasına köklənir
həmişə...
İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni
Media" mövzusunda Şuşa
Qlobal Media Forumuna dünyanın bir çox ölkəsindən
olan həmkarlarımız
toplaşmışdı. Dövlət
başçımız yenə
sözə meydan vermişdi: "Mən çox şadam ki, sizi bu
gün burada görürəm, çox
sağ olun bizim dəvətimizi qəbul etmisiniz və Şuşa Qlobal Media Forumunda iştirak edirsiniz. Bu, bizim ölkəmiz
üçün və
əlbəttə, Qarabağ
bölgəsi üçün
çox möhtəşəm
bir tədbirdir".
Təbii ki, ilk sual qardaş
Türkiyənin "TRT World"un
təmsilçisi Bora
Bayraktardan gəldi:
"...zənninizcə, biz
bir yerdə nələri etməliyik, Türkiyə ilə əməkdaşlıq baxımından
ən aktual məsələlər hansılardır?",
- sualına dövlət
başçısı ətraflı,
dolğun cavab verərək fikrini belə tamamladı: "Əlbəttə, mən bütün məsələləri
açıqlamaq istəməzdim,
ancaq bu məlumdur ki, qarşıdan gələn
illərdə Türkiyə
və Azərbaycan regionda daha önəmli
rol oynayacaqdır. Əlbəttə ki, bu potensialdan istifadə edəcəyik ki, ölkələrimizi daha da yaxınlaşdıraq".
Azərbaycan Prezidenti
iki qardaş ölkənin münasibətlərindən
danışarkən qeyd
etdi ki, bu münasibətlər dostluq və qardaşlıq əlaqələri
üzərində qurulub
və bu, çox gözəl təməldir. Dövlət
başçısı İkinci
Qarabağ müharibəsində
Türkiyənin mənəvi,
siyasi dəstəyindən,
müxtəlif sahələrdəki
uğurlu əməkdaşlıqdan
danışdı, Türkiyənin
regionda sabitləşdirici
rol oynadığını
bir daha dünyanın diqqətinə
çatdırdı.
TASS Agentliyinin təmsilçisi
Mixail Qusmanın sualları da müəyyən məqamlara
aydınlıq gətirmək
üçün bir körpü oldu. Rusiya-Azərbaycan münasibətləri,
2022-ci il fevralın
22-də Moskvada iki ölkə arasında imzalanan müttəfiqlik Bəyannaməsinin perspektivləri
barədə sualı
da dövlət başçısı siyasi
sayıqlıqla cavablandırdı.
Ermənistan-Azərbaycan münaqişəsinin
aradan qaldırılması,
münasibətlərin normallaşdırılması
istiqamətində Rusiyanın
rolundan danışdı:
"Dünyada Rusiya-Ukrayna
müharibəsinin başlanmasından,
o cümlədən İkinci
Qarabağ müharibəsindən
sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçün,
əlbəttə, müxtəlif
qiymətləndirmələr, müxtəlif təhlillər
və müxtəlif rəylər qaçılmazdır.
Lakin yenə də imkandan istifadə edərək demək istəyirəm ki, hər halda,
belə məqamlar Azərbaycan rəhbərliyinin
siyasi iradəsinə təsir etmir. Ona görə düşünürəm ki,
münasibətlərimizin gələcəyi
də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır".
Dövlət başçısı
Forumda bir çox sualları cavablandırdı, çağırışlar
etdi. "TRT World" Araşdırmalar
Mərkəzinin rəhbəri
Tarek Çerkauidinin:
"Növbəti 10 ildə
Şuşanı necə
görmək istəyirsiniz?",
- sualına cavab da ətraflı oldu: "...Şuşaya səyahət edən insanlar burada tez-tez dəyişikliklərin
şahidi olurlar. Çünki bu şəhər gündən-günə
gözəlləşir... Ümid
edirəm ki, qonaqlarımız burada özlərini rahat hiss edirlər...".
Bəli, bu, doğrudan da belədir. Şuşaya ayaq basan hər bir əcnəbi onun gözəlliyinə heyran olur. Media Forumu çərçivəsində
iştirakçılar da Şuşa
şəhərinin tarixi
məkanları və
əsrarəngiz təbiətilə
tanış olublar. Qonaqlar əvvəlcə Şuşa qala divarlarını ziyarət
edib, onun tarixi barədə məlumat ala biliblər.
Sonra onlar Azərbaycanın
tanınmış şəxsiyyətləri
Natəvan, Bülbül
və Üzeyir Hacıbəyovun güllələnmiş
heykəllərinin yerləşdiyi
Şuşa şəhər
mərkəzi meydanına
gəliblər. Şuşa
Şəhəri Dövlət
Qoruğu İdarəsinin
əməkdaşı qonaqlara
şəhər və
güllələnmiş heykəllər
barədə məlumat
verib. Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının
Gəncə qapısı,
Yuxarı Gövhər
Ağa məscidi, Mehmandarovların malikanə
kompleksi və Qazançı kilsəsində
də olan iştirakçılara, həmçinin
gəzinti zamanı işğal dönəmində
mədəniyyət abidələrimizə
ermənilər tərəfindən
vurulan ziyan, qədim artefaktlarımızın
saxtalaşdırılması barədə də məlumat verilib.
Daha sonra qonaqlar Cıdır düzünə gəlib,
buradan açılan əsrarəngiz mənzərəni
seyr edib, başı dumanlı dağlara salamlarını
çatdırıblar. Bir sözlə,
zəngin təəssüratla
ayrılıblar Şuşadan.
Getməzdən öncə
fikirlərini də bölüşüblər...
NTV-nin xarici xəbərlər
departamentinin rəhbəri
Əhməd Yeşiltəpə
deyib: "Şuşa
şəhərinə gələrkən
yolda iki fərqli mənzərə
ilə rastlaşdım.
Bir tərəfdə ermənilərin
törətdikləri vandallıqlar,
digər tərəfdə
isə Azərbaycanın
bərpa etdiyi Şuşa şəhəri
var. Ötən gün
Prezident İlham Əliyev
Forum iştirakçıları ilə görüşü
zamanı dünyaya bu torpaqların Azərbaycanın olduğunu,
bu səbəbdən
sahib çıxdıqlarını və yenidən inşa etdikləri mesajını verdi".
Şuşa Qlobal
Media Forumunda iştirak
edən "Economyfirst
Limited London" şirkətinin direktoru Klaus Jürgens heyranlığını dilə
gətirib: "Qazançı
kilsəsini bərpa etmək və onun əzəmətini qoruyub saxlamaqla Azərbaycan öz sülhsevərliyini göstərir.
Bu əraziləri məhv
etmək və ya talamaq əvəzinə
bərpa edərək
bütün dünyaya
belə vəziyyətdə
necə davranmağın
lazım olduğunu nümayiş etdirir. Bu məsələlərə hörmətlə
yanaşmaq çox gözəl ideyadır, düzünü desəm,
çox təsirləndim".
Şuşa bir daha öz gözəlliyi
ilə gələnləri
heyran etdi. Bu möhtəşəm tədbir
tarixin yaddaşına
yazıldı, gələcək
nəsillərə ərməğan
üçün. Dövlət
başçısı dünyaya
nümayiş etdirdi
ki, Şuşanın infrastrukturu
inkişaf etdirilir, ermənilərin dağıtdığı
şəhər yenidən
qurulur. Şuşanın
sabahından danışarkən
dediyi kimi: "...Şuşanın Baş planı möhtəşəmdir,
hesab edirəm ki, 3-4
il ərzində bu şəhər təkcə
Azərbaycanın və
Qafqazın deyil, dünyanın ən gözəl şəhəri
olacaqdır...".
Zümrüd QURBANQIZI
Respublika.- 2023.- 26 iyul.- S. 1; 3.