Regionun mühüm nəqliyyat qovşağı
Bu gün Azərbaycan özünün
inkişaf mərhələsini
yaşayır. Neft ölkəsi kimi tanınan Azərbaycan dünyanın nəhəng
dövlətləri ilə
əməkdaşlıq edir.
İqtisadiyyatın bütün
sahələrində böyük
uğurlar əldə
etmiş ölkəmiz
nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsi, inkişafı və gücləndirilməsi istiqamətində
də mühüm işlər görür. Olduqca əlverişli coğrafi məkanda yerləşən Azərbaycan
Cənubi Qafqazın ən böyük logistik mərkəzi kimi tanınır. Qədim İpək Yolunun üzərində yerləşən ölkəmiz
neft və qeyri-neft sahələrinin zənginliyi ilə yanaşı, həm də tranzit ölkə kimi də olduqca əhəmiyyətlidir. Tarixən
mühüm nəqliyyat
qovşağı hesab
olunan İpək Yolunun ölkəmizdən
keçməsi bu sahədə qədim ənənələrin olduğunu
göstərir. Azərbaycan
dünyanın 100 ən
iri layihəsindən biri olan Bakı-Tbilisi-Qars
dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq
Nəqliyyat Dəhlizi
kimi layihələrin təşəbbüskarı və
icraçısıdır. Bu yol qitələrarası
daşımalar üçün
geniş və əlverişli imkanlara malikdir. Eyni zamanda Çin ilə Avropa ölkələri arasında
ən qısa yol olmaqla Şərq
ölkələrinin diqqət
mərkəzindədir. Şərqdən
Qərbə və Şimaldan Cənuba qədər uzanan yolun kəsişməsində
yerləşən Azərbaycan
bu yollardan istifadə edən ölkələri bir-birinə
bağlayır. Nəticədə,
ölkəmiz coğrafi
və iqtisadi mövqeyinə görə
xüsusi əhəmiyyət
daşıyaraq təkcə
Şərqlə Qərb
arasında deyil, həm də Şimalla Cənub arasında da körpü rolunu oynayır.
Bununla da ölkəmiz nəqliyyat-logistika
baxımından regionun
əsas mərkəzi
hesab edilir. Ölkəmizin ərazisindən
keçən "Şərq-Qərb",
"Şimal-Cənub", "Cənub-Qərb" kimi beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın
logistik mərkəzə
çevrilməsi üçün
real imkanlar yaradır. Azərbaycan yeganə ölkədir ki, "Şimal-Cənub"
və "Şərq-Qərb"
nəqliyyat dəhlizləri
layihələrinin hər
ikisində də iştirak edir.
Ölkəmizin nəqliyyat
imkanları coğrafi
baxımdan olduqca böyük əhəmiyyət
daşıyır. Son
illər Azərbaycanda
mükəmməl nəqliyyat
infrastrukturu yaradılıb,
hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatının
inkişafı istiqamətində
mühüm layihələr
həyata keçirilir.
Artıq işğaldan
azad olmuş Qarabağ da nəqliyyatın bir çox sahələrində
reallaşan layihələrə
qoşulmaq üzrədir.
Bu istiqamətdə uğurlu addımlar atılır. Bölgədə
yeni hava limanlarının tikintisi,
dəmiryolu infrastrukturunun
şaxələndirilməsi Azərbaycanın mühüm
nəqliyyat habına çevrilməsinin sübutudur.
Ölkəmizdə beynəlxalq
səviyyəli dəmiryollarının
tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət
verilir, region və dünya üçün vacib olan iri layihələr
reallaşdırılır.
Azərbaycan dəniz
daşımaları sahəsində
də mühüm əhəmiyyətə malikdir.
Multimodal daşımaların
ayrılmaz tərkib hissəsi olan konteyner yüklərinin dəniz yolu ilə daşınması
daha geniş yayılıb. Ölkəmiz
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bu sahənin inkişafına öz töhfəsini verir. "Bir kəmər, bir yol" meqalayihəsinin
əsasını təşkil
edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda dünya ticarətinin və ölkələr arasında
qarşılıqlı münasibətlərin
inkişafında böyük
təsir gücünə
sahibdir. Qeyd etdiyimiz kimi son zamanlar işğaldan
azad edilən Qarabağ ölkə nəqliyyatının bir çox sahələrində
əhəmiyyətli rol
oynayır. Zəngəzur
dəhlizinin açılması
Azərbaycanın tranzit
imkanlarını daha da genişləndirəcək.
Bu dəhliz vasitəsilə Azərbaycandan
Türkiyəyə daşınan
yükləri qısa
müddətə Avropa
və Yaxın Şərq ölkələrinə
çatdırmaq imkanı
yaranacaq. Dəhlizin açılmasında maraqlı
olan dövlətlər
çoxdur. Ermənistan
tərəfi bu sahədə işlərin
gedişinə mane olmağa çalışsa
da, Çin, Rusiya, Türkiyə və digər dövlətlər dəhlizin
açılmasını dəstəkləyirlər.
Zəngəzur dəhlizi
ilə yanaşı, Azərbaycan üzərindən
hava nəqliyyatının
inkişafı da əsas məsələlərdəndir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə
tikilən hava limanları Qarabağın
Azərbaycan iqtisadiyyatına
reinteqrasiyasından əlavə,
ölkəmizin hava nəqliyyatı ilə yükdaşımalardakı rolunu
daha da artırır.
Füzuli Beynəlxalq
Hava Limanı Qarabağ iqtisadiyyatının
region bazarları üzrə şaxələnməsinə
töhfə verəcək.
Bu hava limanı
- yükdaşımalar, xüsusən
də beynəlxalq yükdaşımalar üçün
böyük əhəmiyyətə
malikdir.
11 iyul tarixində
keçirilən altı
ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə
dövlət başçısı
İlham Əliyev Azərbaycanın nəqliyyat
imkanlarına toxunaraq demişdir: "Biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu
demək olar ki, əvvəlki dövrün tələbatına
uyğun olaraq tam modernləşdirmişik.
Amma bu gün
tələbat daha da artır. Çünki yüklər
artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır.
Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə
və əks istiqamətdə yükdaşımaların
artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat
problemlərinin həlli
üçün öz
köməyini də əsirgəmir".
Ramidə YAQUBQIZI
Respublika.- 2023.- 26 iyul.- S. 1; 4.