Üçtərəfli Bəyanata əməl edilməlidir

 

Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq 30 il düşmən tapdağı altında qalmış torpaqlarını azad etmək məqsədilə əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün davam edən müharibə nəticəsində Müzəffər Azərbaycan Ordusu zəfər tariximizi yazmağa nail oldu.

Belə ki, həmin il oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, 4-də Cəbrayıl şəhəri, 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, 17-də Füzuli şəhəri, 20-də Zəngilan şəhəri, 25-də Qubadlı şəhəri, noyabrın 8-də isə Şuşa şəhəri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olundu. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması ilə xain haylar öz məğlubiyyətlərini rəsmən təsdiqləmiş oldular. Azərbaycan tərəfinin sənədə imza atandan bəri onun bütün şərtlərinə əməl etməsinə baxmayaraq, Ermənistan bunun əksini edir. Mənfur düşmən hətta iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində danışıqların getdiyi müddətdə belə sülhə əngəl olmaq üçün müxtəlif təxribatlar, sərsəm bəyanatlarla gündəmə gəlir. Ötən günlərdə baş verən hadisələrə nəzər salsaq, bunu bir daha aydın şəkildə görmək mümkündür.

İyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Düşmənin açdığı atəş nəticəsində hərbi qulluqçumuz Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan Ordusu yaralanmış əsgərimizin qisasını almaq məqsədilə elə həmin gecə cavab tədbirlərinə başlayıb. "Qisas 2" əməliyyat nəticəsində hərbi birləşmələrin 5 üzvü məhv edilib. Xüsusi vurğulamaq lazımdır ki, əməliyyatlar zamanı məhv edilən 5 nəfərdən 2-si məhz Ermənistan silahlı qüvvələrinin hərbçiləridir. Ən təəccüblü məqamlardan biri isə düşmənin özünün bunu etiraf etməsidir. Bəs, bu hansı anlama gəlir? Bu, bir daha Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsində fiziki mövcudluğunun faktiki olaraq davam etdiyinin göstəricisidir. Bütün bunlara baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə digər rəsmi şəxslər danışıqlar zamanı Qarabağda Ermənistan silahlı qüvvələrinin mövcudluğu barədə məlumatları təkzib edirlər. Sadaladığımız faktlar düşmənin saxtakarlığını bir daha təsdiqləyir. Əldə olunan məlumatlara əsasən, hazırda Qarabağda separatçı silahlı birləşmənin 10 minə yaxın üzvləri var. Həmin birləşmələrin arasında Ermənistan ordusunun hərbçiləri yer alır. Düşmən hər qədər boyun qaçırsa da, sözügedən dəstələrin Ermənistan ordusunun baş qərargahı tərəfindən idarə edildiyi hər kəsə məlumdur. Bundan başqa, Ermənistanın büdcəsi hesabına onlara logistik dəstək, silah-sursat, təlim-məşq prosesi həyata keçirilir.

Xatırladaq ki, üçtərəfli Bəyanatın ən vacib müddəalarından biri məhz Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə paralel şəkildə qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərini tərk etməsi idi. Lakin hazırkı situasiya müddəaların hələ yerinə yetirilmədiyindən xəbər verir. Əfsuslar olsun ki, bütün bu qanunsuz hadisələr elə sülhməramlıların gözü qarşısında cərəyan edir. Buradan bir daha Ermənistanla yanaşı, Rusiyanın da Bəyanatın müddəalarını pozduğunu görürük. Bütün bunlar kifayət deyilmiş kimi, üzdəniraq düşmən qabaqdangəlmişlik edir. Belə ki, Ermənistan tərəfi utanmadan Azərbaycanın ünvanına ittihamlar səsləndirməklə, ölkəmizin guya üçtərəfli Bəyanatın müddəalarını pozduğunu, Laçın yolunu Qarabağda yaşayan ermənilər üçün bağladığını iddia edir. Bütün bunlar, şübhəsiz, reallığı əks etdirmir. Bir məqamı da diqqətə çatdırmaq lazımdır ki, hazırda mövcud real vəziyyətə əsasən üçtərəfli Bəyanat kontekstindən danışmaq mənasızdır. Çünki Ermənistanla yanaşı, şimal qonşumuzun da həmin müddəaya əməl etməməsi üçtərəfli Bəyanatı tamamilə qeyri-legitim sənədə çevirir. 10 noyabr Bəyanatına əsasən Zəngəzur dəhlizinin açılması da reallaşmalı idi. Faktiki olaraq sadaladıqlarımızın heç biri yerinə yetirilməyib. Buradan da bu nəticə əldə olunur ki, Bəyanatı ciddi qəbul edib onun şərtlərinə əməl edən tək tərəf məhz Azərbaycandır. Belə olan halda, Ermənistanın sülhə təhdid yaratdığı, barışığın olmaması üçün əlindən gələni əsirgəməməsi bir daha öz təsdiqini tapır.

Düşmən dərk etməlidir ki, bizə qarşı atılan bu cür addımlar əbəsdir. Ölkə başçısının iyunun 23-də Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər bunun təzahürüdür: "Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə deyirəm, biz haqq-ədaləti tələb edirik".

 

Nəzrin ELDARQIZI

 

Respublika.- 2023.- 27 iyul.- S. 9.