Təşkilatlanmaq
Doğma torpaqlara
qayıdışı şərtləndirən
əsas amillərdən
biri
Bir neçə gün əvvəl Qərbi Azərbaycan İcmasının
Amasiya-Ağbaba icma-bölməsinin
geniş tərkibdə
yığıncağı keçirildi. Yığıncaqda
çıxış edən
Amasiya-Ağbaba icma-bölməsinin
rəhbəri, akademik
Abel Məhərrəmov və
Qərbi Azərbaycan İcmasının sədri,
Milli Məclisin deputatı
Əziz Ələkbərli Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
taleyüklü bu məsələ ilə bağlı müəyyənləşdirdikləri
strateji xətt, icmanın qarşısında
duran vəzifələr
barədə ətraflı
məruzələr etdilər.
Həm məruzəçilər,
həm də çıxış edənlər
Qərbi Azərbaycan torpaqlarına onun əsl sahiblərinin qayıdacaqlarına böyük
inamlarını dilə
gətirdilər. Amasiya-Ağbaba
üzrə kənd icmalarının və idarə heyətinin tərkibi seçildi. Bütün təşkilati
işlər başa çatdırıldı və
sonda toplantı iştirakçıları belə
bir yekdil fikir ifadə etdilər: təşkilatlanmaq
və bir daha təşkilatlanmaq lazımdır. Mən də məhz həmin çağırışdan
irəli gələn vəzifələrin icrası
ilə bağlı bəzi mülahizələrimi
bölüşmək istəyirəm.
Qədimdən Qərbi
Azərbaycan türk-oğuz
yurdunun necə və kimlərin köməyi ilə erməniləşdirildiyinin tarixini
lazımınca öyrənmədən,
əcdadlarımızın miras qoyub getdiyi
həmin torpaqları hansı yollarla əsl sahiblərinə qaytarılmağın pozulan
dünya nizamının
indiki zamanında hansı prinsip və şərtlər daxilində mümkünlüyünü
müəyyənləşdirməkdə
çətinlik çəkərik.
Acı həqiqət ondan ibarətdir ki, zaman-zaman
nəsillərin gözləri
önündə Qərbi
Azərbaycanda mədəni-dini-tarixi
abidələrimiz erməni
vandalizmi tərəfindən
dağıdılıb, Azərbaycan
torpaqları hesabına
yaradılan
Ermənistanda qədim
yurd yərlərimizin adları
dəyişdirilib, murdar
daşnak ayaqları evimizin içinə qədər uzanıb, çar və sovet Rusiyasının, habelə sovet hökumətinin bilavasitə
dəstəyi ilə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara
qarşı dəfələrlə
soyqırımı siyasəti
həyata keçirilib,
biz isə susmuşuq və ya susdurulmuşuq.
Ya zəlzələdən, ya vəlvələdən.
Repressiya maşınına
və türk qanına susamış erməni terroruna qarşı lazımınca
dirəniş göstərməmişik.
Sanki qondarma "sovet beynəlmiləlçiliyi" havası elə bizim üçün bəstələnibmiş. Tam tərsi
- Qərbi azərbaycanlılar
tarixi torpaqlarında erməni despotizmi tərəfindən əzildikcə
elə həmin ermənilərin qohum-əqrəbaları,
doğmaları, daşnak
tör-töküntüləri Azərbaycanda çox yaxşı rahatlıq tapıb, daha çox irəli gedib, daha çox
kürsüyə yiyələnib
və məqamı gələndə Qarabağla
bağlı qanunsuz ərazi iddiaları üçün daha çox zəmin yaratmışlar. Bəs bütün bunlar niyə baş verib?
Tarix üçün
çox da uzun olmayan bir zaman kəsiyi ərzində
(1918-1969-cu illər) Azərbaycana
rəhbərlik edənlərin
yürütdükləri qeyri-milli,
həm də anti-Azərbaycan siyasətinin nəticəsində hakimiyyət
strukturlarına əsasən
Azərbaycan xalqına
düşmən kəsilənlər
(xüsusi ilə də ermənilər) daraşdı. Ulu Öndər
hakimiyyətə gələnə
qədər ayrı-ayrı
vaxtlarda ermənilər
Azərbaycan torpaqlarının
müəyyən hissəsini
bu və ya digər yollarla
qopararaq erməniləşdiriblər.
Ümummilli Liderin Azərbaycan Respublikası
Konstitusiya Komissiyasının
1998-ci il yanvarın 14-də keçirilən iclasında
dedikləri: "1968-1969-cu illərdə Ermənistan
Azərbaycana qarşı
yenə də torpaq iddiaları ilə çıxış
etdi. Onlar Naxçıvanın Ermənistanla
sərhədində, Sədərək
rayonunun ərazisindən
bir qisim torpaqlara, sonra Ordubad tərəfdən Mehri ilə
sərhəddə olan
torpaqlara, Gədəbəy
rayonundakı Tağlar
kəndinə, Qazax, Qubadlı və Laçın rayonlarından
bir qisim torpaqlara iddia edirdilər. Təəssüflər
olsun ki, Azərbaycanın
ovaxtkı rəhbərləri
də bununla razılaşmışdılar. Hətta Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti, onun
sədri İskəndərov
fərman imzalamışdı
ki, o torpaqlar verilsin.
1969-cu ilin iyul ayında mən ovaxtkı Mərkəzi Komitənin birinci katibi seçildim. Həmin məsələni
mənim qarşıma
çıxardılar. Moskvadan
da çox böyük
təzyiqlər edirdilər
ki, qərar qəbul olunub, tez edin,
icrasına sərəncam
verin. Dedim ki, imkan verin mən
onu bir araşdırım.
Şübhəsiz ki, mən
araşdırdıqdan sonra
gördüm ki, buna razılıq
verə bilmərəm.
Nə qədər ki,
mən Azərbaycanda işlədim o qərar həyata keçmədi.
1985-ci ildə (artıq
Ulu Öndər Azərbaycanın
rəhbəri deyildi, Ermənistan
tərəfi bu qərarın həyata keçirilməsinə nail oldu".
Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə
gəlişindən sonrakı
dövr milli özünüdərkin,
milli özünəqayıdışın
başlanğıcı kimi
qəbul olunur. Onun yürütdüyü
siyasət milli qürur
hissinin güclənməsi
və milli şüurun
yüksəlməsinə təkan
verən sürətli
inkişaf strategiyasının
gerçəkləşdirilməsinə istiqamətlənmişdi. Milli kadrların
hazırlanması, milli dilin
inkişaf etdirilməsi
və istifadə olunması, dövlət idarəetmə strukturlarında
çalışan məmurların
mütləq əksəriyyətinin
azərbaycanlı olmasına
xüsusi diqqət yetirilmişdir. Ulu Öndər
Heydər Əliyevin xalqımızın önündə,
Azərbaycan tarixi qarşısındakı xidmətlərindən
biri də torpaqlarımıza yiyələnmək
üstündə ən
kəskin geo-siyasi ziddiyyətlərin mövcud
olduğu zamanlar xalqa, vətənə, dövlətə sədaqət
nümunəsi kimi, sözün əsl mənasında çarpışmasıdır.
Tarixi Qərbi
Azərbaycan torpaqlarının,
o cümlədən də
Azərbaycan SSR-in ərazisindən
nə vaxt, nə qədər, hansı ərazilərdən
ermənilərə verilməsi
(və ya ermənilərin zəbt etməsi) bu yazının mövzusu deyil. Bu faktlar həm Azərbaycanda, həm Ermənistanda, həm də Moskva arxivlərində mövcuddur.
Bu reallıqları nəinki
Azərbaycanda, həm
də dünyanın dörd bir köşəsində
yaşayan azərbaycanlılar
dərindən öyrənməli
və gələcək
nəsillərə ötürməlidir.
Hər kəs aydın dərk etməlidir ki, indi söhbət tarixi faktları və reallıqları öyrənməkdən
və ötürməkdən
getmir. Söhbət bu və ya
digər səbəblərdən
itirilmiş torpaqların
geri qaytarılması
uğrunda aparılmalı
olan mübarizədən,
Qərbi Azərbaycana
qayıdış arzularının
reallığa çevrilməsindən
gedir. Ulu Öndər deyirdi: "Mən hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qayıtmalıdır.
Azərbaycanın tarixi
torpaqları qayıtmalıdır.
Biz də qaytara bilməsək gələcək
nəsillər onları
qaytarmalıdır".
Bir daha vurğulamaq istəyirəm ki, vətən,
torpaq namusu çəkən hər kəs bu fikirdədir
ki, Qərbi Azərbaycana
qayıdış da indi
baş verməlidir, itirilmiş torpaqların davası da indi çəkilməlidir. Niyə?
Çünki Ulu Öndərin
bu məsələ ilə bağlı müəyyənləşdirdiyi strateji siyasi xətti müasir dövrün çağırışlarına
uyğun və onu çox qətiyyətlə yerinə
yetirən cənab
İlham Əliyev kimi
Prezidentimiz, Müzəffər
Ali Baş Komandanımız
var. O, aydın yol xəritəsi hazırlayıb.
Məqsədə çatmağın
yollarını göstərib.
Böyük dövlətlər
və ya nüfuzlu beynəlxalq təşkilatların təzyiqlərinə
baxmayaraq yenilməz sərkərdəlik qabiliyyəti
nümayiş etdirir. Dəmir məntiqi ilə ən qatı daşnakı da, o
daşnakın havadarlarını
da yerdən-yerə vurur.
Azərbaycan liderinin yumruğunu sıxaraq erməni baş nazirinin sərsəm bəyanatına qarşı
"Qarabağ Azərbaycandır
və nida!" fikrini səsləndirməsi
zamanı ortalığa
sanki "su ələndiyi" səhnəsini
xatırlayırsınız?
Bəs "Armenia",
"Armenia", "Yerevan", "Yerevan" - deyib saxta tarix düzəldənlərə
necə cavab verdi? O dedi: "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır.
İrəvan bizim tarixi şəhərimizdir.
Göstərin görək
İrəvanının tarixi
mərkəzi haradır?
Haradır İrəvanın
tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu dünyanın
ən qədim şəhəridir, haradadır
bunun tarixi mərkəzi? Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy bu sadə
suala cavab versinlər. Cavab da gün kimi aydındır.
Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının
tarixi irsi idi. Hansını ki, onlar dağıdıblar. Şəhərsalma adı
altında bütün
tarixi binalarımız,
o cümlədən İrəvan
qalası, Sərdar sarayı dağıdılıb".
Gəlin açıq
etiraf edək ki, elə Qərbi azərbaycanlıların böyük
əksəriyyəti belə
Prezident İlham Əliyevin
"Tarixi torpaqlarımızı,
yurd yerlərimizi öz doğma adları ilə çağırın" səslənişinə
qədər "Masis",
"Yerevan", "Vardenis", "Krasnoselsk", "Kalinino"
və sair kimi qondarma adları
dilə gətirirdilər.
Məhz Azərbaycan Lideri, az qala
böyüklərin əlindən
tutub barmaqlarını
tarixi adların üzərinə qoydu. Bizi silkələdi, ayıltdı. İndi silkələnib
ayılmış başların
hədəfə doğru
yorulmadan, qorxub-çəkinmədən
qətiyyətlə mübarizəyə
başlaması vaxtıdır.
Bunun üçün isə
təşkilatlanmaq lazımdır,
bəli təşkilatlanmaq.
Təbii ki, tarixi təxminən 300 ilə dayanan erməni-daşnak diasporu ilə mübarizə aparmaq asan olmayacaq. Ancaq onu həqiqətin
və inamın, vətən sevgisinin, vətənə qayıdışın
gücü ilə yerində oturtmaq mümkündür və mümkün olacaq. Bəzən biz "kaftar bir ifritə divi" həddindən çox şişirdir və məğlubedilməz hesab
edirik. Amma "çaqqalların
ağalığı qurd
ayağa qalxana qədərdir" zərbi-məsəli
44 günlük Vətən
müharibəsində öz
təsdiqini bir daha tapdı.
Biz təşkilatlanıb nə
edə bilərik? Amasiya-Ağbaba icmasının
timsalında bir neçə mülahizəyə
diqqət çəkmək
istəyirəm. Təbii
ki, mətbuat üçün
məqbul hesab edilənlərə. 1988-1989-cu illərdə
Ağbabadan deportasiya edilənlərin sayı, aşağı-yuxarı, 20.000 nəfər olub. Ötən 35 ildə təbii artımı nəzərə alsaq hazırda Azərbaycanda və xarici ölkələrdə kökü
Ağbabaya gedib çıxan 80-100 min insan
var. Onların arasında
akademiklər, sanballı
tədqiqatçı-alimlər, etnoqraflar, tarixçilər,
beynəlxalq aləmdə
tanınan həkimlər
və hüquqşünaslar,
iş adamları və digər peşə sahibləri
var. İcmanın fəaliyyət
nüvəsini məhz
onlar təşkil etməlidirlər. Məncə,
təxminən bu istiqamətlərdə:
- İcmanın
bilavasitə təşkilatçılığı
və rəhbərliyi
ilə "Ağbaba dərsləri" təşkil
etmək olar. Bu dərslərə bütövlükdə
Ağbabanın, həm
də ayrı-ayrı
kəndlərin tarixi,
dini-mədəni-tarixi abidələri,
flora və faunası,
yetirmələri və
s. barədə sanballı
materiallar hazırlanmalıdır.
Onlar ümumiləşdirilərək,
ən azından, ingilis, rus, fransız
dillərinə tərcümə
olunaraq lazımi ünvanlara göndərilməlidir.
- Ölkənin
hüdudlarından kənarda
yaşayan ağbabalılarla
əlaqə qurula, onların hansı sahədə və istiqamətdə fayda verə biləcəkləri
öyrənilə və
konkret fəaliyyətə
cəlb oluna bilərlər.
- Qərbi Azərbaycan İcmasının xətti
ilə keçiriləcək
beynəlxalq konfrans və simpoziumlarda digər icmalarla sıx, yalnız və yalnız koordinasiyalı şəkildə
fəaliyyət göstərmək,
panel yığıncaqlar təşkil
etmək olar.
- Ağbabanın
tarixini, keçdiyi keşməkeşli yolu, erməni terrorizmi və faşizmi tərəfindən 1905, 1915, 1918-1920-ci illərdə törədilən
qırğınları əks
etdirən qısametrajlı
sənədli filmlər
hazırlamaq və yaymaq olar.
- Ağbabada
milli kadrların necə
repressiya edildiyini, mahalda rəhbər vəzifələrdə çalışan
azərbaycanlıların "dəftərdən necə
silindiyini" tarixi faktlar əsasında araşdırmaq və videoroliklər vasitəsilə
nümayiş etdirmək
olar. Bu məsələ
ilə bağlı ayrıca kitabçalar da hazırlamaq mümkündür.
- Ağbaba
türkülərini, layla
və bayatıları,
Ağbaba folklorunu, saz və söz
adamlarının yaradıcılığını
tam külliyyat halında
toplayıb nəşr
etmək məqsədəuyğun
olar.
- 1915, 1918-1920-ci illərdə Ağbabada daşnak Andranikin qaniçənlərinə qarşı
mübarizənin tarixini,
onun gedişini "Ağbaba dirəniş hərəkatı"nın ("Dirəniş hərəkatı"
ilə də bağlı tədqiqatçı-tarixçi
alim Nazim Mustafa çox dəyərli
məlumatlara və geniş materiallara sahibdir) fəaliyyətini işıqlandırmaq.
- Qərbi
Azərbaycan İcmasının
ümumi fəaliyyəti
çərçivəsində ilkin olaraq xarici
ölkələrin səfirliklərinə,
xüsusi olaraq xaricdə fəaliyyət göstərən Ermənistan
səfirliklərinə petisiya-müraciətlər
göndərmək, beynəlxalq
təşkilatların qapısını
eşidiləcək formada
döymək yerinə
düşər.
Zaman dəyişib. İndi rəqəmsal
informasiyalar dövrüdür.
Qeyd olunanların həyata vəsiqə alması üçün
ancaq və ancaq onun gücündən,
sürətindən, təsir
vasitələrindən istifadə
etmək lazımdır.
Sosial media seqmentlərinin
həlledici rolunu isə unutmaq olmaz.
Bu qeyd etdiklərim mənim subyektiv düşüncələrim olmaqla
çox gərgin təşkilati iş, canyanğısı, itirilmiş
torpaqların geri qaytarılması naminə
fədakarcasına çalışmaq,
həm də ciddi maliyyə imkanları tələb edir. Onların hamısı da var. Qalır
qolları çırmayıb
başlanmış işi
axıra çatdırmaq
- Qərbi Azərbaycan
İcması ətrafında
bir yumruq kimi birləşərək
fəaliyyət göstərmək.
Qərbi Azərbaycan naminə, itirilmiş torpaqların namus və şərəfi üçün ciddi surətdə təşkilatlanmalı,
bir daha təşkilatlanmalı və
yenə də təşkilatlanmalıyıq.
Səyyad AĞBABALI,
Qərbi Azərbaycan
İcması Amasiya-Ağbaba
icma-bölməsi idarə
heyətinin üzvü.
Respublika.- 2023.- 27 iyul.-
S. 9.