Humanitar yüklərin daşınması
üçün alternativ yol mövcuddur
İyulun 26-dan
etibarən Ermənistan növbəti şouya start verib. Ermənilər
bu dəfə Azərbaycanla razılaşdırılmadan
yük maşınlarını Qarabağa keçirmək
üçün Laçın postuna yaxın ərazidə cəmləşiblər.
Bunun səbəbi isə ondan ibarətdir ki, guya
Qarabağın erməni əhalisi ağır humanitar
böhran yaşayır. Halbuki, Azərbaycan tərəfi hələ
iyulun 15-də humanitar yüklərin daşınması
üçün Ağdam-Xankəndi yolunu təklif kimi
gündəmə gətirmişdi.
Avropa
İttifaqı Şurasının prezidenti Şarl Mişelin
vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham
Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
arasında Brüsseldə baş tutan üçtərəfli
görüşün növbəti raundunda müzakirə edilən
məsələlərdən biri də Xankəndiyə
Ağdam vasitəsilə humanitar yardımların
daşınması olub. Dövlətimiz növbəti dəfə
Qarabağın erməni sakinlərinə qarşı humanist
addım atıb. Bununla da Azərbaycan öz erməni vətəndaşlarına
hər cür dəstək verməyə hazır olduğunu bəyan
edib.
Hətta
üçtərəfli görüşdən sonra mətbuata
açıqlama verən Şarl Mişel özü də qeyd
edib ki: "Mən Laçın yolunun
açılmasının vacibliyini vurğuladım. Mən Azərbaycanın
Ağdamdan humanitar yardımları təmin etmək istəyini
də qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm
və əhalinin ehtiyaclarının təmin olunması
üçün hər iki tərəfdən humanitar
yardımların çatdırılmasını dəstəkləyirəm".
Ancaq ermənilərin
Azərbaycanın belə humanist yanaşmasını hay-həşirlə
qarşılaması, elə erməni xislətini göstərir.
Burada qeyd edilməli olan digər bir məqam da rusiya sülhməramlılarının
məsələyə qeyri-obyektiv yanaşmasıdır.
Suveren ərazilərimizdə müvəqqəti yerləşdirilən
sülhməramlı kontingentin dəstəyilə
separatçı qüvvələrin etiraz aksiyalarına
başlamasının ən böyük səbəbi də
Brüssel görüşündə müzakirə olunan
Ağdam-Xankəndi yolunun istifadə olunması təklifi olub.
Ermənilərin onlara təklif olunan yeni humanitar yoldan imtina
etməsinin ən böyük səbəbi regionda yaranan yeni
reallıqlarla barışmamasıdır. Onlar hələ də
2020-ci ildən qabaqkı dövrdə olduqlarını zənn
edirlər. Separatçı rejim illərdir Qarabağdan Ermənistana
və ya əks istiqamətdə sorğu-sualsız hərəkət
edib. İndi isə onların belə bir şansı
olmadığından əllərində əsir
saxladıqları erməni sakinlərindən siyasi məqsədlər
üçün istifadə edirlər. Xunta rejimi və Ermənistan
birdəfəlik anlamalıdır ki, artıq dövrü-zaman
dəyişib, Azərbaycan ərazi
bütövlüyünü bərpa edib.
2020-ci ildə
İkinci Qarabağ müharibəsində qazanılmış
qələbədən sonra əsası qoyulan digər bir məsələ
də ermənilərin reinteqrasiya prosesi oldu. Lakin Ermənistan
dövləti və separatçı rejim başda olmaqla, bəzi
xarici dairələr də, reinteqrasiya prosesinə ciddi əngəl
törətməyə çalışırlar. O səbəbdən
də həmin qüvvələr dinc sakinlərin Ağdam-Xankəndi
yolundan istifadəsini qadağan edirlər. Hətta onlar
nümayişkarcasına həmin yolun Əsgəran hissəsini
beton hissələrlə bloklayaraq əhalinin bu yoldan
giriş-çıxış etməsinə mane olurlar. Elə
buradan da görünür ki, "gərgin humanitar vəziyyət"
və ya "blokada" tipli xəbərlər tirajlamaq siyasi
manipulyasiyadan başqa bir şey deyil. Təəccüblüdür
ki, dünya birliyi son hadisələrə görə qondarma
rejimə heç bir təzyiq göstərmir. Heç kim
onlardan erməni etnik azlıqlarını əsir kimi
saxladıqlarının haqq-hesabını sormur.
Bunun əvəzində
isə bəzi təşkilat və siyasi dairələr son
günlər Azərbaycana qarşı qərəzli
çıxışlar etməkdə davam edir. Beynəlxalq
Qırmızı Xaç Komitəsindən sonra Avropa
İttifaqının xarici əlaqələr və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin erməni
tərəfinin yaydığı saxta təbliğat və
siyasi manipulyasiyalara əsaslanaraq, Laçın yolunu
"blokada" adlandırması Qərbin adəti üzrə
Azərbaycan-Ermənistan məsələsinə ikili
yanaşma sərgiləməsidir.
Dövlətimiz
isə bütün bunlara cavab olaraq bir daha hər kəsə
bəyan etdi ki, humanizm pinsiplərinə sadiqlik Azərbaycanın
əsas yol xəritəsidir. İyulun 27-də Qarabağın
erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç
Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri
çayının üzərində Azərbaycan Ermənistan
sərhədində fəaliyyət göstərən
Laçın dövlət sərhədindən
buraxılış məntəqəsindən sərbəst
keçidinə növbəti dəfə şərait
yaradılıb. Qarabağdan Ermənistana hərəkət edən
7 nəqliyyat vasitəsi və 34 şəxsin
buraxılış məntəqəsində qaydalara uyğun
olaraq yoxlanıldıqdan sonra keçidi təmin edilib. Həmin
34 şəxsin 11-i Beynəlxalq Qırmızı Xaç
Komitəsinin üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər
və onları müşayiət edən 10 ailə
üzvü, eləcə də 1 nəfər tibb heyəti
olub.
Beləliklə,
son hadisələr belə deməyə əsas verir ki, Ermənistan
və onu idarə edənlər beynəlxalq aləmdə Azərbaycanın
yüksələn nüfuzuna zərbə vurmağa
çalışırlar. Ona görə də
qarşımızda duran düşmənin hər cür
şərəfsizliyə əl ata biləcəyini yaddan
çıxarmamalı, bütün hadisələrə səbir
və dözümlə qarşılıq verməliyik.
Musa BAĞIRLI
Respublika.-
2023.- 28 iyul.- S. 1; 5.