Ölkəmiz bərpaolunan enerjinin istehsalçısı və
ixracatçısına çevrilir
"...Azərbaycan Avropaya
əhəmiyyətli qaz
tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş
adlandırır. Avropa
İttifaqının enerji
komissarı Azərbaycanı
pan Avropa qaz tədarükçüsü
adlandırır. Bizim
sözsüz ki, Avropaya qaz tədarükümüzün
coğrafiyası genişlənir
və ümidvaram ki, ilin sonuna
qədər əlavə
iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına
çevriləcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Qlobal Media Forumunun açılış
mərasimində bildirib.
2022-ci ilin iyulunda
Avropa Komissiyasının
Prezidenti Ursula Fon der Lyayenin
Azərbaycana səfəri
zamanı ölkəmizlə
Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair
Anlaşma Memorandumu imzalandı. Bu mühüm sənəd gələcək planlar üçün aydın yol xəritəsidir. Ölkəmizin resursları,
qarşılıqlı siyasi
iradə, yüksək
etimad Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağa əsas verir. 2022-ci ilin oktyabrında enerji sektorunda növbəti uğurlu addım atıldı. Belə ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan
Qaz İnterkonnektorunun
(IGB) açılışı oldu. IGB Azərbaycanın
"Şahdəniz-2" yatağından
hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq.
Reallıqlar göstərir
ki, yeni çağırışlar qarşısında
Azərbaycan qazına
tələbat artır.
Həmin ilin dekabrında Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təminatında
roluna işıq salan daha bir
mühüm sənəd
imzalandı. Dövlət
başçısı İlham
Əliyevin iştirakı
ilə Buxarestdə
"Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya
və Macarıstan hökumətləri arasında
yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında saziş"in
imzalanması mərasimi
ilə bağlı plenar iclas keçirildi.
İclasda çıxış
edən Prezident İlham Əliyev məqsədlərə nail
olmaq üçün
səmərəli surətdə
çalışmağın vacibliyini bildirdi.
2023-cü il fevralın
3-də Bakıda Cənub
Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 1-ci iclaslarının
keçirilməsi ilə
Azərbaycan növbəti
dəfə dünyanın
diqqətində oldu və Avropanın enerji təhlükəsizliyinin
təminatında rolunu
bir daha önə çıxardı.
Ölkə başçısı
enerji diplomatiyamızın
uğurlu səhifəsi
kimi xarakterizə edilən bu tədbirdə çıxış
edərək toplantının
məqsədini açıqladı
və belə bir reallığı da diqqətə çatdırdı ki, dünya dəyişib və enerji təhlükəsizliyi məsələsinin
hər bir ölkə üçün
əhəmiyyəti də
artıb. Bu, həmçinin yeni marşrutların qurulması
və mənbələrin
cəlb olunması deməkdir.
Azərbaycanın siyasəti
əməkdaşlığa hesablanıb və yeni tərəfdaşların,
dostların qazanılması
yeni layihələrin gündəmə gətirilməsində,
eyni zamanda mövcud layihələrin
coğrafiyasının genişlənməsində
stimulverici amildir.
Hazırda isə
Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi məsələsi
müzakirə mövzusudur.
Cənub Qaz Dəhlizi iki ildən artıqdır ki, açılıb. Onun şaxələndirilməsi
məqsədilə əsas
seqmentlərdən olan
TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırılır.
Təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, 2022-ci ildə isə 22,6 milyard kubmetr olmuşdur. Cari ildə onun 24,5 milyard kubmetrədək artırılması
gözlənilir. Bu da o deməkdir ki, Avropa Komissiyası
ilə imzalanan Anlaşma Memorandumu uğurla icra olunur. Yəni Azərbaycan nəinki hasilatı, həmçinin
ixracı artırır
və onun coğrafiyasını genişləndirir.
Təbii ki, Cənub Qaz Dəhlizinin şaxələndirilməsi
ilə yanaşı, hazırda Azərbaycanın
bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə
çevrilməsi üzərində
də iş davam edir. Belə
ki, 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsal edilməsi məqsədilə
bərpaolunan enerji sahəsində aparıcı
beynəlxalq şirkətlərlə
müqavilə və anlaşma memorandumları imzalanıb. Artıq ilk külək və günəş enerjisi stansiyalarının
tikintisinə başlanılıb.
Onu da qeyd
edək ki, Azərbaycanın bərpaolunan
enerjinin hesablanmış
potensialı təxminən
200 qiqavatdır. Xəzər
dənizinin Azərbaycan
sektorundakı 157 qiqavat
da bu həcmə
aiddir. Yaşıl enerjinin əsas ixrac istiqaməti isə əlbəttə ki, Avropadır.
Göründüyü kimi, layihələr çoxdur və onlar gələcəyə
hesablanmışdır. Mütəxəssislərin
fikrincə ölkəmizin
təbii qaz ehtiyatı ən azı 100 ilə bəs edər. Burada düşünülmüş,
planlaşdırılmış şəkildə fəaliyyət
göstərmək lazımdır.
Beynəlxalq maliyyə
qurumları ilə əməkdaşlığı davam etdirməyə ehtiyac var. Doğrudur,
Türkiyə, Gürcüstan,
Yunanıstan, Bolqarıstan,
Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökumətləri
layihədə fəal
iştirak edir. Avropa Komissiyası, həmçinin ABŞ və
Böyük Britaniya hökumətləri layihəyə
davamlı dəstək
göstərir, eləcə
də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş
əməkdaşlıq üçün
güclü bünövrəni
təmin edirlər.
SOCAR və BP kimi
iki aparıcı şirkət bir-birilə strateji əlaqələr qurmuşdur ki, bu əlaqələr də 30 illik bir dövrü əhatə edəcək.
Layihəyə Dünya
Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi maliyyə qurumlarının
maraq göstərməsi
də müsbət haldır.
Bütün bu
əlaqələrin nəticəsidir
ki, artıq Azərbaycanda "Masdar"
və "ACWA Power" kimi
investorlarla artıq birlikdə günəş
və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin BP şirkəti
ilə birlikdə daha bir layihənin
icrasına başlanılacaq.
Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində inşa ediləcək 240 meqavatlıq
elektrik stansiyası olacaq.
Ümumiyyətlə, ölkəmizin indiyədək
müxtəlif formatlarda
və ayrı-ayrı
ölkələrlə birgə
həyata keçirdiyi
layihələr - istər
Bakı-Tbilisi-Ceyhan neft
boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum
qaz boru kəməri, istərsə
də Cənub Qaz Dəhlizi - hamısı uğurlu olmuşdur.
Prezident İlham
Əliyev bu ilin altı ayının yekunlarına
həsr olunmuş müşavirədə "Abşeron"
qaz-kondensat yatağından
çıxarılan ilkin
qazın əhəmiyyətindən
danışarkən deyib
ki, bu, doğrudan
da çox əhəmiyyətli hadisədir.
Çünki bu günə qədər bizim ixracla bağlı
əsas qaz resursumuz "Şahdəniz"
qaz-kondensat yatağı
olub... "Abşeron"nun
birinci fazası artıq icra edilir və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə
bu yatağın ikinci fazasının işlənməsi ilə
bağlı tezliklə
daha fəal danışıqlara başlamalıdır...
bundan sonra bizim qaz ixrac
planlarımız daha tez bir zamanda
və daha böyük həcmdə təmin ediləcək".
İnanırıq ki,
həm təbii qaz, həm də
bərpaolunan enerji istehsalı ilə bağlı gələcək
planlar da uğurlu olacaq.
Zümrüd
QURBANQIZI
Respublika.- 2023.- 29 iyul.- S. 1; 5.