Vətən sərhəddən başlayır

 

2002-ci il iyul ayının 31-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzalayıb

 

"Əvvəl Sərhəd Qoşunları Azərbaycanda müstəqil yaranıbdır. Bir müddətdən sonra Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstəribdir. Ancaq mən bu sahəyə xüsusi əhəmiyyət verərək bir neçə ay bundan öncə qərar qəbul etdim, fərman verdim, onu Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi müstəqil xidmətə çevirdim və ona da Dövlət Sərhəd Xidməti adı verdik. Təbiidir ki, bu, sizin işlərinizin daha da uğurla aparılmasına kömək edir və edəcəkdir. Ancaq eyni zamanda, bu, sizin üzərinizə çox böyük məsuliyyət də qoyur...". Bu sözləri 2003-cü il fevralın 6-da Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə görüşü zamanı ümummilli lider Heydər Əliyev deyib.

Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizdə bütün sahələrin inkişafında əvəzsiz rolu olmuşdur. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bir dövlət üçün mühüm əhəmiyyət kəsb edən strukturlar fəaliyyətə başlamış və ya inkişafına təkan verilmişdir. Zəngin dövlətçilik təcrübəsinə malik olan ulu öndərin istər SSRİ, istərsə də müstəqillik dövründə qəbul etdiyi qərarların tək həmin zamana görə deyil, gələcəyə doğru hesablanmış addımlar olduğunu görmək mümkündür. 2002-ci il iyul ayının 31-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı fərmanın ölkəmizin sərhədlərinin etibarlı mühafizəsində önəmli rolu oldu.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri dövlət sərhədlərinin mühafizəsi idi. Müstəqilliyə qədər isə 70 il Sovet imperiyasının tərkibində yaşayan ölkəmizin sərhədləri SSRİ konstitusiyası çərçivəsində müəyyən edilmişdi. Həmin illərdə Azərbaycan yalnız Türkiyə və İran ilə həmsərhəd idi. Azərbaycanın İran və Türkiyə ilə sərhədlərini sovet sərhədçiləri qoruyurdular. Yalnız 1991-ci ildə müstəqilliyimizi yenidən bərpa etdikdən sonra həmin il dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi təsis edilmiş və ölkəmizin sərhədlərini milli qüvvələrimiz qorumağa başlamışlar. 1993-cü il martın sonu - aprelin əvvəllərində keçmiş SSRİ sərhədçiləri Azərbaycanı tərk etmişlər.

XX əsrin əvvəllərində qurulan ilk müstəqil dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyəti sərhədlərin mühafizəsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Belə ki, tariximizdə sərhədlərin mühafizəsi ilə bağlı ilk rəsmi sənəd - 1919-cu il avqustun 18-də "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul olunmuşdur. Lakin 1920-ci ildə AXC sütuq etdiyindən sərhəd mühafizəsinin formalaşması prosesi yarımçıq qalmışdır.

23 ay yaşamasına baxmayaraq, Azərbaycan tarixində dərin izlər buraxan AXC-nin müstəqil Azərbaycanın yaranmasında böyük rolu olub. Məhz bu səbəbdən, 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycan AXC-nin varisi olduğunu bəyan edir.

90-cı illərin əvvəlində tarixinin ən ağır günlərini yaşayan Azərbaycan ermənilərin işğalçı siyasəti nəticəsində torpaqlarının 20 faizini itirdi. 30 ilə yaxın müddətdə 132 kilometrlik İran-Azərbaycan sərhədini nəzarətdə saxlayan Ermənistan bu illər ərzində həmin əraziləri "boz zona" kimi istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmuşdur.

O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan ulu öndər Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində yalnız muxtar respublikanın sərhəd infrastrukturu qorunub saxlanıldı və sovet sərhədçiləri hərbi texnika və vasitələri bütünlüklə təhvil verərək ölkəni tərk etdilər. Lakin Azərbaycanın digər sərhəd bölgələrində vəziyyət olduqca acınacaqlı durumda idi.

Hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin səyləri nəticəsində DTK-nın tərkibində olan Sərhəd Qoşunlarında da azərbaycanlı zabitlərin xidmət göstərməsinə xüsusi diqqət yetirilmiş, milli kadrların yüksək vəzifələrə irəli çəkilmələri təmin olunmuşdur. 70-ci illərin sonuna qədər azərbaycanlı sərhədçilər sırasında yalnız 1 nəfər - Mustafa Nəsirov polkovnik rütbəsinə layiq görüldüyü halda, artıq 70-ci illərin sonunda bu rəqəm 10-a çatmışdır. Milli silahlı qüvvələr kimi Sərhəd Qoşunlarının peşəkar zabit heyətinin, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasınında böyük xidmətləri olmuşdur. 2001-ci ildə Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən ümummilli lider sərhədçilərin qarşısına beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi mühüm vəzifələr qoymuşdur.

İkinci Qarabağ müharibəsində də DSX-nın Sərhəd Qoşunları xüsusi qəhrəmanlıq göstərmişdir. Qazanılmış Zəfər sayəsində 132 kilometrlik Azərbaycan-İran sərhədi Silahlı Qüvvələrimizin nəzarətinə keçmişdir. Bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması ilə sərhədçilərimiz Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etmiş oldular.

 

Musa BAĞIRLI

 

Respublika.- 2023.- 30 iyul.- S. 4.