Elm və
təhsilin inteqrasiyasında
yeni mərhələ
Məlum olduğu
kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
"Azərbaycan Respublikasında
Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul
2022-ci il tarixli Fərmanından sonra ölkəmizdə elm və ali təhsil
sahəsində qarşılıqlı
əlaqələrin tənzimlənməsi
və istiqamətləndirilməsi
sahəsində yeni bir mərhələ başlanmışdır. Keçən
dövr ərzində
Azərbaycan Milli Elmlər Akademiyası da, Elm və
Təhsil Nazirliyi də Fərmandan irəli gələn məsələlərin həll
edilməsi üçün
qarşılıqlı əlaqə
şəraitində mühüm
addımlar atmışlar.
Elm və Təhsil Nazirliyinin strukturuna yeni daxil olmuş elmi-tədqiqat institutlarının
mövcud idarəetmə
sistemindəki yerinin, mövqeyinin və imkanlarının müəyyən
edilməsi, habelə ölkəmizin ali məktəblər şəbəkəsi
ilə əlaqələrinin
yenidən qurulması
üzrə apardığı
səmərəli elmi-təşkilati
iş əhəmiyyətli
bir başlanğıc
olmuşdur. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası da elm və ali
təhsil mühiti üçün keçid
dövrü olan bu prosesdə artıq yeni struktur daxilində fəaliyyətini davam etdirməyə başlamış,
elmi-tədqiqat institutlarının
Akademiya ilə Elm və Təhsil
Nazirliyi arasındakı
münasibətlərinin tənzimlənməsi
və elmi kollektivlərin ölkəmizin
təhsil sisteminə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə bir sıra mühüm addımlar atmışdır.
Beləliklə, Fərmanın
davamlı icrası üçün etibarlı
təməl formalaşdırılmışdır.
Həmin proses nəinki akademik qurumların fəaliyyətinin
təhsil sferası ilə uzlaşdırılmasında,
hətta uzun illər yanaşı qurumlar kimi işini
davam etdirmiş Azərbaycan Milli Elmlər Akademiyası ilə Elm və
Təhsil Nazirliyinin əlaqələrinin yenidən
qurulmasında mühüm
addıma çevrilmişdir.
Bütün bunlarla
bərabər, Azərbaycan
Respublikasının elm
və təhsil mühitində baş vermiş yeni reallıq bundan sonrakı inkişafın tənzimlənməsi, idarə
olunması və istiqamətləndirilməsi üçün
mövcud inkişaf proseslərini və perspektiv inkişafı müəyyən edən direktiv sənədlərin,
yeni qaydaların qəbul edilməsi zərurətini meydana çıxarmışdır. Bu
baxımdan, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 24
iyul 2023-cü il tarixdə təsdiq etdiyi "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali
Təhsil Agentliyinin Əsasnaməsi" ölkəmizin
elm və ali təhsil şəbəkəsinin yenidən
təşkil olunmasının
təmin edilməsi baxımından mühüm
əhəmiyyətə malik
olan dövlət sənədidir. Əsasnamə
bu sahədə mövcud dünya təcrübəsinin müddəalarının
nəzərə alınması
və ən başlıcası isə
elm və ali təhsil sahəsində ölkəmizin
reallıqlarının və
perspektiv inkişafının
əsas kimi qəbul edilməsi prinsiplərinə uyğun
hazırlanmış əhəmiyyətli
yol xəritəsidir. Belə ki, Əsasnamədə
ali təhsil sistemi ilə əlaqədar öz əksini tapmış mühüm vəzifələr
respublikamızda universitet
təhsilinin yeni mərhələyə çıxarılmasına
hüquqi təminat verir. Prezidentin təsdiq etdiyi Əsasnamədəki ali təhsil sahəsinə dair müddəaları ali təhsil haqqında qanunvericilik sənədinin əsas tezisləri, ana xətti kimi qəbul etmək olar. Bundan başqa,
bu müddəalar universitetlərin və elmi-tədqiqat institutlarının
nizamnamələrinin də
mahiyyətini və əhatə dairəsini müəyyənləşdirməyə imkan verir. Eyni
zamanda, Əsasnamə
bu mərkəzi icra hakimiyyəti orqanının tabeliyində
olan elmi-tədqiqat institutlarının fəaliyyətinin
müasir tələblər
səviyyəsində tənzimlənməsinə
və istiqamətləndirilməsinə
təminat verən müddəalar kimi mühüm əhəmiyyətə
malikdir. Əsasnamədə
yer almış "elm və təhsil
müəssisələrinin fəaliyyətinin tənzimlənməsi
üçün tədbirlər
görmək"; "elmi
fəaliyyətlə tədris
prosesinin inteqrasiyasını
təmin etmək";
"elm və təhsil müəssisələrində
nəticəyönlü, şəffaf
və səmərəli
idarəetmə modelini
formalaşdırmaq və
bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadə
etmək"; "elm
və təhsil müəssisələri ilə
xarici elm və təhsil müəssisələri arasında
mübadilə proqramlarını
həyata keçirmək"
və sair kimi müddəalar hazırkı mərhələdə
təhsil sferasında
elmi-tədqiqat mühitini
formalaşdırmağa və
inkişaf etdirməyə
geniş və münbit şəraitin yaradılmasına xidmət
edir. Fikrimizcə, qeyd edilən müddəalar hər biri ayrılıqda elm və ali
təhsil mühitinin inkişaf etdirilməsi üçün zəruri
olan fərqli bir istiqamətin yenidən qurulmasına, təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə yol açır. Həmin müddəaların işığında
elmin və təhsilin müasir mərhələdəki əsas
problemlərini təhlil
edib qiymətləndirmək
və inkişaf etdirmək üçün
əməli addımlar
atmaq mümkündür.
Diqqətəlayiq cəhətlərdən
biri də ondan ibarətdir ki, "Elm və
Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi"ndə
elm və təhsilin qarşılıqlı
inteqrasiyası məsələsinə
də xüsusi fikir verilmişdir. Çünki uzun illər ərzində ölkəmizdə Akademiya
ilə Təhsil Nazirliyinin yanaşı qurumlar kimi fəaliyyət
göstərdiyi dövrdə
elm və təhsilin inteqrasiyası pərakəndə şəkildə
aparılmış, tərəflərin
arzusu və ya fərdi təşəbbüsləri
sayəsində təşkil
olunmuşdur. Halbuki, elmi nailiyyətlərin, mühüm elmi nəticələrin ölkəmizin
ali və orta təhsil proseslərinə daha çevik və fəal şəkildə daxil olması, dərsliklərdə və
proqramlarda öz əksini tapması, əsas meyarlardan birinə çevrilməsi
müstəqil Azərbaycanda
geniş dünyagörüşə,
ən yeni elmi-texnoloji bacarıqlara və vərdişlərə
yiyələnmiş yeni
nəsillərin yetişdirilib
hazırlanmasına mühüm
töhfə verə bilər. Elmin və tədrisin, təhsilin əlaqələndirilməsi,
eyni zamanda ali təhsil mühitindən müasir təfəkkürə və
yüksək intellektual
xüsusiyyətlərə malik gənc qüvvələrin elmi qurumlara gəlməsinə
fərqli imkan yaradar. Nəticədə,
elm və təhsilin inteqrasiyası ölkəmizdə tam yeni təfəkkürə,
ən müasir bacarıqlara, zəngin ideya-mənəvi xüsusiyyətlərə
malik gənc nəsillərin yetişib
formalaşdırılmasına, idarəetmə proseslərində
özünəməxsus yer
tutmasına geniş meydan açacaqdır. Yeni yaradılmış Elm və Ali
Təhsil üzrə Dövlət Agentliyinin qarşısında duran əsas vəzifələrdən
biri də məhz bundan ibarətdir. Əsasnamədə
verilmiş "elm və təhsil müəssisələrində aparılan elmi tədqiqatların müasir
standartlar səviyyəsinə
çatdırılmasına, elmi tədqiqat işlərinin nəticələrinin
tədris prosesində
və istehsalatda tətbiqinə kömək
göstərmək, elmi
informasiya sisteminin gücləndirilməsi, beynəlxalq
elmi əlaqələrin
dərinləşdirilməsi sahəsində tədbirləri
təşviq etmək"
kimi hüquqi cəhətdən əsaslandırılmış
müddəaların "Agentliyin
vəzifələri" maddəsində
xüsusi yer tutması nəinki elm və ali
təhsil sahəsində
mövcud boşluqları
aradan qaldırmağa
kömək edəcək,
hətta bu istiqamətdəki addımların
ölkədaxili qarşılıqlı
elmi əlaqələr
səviyyəsindən dünya
elm və təhsil mühiti ilə münasibətlərin
yenidənqurulması və
daha da inkişaf
etdirilməsi mərhələsinə
çatdırılmasına sanballı töhfələr
verəcəkdir. Bu isə öz növbəsində, həm
ali təhsil sistemində və həm də Akademiya mühitində yeni bir canlanmaya
təkan vermək, yeniləşmə meyillərini
qüvvətləndirmək imkanlarına malik olan addımların atılmasını təmin
etmək deməkdir. Deməli, elm və təhsilin inteqrasiyasının təmin
olunması Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan elmi müəssisələr
üçün olduğu
kimi, Azərbaycan Milli Elmlər Akademiyası üçün
də faydalı və əhəmiyyətli
faktorlardır. Bütövlükdə,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 24 iyul
2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
Elm və Təhsil Nazirliyi yanında Elm və Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi"
ölkəmizdə elm
və təhsil qurumlarının vahid amal naminə qarşılıqlı əlaqə
şəraitində fəaliyyətlərini
davam etdirmələrinə
təminat verir və qarşıda yeni üfüqlər açır, ən müasir trendlərə və hədəflərə
çatmağa zəmanət
verir.
Hazırda üzərində
son təkmilləşdirmə
işləri gedən
Azərbaycan Milli Elmlər Akademiyasının
yeni Nizamnaməsi də öz növbəsində ölkəmizdə
elm və təhsil sahəsində qarşılıqlı etimad
mühitinin və birgə fəaliyyətin təmin olunmasına xidmət edən müddəalar üzərində
formalaşdırılmışdır. Təklif olunan Nizamnamə mətnində
akademik elmi qurumun davamlı və dayanıqlı ənənələrinin yaradıcı
şəkildə inkişaf
etdirilməsi ilə bərabər, həm də Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında
elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul
2022-ci il tarixli Fərmanından irəli gələn müasir reallıqlar öz əksini tapmışdır.
Bu mənada, yeni Nizamnamə müasir tarixi şəraitdə AMEA-da yenidən təşkilatlanmanı
və bu elmi qurumda islahatların
həyata keçirilməsini
tənzimləməklə bərabər,
elm və təhsilin qarşılıqlı
şəkildə inkişaf
etdirilməsinə də
geniş yol açır. Azərbaycan
Milli Elmlər Akademiyasının Nizamnaməsi
ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Təhsil üzrə Dövlət Agentliyinin əsasnaməsi
bir-birini tamamlayan və qarşılıqlı
inteqrasiya və inkişafa xidmət edən direktiv sənədlər kimi mühüm əhəmiyyətə
malikdir. Bütün bunlar öz növbəsində hazırda
qüvvədə olan
"Təhsil haqqında",
"Elm haqqında"
qanunlarda da müvafiq dəyişikliklərin
edilməsi zərurətini
meydana çıxarır.
Qanunvericilik sənədlərində
aparılacaq təkmilləşmə
və yeniləşmələr
son nəticədə
Azərbaycanda elmin və təhsilin zamanın çağırışlarına
uyğun olaraq yenidən qurulmasına, müasirləşdirilməsinə, modernləşdirilməsinə səbəb olacaqdır.
Beləliklə, artıq
Azərbaycan Respublikasında
yeni elm və təhsil mühiti formalaşmaqdadır.
Bu isə Azərbaycanda
həm elmi fəaliyyətin, Akademiya quruculuğunun və həm də təhsil mühitinin yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu təsdiq edir. Dövlət səviyyəsində həyata
keçirilən, tənzimlənən
və istiqamətləndirilən
bu genişmiqyaslı islahatlar Prezident İlham Əliyevin səyləri ilə yeni intibah mərhələsinə
çatdırılmış müstəqil Azərbaycan
dövlətinin daha da inkişaf etdirilməsi yollarında alimlərimizin və müəllimlərimizin özlərinin
məsuliyyətli vəzifələrini
və mənəvi borclarını yerinə yetirmələri baxımından
açılan yeni imkandır. İnanırıq
ki, elm və
təhsil işçiləri
yaradılmış müasir
imkanlardan səmərəli
istifadə edərək
möhtərəm Prezidentimiz
və müstəqil dövlətimiz qarşısında
öz borclarını
ləyaqətlə həyata
keçirmək üçün
birlikdə, vahid cəbhədə səfərbər
olacaq, inamla və məsuliyyətlə
çalışaraq, dövlətimizin
daha da möhkəmləndirilməsi
və inkişaf etdirilməsi üçün
bütün qüvvələrini
sərf edəcəklər.
İsa
HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik
Respublika.- 2023.- 30 iyul.- S. 6.