Mən Arazam, səsim
tutqun Arazdı...
Məni şeirimdə gəz,
bir insan kimi,
Qəlbimdə nə varsa, ona demişəm.
Bu misraların müəllifi,
Azərbaycan ədəbiyyatında
zəngin ədəbi
irsinə, sənətkarlıq
qüdrətinə görə
özünəməxsus yeri
olan görkəmli ustad Məmməd Arazın anadan olmasının 90-cı ildönümü
tamam olur.
90 il bundan
əvvəl oktyabrın
14-də Şahbuzun Nurs
kəndində, İnfil
kişinin ailəsində
Məmməd adlı bir uşaq dünyaya
göz açdı. Həmin bu uşaq Azərbaycanın
ən görkəmli şairlərindən biri olmaq üçün Allah
vergisi ilə doğulubmuş. Valideynləri hər şeyi öyrənmək, bilmək
istəyən balaca Məmmədin qarşısında
sinə dəftərlərini
səxavətlə açdılar
və özləri də bilmədən onun məhz bir şair kimi
yetişməsinə zəmin
yaratdılar. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə
Moskvada Maksim Qorki adına
Ədəbiyyat İnstitutunda
oxuyub. Ustad 50-ci illərin əvvəllərindən
yazmağa başlayıb.
"Sevgi nəğməsi"
adlı ilk kitabını
1959-cu ildə çap
etdirməsinə baxmayaraq,
bir şair kimi onun qələmi
növbəti onillikdə
daha da püxtələşib.
"Araz axır",
"Mən səni taparam", "Ömür
karvanı", "İllərdən
biri" və s. kitabları məhz
60-cı illərdə Azərbaycan
ədəbiyyatına parlaq
istedadlı bir şairin gəlişindən
xəbər verdi. Böyük sənətkar "Azərbaycan
Dövlət Nəşriyyatı"nda
bədii ədəbiyyat
redaksiyasının müdiri,
sonra isə baş redaktorun müavini, "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət"
qəzetində baş
redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan
Yazıçılar İttifaqının
poeziya bölməsinə
rəhbərlik edən
Məmməd Araz
1974-cü ildən ömrünün
sonunadək "Azərbaycan
təbiəti" jurnalının
baş redaktoru olub. O, həmkarları
arasında yeganə şairdir ki, əsərləri belə
geniş nəşr olunur. Şair xalqımızın taleyüklü məsələlərini,
qlobal problemlərini özünəməxsus sənətkar
dili ilə, vətəndaş yanğısı
ilə əks etdirib.
Harada işləməsinə, hansı vəzifəni tutmasına baxmayaraq, şair əslində, bütün ömrü boyu bir vəzifəni
icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında
vətəndaşlıq borcunu
yerinə yetirməkdir.
Yaradıcılığının zirvəsində Azərbaycan
torpağı, ana Vətən, onun tarixi və gözəllikləri dayanır.
Məmməd Araz mənsub
olduğu xalqa layiqli şair və vətəndaşdır.
Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd
Araza məxsus "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı"
məşhur misrası
müasir dövrdə
poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur. Sənətkarın
"Vətən mənə
oğul desə",
"Məndən ötdü,
qardaşıma dəydi",
"Mənim Naxçıvanım",
"Ata ocağı", "Ana yurdum, hər daşına üz qoyum" şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəri olub.
Tərcüməçilik fəaliyyəti də onun yaradıcılığını
şaxələndirən bir
faktordur. Belə ki, o, rus poeziyasının görkəmli
nümayədələrinin əsərlərini dilimizə
çevirib. S.V.Mixalkovun
"Foma", M.Svetlovun
"Şeirlər", N.A.Nekrasovun
"Rus qadınları"
və dünya şairlərinin şeirlərindən
ibarət olan "Ocaq başında" kitabları ilə Azərbaycan oxucusunu dünya ədəbiyyatına
yaxınlaşdırıb. Məmməd Arazın bədii tərcümələri
sayəsində isə
Azərbaycan oxucusu dünya ədəbiyyatının
bir sıra nümunələri ilə
tanış olmaq imkanı qazanıb. Eyni zamanda, şairin
əsərləri ayrı-ayrı
xalqların dillərinə
tərcümə edilərək
nəşr olunub.
Poeziyamızda Azərbaycana çoxlu şeirlər ithaf olunsa da, yenə
də Məmməd Arazın "Azərbaycan
- dünyam mənim"
şeirinin bənzəri
yaradılmayıb. Bu şeirdə şairin qəlbinin ağrıları,
fəal vətəndaş
narahatlığı hiss olunur.
Məmməd Araz
"Üç oğul
anası", "Araz
axır", "Mən
də insan oldum", "Paslı qılınc", "Əsgər
qəbri", "Atamın
kitabı" poemaları
ilə də təkrarsızdır. Onun poemaları
insan mənəviyyatının
mürəkkəbliyi, milli
tale və tarixi yaddaşın bərpası
kimi məsələlərə
həsr olunub. Azərbaycanda istiqlal təfəkkürünün
formalaşmasında və
təkamülündə Məmməd
Araz yaradıcılığının
xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında
öz məsuliyyətini
dərk edən əsl xalq şairi,
Azərbaycan ziyalısı
idi. Onun vətənpərvərlik hisslərinin
təcəssümü olan
şeirlərində böyük
sevgisini görürük:
Nə yatmısan qoca vulkan, səninləyəm!
Ayağa dur. Azərbaycan, səninləyəm!
Səndən qeyri,
biz hər şeyi bölə billik.
Səndən qeyri,
Biz hamımız
ölə billik.
Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Belə ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlayıb. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı "İstiqlal" ordeni ilə təltif edib. Qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.
Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib. Azərbaycan poeziya sənətinin zəngin ənənələrini müstəqillik dövründə də yaşadaraq davam etdirən Məmməd Arazın adı bu gün böyük ehtiramla anılır. Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən Məmməd Araz poeziyasını Azərbaycan torpağından, tariximizdən ayrı təsəvvür etmək mümkün deyil. Xalq şairinin dərc etdirdiyi 20-dən artıq kitabındakı ən yaxşı əsərləri müəllifinə haqlı şöhrət gətirməkdədir. Onun şeir bulağı daim ictimai yığıncaqların, məclislərin kürsülərində, kitabların səhifələrində, məktəb uşaqlarının şirin dillərində çağlayacaq.
Röya RÜSTƏMLİ
Respublika .- 2023.- 14 oktyabr., № 224.-
S.11.