Güclü və qətiyyətli Lider

Bu gün Azərbaycan Respublikası tarixinin ən güclü, qüdrətli dövrünü yaşayır, Prezident İlham Əliyevin vurğuladığı kimi: "Müstəqilliyimiz heç bir zaman bu qədər möhkəm olmamışdır".

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi, ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək, həqiqi lider olduğunu bir daha sübuta yetirmişdir. Bu gün bütün dünya Azərbaycan Prezidentini verdiyi sözlərə istisnasız əməl edən, sözündən dönməyən siyasi xadim kimi tanıyır və qürurverici haldır ki, bu keyfiyyətlər bütövlükdə Azərbaycan xalqına şamil edilir.

Hələ 2003-cü ilin sentyabr ayında Azərbaycanın Baş naziri İlham Əliyev BMT Baş Assambleyasında 58-ci sessiyada çıxış etmiş, xüsusilə də Təhlükəsizlik Şurasının fəaliyyətindəki nöqsanları cəsur bir şəkildə dilə gətirərək BMT-nin yenidən strukturlaşmasında yeni reallıqların nəzərə alınmalı olduğunu bildirmişdir. 20 il bundan əvvəl dilə gətirilən fikirlər bu günün qlobal konfiqurasiyasında özünü doğruldaraq, BMT-nin fəaliyyətindəki disfunksional cəhətləri göstərir.

Regionalqlobal təhlükəsizlik, sülh, dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xarici siyasət strategiyasının fundamental prinsiplərini təşkil etmişdir. Azərbaycan nadir dövlətlərdəndir ki, on illərdir ona qarşı genosid siyasətilə yanaşı, işğal etdiyi torpaqlarda ekosid, urbisidkultursid aparan bir dövlətə sülh təklif edərək, iqtisadi inkişaf naminə münasibətlərin normallaşması yolunu seçmişdir. Bu fikir bir daha Gürcüstan səfəri zamanı özünü sübuta yetirdi ki, Gürcüstan Azərbaycanın sülhpərvər siyasətini dəstəkləyir, regional inkişaf istiqamətindəki addımlarını alqışlayır.

İlham Əliyev hələ 2003-cü ildə Prezident seçiləndən sonra Minsk qrupunun həmsədrlərini dəfələrlə qəbul edərək, Azərbaycanın öz haqq işindən bir addım geri çəkilməyəcəyini qəti olaraq bildirmişdir. Məhz bu prinsipial mövqe özünü illər sonra doğrultdu, ərazi bütövlüyümüz tam olaraq bərpa edildi.

2016-cı il Aprel döyüşləri zamanı yenilməz adlanan düşmən istehkamları bəzi nöqtələrdə 20 dəqiqə, bəziləri isə 2 saat ərzində yarıldı. Vətən müharibəsi zamanı betonlarla möhkəmləndirilmiş və hərbçiləri belə təəccübə salan istehkam qurğuları darmadağın edildi, Azərbaycan əsgəri Şuşaya yüngül silahlarla erməni kimi hiyləgər bir düşmənin belə heç vaxt təsəvvür edə bilməyəcəyi yoldan qalxdı, günlərlə müharibə şəraitində meşədən yol çəkildi. Gəncəyə, Tərtərə və digər mülki yaşayış məntəqələrinə hücum əmri verən terrorçular ələ keçirildi, hazırda da Azərbaycan xalqına və dövlətinə qarşı müharibə cinayətləri törətmiş terrorçuların axtarışları və mühakimələri davam etməkdədir. Qalib dövlətimiz bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan kimi müzəffər bir dövlətlə "dövlətçilik" oynamaq necə baha başa gələr. Azərbaycan sadəcə Ermənistanı məğlub etmədi, Ermənistana hamilik edən, ona siyasi, hərbi, maliyyə dəstəyi verən güclərin on illəri əhatə edən planları, milyardları 44 gün ərzində puça çıxarıldı.

Qələbənin əsas motivlərindən biri xüsusilə də Qarabağı görməmiş Azərbaycan gənclərinin Qarabağ sevgisi idi. Məhz bu iradə, Vətən sevgisi Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətinin, Prezident cənab İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilməsinin, gənclərin vətənpərvər ruhda boya-başa çatmasının nəticəsidir. On illər ərzində nəinki iqtisadi və hərbi potensialımızı artırdıq, qətiyyətli siyasət və dəstək nəticəsində mənəvi xilasımızı gerçəkləşdirdik, xalq olaraq özümüzə olan inamımızı bərpa etdikbütün dünyaya Azərbaycan xalqının, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdik.

2019-cu ildə Xankəndiyə etdiyi qanunsuz səfər zamanı "Qarabağ Ermənistandır və nöqtə" kimi destruktiv fikirlə sülh prosesini baltalayan Paşinyan bir neçə gün öncə Azərbaycanın olmadığı bir masada Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edən sənədi imzaladı. Ölkə Prezidentimizin "Valday" Diskussiya Klubunun iclasında bildirdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı bütün xalqın mübarizə şüarına çevrilərək, 44 gün ərzində 7-dən 70-ə dildən-dilə dolaşdı. Düşmənə, eləcə də onun hamilərinə bir daha nümunə oldu ki, Azərbaycan 30 il əvvəlki dövlət deyil. Onun güclü ordusulideri var. Prezident İlham Əliyev tərəfindən dəfələrlə dilə gətirildiyi kimi, hazırkı Azərbaycan ordusu bir neçə il öncəki ordudan belə daha güclüdür, eyni zamanda artıq müzəffər bir ordudur.

Ölkəmiz günü-gündən inkişaf edirdaha işıqlı gələcəyə doğru addımlayır. Erməni lobbisinin təzyiqləri və maliyyə oyunlarına rəğmən Azərbaycanın haqlı mövqeyini bu gün kifayət qədər dəstəkləyən dövlət var. 44 günlük müharibə zamanı Qoşulmama Hərəkatına üzv dövlətlər Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamənin qəbuluna qarşı çıxdılar. Macarıstan Avropa İttifaqının Azərbaycan əleyhinə bəyanatına mane oldu. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir sıra qətnamə qəbul edib. Eyni zamanda, Azərbaycan hazırkı geosiyasi dəyişikliklərdə demək olar ki, istənilən xəritədə özünə yer tapmış bir dövlətdir və bütün bu faktların təməlində dayanan səbəblərdən biri budur ki, Azərbaycan dünya üçün etibarlı tərəfdaşdır. Artıq sübuta yetirilib ki, sözümüz söz, imzamız imzadır. Azərbaycan müstəqil dövlətdir, güclü ordusu, güclü və qətiyyətli lideri və hər zaman liderinin arxasında "dəmir yumruq" kimi bir olan xalqı var!

 

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.

Respublika  2023.- 14 oktyabr, № 224.- S.3.